Təhsil Problemləri
İnstitutunun yeni nəşrləri
Təhsil Problemləri
İnstitutunun nəşr olunmuş
bu kitabı "Yeni təhsil
proqramlarının (kurikulumların) tətbiqi məsələləri"
(Bakı, Mütərcim, 2014) kurikulumların
hazırlanmasının tətbiqi ilə bağlı ikinci kitabdır. Kitaba institutun 35-ə qədər əməkdaşının
kuriklumların tətbiqi məsələləri ilə
bağlı apardıqları tətqiqatların nəticələri
daxil edilib.
Kitab üç hissədən
ibarətdir. Birinci hissədə təhsil
proqramları (kurikulumları), onların xüsusiyyətləri,
ikinci hissədə təhsil
proqramlarının (kurikulumların) tətbiqi məsələləri,
üçüncüdə isə fənlər üzrə məktəb
kurikulumlarına aid nümunələr verilib.
Artıq yeddinci ildir ki, yeni təhsil
proqramları tətbiq olunur. Müşahidələr onu
göstərir ki, müəllimlər yeni təhsil kurikulumları ilə işlədikcə
təcrübələri artır və onların yeni təhsil texnologiyaları ilə daha səmərəli işləmələri
üçün zəruri resurslara
olan ehtiyacları çoxalır.
Xüsusilə haqqında danışdığımız bu tipdən olan kitablara daha çox ehtiyac yaranır.
Müəllimlərimiz
bu kitabdakı tövsiyələrdən
istifadə etməklə yeni təhsil
proqramları əsasında məktəb kurikulumlarını
hazırlaya, özlərinin tədris ili
dövründə fəaliyyətlərini daha
səmərəli planlaşdıra və həyata keçirə
biləcəklər.
Təhsil Problemləri
İnstitutunun yenicə çapdan
çıxmış "Təhsil işçilərinin
2014-cü il sentyabr
konfransları üçün tövsiyələr"
kitabı (Bakı, 2014) builki müəllimlərin
sentyabr konfranslarının elmi-pedaqoji cəhətdən təşkilini təmin
etmək məqsədilə hazırlanıb. Orada
həm plenar, həm də bölmə iclaslarında
müzakirə olunması tövsiyə olunan
məsələlər öz əksini
tapıb. Bundan əlavə, ümumi təhsil və ilk
peşə təhsili pillələri üzrə növbəti
ilə dair fəaliyyətin prioritet istiqamətləri ayrı-ayrı fənlərin
tədrisindəki yeniliklər əhatə olunub.
Bu kitabdakı tövsiyələrdən tədris
ili müddətində də yeri gəldikcə istifadə oluna
bilər.
Təhsil Problemləri
İnstitutu "Azərbaycan
Respublikasında məktəbəqədər təhsil
proqramı (kurikulumu)"nı (Bakı,
2014) çap edib. Təhsil
Nazirliyinin təsdiq etdiyi
bu kitabda ilk dəfə olaraq məktəbəqədər
təhsil pilləsi üçün məzmun
standartları, yeni təlim
strategiyaları, qiymətləndirmə mexanizmləri verilib. Kitab məktəbəqədər
təhsil işçiləri, təhsil mütəxəssisləri,
tələbələr, valideynlər və digər maraqlı
olan tərəflər üçün
nəzərdə tutulub.
"Məktəbəqədər
təhsil müəssisələri üçün
təlim materiallarının təxmini
planlaşdırılması" (Bakı, 2014) adda metodik tövsiyə Təhsil
Nazirliyinin sifarişi
ilə yazılmış və Təhsil Problemləri İnstitutu tərəfindən nəşr edilib.
Metodiki tövsiyədə məktəbəqədər
təhsil müəssisələri üçün
planlaşdırmanın mahiyyəti, aparılması
texnologiyası, inkişaf sahələri və
yaş qrupları üzrə təxmini
planlaşdırma nümunələri əhatə olunub. Ondan məktəbəqədər
təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər,
bu sahə üzrə məşğul olan mütəxəssislər, tədqiqatçılar,
tələbələr istifadə edə bilərlər.
Azərbaycan
Respublikasının Təhsil Problemləri İnstitutunda
"Məktəbəqədər təhsilin yeni
məzmununun xüsusiyyətləri" (Bakı, 2014) adda metodik tövsiyə
hazırlanıb. Metodik tövsiyədə
məktəbəqədər təhsilin yeni
məzmununun xüsusiyyətləri açıqlanıb, inkişaf sahələri, məzmun
standartlarının mahiyyəti, məzmun strukturu
və verilmə ardıcıllığı şərh edilib. Orada yeni
təlim strategiyalarından istifadə, uşaqların
inkişafının izlənilməsi və dəyərləndirilməsi
məsələləri də əhatə olunub.
Tövsiyədən məktəbəqədər
təhsil müəssisələrinin pedaqoji
heyəti, tələbələr, elmi
işçilər, təhsil menecerləri və mütəxəssisləri
istifadə edə bilərlər.
Təhsil Problemləri İnstitutu
Beynəlxalq
əməkdaşlıq və informasiya şöbəsi
Azərbaycan
müəllimi.- 2014.- 19 sentyabr.- S.10.