Təhsil strategiyası
- hədəflər
Milli təhsil strategiyası ilə yeni məktəbə doğru
Müasir dövrdə
dünya arenasında təhsilin əhəmiyyəti və rolu
insanların həyatında günü-gündən artır.
Cəmiyyətdə təhsil önəmli sahə kimi elmin
inkişaf və tərəqqi rəmzinə
çevrilmişdir. Ona görə də hər bir ölkədə
təhsilin inkişaf səviyyəsini dövlət diqqət mərkəzində
saxlayır. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası ölkə rəhbərinin
sosial rifah dövləti istiqamətində sosial-iqtisadi siyasət
kursudur. Ölkəmizdə bütün sahələrdə
olduğu kimi, mənəvi-ictimai, sosial-iqtisadi, xüsusilə
də təhsil sferasında baş verən əsaslı dəyişikliklər
güclü siyasi iradəyə malik ölkə rəhbərliyinin
qlobal çağırışlara adekvat reaksiyasının
bariz nümunəsidir. Prezident İlham
Əliyevin 2013-cü il oktyabrın 24-də təsdiq etdiyi
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası" əgər bir tərəfdən
ölkənin daxili inkişaf qüdrətini təhsil vasitəsi
ilə yüksəltməyi hədəf seçirsə, digər
tərəfdən bu, qlobal miqyasda
inteqrasiya proseslərində fəal
iştirakçılıq zərurətindən irəli gəlir.
Çünki bu konsepsiyada prioritet hədəflər kimi
tolerant olmaq, informasiya mühitində fəallıq, kommunikativ
bacarıq, yüksək təfəkkür mədəniyyətinə
nail olmaq, kreativ keyfiyyətləri əxz etmək və
nəticədə iqtisadi kapitalı intellekt kapitalına
çevirmək əsas götürülür. Strategiyanın hədəflərindən
görünür ki, burada təhsil və şəxsiyyətin
inkişafı qarşılıqlı vəhdətdə
götürülür, təhsil vasitəsi ilə hər bir
insanın ömür boyu inkişafı prioritet vəzifə
kimi səslənir.
Strategiyanın hədəfləri,
fikrimizcə, üç əsas məsələnin həlli
istiqamətində həyata keçirilməlidir: a) təhsilin
müasir pedaqoji məsələləri, b) təhsilin
müasir psixoloji məsələləri və c) təhsildə
müasir texnologiyaların tətbiqi məsələləri.
Bütün dövrlərdə təhsilin təşkili və
müvəffəqiyyəti pedaqoji-psixoloji amillərə və
buna müvafiq olan texnologiyaların tətbiqinə söykənmişdir.
Təhsilin pedaqoji məsələlərindən
danışarkən, ilk növbədə, diqqəti təhsilin
məzmunu probleminə yönəltmək lazımdır. Təəssüf
hissi ilə qeyd edilməlidir ki, xüsusən orta məktəblərdə
mövcud nöqsanlar, ilk növbədə, təhsilin məzmunu
ilə bağlıdır. Təsadüfi deyildir ki, təhsilin
məzmununu əks etdirən əsas sənədlərdən
biri olan dərsliklərlə bağlı təkcə elmi səviyyədə
deyil, hətta ictimai səviyyədə belə ciddi iradlar
vardır. Görəsən, bunun səbəblərini harada
axtarmaq lazımdır? Bəzən
dərsliklərin belə səviyyədə olmasının
günahını təkcə ayrı-ayrı müəlliflərdə,
onların səriştəsizliyində axtarırlar. Biz bunu
inkar etmirik. Belə hallara da təsadüf edilir. Amma bu əsasən metodiki səviyyədə
mövcud olan nöqsandır. Əgər dərsliklərin
yazılmasında metodoloji səviyyədə nöqsanlar
olmasaydı, onları aradan qaldırmaq da asan olardı.
Metodoloji səviyyədə nöqsanlar mövcud olduğuna
görə metodiki səviyyədə dərsliklərdə
aparılan korrektə işləri öz
faydalılığı ilə fərqlənmir. Problemin
sistemli həlli, ilk növbədə, dərslik
hazırlanması üçün metodoloji müstəvidə
ilkin, başlanğıc meyar kimi nəyin əsas
götürülməsinin ayırd edilməsini tələb
edir. Təbii ki, dərslik hazırlanarkən hansı meyarlara
istinad olunması pedaqoji ictimaiyyətə bəllidir. Burada
heç bir mübahisəli məsələ yoxdur. Amma nə
qədər qəribə olsa da pedaqoji ədəbiyyatda ilkin,
başlanğıc meyar kimi heç nə göstərilmir.
Fikrimizcə, belə meyar kimi dərsliyin hansı məktəb
tipi üçün yazılması müəyyən edilməlidir.
Təəssüf hissilə qeyd edək ki, dərsliklər
yazılarkən, bu meyar mahiyyətcə nəzərə
alınmır. Bu boşluq dərsliklərdə müəyyən
nöqsanların yaranması ilə nəticələnir ki,
bunları da metodiki səviyyədə aradan qaldırmaq
mümkün olmur.
Ümumtəhsil orta məktəbinin bəzi
problemləri. Bu məktəbin tarixi qədimdir.
Böyük çex pedaqoqu Yan Amos Komenskinin ideyalarından
qaynaqlanan, qarşısına "hamıya hər şeyi
öyrətmək" kimi humanist bir məqsəd qoyan,
keçən əsrin 70-80-ci illərinə qədər
öz məqsədinə tamamilə nail olan və yeni nəslin
inkişafında böyük əhəmiyyət kəsb edən
ənənəvi ümumtəhsil orta məktəb tipi
şagirdlərin motivasiyasını inkişaf etdirmədən,
maraq və qabiliyyətlərini nəzərə almadan, təhsil
proqramına müvafiq olaraq yeni biliyi şagirdlərin əsasən
yaddaşına əsaslanaraq onlara öyrədirdi. İnformasiya mənbəyinin təkcə müəllim
və dərslik olduğu dövrlərdə, bu məktəb
tipi yeni nəslin bilik öyrənmə tələbatını
tamamilə ödədiyi üçün mühüm psixoloji
və sosial əhəmiyyət kəsb edirdi.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı
nəticəsində informasiya qıtlığı informasiya
bolluğu ilə əvəz olunduğu bir dövrdə,
ümumtəhsil orta məktəbi, birdən-birə, xüsusən
yuxarı siniflərdə darıxdırıcı
görünməyə başladı.
Ümumiyyətlə, ənənəvi ümumtəhsil
orta məktəbi müasir dövrün prizmasından qiymətləndiriləndə
onun özünəməxsus çətinlikləri üzə çıxır.
Bu məktəb öz fəaliyyətini əsasən bir paradiqma-yaddaş paradiqması
üzərində qururdu. Təsadüfi deyil ki,
həmin dövrdə müəllim təlim prosesinin subyekti,
şagird isə obyekti kimi qiymətləndirilirdi. Məktəblərdə
tətbiq olunan texnologiyalar bu metodologiyaya əsaslanır və
müvafiq olaraq təlim prosesində müəllimin şərhi,
kitab üzərində iş, sual-savab, illüstrasiya, demonstrasiya və s. metodlardan istifadə olunurdu.
Burada fənlərin tədrisi şagirdin maraq və qabiliyyətlərinə
əsaslanmır, təhsilin məzmunu ağır olduğundan
şagirdlər yeni materialı öyrənməyə həddindən
artıq çox vaxt sərf edir, nəticədə şagirdlər
yüklənməyə məruz qalır, onların
istedadının üzə çıxarılması çətinləşir,
fənn müəllimləri də
bu işdə çox vaxt o qədər maraqlı olmur,
onlar daha yaxşı qiymətlərlə oxuyan şagirdlərlə
qürrələnib, özlərinin səriştəli bir
müəllim olmalarını sübut etməyə
çalışırdılar. Sonda çox
yüklənən istedadlı şagird ən yaxşı
halda yaxşı qiymətlə oxuyan, əlaçı
şagird kimi, konkret maraq və qabiliyyəti ilə fərqlənməyən,
zəif motivasiyaya malik məktəb məzununa çevrilirdi.
80-ci illərdən başlayaraq ümumtəhsil
orta məktəbi yeni mərhələyə qədəm
qoydu. Şagirdin əqli inkişafı problemi
gündəmə gəlmişdi, koqnitiv bacarıqlar təfəkkür
müstəvisində təhlil edilməyə
başlayırdı. Məktəbin məzmununda ciddi dəyişikliklər
edilməsə də, müəllimlərin istifadə etdiyi
texnologiyalar yeniləşdi, fəal təlim metodları tətbiq
edilməyə başladı: - evristik müsahibə, problem
situasiyanın yaradılması, kino-dərs və s. bu kimi
metodlar həmin dövrün məhsuludur. Tədricən
şagirdlər düşunmə, təhlil etmə, ümumiləşdirmə
proseslərinə cəlb edildilər. Bu
yeni paradiqmanın-təfəkkür paradiqmasının təhsil
sisteminə daxil olması idi. Lakin bu ideya
inkişaf etdirilmədi.
Keçən əsrin 90-cı illərindən
ölkəmizin ictimai-siyasi həyatında baş verən
hadisələr təhsil sistemində bir müddət sanki
"durğunluq" yaratdı. Müstəqilliyə
qədəm qoyduqdan sonra təhsil sistemini məhz təfəkkür
paradiqması müstəvisində inkişaf etdirmək
lazım idi. Məktəbin təkmilləşdirilməsi bu axarda
həyata keçirilməli idi.
Biz artıq qapalı cəmiyyətdə
deyil, açıq cəmiyyətdə yaşayırdıq.
Dünyaya açılan pəncərə daha
böyük idi. Artıq müəllim və dərslik də yeganə
bilik mənbəyi deyildi. Ümumtəhsil orta məktəbi
məzmunu etibarı ilə yeniləşməli, obrazlı desək,
"yeni dövrün nəfəsi ilə isinməli" idi. Amma orta
ümumtəhsil məktəbinin məzmununun
öz-özlüyündə təkmilləşdirilməsi
baxımından yalnız təhsil müddətinin bir il artırılmasından başqa, demək
olardı ki, heç bir iş görülmədi. Halbuki onbirillik təhsil üçün yeni məzmun
hazırlamaq lazım idi. Əslində təhsil müddətinin
təkcə bir il artırılması onun
məzmununda köklü dəyişiklik etmək imkanı
vermirdi. Buna görə də təhsilin ənənəvi məzmunu,
bir neçə kosmetik əlavələrlə on bir il müddətinə
bölüşdürüldü. Bəzi alimlər
problemin həlli olaraq yalnız fəal təlim
metodlarının tətbiqinin genişləndirilməsini
çıxış yolu kimi qiymətləndirdilər. Fəal təlim metodlarının tətbiqi
müasir təhsil paradiqması baxımından birmənalı
şəkildə müsbət qiymətləndirilməlidir və
onun məktəbə gətirilməsi ən uğurlu yenilik
kimi mənalandırılmalıdır. Lakin
bəzi məktəb və ya müəllimlərin pedaqoji fəaliyyəti
istisna olmaqla orta ümumtəhsil məktəbi müstəvisində
bu metodların tətbiqi bəzi psixoloq və pedaqoqların
qeyd etdikləri kimi, elə də sevindirici nəticəyə gətirib
çıxarmadı. Bir sıra hallarda
müəllimlər psixoloji konsepsiyalara əsaslanmadan müəyyən
metodiki çətinliklər nəticəsində bu
metodları tətbiq edəndə problemlərlə üzləşdi,
bəzi hallarda təlim prosesində psixoloji amillərin
(şagirdin özünüaktuallaşma səviyyəsinin,
motivasiyasının, idrakı maraqlarının, qabiliyyətlərinin
və s.) lazımi səviyyədə nəzərə
alınmaması bu metodların tətbiqində çətinliklər
yaratdı. Yeni metodlar yeni rəhbərlik
üslubu tələb edirdi, müəllimlərin əksəriyyəti
isə hələ də köhnə idarəetmə
üsullarından istifadə edirdi. Yeni
metodlar yeni dərsliklər tələb edirdi, köhnə dərsliklər
yeni metodlar üçün nəzərdə
tutulmamışdı və s.
Yeni kurikulumların tətbiq edilməsi məktəb
həyatında canlanma yaratdı. Əslində
bu, məktəbin inkişafının yeni mərhələsinin
başlanğıcı idi. Kurikulumların
tətbiqi hələlik I-VI sinifləri əhatə edir.
Şəxsiyyətyönümlü və nəticəyönümlü
xarakter daşıyan bu kurikulumlar nəzəri cəhətdən
özünəməxsus pedaqoji əhəmiyyətə
malikdir. Onların tətbiqi fəal təlim metodlarına
geniş meydan açdı, şagirdin
özünüaktuallaşma səviyyəsinin yüksəlməsinə,
motivasiyasının formalaşmasına, idrakı
maraqlarının, qabiliyyətlərinin nəzərə
alınmasına imkan verdi və fənlərin
tədrisi şagirdlərdə səriştələrin
formalaşmasına xidmət etməyə başladı.
Bütün bu deyilənlər pedaqoji,
psixoloji və təlim texnologiyaları baxımından
yüksək qiymətləndirilməlidir. Görülən
pedaqoji işlərin ilkin nəticələrini təhlil etsək
məlum olar ki, kurikulumların tətbiqi təfəkkür
paradiqmasının təhsil sisteminə tətbiqini genişləndirdi
və ümumtəhsil orta məktəbini yaradıcı təfəkkür
məktəbinə çevirdi. Bu paradiqma müəllim-şagird
münasibətlərini yeni müstəviyə - subyekt-subyekt
münasibətləri səviyyəsinə qaldırdı,
müəllim-şagird əməkdaşlığına
şərait yaratdı. Kurikulumların tətbiqi
zamanı müəllimlər üçün təşkil
olunan treninqlər aparılan islahatların müvəffəqiyyətini
daha da artırdı. Bu
yeniliklər pedaqoji nöqteyi-nəzərdən müsbət
qiymətləndirilməlidir.
Lakin dünya sürətlə
inkişaf edir. Bu sürətli inkişaf elə səviyyəyə
çatmışdır ki, artıq insandan kreativ bacarıqlar
tələb olunur. Nəticədə dünyanın inkişaf
etmiş ölkələrində məktəb yaradıcı təxəyyül paradiqması üzərində
qurulmağa başladı. Bu paradiqma
dərsin əməkdaşlıq səviyyəsində,
yeni interaktiv metodlarla təşkil edilməsini tələb
edir. Hər bir dövrdə məktəbin tipi və məzmunu
dövrün təhsil paradiqmaları əsasında müəyyənləşdirilib.
Yeni təhsil
strategiyasında məktəbin onikiillik olması nəzərdə
tutulub. Bəs yeni onikiillik ümumtəhsil məktəbi
hansı xüsusiyyətləri ilə öz sələfindən
fərqlənməlidir? Bu sual üzərində ciddi fikirləşmək
lazımdır. Fikrimizcə, strategiyanın tələblərini
həyata keçirərkən biz yeni məktəbi də
müasir dövrün psixoloji meyarlarına əsaslanaraq
yaradıcı təfəkkür və təxəyyül-yaradıcılıq
paradiqmaları müstəvisində qurmalıyıq. Bunun
üçün son dövrlərdə həyata keçirilən
islahatlara rəğmən hazırda məktəblərdə
lazımi səviyyədə
pedaqoji, psixoloji və metodiki baza vardır. Məktəblərdə
apardığımız tədqiqatlar, eləcə də
qabaqcıl məktəb təcrübəsinə və
inkişaf etmiş ölkələrin təcrübəsinə
istinad edərək yeni onikiillik məktəbin cizgilərini
açıqlamağa cəhd edək:
1. Məktəb həyatı
demokratikləşdirilməlidir-müəllimin rəhbərlik
üslubu yenilənməli, müəllim-şagird münasibətləri
əməkdaşlıq müstəvisində inkişaf etməlidir.
2. I sinfə qəbul
olan şagirdlərin təlimə qabilliyi yoxlandıqdan sonra məktəbə
qəbul edilməlidir. Bunun üçün məktəbin nəzdində
hazırlıq siniflərinin fəaliyyət göstərməsi
məqsədəuyğundur. Belə təcrübə
inkişaf etmiş ölkə məktəblərində də
vardır. Məktəbə hazırlıq uşağın
hansı məcmu bilikləri bilməsi kimi deyil, öyrənməyə
həvəsinin, motivasiyanın formalaşması kimi başa
düşülməlidir.
3.
İbtidai sinifdə hesab, ana dili və s. fənlərlə
müqayisədə şagirdlərin duyğu üzvlərinin
inkişafına xidmət edən fənlərin - musiqi, rəsm,
əmək, ətraf aləmlə tanışlıq və s.
fənlərin tədrisinə üstünlük verilməli,
sinifdən-sinfə keçdikcə, nisbət dəyişilməlidir. I siniflərdə
isə ümumiyyətlə oyun dərslərinə geniş
yer verilməsi daha məqsədəuyğun olardı.
4. Məktəbin məzmunu
müəyyənləşdirilərkən hansı fənlərin
hansı məzmunda tədris edilməsi şagirdlərə həyatda
hansı biliklərin lazım ola biləcəyi ehtimalı
üzərində müəyyən edilməlidir.
5. Hər bir fənn
şagirdlərdə motivasiyanın yaradılması müstəvisində
tədris edilməlidir. Onlar həyatda bu bilikdən harada və
necə istifadə edə biləcəklərini
(lazımlılıq dərəcəsini) bilməlidirlər.
6. Fənlərin tədrisində
interaktiv təlim metodları, fəal təlim metodları və
ənənəvi təlim metodları qarşılıqlı
əlaqədə tətbiq olunmalıdır.
7. Fənlərin tədrisində
müasir əyani vəsaitlərdən istifadə edilməlidir.
8. Fənlərin
tədrisində onların praktik əhəmiyyətliliyini təmin
etmək üçün şagirdlərin tətil
vaxtlarında müxtəlif müəssisələrə
passiv praktikaya aparılması və yaxud müxtəlif müəssisələrin
iş fəaliyyətini əks etdirən videodisklərə
baxmaları məqsədəuyğun olardı. Bu onlara
verilən biliklərin həyati
lazımlılığını dərk etmələrinə
kömək edər.
9. Həftəlik
dərs saatlarının azaldılması, müstəqil fəaliyyət
saatlarının artırılması yaxşı olardı.
Şagirdlərə dərs vaxtı verilən
tapşırıqların müstəqil fəaliyyət saatlarında
müəllimin nəzarəti altında yerinə yetirməsi
və ya diskussiyada iştirak etməsi biliklərin daha dərindən
mənimsənilməsinə şərait yaradar.
10. "Təhsil
haqqında" Qanuna əsasən ölkəmizdə orta məktəb
üçpilləlidir: İbtidai təhsil, ümumi orta təhsil,
tam orta təhsil. Tam orta təhsil pilləsinin təmayül
siniflər kimi fəaliyyət göstərməsi olduqca
vacibdir. Əgər ibtidai və ümumi orta məktəbdə
tədris fəaliyyəti koqnitiv keyfiyyətlərin
formalaşması üçün yaradıcı-təfəkkür
paradiqması üzərində qurulursa, tam orta təhsildə
kreativ bacarıqların formalaşması
və bu müstəvidə təxəyyül-yaradıcılıq
paradiqmasının tətbiq edilməsi bizdən tam orta məktəb
pilləsinin təmayül siniflərdən ibarət
olmasını tələb edir və bu mərhələdə
dərslər sırf kreativ bacarıqların formalaşmasına
xidmət edir, şagirdlərin maraq və qabiliyyətlərinə
uyğun həyata keçirilir.
Ümumtəhsil orta məktəbinin
yuxarı siniflərinin təmayül xarakterli olması
şagirdlərin diferensiasiyasına geniş imkanlar aça
bilər. Burada artıq şagirdlərin motivasiyasının
inkişafına, maraq və qabiliyyətlərinin
formalaşmasına və yeni təlim texnologiyalarının tətbiqinə
daha asanlıqla nail ola bilərik. Məktəb belə məzmun
kəsb etdikdə bu zaman istedadlı şagirdlər
üçün geniş imkanlar açıla bilər. Yeni
kurikulumların tətbiqi də şagirdlərin
motivasiyasının inkişafına təkan verir. Təcrübə
göstərir ki, kreativ keyfiyyətlərin formalaşması
təmayül siniflərdə daha geniş imkanlar əldə
edir və bu zaman ən yeni təlim texnologiyalarının tətbiqi
üçün münbit şərait yaranır. Bu məsələlər
daha geniş təhlil və müzakirə tələb edir.
Təmayül məktəblər
və liseylər haqqında. Təmayül
məktəbləri hələ sovet dönəmindən fəaliyyət
göstərirdi. Bu məktəblər yarandığı ilk
illərdən şagirdin qabiliyyət və maraqlarına əsaslandığı
üçün təhsilin keyfiyyəti bu məktəblərdə
daha yüksək idi. Həmin dövrlərdə əgər
ümumtəhsil orta məktəbləri daha çox yaddaş
məktəbi kimi xarakterizə olunurdusa, təmayül məktəbləri
ondan bir pillə yüksək, təfəkkür
məktəbi kimi qiymətləndirilirdi. Onların çevrəsində
"fizika-riyaziyyat", "kimya-biologiya", "incəsənət"
və s. təmayüllü məktəbləri qeyd etmək
olar. Lakin bu tip məktəblərin sayı çox az idi. Belə
məktəblər adətən paytaxt şəhərlərdə
yaradılırdı və onlar əsasən internat xarakterli
idi. Yəni şagirdlər həftənin I-VI
günləri məktəbdə yaşayır, orada həm dərs
oxuyur, həm istirahət edir, asudə vaxtlarını orada
keçirir, həm dərslərinə hazırlaşır, həm
də qidalanır və orada gecələyirdilər. Bu məktəblərin
internat tipli olmasının səbəbi şagirdlərin hər
gün uzaqdan məktəbə gəlib-getmə problemini həll
etmək idi. Lakin şəxsiyyətin
sosiallaşması baxımından müəyyən əhəmiyyətə
malik olan bu məktəblərin sayı olduqca az idi, bunun isə
əsas səbəbi onun ümumtəhsil orta məktəbi ilə
müqayisədə həddən artıq çox maliyyə xərcləri
tələb etməsi idi. Lakin nəticə
baxımından bu məktəblərdə şagirdlərin
inkişafı daha yüksək idi.
Bunun səbəbləri
çoxdur. İlk növbədə bu məktəblərdə
şagird dərsdən sonra nəzarətsiz qalmır, müəllimlərin
rəhbərliyi altında dərslərinə
hazırlaşır, ya maraq və qabiliyyətlərinə
müvafiq olaraq əlavə məşğələdə
iştirak edir, ya da müəllim tərəfindən təşkil edilən
tədbirlər şəraitində fəaliyyət göstərirdi.
Bir sözlə, şagird bütün
günü məktəb tərəfindən məqsədyönlü
şəkildə təşkil edilən müəyyən tədbirdə
iştirak edir, asudə vaxtlarında ünsiyyət tələbatlarını
təmin etmək, sinif yoldaşları ilə dialoqa girib,
müəyyən məsələləri müzakirə
etmək imkanına malik idi. Bu məktəblərdə,
fikrimizcə, əsas çatışmayan cəhət
şagirdin sosiallaşmasında valideynlərin, qohumların,
qonşuların, həyət dostlarının və s. rolunun
azalması idi. Əvəzində
şagird hansı təmayüllü məktəbdə
oxumasından asılı olaraq gələcək peşəsini
daha aydın təsəvvür edirdi, onda bu istiqamətdə
motivasiya yaranırdı və o bütün fəaliyyətini
özünün gələcək peşəsini daha dərindən
öyrənməyə cəhd edirdi. Məqsəd
aydınlığı onun fəaliyyətini
stimullaşdırırdı. Bu, məktəbli həyatı
üçün mühüm əhəmiyyət kəsb edir
ki, ənənəvi ümumtəhsil orta məktəbində
bu məqam çatışmayan amillər sırasında
özünə möhkəm yer tuturdu.
Müstəqillik əldə
etdiyimiz müddətdə isə dünya praktikasına uyğun
olaraq ölkəmizdə bir çox liseylər yarandı.
Onlar məzmunları etibarı ilə bir çox məqamlarda
təmayül məktəblərindən faydalandılar. Hətta
deyərdim ki, təmayüllü məktəblərdən də
irəli gedərək daha maraqlı, daha çevik, daha praktik
məktəb tipi yaratdılar. Bu məktəblərin əksəriyyəti,
sadəcə olaraq təmayül siniflərdən ibarət
oldular. Məsələ burasındadır ki, əgər
təmayül məktəblərini şəhərin
bütün yaşayış məskənlərində təşkil
etmək təkcə maliyyə məsələlərinə
görə deyil, həm də pedaqoji-metodiki baxımdan məqsədəuyğun
deyildisə, təmayül xarakterli liseyləri isə
bütün yaşayış məskənlərində
yaratmaq mümkündür. Məsələn, texniki-humanitar
lisey. Belə liseyi hər bir yaşayış məskənində
təşkil etmək mümkündür.
Təmayül məktəb və liseylərə qəbul müsahibə (və ya imtahan)yolu
ilə keçirilir. Bunu təbii saymaq lazımdır. Hər
bir lisey qəbul etdiyi şagirdin maraq və qabiliyyətlərini,
motivasiyasını, bilik və
dünyagörüşünün səviyyəsini və s.
bilməlidir. Təsadüfi deyil ki, bu məktəblər
qısa zaman kəsiyində daha savadlı məzunları ilə
fərqlənməyə başladı. Hərçənd ki,
bu məktəblərin də məzmununda həllini gözləyən
problemlər az deyil. Məsələ burasındadır ki, bu məktəblərin
ümumtəhsil orta məktəbindən fərqi yalnız təmayül
siniflərində təmayül fənlərin
saatlarının artıq olmasıdır.
Proqramlarındakı cüzi fərqləri
hətta məzmun fərqi kimi qiymətləndirmək də
düzgün olmazdı. Belə ki, bu məktəblərdə
təhsil alan şagirdlər elə ümumtəhsil orta məktəbinin
dərsliklərindən istifadə edirlər. Halbuki, bu məktəblərin
hər biri özünəməxsus dərsliklərə malik
olmalı idi. Hətta buna baxmayaraq, bu məktəblərin məzunları
daha yüksək biliyə malik olurlar. Görəsən, bu məktəblərin
müvəffəqiyyətinin səbəbi nədir? Bu məsələni
izah edək:
Birincisi, bu məktəblərdə
maraq və qabiliyyətinə görə bir-birinə yaxın
şagirdlər təhsil alırlar. Ona görə də bu
şagirdlər üçün müəllimin verdiyi
tapşırıqlar daha çox idraki əhəmiyyət kəsb
edir, onlar bir-birləri ilə daha asanlıqla dialoqa girir,
problemi daha anlaşıqlı şəraitdə müzakirə
edirlər. Elə buna görə də bu məktəblər
"yaradıcı təfəkkür məktəbi" kimi
daha yüksək statusu qoruyub saxlaya bilmişlər.
İkincisi, siniflər qruplaşdırılarkən, maraq və
qabiliyyətlər üstün tutulduğundan, bu siniflərdə
fəal təlim metodlarının tətbiqi daha yüksək
pedaqoji səmərə əldə etməyə imkan verir.
Üçüncüsü, bu məktəblərdə təxəyyül-yaradıcılıq
paradiqmasının tətbiq edilməsi üçün
münbit şərait vardır.
Bəs bu məktəblər
hansı nöqsanlara malikdirlər? İlk növbədə,
qeyd etmək lazımdır ki, bu məktəblərdə də
təhsilin məzmunu düzgün tənzimlənməmişdir.
Hər şeydən əvvəl, ümumtəhsil məktəbi
üçün nəzərdə tutulan dərslikdən təmayüllü
xarakter daşıyan liseyin istifadə etməsi metodoloji cəhətdən
səhvdir. Hər bir məktəb tipinin məzmununa uyğun
olaraq dərsliyi olmalıdır. Bu məsələni izah edək.
İlk növbədə,
hansı tip məktəbdə hansı fənləri tədris
etmək lazımdır sualını aydınlaşdırmaq
lazımdır. Bundan sonra araşdırmaq lazımdır ki,
hansı tip məktəbdə hansı fənn hansı məzmunda
tədris edilməlidir. Məsələn, liseydə
humanitar təmayüllü siniflərdə humanitar fənlər
hansı məzmunda, təbiət fənləri hansı məzmunda,
əksinə texniki təmayüllü liseydə təbiət
fənləri hansı məzmunda, humanitar fənlər
hansı məzmunda tədris edilməlidir. Yəqin siz də razılaşarsınız ki,
humanitar təmayüllü siniflərdə, məsələn,
riyaziyyat fənni həm məzmunu, həm də tədris
texnologiyası baxımından texniki təmayüllü sinifdə
tədris olunan riyaziyyat fənninin məzmun və tədris
texnologiyasından fərqlənməlidir, əksinə
humanitar təmayüllü liseydə tarix və ədəbiyyat
fənni, riyaziyyat təmayüllü liseydə tədris olunan
tarix və ədəbiyyat fənlərinin məzmunu və tədris
texnologiyası baxımından fərqlənməlidir. Digər
fənlərin məzmunu da bu qayda ilə müəyyən
edilməlidir. Bu zaman belə meyardan
çıxış etmək lazımdır: məsələn,
gələcəkdə tarixçi olacaq bir insan riyaziyyat, fizika,
kimya, biologiya, coğrafiya və s. fənlərdən nəyi
bilməli, əksinə riyaziyyatçı ola biləcək
bir insan tarix, ədəbiyyat və s. fənlərdən nəyi
bilməlidir.
Bu fənlərin sərhədlərini
müəyyən etmək çox çətindir. Keçən əsrin 80-ci illərindən etibarən
şagirdlərin çox yükləndiyi həm pedaqoqlar, həm
psixoloqlar, həm metodistlər, həm də, ilk növbədə,
bəlkə də müəllimlər tərəfindən
tez-tez vurğulanırdı. Artıq yüklənmənin
aradan qaldırılmasında liseylər geniş imkana
malikdir. Burada sadəcə olaraq, hər bir təmayül sinfində
hansı fənlərin hansı məzmunda tədris edilməsinin
metodoloji əsasını tapmaqdır. Bu
metodologiyanın hazırlanması həm məktəbin məzmununun
təkmilləşməsinə, həm şagird
hazırlığının keyfiyyətinin artmasına, həm
də texnoloji bazanın tətbiqinin pedaqoji səmərəsinin
artmasına kömək edər, şagirdləri əlavə
yüklənmədən qurtarar.
Bütün gün məktəbləri:
valideyn-şagird münasibətləri. Bu tip məktəblər
inkişaf etmiş ölkələrdə geniş
yayılmışdır. Əslində bu tip məktəblər
böyük şəhərlərin həyat tərzindən
meydana çıxan, tələbatdan yaranan məktəbdir.
Belə ki, xüsusən böyük şəhərlərdə
şagird dərsdən sonra valideyn nəzarətindən kənar
qalır. Bildiyimiz kimi, bazar iqtisadiyyatı şəraitində
valideynlərin hər ikisi axşama qədər istehsalatda
çalışır. Uşaq, ona sosial nəzarətin
olmadığını (böyük şəhərlərdə
qohum ailələrinin - əmi, dayı, bibi, xala və s.
bir-birindən uzaq yaşaması onların da uşağa nəzarətini
aradan qalxmasına səbəb olmuşdur) hiss etdikdə,
küçə qruplarına qoşulur və müəyyən antisosial hərəkətlərə
yol verirlər. Həddi-buluğa çatmayan gənclər
arasında dünya miqyasında cinayətkarlığın,
narkomaniyanın coğrafiyasının genişlənmə səbəblərindən
biri məhz budur. Başı işə qarışan valideynlər uşaqlarının
bu hərəkətlərindən çox gec xəbər
tuturlar. Bu hadisələrin qabağını almaq
üçün inkişaf etmiş ölkələrdə
bütün gün məktəbləri
yaradılmışdır. Hətta bir sıra məktəblərdə
səhər tezdən məktəbin avtobusu müəyyən
marşrut üzrə hərəkət edərək valideyndən
uşağı qəbul edir, axşam isə müəyyən
saatdan sonra həmin marşrut üzrə hərəkət edərək
uşaqları valideynə təhvil verirlər. Bəs məktəbdə
olduğu müddətdə şagirdlərlə hansı
pedaqoji işlər görülür? Bu məktəblərdə
şagirdlər ciddi gün
rejiminə malik olur, müəyyən vaxt ərzində onlara
dərs keçilir, dərs məşğələlərindən
sonra onların naharı, istirahəti və evə verilmiş
tapşırıqların müəllimlərin rəhbərliyi
ilə icrası və nəhayət, asudə vaxtı təşkil
edilir. Göründüyü kimi, bu məktəblər
öz məzmunu etibarı ilə yuxarıda qeyd etdiyimiz
internat təmayüllü məktəblərə
yaxındırlar. Bu məktəblərdə tədris müxtəlif
metodologiyalara əsaslanır, onlar arasında tədrisin təmayül
siniflərdə təşkili özünəməxsus əhəmiyyət
kəsb edir. Onu da qeyd edək ki, xarici ölkələrdə
bu məktəblər pulludurlar. Hazırda Bakıda da belə
məktəblər vardır və bu məktəblərdə
təhsil alan şagirdlər daha böyük təlim müvəffəqiyyətləri
ilə fərqlənirlər. Fikrimizcə, belə məktəblərin
çoxaldılması məqsədəuyğun olardı.
Texniki peşə məktəblərinin
pedaqoji portreti. Dünya miqyasında bu məktəblər
müvəffəqiyyətlə
fəaliyyət göstərirlər. Ölkəmizdə
də belə məktəblər vardır. Onların tarixi
keçən əsrin 20-30-cu illərinə gedib
çıxır. Müəyyən dövrlərdə bu məktəblər
xüsusi aktuallığa malik olsalar da, 80-90-cı illərdə
öz nüfuzunu itirməyə başladı. Əslində
bu məktəblər çox böyük pedaqoji əhəmiyyətə
malikdirlər. Onlar bir tərəfdən gənc
oğlan və qızlara müəyyən peşələrin
öyrənməsinə şərait yaradır, digər tərəfdən
isə orta ümumtəhsili səviyyəsində bilik,
bacarıq və vərdişlərə yiyələnməsinə
imkan verir. Bir məqamı da vurğulamaq lazımdır.
Texniki peşə məktəbləri öz məzmunu və
maddi-texniki bazası baxımından digər məktəblərdən
geri qalmırlar, əksinə bir sıra hallarda hətta
üstünlük kəsb edirlər. Bu məktəblərin əsas
məqsədi idrakı imkanları məhdud olan şagirdlərə
həm orta təhsil vermək, həm də onları müəyyən
peşələrə hazırlamaqdır. Bəs görəsən, şagirdlər
bu məktəblərə nə üçün həvəslə
getmirlər? Bizim fikrimizcə, bunun iki səbəbini ayırd
etmək olar. Birincisi, məktəblərdə
texniki peşə məktəblərinin məzmunu şagirdlərə
optimal yollarla çatdırılmır, başqa sözlə
desək, peşə yönümü işi düzgün təşkil
edilmir, ikincisi valideynlərin peşəyə münasibəti
ilə bağlıdır, onlar çox vaxt
uşaqlarını hazırlığa göndərməyi
üstün tutur və bu yolla ali məktəbə qəbul
olmaları üçün şərait yaratmalarına
çalışırlar. Məktəbi bitirdikdən sonra isə
məzun ali məktəbə qəbul ola bilməyəndə
hansısa peşə ilə məşğul olmaq zərurəti
yaranır və o, hansısa ustanın yanında şagird kimi
hər şeyi yenidən başlamalı olur. Halbuki, texniki
peşə məktəbini bitirmiş olsaydı, artıq əlində
müəyyən bir ixtisası olardı. Valideynlərlə
bu səpgidə iş aparmalı, şagirdlərin texniki
peşə məktəblərində təhsillərini davam
etdirməsinə onları inandırmaq lazımdır.
Şatalov məktəbinin
sirri və müasir metodikalar haqqında düşüncələr.
Bir məsələyə diqqət yetirmək məqsədəuyğundur.
Sovet dönəmində müxtəlif məktəblər var
idi ki, direktorun müstəqil metodikasının tətbiqi
üzərində qurulurdu. Həmin məktəblər sovet təhsil
sistemində qabaqcıl, yenilikçi təcrübə kimi təqdir
olunurdular. Məsələn, V.A.Şatalovun,
Ş.A.Amonaşvilinin və başqalarının məktəblərini
göstərmək olar. Düzdür, belə məktəblər
az idi və onlar nailiyyət qazandıqdan sonra təqdir
olunmağa başlanmışdılar. Fikrimizcə,
bu gün məktəblərə belə metodiki sərbəstlik
verilməsi məqsədəmüvafiq olardı. Ölkənin
ümumi təhsil strategiyasından çıxış edərək
fərqli metodikaların tətbiqi məktəblərarası
rəqabətin yaranmasına, hansı metodikanın pedaqoji cəhətdən
daha yararlı olmasını müəyyən etmək
imkanı verər. Məsələyə başqa tərəfdən
yanaşaq. Hər bir məktəbin öz
kontingenti var. Şəhər məktəbi ilə əyalət
məktəbinin kontingenti həm bilik, həm mədəni, həm
də dünyagörüşünün səviyyəsi ilə
bir-birindən fərqlənir. Əgər belədirsə,
onlar nə üçün eyni metodika ilə dərs
oxumalıdırlar? Hər bir məktəbdə tətbiq
olunan metodika məktəb kontingentinin inkişaf səviyyəsinə
uyğun olduqda daha məqsədəuyğun nəticə əldə
edilir. Bu istiqamətdə məktəb
direktorlarına metodika seçimi imkanı verilməsi məqsədəuyğun
olardı. Hazırda müəyyən fərqli metodika ilə
işləyən liseylər var ki, onlar daha yüksək səviyyələri
ilə digərlərindən fərqlənirlər. Zənnimizcə,
cəsarətlə belə addım atmaq olar.
Alternativ dərsliklər
problemi. Dərsliklər haqqında hələ çox
danışılmalıdır. Bu sahədə hələ
çox işlər görülməlidir. Bir məqalə
çərçivəsində bütün suallara cavab tapmaq
çətindir. Amma buna baxmayaraq, metodoloji əhəmiyyət
kəsb edən bəzi məqamları vurğulayaq. İlk
növbədə məktəbin hər bir tipi
üçün ayrı-ayrı dərsliklər çap edilməlidir.
Hətta mümkün olarsa, hər bir məktəb tipi
üçün ümumi proqramı özündə əks
etdirən alternativ dərsliklər olmalıdır. Dərslikdən
əlavə, şagirdlər üçün dərslikdə
verilən materialların daha dərindən mənimsənilməsi,
müəllimlər üçün
isə verilən materialı daha yaxşı izah etmək
üçün müxtəlif metodiki vəsaitlər
olmalıdır.
Epiloq əvəzi. Azərbaycan
məktəbi şərəfli tarixə malikdir. O daim öz fəaliyyətini
zamanın tələbinə uyğun qura bilmişdir. Bu gün də Azərbaycan məktəbi əsrin
önəmli psixo-pedaqoji mənzərəsi ilə
seçilir, inkişafedici, şəxsiyyətyönümlü,
nəticəyönümlü və tərbiyəedici təlim
modellərinə əsaslanır. Ümidvarıq ki, təhsil
strategiyası Azərbaycan təhsilinin yeni keyfiyyət mərhələsinə
yüksəlməsində önəmli rol
oynayacaqdır.
Hikmət ƏLİZADƏ,
BDU-nun professoru, pedaqoji elmlər doktoru
Azərbaycan müəllimi.- 2014.- 17 yanvar.- S.4.