20 Yanvar faciəsinin iyirmi dördüncü

ildönümünün qeyd edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi qeyd edilir.

Təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün qeyd edilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

 

ƏMR EDİRƏM:

 

1. 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi,  Gəncə  Şəhər  Təhsil İdarəsi,  rayon (şəhər)  təhsil  şöbələri,  ilk  peşə-ixtisas,  ali  orta ixtisas təhsili müəssisələrinin rəhbərləri:

2.1. Tədbirlər  planına  müvafiq  olaraq  tabeliklərindəki  təhsil müəssisələrində  10-18 yanvar tarixlərində  Azərbaycanın  azadlığı uğrunda mübarizədə həlak olmuş   şəhidlərin  xatirəsinə  həsr olunmuş geniş tədbirlər müəyyənləşdirib  həyata  keçirsinlər.

2.2. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 25 yanvar 2014-cü il tarixinədək Nazirliyə hesabat təqdim etsinlər.

3. İnformasiya  şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını,  əmr    tədbirlər  planının  çoxaldılıb yerlərə göndərilməsini və  Nazirliyin internet səhifəsində  yerləşdirilməsini  təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

 

29 dekabr 2013-cü il

 

Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.3.