Ölkəmizin 65 il öncəki (1947-1948-ci illər) təhsil həyatı

"Azərbaycan müəllimi"nin səhifələrində

 

"Azərbaycan müəllimi" - 80

 

Bu il "Azərbaycan müəllimi" qəzetinin nəşrə başlamasının 80 illiyi tamam olur. Qəzetimizin tarixi Azərbaycan təhsilinin inkişaf tarixidir. Qəzet fəaliyyət göstərdiyi bütün illərdə təhsilimizin salnaməsinə çevrilib, dövlətin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak edib. Təhsilin bütün sahələrində görülmüş işlər, təhsillə bağlı qəbul olunmuş dövlət və hökumət qərarları, onların yerinə yetirilməsi vəziyyəti burada öz dolğun əksini tapıb. Qəzet öz səhifələrində ölkənin tanınmış təhsil xadimləri, alim və mütəxəssislərin çıxışlarına, müxtəlif problemlərlə bağlı yazılara geniş yer ayırıb, Azərbaycan təhsili və ədəbiyyatının bir sıra tanınmış nümayəndələrinin ilk qələm təcrübələri burada dərc olunub.

Qəzet ölkənin ictimai-siyasi həyatına da biganə qalmayıb, ən mühüm hadisələrin işıqlandırılmasında fəallıq göstərib. Dünya ölkələrində təhsilin mövcud durumu qəzetin daim diqqətində olub, bu istiqamətdə müntəzəm yazılar dərc edilib.

Nəşrə başladığı dövrdən bəri qəzetimizin səhifələrində dərc olunmuş bir çox yazıların, ayrı-ayrı çıxış və məruzələrin bu gün də oxucularımızda maraq doğuracağını nəzərə alıb onlardan seçmələri təqdim edirik.

 

Xalq maarifimizin nailiyyətləri

 

"Azərbaycan müəllimi", 1 may 1947-ci il, 17

 

...Sosyalist inqilabının yaratdığı vüsətli imkanlara istinad edən Azərbaycan xalqı elm və maarifin bütün sahələrində öz istedad və məharətini göstərmiş, ədəbiyyat və incəsənət aləmini ölməz əsərlərlə ziynətləndirmişdir. Sovet hakimiyyəti illərində Lenin - Stalin milli siyasəti sayəsində xalq maarifi coşğun bir tərəqqi və inkişaf dövrü keçirmişdir.

1914-15-ci tədris ilində Azərbaycanda mövcud olan 942 ibtidai məktəbdə cəmisi 62 min uşaq oxuyurdu. Bunların təxminən üçdə biri, yəni 22 min nəfəri azərbaycanlı uşaqlar idi. Orta təhsilin vəziyyəti daha acınacaqlı idi. Həmin tədris ilində Azərbaycanda mövcud olan 15 orta və 18 natamam orta məktəbin heç birində tədris ana dilində aparılmırdı. Bu məktəblərdə oxuyan 7.200 şagirdin çox əhəmiyyətsiz faizini azərbaycanlılar təşkil edirdi.

Xalqın qəddar düşməni olan müsavatçıların ağalığı dövründə 300 məktəb qapanmış və 20.000 nəfərdən artıq məktəbli məktəbdən kənara atılmışdı.

Yalnız sosyalist inqilabı maarifin və məktəbin qapılarını Azərbaycan xalqının üzünə geniş açdı.

...Sosyalist inqilabının xalqımıza bəxş etdiyi ən böyük nailiyyətlərdən biri ölkəmizdə ümumi icbari təhsilin həyata keçirilməsidir. Ordenli respublikamızda elə bir kənd, qəsəbə tapılmaz ki, orada uşaqlar məktəbə cəlb olunmasın. Bu il ölkəmizdə 1.500-dək ibtidai, 1.400-dək 7 illik və 435 orta məktəbdə 500 min nəfərdən artıq fəhlə, kolxozçu və sovet ziyalılarının balaları təhsil almaqdadırlar.

İnqilabdan qabaq əhalisinin yalnız 9 faizi savadlı olan Azərbaycan indi başdan-başa savadlılar ölkəsinə çevrilmişdir. Keçmişdə öz şəxsi məktublarını tin başında oturmuş mollalara, mirzələrə yazdıran Azərbaycan zəhmətkeşləri indi nəinki savadlanmış, hətta öz içərisindən görkəmli elm, texnika, ədəbiyyat və incəsənət xadimləri yetişdirmişdir.

Keçmişin ən ağır mirası olan qadın maarifsizliyi əbədi olaraq torpağa gömülmüşdür. İnqilabdan qabaq heç bir hüquqa malik olmayan azərbaycanlı qadın və qızların oxuması üçün şərait yox idi.

1905-1906-cı ilin hesabatına görə o zaman məktəblərdə yalnız 21 nəfər azərbaycanlı qız oxuyurmuş. 1919-1920-ci ildə, yəni Aprel inqilabından bir il əvvəl məktəblərdə oxuyan azərbaycanlı qızların sayı yalnız 1.420 nəfərə çatdırıla bilmişdi. İndi isə təkcə Bakının 132 nömrəli qız orta məktəbində 1.700 nəfərdən artıq qız oxumaqdadır. Respublikamızın kütləvi məktəblərində on minlərlə azərbaycanlı qız təhsil alır.

...Sovet Azərbaycanda uşaqlar Stalin qayğısı ilə əhatə olunmuşlar. Hazırda respublikamızda 800ə yaxın uşaq bağçası və 100-ə qədər uşaq evi var ki, bunlarda 50.000-dək artıq uşaq tərbiyə almaqdadır.

...İnqilabdan əvvəl Azərbaycanda müəllim hazırlığı ilə məşğul olan heç bir məktəb və ya elmi müəssisə yox idi. Çar hökuməti dövründə Yerevan, Tiflis və Qori seminariyalarından cəmisi 262 nəfər azərbaycanlı müəllim buraxılmışdı. İndi isə respublikamızın təkcə ibtidai və orta məktəblərində 21.000 nəfərdən artıq müəllim çalışmaqdadır. 27 il içərisində ali və orta pedağoji məktəblərdə 33.000 nəfərdən artıq yeni müəllim hazırlanmışdır. İndi respublikamızın 18 pedağoji məktəbində 4.000 nəfərdən artıq şagird oxuyur. Təkcə Maarif Nazirliyinin 2 ali, 7 müəllimlər institutu, respublikada isə 150-dən artıq ali, texniki məktəblər, elmi-tədqiqat müəssisələri və texnikumlar vardır.

 

M.ƏLƏKBƏROV,

Azərbaycan SSR maarif naziri

 

"Saçlı" romanının müzakirəsi

 

"Azərbaycan müəllimi", 3 aprel 1947-ci il, 13

 

Bu günlərdə S.M.Kirov adına Azərbaycan Dövlət Darülfünunu ədəbiyyat dərnəyinin üzvləri yazıçı Süleyman Rəhimovun "Saçlı" romanını müzakirə etmişlər. Dərnək rəhbəri filoloji elmləri namizədi Cəfər Xəndan yazıçı Süleyman Rəhimovun yaradıcılığına xas olan cəhətlərdən danışmış və onun əsərlərinin tərbiyəvi əhəmiyyətini qeyd etmişdir.

Darülfünunun filoloji fakültəsinin IV kurs tələbəsi Məryəm Axundova - Dəmirov və Ruxsara surətləri, III kurs tələbəsi Əhəd Hüseynov - əsərin dili, tələbələrdən Əlisəfa Məmmədov və Ağasəf Axundov isə romanın məzmunu haqqında məruzə etmişlər.

Məruzə və çıxış edən dərnək üzvləri əsərin dilində olan bəzi nöqsan cəhətləri, məzmunundakı bir sıra uyğunsuzluqları tənqid edib ayrı-ayrı surətlər haqqında ətraflı danışmışlar.

"Saçlı"nın müzakirəsi zamanı yazıçı Hüseyn Mehdi çıxış edərək əsərin bəzi məziyyətləri haqqında öz fikrini söyləmişdir. Sonda Süleyman Rəhimov "Saçlı" romanı haqqında tələbələrin mülahizə və tənqidlərinin doğru olduğunu söyləyərək əsərin gələcək hissələrinin planı barəsində danışmışdır. Müəllif dərnək üzvlərinin xahişi ilə "Saçlı" romanının III hissəsindən "Sübhanverdizadənin ifşası" fəslini oxumuşdur.

 

Şirməmməd HÜSEYNOV

 

Dahi Azərbaycan şairi

 

"Azərbaycan müəllimi", 26 sentyabr 1947-ci il, 36

 

Azərbaycan xalqı Sovet İttifaqının bütün başqa xalqları ilə birlikdə öz böyük şairi Nizaminin anadan olmasının 800 illiyini bayram edir.

800 il bundan əvvəl Azərbaycan torpağının ən bərəkətli və ən şairianə bir yerində - qədim Gəncədə xalqımızın şeir və sənət dühası olan ölməz Nizami yaşamış və yaratmışdır.

Azərbaycan xalqının doğma oğlu və sevimli şairi Nizami Gəncəvi Azərbaycan torpağını, onun sehrli mənzərələrini, uca dağlarını, coşğun çaylarını, ceyranlar gəzən və turaclar oxuyan ucsuz-bucaqsız düzlərini alovlu bir ilhamla tərənnüm etmişdir. O, doğma elinin qədim şöhrətini, şəhər və kəndlərini, yaylaq və otlaqlarının səfalı gözəlliyini böyük iftixar hissilə təsvir etmişdir. O, böyük şair və böyük vətəndaş idi. O, öz xalqını böyük bir şair məhəbbətilə sevir və onun taleyinə ürəkdən yanırdı.

...Nizami heç bir zaman həyatı ətalətdə, fəaliyyətsiz müşahidə edən şairlərdən olmamış və təkcə gözəl arzularla kifayətlənməmişdir.

...Nizami öz xalqının gözəl ideallarını tərənnüm etməklə bütün bəşəriyyətin duyğu və düşüncələrini, saf əməllərini tərənnüm edirdi. Məhz ona görə böyük insanpərvər şairin yaratdığı əsərlər bütün bəşəriyyətin sevimli neməti olmuşdur.

 

Səməd VURĞUN,

Stalin mükafatı laureatı

 

Məktəb və müəllimlərin təcrübə mübadiləsi

 

"Azərbaycan müəllimi", 10 aprel 1947-ci il, 14

 

Sovet məktəbində tərbiyələndirici təlim ən ciddi və mühüm prinsiplərdən biridir. Lakin təlimlə tərbiyə işlərinin əlaqəsi süni olmamalıdır. Müəyyən elmi məsələlərin düzgün izahı və şərh edilməsi öz-özlüyündə tərbiyə işinin ünsürüdür.

Lakin gənclərimizin tərbiyəsi ilə yalnız dərs zamanı məşğul olmaq kifayət deyildir. Məktəblə ailə və ictimai təşkilatlar arasında sıxı əlaqə olduqda gənclərimizin tərbiyəsində görkəmli müvəffəqiyyətlər əldə etmək olar. Bu isə bir çox hallarda təcrübə mübadiləsi ilə mümkündür. Təcrübə mübadiləsində istifadə edilə biləcək yollardan biri də pedağoji mühazirədir.

Biz pedağoji mühazirələr haqqında danışarkən ilk növbədə təlim və tərbiyə məsələlərini yaxşılaşdırmaq üçün ən görkəmli pedağoji ustalarının iş təcrübəsindən istifadə edən müəllimlərin təcrübəsini yaymağı nəzərdə tuturuq. Müəllimlərin arasında elmi-pedağoji biliklərin yayılması, onların sərbəst yaradıcılıq işilə məşğul olması, elmi təcrübələrin toplanması, ümumiləşdirilməsi və tətbiqi işində müəllimlərə kömək cəhətdən pedağoji mühazirələr çox böyük fayda verir.

Müşahidələrdən aydın olmuşdur ki, bəzi müəllimlər öz təcrübələrini ümumiləşdirməkdə çətinlik çəkir və bir çox hallarda məktəbin təcrübəsini yaymaq yollarını bilmirlər...

 

C.CƏBRAYILBƏYLİ,

Azərbaycan SSR Pedaqoji Elmlər İnstitutunun direktoru

 

1947-ci ilin xalq maarifi büdcəsi

 

"Azərbaycan müəllimi", 7 avqust 1947-ci il, 29

 

...Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin 2-ci sessiyası Azərbaycan SSR-nın 1947-ci il dövlət büdcəsini ətraflı və geniş müzakirə edərək yekdilliklə təsdiq etdi. Yeni Stalin beşilliyinin tarixi vəzifələrinə və 1947-ci ilin xalq təsərrüfat planına tamamilə uyğun olaraq tərtib olunmuş bu büdcə ordenli respublikamızın xalq təsərrüfatı və mədəniyyətinin gələcək inkişafı üçün möhkəm maliyyə təməli yaradır.

1947-ci ilin dövlət büdcəsində xalq maarifinə 730.332 min manat təxsisat nəzərdə tutulmuşdur ki, bu da ümumi büdcə həcminin 40,7 faizini təşkil etməklə, 1946-cı ildəkindən 170.736 min manat artıqdır.

Xalq maarifi üzrə olan bu təxsisatın əsas hissəsini keçən illərdə olduğu kimi ümumi icbari təhsil haqqında qanunun yerinə yetirilməsi xərcləri təşkil edir.

1947-ci ildə respublikamızda olan 1.531 ibtidai, 1.341 yeddiillik və 448 orta məktəbin saxlanması və onlarda 558.900 şagirdin oxudulması üçün 308.791 min manat vəsait ayrılmışdır.

Məktəblərimizdə təlim-tərbiyə işlərinin keyfiyyətini yaxşılaşdırmaqda dərs ləvazimatı və məktəb avadanlığının böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq, bu məqsəd üçün büdcədə 6.780 min manat nəzərdə tutulmuşdur ki, bu da 1946-cı ildə xərclənmiş vəsaitə nisbətən 2.356 min manat artıqdır.

...Orta məktəblərin işlərini yaxşılaşdırmaq məqsədilə respublikamızda geniş surətdə yayılmış internat şəbəkəsinin saxlanması üçün büdcədə 13.503 min manat nəzərdə tutulmuşdur. Bu təxsisat 1947-ci ildə internatlarda 6.000 şagirdin saxlanmasını təmin edir ki, onların da əksəriyyəti dövlət hesabına yemək və paltar alırlar.

...Azərbaycan SSR-nın 1947-ci ildə dövlət büdcəsində elmi-tədqiqat işlərinin genişləndirilməsi haqqında Stalin tapşırığı əks olunmuşdur. Büdcədə, elmi-tədqiqat müəssisələrinin saxlanması və onların qabaqcıl sovet elmini irəli aparmaq uğrunda səmərəli çalışmalarını təmin etmək üçün 73.227 min manat nəzərdə tutulmuşdur ki, bu da 1946-cı ildə həmin məqsəd üçün xərclənmiş məsarifdən təxminən 18 milyon manat artıqdır.

Azərbaycan Elmlər Akademiyasının xərcləri də onun apardığı elmi-tədqiqat işlərinin genişlənməsi ilə əlaqədar olaraq artır. Elmlər Akademiyasına, keçən il xərclənmiş olduğu 26.974 min manata qarşı, bu il 31.094 min manat buraxılır...

 

R.BABAXANOV,

Azərbaycan SSR Maliyyə Nazirliyinin maarif

səhiyyəni maliyyələşdirmə şöbəsi rəisi

 

Naxçıvan maarifi yüksəliş yollarında

 

"Azərbaycan müəllimi", 28 oktyabr 1947-ci il, 40

 

...Sovet hökuməti hələ özünün ilk varlığı ilində, yəni 1921-22-ci tədris ilində Naxçıvan respublikasında 48 məktəb açdı. Bu məktəblərə 3 min yoxsul və fəhlə balaları cəlb olundu. Bunların içərisində ilk dəfə məktəbə gələn 880 nəfər azərbaycanlı qızı var idi. Həmin il Naxçıvan və Ordubad şəhərində xüsusi qız məktəbləri yaradıldı, Naxçıvan şəhər qız seminariyası təşkil edildi. Bütün bu tədbirlər inqilaba qədər hüquqsuz bir həyat keçirən azərbaycanlı qadınların həyatında yeni dövr açdı, onların ictimai həyatda və dövlət işində daha fəal iştirak etmələri üçün şərait yaratdı.

...İnqilaba qədər Naxçıvanda savadlı adamlar barmaqla sayıla biləcək qədər az idi. Lakin indi Naxçıvan başdan-başa savadlılar respublikası olmuş, əhalinin maarif və mədəniyyəti görünməmiş dərəcədə artmışdır. Naxçıvanda indi 23.765 nəfər şagirdi əhatə edən 180 ibtidai, 7 illik və orta məktəb vardır. Burada 1.165 nəfər müəllim dərs verir.

...Naxçıvan şəhərində 2 illik müəllimlər institutu açılmış, tibb və musiqi məktəbi təsis edilmişdir. Bundan başqa respublikada kənd təsərrüfat məktəbi açılmışdır ki, bu da rayonlara orta ixtisaslı kənd təsərrüfat mütəxəssisləri verir.

...Müəllimlər və bütün ziyalılar Naxçıvan respublikasının maarif və mədəniyyətini yüksəltməkdə həmişə böyük səy göstərmiş və göstərirlər. Naxçıvan respublikasının kəndlərində dövlət vəsaitilə tikilmiş 36 böyük məktəb binasından başqa, zəhmətkeşlərin köməyilə 76 yeni məktəb binası tikilmişdir. Naxçıvan müəllimləri gəncləri sosialist vətənimizə sonsuz məhəbbət ruhunda tərbiyə etdikləri kimi, böyük vətən müharibəsi cəbhələrində də şərəflə imtahan verdilər, vətənimizin səadət və istiqlaliyyəti uğrunda fədakarlıqla vuruşdular...

 

Əli HÜSEYNOV,

Naxçıvan MSSR maarif naziri

 

ABŞ-da xalq maarifinin vəziyyəti

 

"Azərbaycan müəllimi", 1 aprel 1948-ci il, 13

 

Hazırkı beynəlxalq şəraitin xüsusiyyətlərindən biri budur ki, Amerika mürtəceləri həyata keçirdikləri imperialist siyasətini hər cür "demokratik" cümlələrlə pərdələmək üçün böyük səy və canfişanlıq göstərirlər. Onlar bunu edirkən belə bir təsir yaratmaq istəyirlər ki, guya ABŞ-dakı gündəlik mədəni və ictimai-siyasi həyat bütün dünyanın izləməli olduğu bir nümunədir. Halbuki ABŞ-da demokratiyanın nə dərəcədə inkişaf etdiyini göstərən xalq maarifi cəbhəsində vəziyyət o qədər də yaxşı deyildir.

1948-49-cu ilin dövlət büdcəsi haqqında (ABŞ-da büdcə ili iyulun 1-dən başlayır) ABŞ prezidenti Trumenin konqresə olan məktubu bu yaxınlarda mətbuatda dərc edilmişdir. Trumenin təklif etdiyi rəqəmlər işin nə yerdə olduğunu açıq göstərir.

Burada büdcənin 28 faizi - yəni 11 milliardı silahlanma işi üçün ayrılır. "Beynəlxalq fəaliyyət" - yəni "Marşall planı" və buna oxşar tədbirlər üçün sərf edilən xərclərlə birlikdə "milli müdafiə" xərcləri dövlət büdcəsinin 46 faizini təşkil edir. Halbuki maarif ehtiyacları üçün ayrılan vəsait büdcənin 1 faizindən artığını təşkil etmir. Əgər ayrı-ayrı ştatlarda maarifə sərf edilən vəsaiti də buna əlavə etsək onda ABŞ-ın dövlət büdcəsində bu iş üçün ayrılan vəsait 2,5 faizdən artıq olmaz.

...Müharibə zamanı Amerika ordusunun 350 min saldatı öz adını yaza bilməmişdir. Luiziana ştatında əhalinin 36 faizi savadsızdır. Təhsilin pulsuz olduğu ibtidai məktəblərdən uşaqların 20 faizi, orta məktəbdən 59 faizi, ali məktəbdən isə 90 faizi təhsili başa vurmadan gedirlər. Bunun səbəbi əməkçilərin öz uşaqlarına orta və ali təhsil vermələri üçün vəsaitlərinin çatışmamasıdır.

ABŞ-da bir neçə milyon uşaq heç oxumur; 3 milyondan artıq uşaq yarıtmaz məktəblərdə təhsil alır; 3 milyon yaşlı adam heç bir zaman məktəbdə oxumamışdır; 10 milyon adam elə yarıtmaz təhsil almışdır ki, onları əslində savadsız hesab etmək olar.

Amerikada müəllimlərin nə qədər acınacaqlı vəziyyətdə olması burada demokratiyadan dəm vuranların cəfəng danışdıqlarını aydın göstərir. Əmək haqqının hədsiz dərəcədə az olması üzündən son 6 il ərzində yarım milyon müəllim öz sənətini dəyişdirməyə məcbur olmuşdur.

...Ölkədə 150 min müəllim çatışmır, halbuki təhsil müəssisələrindən bu il cəmi 10 min müəllim buraxılacaqdır.

 

Səhifəni hazırladı:

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 10 yanvar.- S.7.