"Ədəbiyyat məcmuəsi"nin
xüsusi buraxılışı çapdan
çıxıb
AMEA
Nizami adına Ədəbiyyat İnstitutunun "Əsərləri"-
"Ədəbiyyat məcmuəsi"nin xüsusi
buraxılışı çapdan çıxıb. 1946-cı
ildən nəşr edilən, sayca
24-cü cild olan elmi nəşrin xüsusi
buraxılışı Ədəbiyyat
İnstitutunun 80 illik
yubileyinə həsr olunub. Xüsusi
buraxılış Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin və Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin çoxəsrlik Azərbaycan
ədəbiyyatı və nəhəng ədəbi
simaları barədə dəyərli fikirləri ilə
açılır. Sonra "AMEA-nın
Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi
haqqında" AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli qərarı verilir.
AMEA-nın vitse-prezidenti, Nizami
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Nizami
adına Ədəbiyyat İnstitutu" tarixi oçerki elmi nəşrdə ilk yer alan məqalədir. Burada ölkəmizdə
ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını yerinə
yetirən institutun şərəfli tarixi, böyük
araşdırma ənənələri, görkəmli
yaradıcıları və adlı-sanlı yetirmələri barədə
müfəssəl məlumat verilir. Tarixi oçerk səciyyəli bu
məqalə ingilis və rus
dillərinə də tərcümə edilmişdir
ki, bundan xaricidilli oxucular da yararlana bilərlər. İkinci məqalə "Nizami
adına Ədəbiyyat İnstitutu:
davamlı ənənələr və müasirləşmə
yollarında (1933-2013)" (müəlliflər akademik İsa Həbibbəyli
və filologiya üzrə
elmlər doktoru Asif
Rüstəmlidir) adlanır. Tarixi qaynaqlar
əsasında qələmə alınmış bu tədqiqat işində institutun
keçdiyi şərəfli yola nəzər salınır, bu
elmi-tədqiqat müəssisəsində
çalışmış görkəmli ədəbiyyatşünas
alimlərin həyat yolundan bəhs edilir, onların yaradıcılığı
barədə müfəssəl məlumat verilir.
18 çap
vərəqi həcmində nəşr olunmuş
"Əsərlər"də yer alan məqalələr "Nizami
adına Ədəbiyyat İnstitutunun
qurucuları" və "Elmin
yollarında" adlı iki bölmədə
paylanmışdır. Birinci bölmədə 15, ikincidə isə 26 ədəbiyyatşünas
alim haqqında bioqrafik
oçerklər verilmişdir ki, bu materiallar yığcam olsa da, əhatəlidir. Bu
materialların
hazırlanmasında institutun elmi əməkdaşlarının əksəriyyəti
iştirak edib.
"Nizami adına
Ədəbiyyat İnstitutunun elmi nəşrləri" məqaləsində
AMEA-nın müxbir üzvü
Teymur Kərimli "Ədəbiyyat məcmuəsi"
nəşrinin tarixinə nəzər salır, institutun direktoru, akademik İsa Həbibbəylinin
rəhbərliyi ilə yeni yaradılan
"Ədəbi əlaqələr" və "Poetika. izm"
jurnalları haqqında məlumat
verir.
Xüsusi buraxılışın sonunda
AMEA-nın Humanitar və İctimai
Elmlər Bölməsi üzrə elmi-tədqiqat
institutlarının 2013-cü il üzrə
reytinq cədvəli verilmişdir
ki, bu cədvəldə
Ədəbiyyat İnstitutunun yeri ön
sıralardadır.
Akademik İsa Həbibbəylinin
baş redaktorluğu
ilə "Elm və təhsil" nəşriyyatında
işıq üzü görmüş
elmi jurnalın məsul katibi
filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədov, nəşriyyat
redaktoru Töhfə Talıbovadır.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat xidmətinin rəhbəri
Azərbaycan
müəllimi.- 2014.- 10 yanvar.- S.11.