Təhsil sistemində yeni keyfiyyət
mərhələsinə
keçidin metodoloji əsası
Təhsil strategiyası - hədəflər
Bəlli
olduğu kimi, istər
elmi-nəzəri, istərsə də əməli-praktik fəaliyyətin
metodoloji əsası düzgün
müəyyənləşdirildikdə nəzəriyyə ilə
təcrübənin vəhdəti hasil olur və məqsədəçatma müəyyənliyi
inkişafın düzgün istiqamətdə
getməsini təmin edir. Bu baxımdan Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası təhsil sisteminin yeni inkişaf mərhələsində
fəaliyyətin metodoloji əsası hesab edilə bilər.
Metodologiya görüləcək işlərin həyata
keçirilməsi üçün
yalnız metodlar sistemindən ibarət deyildir. Bu, elmi-tədqiqat
işlərində aparıcılıq təşkil edə
bilər. Geniş anlamda
metodologiya fəaliyyətin ideya-siyasi, sosial, iqtisadi, mədəni, mənəvi komponentlərini
əhatə edən və bu keyfiyyətləri
əldə etmək mövqeyini göstərən
yoldur, əsasdır.
Strategiyanın
məzmunu və sistem-strukturu yeni keyfiyyət mərhələsində əldə
ediləcək nailiyyətlərin hədəflərini, fəaliyyət
istiqamətlərini əks etdirir, bu fəaliyyətdə insan
amilinin, kadr
potensialının, istifadə olunacaq vasitə
və vəsaitlərin formalaşdırılması ilə
yanaşı, onlardan istifadənin gərəklilik səviyyəsini müəyyənləşdirir.
Strategiyanın metodoloji bazasını strateji
istiqamətlər təşkil edir. Bu istiqamətlər öncədən məhz
elə buna görə də öz əksini tapır. Fikrimizi
daha dəqiq və aydın ifadə etmək
üçün həmin istiqamətlərə
diqqət yetirək:
Birinci strateji istiqamət təhsilin
yeni məzmununun (kurikulumun)
bütöv təhsil sistemi
üzrə yaradılmasına yönəlmişdir.
İkinci strateji istiqamət təhsil
sahəsində çalışanların müasirləşdirilməsini
nəzərdə tutur. İnsanların müasirliyi özünü
nədə göstərəcəkdir? İnnovativ
təlim metodlarını tətbiq etməkdə; səriştəli
təhsilverənin formalaşdırılmasında; təhsilverənlərin peşəkarlığının
yüksəldilməsində; təhsilalanların nailiyyətlərinin
qiymətləndirilməsi üzrə yeni
sistemlərin qurulması və ondan məharətlə
istifadə etməkdə.
Üçüncü strateji istiqamət təhsildə
nəticələrə görə cavabdehliyi,
şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılmasını, bu prosesdə idarəetmənin
qabaqcıl beynəlxalq təcrübə əsasında tənzimlənməsini,
şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat
sistemlərinin yaradılmasını nəzərdə tutur. Burada təhsilin keyfiyyətinin təminatı
başlıca məsələdir.
Dördüncü strateji istiqamət yeni təhsil infrastrukturlarının
yaradılmasına yönəlmişdir.
Beşinci strateji istiqamət
isə iqtisadi cəhətdən
dayanıqlı və dünyanın aparıcı təhsil
sistemlərinin standartları ilə eyni səviyyəyə
uyğun təhsil sisteminin
maliyyələşdirilməsi modelinin
qurulmasını təklif edir; təhsil
müəssisələrinin adambaşına maliyyələşdirilməsinə
keçid, ödənişli təhsil
xidmətlərinin dəstəklənməsi, Təhsilin İnkişaf Fondunun
yaradılması beşinci istiqamətin tələblərindəndir.
Təhsil naziri cənab Mikayıl Cabbarovun
Azərbaycan müəllimlərinin XIV qurultayında məruzəsində
bütün bu istiqamətlər
üzrə görüləcək işlərdə ön planda dayanan insan amilinin
əvəzolunmaz missiyası göstərilir. O qeyd etmişdir ki, sənədin missiyası ölkəmizin
modernləşdirilməsi üçün
zəruri olan insan
kapitalını inkişaf etdirmək və
bununla Azərbaycanın beynəlxalq rəqabət
qabiliyyətini yüksəltməkdən ibarətdir. Strategiya təhsil
sahəsində aparılacaq islahatların başlıca istiqamətlərini
müəyyənləşdirir, Azərbaycan təhsilinin XXI əsrin
çağırışlarına uyğun
inkişaf üfüqlərini
özündə ehtiva edir
və təhsilin bütün pillələrində
keyfiyyətcə yeni mərhələyə
başlamağı - "qara qızılı
insan qızılına çevirmək"
fəlsəfəsini qarşımıza əsas vəzifə kimi qoyur.
Göründüyü kimi, sənəd
öncə ölkəmizin inkişafına yönəldilmiş
gələcəyə fəlsəfi baxışdır. Daha sonra bu
baxışların həyata keçirilməsinin zəruriliyini
və alınacaq nəticələrin, ümumiyyətlə,
qabaqcıl ölkələrin standartlarına uyğun
gələn və milli dəyərləri
yaya bilən keyfiyyət səviyyəsinə
çatdırılmasını göstərən konseptual sənəddir.
Strategiya indiyə qədər
qazanılmış nailiyyətlər bazasında irəli
sürülən yeni tələblərin
və elmi-texniki tərəqqinin, cəmiyyətin
müasir inkişaf səviyyəsinin
aktuallaşdırdığı düşüncə və həyati
bacarıqların mahiyyətini açmaqla
yeni dövrün yeni təhsil sisteminin
formalaşdırılmasını nəzərdə tutur. Son illərdə təlim
prosesində yeni metod
və texnologiyalardan istifadə etməklə
fəal, təşəbbüskar, müstəqil
düşünə bilən insanların yetişdirilməsi
cəhdi diqqəti cəlb edir. Strategiya mövcud şəraiti çoxəlaqəlilik
və inteqrativ yanaşma
ilə mobilləşdirməyi, müasir
insanın sadəcə fəal deyil, kreativ düşüncəyə malik olmasını, milli və
beynəlxalq səviyyədə rəqabətədavamlılığını,
özünütəsdiqin və
özünütanıtmanın normal
münasibətlər səviyyəsinə çevrilməsini
nəzərdə tutur. Bütün
bunlar metodoloji yanaşmadan irəli gəlir.
Yeni mərhələyə və yeni keyfiyyət göstəricilərinə necə
çatmaq olar? Bu sualın cavabı strategiyada
praktik yönümlü
işlərin görülməsində öz
həllini tapır. Bunlar
hansılardır? Yüksək təhsil səviyyəsinə malik, ölkənin intellektual
potensialının əsasını təşkil edən
peşəkar və səriştəli kadrların
hazırlanması; iqtisadiyyatda tələb
olunan bilik və
bacarıqların aşılanması ilə bərabər, vətəndaşın
gerçək həyata və cəmiyyətə
inteqrasiyasına hərtərəfli
hazırlığı.
İdarəetmə ilə
əlaqədar strategiyada irəli
sürülən metodoloji və praktik əhəmiyyətli baxışın nəzərdən
keçirilməsi tam yeni
yanaşmanın təqdimatını üzə
çıxarır. Strategiyada oxuyuruq: "Təhsil sahəsində
idarəetmə islahatlarının başlıca istiqamətlərini
təhsil prosesinin
iştirakçıları arasında münasibətlər sisteminin, eləcə də tənzimləmə
orqanlarının funksiyaları, səlahiyyətləri və
cavabdehliyinin dəqiq müəyyən
olunması, təhsil müəssisələrinin idarəetmə
səlahiyyətlərinin və təhsilin
nəticələrinə görə cavabdehliyinin
artırılması, fəaliyyətin monitorinqi
və qiymətləndirilməsi, təhsilin keyfiyyətini
ölçən göstəricilər sisteminin
təkmilləşdirilməsi, təhsilin maliyyələşdirilməsinin
onun keyfiyyətinə yönəldilməsi,
adambaşına maliyyələşdirmə mexanizminin
tətbiqi və bu zəmində
stimullaşdırıcı mexanizmlərin gücləndirilməsi,
habelə maliyyələşmə mənbələrinin yetərliyinin
təmin edilməsi təşkil edir.
İnkişaf etmiş ölkələrin
təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi
prosesi sürətlənməkdədir. Təhsil
strategiyasının uğurla həyata
keçirilməsində və təhsilin keyfiyyətinin
dayanıqlı yüksəlişində maraqlı tərəflərin
cəlb olunmasını təmin edən səmərəli
idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil
müəssisələrinin müstəqilliyinin
artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər
iştirakçılarını geniş
cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını,
nəticəyönlü menecmentin və
digər müasir
idarəetmə texnologiyalarının prosesə tətbiqini tələb
edir".
Elə bilirəm ki, əlavə şərhə ehtiyac yoxdur. Çünki burada konkretlik, aydınlıq, perspektivlilik,
hədəfəçatma yönəlişliyi sübutlu-dəlilli
göstərilmişdir.
İdarəedənlərin,
eləcə də tədris prosesi
iştirakçılarının fəaliyyət nəticələrinin
dəyərləndirilməsi, həmçinin zay
məhsula görə cavabdehliyinin, məsuliyyətinin
önə çəkilməsi, heç
şübhəsiz, təhsil sistemində keyfiyyətin yüksəldilməsinə
təsir göstərəcəkdir. Bununla bağlı strategiyada strateji istiqamət
olaraq nəticələrə görə cavabdeh, şəffaf və səmərəli
tənzimləmə mexanizmlərinə malik,
dövlət-ictimai xarakterli və dövlət-biznes
partnyorluğuna əsaslanan təhsildə
yeni idarəetmə sisteminin
formalaşdırılması nəzərdə tutulur.
Sənəddə
təhsil sisteminin vahid
orqanizm kimi səciyyələndirilməsi,
məktəbəqədər təhsildən
başlamış diplomdansonrakı təhsil prosesinə qədər
bütün parametrlər üzrə yeniləşdirilməsi,
yeni infrastrukturların yaradılması təhsildə
tamlıq və sistemliliyi ortaya
qoyur.
İntellektuallıq,
həyati bacarıqların yüksək səviyyəsi hələ
insanın kamilləşməsi demək deyildir.
Bunun üçün
böyüyən nəsil əxlaqi-etik, fiziki,
estetik, ekoloji, iqtisadi, hüquqi, əqli
və digər tərbiyəvi keyfiyyətlərə yiyələnməli,
dini-mənəvi dəyərləri öyrənməli,
ümumiyyətlə, kulturoloji mədəniyyətə
sahib olmalıdır.
Təhsil
naziri cənab Mikayıl Cabbarov
Azərbaycan müəllimlərinin XIV qurultayında bu cəhətə diqqət yetirərək demişdir: "...biz pedaqoji təlimi təhsilin ikinci
əsas funksiyasından - tərbiyədən
ayırmamalıyıq, uşaqlarımızı erkən yaşdan düzgün - saf və təmiz tərbiyələndirməliyik. Birinci sinifdən şagirdlərdə
mərdlik, məsuliyyət, yoldaşlıq, Vətənə
məhəbbət, millətə, xalqa
bağlılıq kimi keyfiyyətlər
aşılanmalıdır. Şagirdlərin mənəvi aləmi
bu keyfiyyətlər üzərində qurulduğu zaman müəllim
bir tərbiyəçi kimi
öz məqsədinə
çatmış hesab oluna
bilər".
Təhsilin
inkişafını müəyyənləşdirən
Dövlət Strategiyasının metodoloji
mahiyyətindən irəli gələn vəzifələrin
yerinə yetirilməsi sırf praktik əhəmiyyət
daşıyır. Bu, ciddi məsələlərdən
biridir. Müəyyənləşdirilmiş,
görüləsi işlər metodoloji əsasa
söykənməzsə, şəffaflıq,
işgüzarlıq, peşəkarlıq və səriştəlilik,
dövlət-ictimai xarakterin təmin edilməsi,
məsuliyyət cavabdehliyinin dönmədən
həyata keçirilməsi lazımi tələbkarlıqla
yerinə yetirilməzsə, alınacaq nəticələrin
müddəti uzana bilər.
Fikrimcə,
sənəddə "Strategiyanın uğurlu
həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında
aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və
reallaşmasını təmin edən effektiv
icra mexanizminin
formalaşdırılmasıdır", - fikrinin
ifadə edilməsi praktik işlərin görülməsi üçün metodoloji əsasdır.
Bu günlərdə strategiya
haqqında söhbətlər, müsahibələr,
verilişlər diqqəti cəlb edir. Lakin bunlar nə qədər
ki, praktik
yönümdə tətbiqini tapmır, sadəcə
danışıqlardan ibarət olaraq
qalır. Konkret fəaliyyət proqramı
- işlək mexanizm hazırlanana qədər
də sağlam mühit
yaratmaq üçün
mövcud problemlər sürətlə öz həllini tapmalıdır. Kurikulum sənədlər toplusu
qəbul edildikdən sonra "öyrədənləri
öyrədənlər" anlayışı meydana çıxdı, təlimlər
keçirilməyə başlandı. Bu proses bu gün
də davam edir. Bu sahədə keyfiyyətli nəticələrlə
yanaşı, pedaqoji prosesə yaxından
bələd olmayan, hətta iş təcrübəsi olmayan
bəzi gənclərin "öyrədən" rolunda çıxış etməsi yalnız
formalizmlə nəticələnir. Bu cür
təlimlər sadəcə İKT-dən istifadəni, təlim
metodlarına yeni yanaşmaları öyrətməklə
kifayətlənməməlidir. Əvvələn, öyrədən
peşəkarlıq və səriştəlilik nümayiş etdirməli, təhsildə tarixilik, varislik və müasirlik prinsipini
gözləməli, dərsdə pedaqoji-psixoloji,
metodiki situasiyaları səciyyələndirməli,
öyrətməni şəxsiyyətyönümlü
aparmalıdır.
Yekun olaraq qeyd etmək istərdim ki,
Dövlət Strategiyasının həyata keçirilməsi mexanizmi və onun
reallaşdırılması eyni dərəcədə
mühüm əhəmiyyət
daşıyır.
Əjdər AĞAYEV,
Qafqaz Universitetinin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru, professor
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.4.