"Nobelçi alimlərin işlədiyi universitetdə
oxumaq şərəfdir"
Kembric
Universitetinin tələbəsi Orxan Həsənovla söhbət
Orxan Asəf oğlu Həsənov 1991-ci ildə
Bakıda anadan olub. 2008-ci ildə 6 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan
Dövlət Neft Akademiyasının
neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub. 2010-cu ilin yanvarından avqust ayına qədər
Böyük Britaniyanın Nyukasl Universitetinin hazırlıq
kurslarına (Foundation Üear) qatılıb. İngilis
dilində riyaziyyat, fizika, kimya fənləri üzrə
keçirilən hazırlıq kurslarını "əla"
qiymətlərlə başa vuraraq
Nyukasl Universitetinin bakalavr pilləsinə daxil olub. Bakalavr təhsilini uğurla başa
vuraraq 2013-2014-cü dərs
ilindən "2007 - 2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində
Birləşmiş Krallığın Kembric Universitetində kimya mühəndisliyi
ixtisası üzrə magistr təhsili
alır.
Orxanla söhbətimizə orta məktəb illərindən
başladıq.
- Orta məktəb illərində mən əsasən
texniki fənlərə üstünlük verirdim. Lakin digər fənlərə
də marağım vardı. O biri fənlərdən də
müvəffəq
qiymətlər alırdım. Sadəcə elə bir məqam var
ki, insan öz gələcək ixisas seçimini etməli və
hansı fənlərə daha çox diqqət yetirməli
olduğunu müəyyənləşdirməlidir. Qardaşım
universitetin hüquq fakültəsini bitirib,
hüquqşünasdır. Buna görə də mən bir
qədər fərqli sahəni seçdim. Digər tərəfdən neft sahəsinin
ölkəmizdə
inkişaf etməsi və daha perspektivli olması da
mənim ixtisas seçimimdə rol oynayıb.
- Dövlət Proqramından faydalanmaq sizin də qismətinizə
düşüb...
- Bu proqram biz tələbələr
üçün çox gözəl imkandır. Bu
layihəni çox müsbət qiymətləndirirəm. Ölkəmizdə gənclərin
xaricdə təhsili üçün belə bir şəraitin
yaradılması çox sevindirici haldır. Proqram gənclərimizə
xaricdə istədikləri universitetlərdə oxumağa, perspektiv ixtisasa
yiyələnmələrinə
imkan yaradır. Bu layihə həm də
xaricdə təhsil almaq istəyən hər bir gənc
qarşısında ciddi məsuliyyət qoyur. Elə insanlar var ki, xaricdə oxumaq
istəyir, ancaq
buna imkanları yoxdur. Bu işdə
dövlətimizin biz gənclərə diqqət və qayğısı
çox yüksəkdir. Biz gənclər bu diqqətə təhsil
uğurlarımızla cavab verməliyik. Dövlət
Proqramı ölkəmizin daha da tərəqqisi üçün atılmış ən mühüm addımlardan
biri kimi gənclərimizdə intellektual
rotensialın aşkar olunması
və inkişafına xidmət edir. Ümid edirəm ki, universiteti bitirdikdən sonra
ölkəmizin inkişafına lazımi intellektual töhfə
verə biləcəyəm. Biz gənclərə
belə bir imkan yaratdığına və göstərdiyi
diqqət və qayğıya görə ölkə rəhbərinə
minnətdarlıq edirəm.
- Bir qədər seçdiyiniz ixtisas barədə məlumat
verərdiniz...
- Mən Kembric Universitetində kimya mühəndisliyi
ixtisası üzrə magistr təhsili
alıram. Seçdiyim ixtisas genişprofillidir.
Burada bütün kimya texnologiyaları, dərman
preparatlarının istehsalı kimi sahələr əks
olunur. Mənim dissertasiya işim də
protein, interferon preparatının istehsalı ilə
bağlıdır. Digər mühüm
sahələrdən biri də neft texnologiyaları ilə
bağlıdır.
- Tələbə həyatınız necə
keçir?
- Nyukaslda bakalavr təhsili aldığım dövrdə
əsl tələbə həyatı yaşadım. Kembricdə isə boş vaxt yoxdur. Günün 12 saatını universitetdə təhsilimlə
və araşdırmalarımla məşğulam. Bir az vaxt olanda isə ancaq nahar edə bilərsən.
Qalan bütün vaxt müəllimlərin
verdikləri tapşırıqların yerinə yetirilməsinə
həsr olunur. Xüsusi vaxt yoxdur ki, əlavə işlərlə
məşğul ola biləsən. Nyukaslda olanda mən boş vaxtlarımda futbol
oynayır, güləşlə məşğul olurdum.
İndi isə vaxtım çatmır.
- Britaniya mühitinə uyğunlaşmaq çətin
oldu?
- Birinci il çətin olur. Yeməyi özün bişirməli, paltarını
özün yumalısan. Ancaq tez
alışdım. Artıq çətinliklər
arxada qalıb.
- Kembric Universitetinin məşhur alimlərindən
kimləri tanıyırsan?
- Əlbəttə ki, Kembric Universiteti dünya elminə 86
Nobel mükafatı laureatı bəxş edib. Bu
çox böyük elmi nailiyyətdir. Nobel mükafatı
almış alimlərin işlədiyi universitetdə oxumaq
şərəfdir. İstər Britaniya universitetləri,
istərsə də dünya universitetlərinin reytinq cədvəllərində
Kembric Universiteti ilk yerdədir. Elə 2013-cü ildə mənim təhsil
aldığım Sidney Sussex Kollecinin məzunu Marti
Karplyus kimya sahəsində
Nobel mükafatı aldı. Qeyd edim ki, Kembric Universitetinin nəzdində
çoxsaylı kolleclər var. Onlar arasında isə
çox böyük rəqabət var. Onlar "kimin daha
çox Nobel mükafatı laureatı var" deyə rəqabət
aparırlar. Kembric
Universitetində görkəmli şəxsiyyətlər, elm
adamları çoxdur. Elə götürək nəzəriyyəçi
fizik Stiven
Nokinqi. O həm Kembricdə yaşayır, həm də universitetdə dərs deyir. Onunla rastlaşmaq mənə
müyəssər olmasa da, onun olduğu bir mühitdə yaşamaq özü
də qiymətlidir.
- Hazırda dünya təhsil sistemində köklü dəyişikliklər
baş verir. Avropadan baxanda Azərbaycan təhsilinin
inkişafını, onun uğurlarını necə
görürsünüz?
- Dünyanın bütün ölkələrində
olduğu kimi, Azərbaycan təhsilində də islahatlar aparılır. Avropanın bir sıra ölkələrindəki kimi
Azərbaycan universitetlərinin maddi-texniki bazası gücləndirilir,
yaxşı laboratoriyalar yaradılır. Elmi
araşdırmalar aparmaq üçün texniki dəstək
olmalıdır. Ali təhsil sistemində
çalışan işçilərin peşəkarlığı
nə qədər yüksək, İnternet resurslardan istifadə
etmə bacarıqları nə qədər geniş olarsa təhsilin
səviyyəsi də artar. Təhsil naziri Mikayıl Cabbarov bu istiqamətdə
çox səmərəli fəaliyyət göstərir. Yeni qəbul
olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" da
ölkəmizin təhsil sisteminin inkişafında yeni mərhələnin
başlanğıcıdır. Gənclərimizin
prioritet ixtisaslar üzrə dünyanın nüfuzlu
universitetlərinə təhsil almağa göndərilməsi
də Təhsil Nazirliyinin fəaliyyətində ən
uğurlu strateji xətdir.
Əlbəttə ki, Avropadan baxanda biz milli təhsil sistemində ciddi
keyfiyyət dəyişikliklərini görürük. Və bu bizi çox sevindirir.
- Kembric Universitetində təhsil necə
qurulub?
- Tam şəffaflıq və yaradıcı mühit.
Britaniya təhsilinin ən qabarıq xüsusiyyəti
ondadır ki, universitetdə oxuyan və eləcə də işləyən hər bir
şəxs öz üzərində işləməlidir. Deyək ki, müəlllim mühazirə
oxuyur, sonda eyni zamanda tədqiqatlar barədə
hər bir tələbəyə tapşırıqlar da verir. Tələbə məcbur
olub, müəllimin mühazirədə verdiyi biliklərdən
əlavə tədqiqat aparmalıdır. Lakin bu
çox ciddi araşdırma olmalıdır. Mövzuya səthi yanaşmaq olmaz, belə olarsa, o,
qiymətləndirilməyəcək. Ona görə də
mövzu üzərində yaxşı işləməlisən.
Mühazirə materialı ilə kifayətlənmək
olmaz.
- Britaniya universitetlərində təhsilin elmlə əlaqəsi
barədə nə deyə bilərsiniz?
- Təhsilin elmlə qarşılıqlı əlaqəsindən
danışanda Britaniyadakı təhsil qrantlarından
danışmaq lazım gəlir.
Böyük Britaniya təhsilinin ən
böyük üstünlüyü ondadır ki, ölkənin
ən iri şirkətləri, kompaniyaları universitet tələbələrinə
investisiyalar yatırırlar ki, onlar elmin konkret bir sahəsində
tədqiqatlar aparsınlar. Tələbələr də
maraqlıdırlar ki, tədqiqatlar gedişində müəyyən nəticələr əldə
etsinlər ki, bunun müqabilində
də qonorar alsınlar. Bu tədqiqatların nəticələri iri şirkətləri
də maraqlandırır. Çox zaman tədqiqatlarda
uğurlu nəticə əldə etmiş tələbə
şirkət tərəfindən işlə təmin olunur. Gələcəkdə isə
onlar öz biznes
fəaliyyətlərini qura
bilirlər. Yəni ki, imkanlar çoxdur.
- Kembricdə Azərbaycan diaspor təşkilatları ilə
əlaqələriniz barədə...
- 2010-cu ildə
Nyukaslda təhsil aldığım dövrdə mən
"Nyukasl Universiteti Azərbaycan Cəmiyyəti"ni
yaratdım. Bu şəhərdə 30-a yaxın azərbaycanlı
tələbə təhsil alır. Deyə bilərəm ki, bu cəmiyyət
son 3 ildir ki uğurla fəaliyyət
göstərir. Bu
illər ərzində Nyukaslda müxtəlif tədbirlərdə,
Xocalı faciəsinin ildönümünə həsr
olunmuş aksiyalarda fəal iştirak etmişəm. Aksiyalarda 150 nəfər
iştirak edib. Kembricdə isə azsaylı tələbə
kontingentimiz var. Buna baxmayaraq biz tez-tez görüşür,
söhbətlər aparırıq. Qarşıdan
gələn Novruz bayramında Kembricdə Azərbaycanı
tanıtım məqsədilə müxtəlif tədbirlər
keçirməyi düşünürük. Qeyd edim ki, əvvəlki tədbirlərin
təşkilində və keçirilməsində Azərbaycanın
Böyük Britaniyadakı səfirliyi bizə dəstək
olub. Səfirliyimiz
Azərbaycanla bağlı lazımi vəsaitlərlə bizi təmin
edib və biz onları yerli əhali arasında
paylamışıq.
- Ölkəmizə münasibət necədir?
- Mən 5 ildir ki, Böyük Britaniyadayam. Son vaxtlarda Azərbaycana maraq və diqqətin ildən-ilə
artdığını söyləyə bilərəm.
Azərbaycanın iqtisadi inkişafı, Avroviziya musiqi
yarışmasında əldə etdiyi parlaq qələbə
və gənclərimizin dünyamiqyaslı idman
yarışlarında qazandığı nailiyyətlər
ölkəmizə diqqəti artırıb. Əlbəttə ki, biz tələbələrin
də əsas vəzifələrindən biri ölkəmizi, mədəniyyətimizi,
təhsilimizi yad ölkədə layiqli təmsil etmək və
Azərbaycanın inkişafını, uğurlarını tanıtmaqdır.
Bizim təhsil
sahəsində əldə etdiyimiz uğurlar Azərbaycan təhsilinin
inkişafına xidmət etməlidir.
- Azərbaycan mətbəxi üçün
darıxmırsan ki?
- Əlbəttə, darıxıram. Ancaq Londonda 1-2 yerdə Azərbaycan mətbəxi,
restoranı var. Darıxanda dostlarımla ora gedirik. Özümüz də milli xörəklərimizi
bişirə bilərik, lakin buna vaxtımız yoxdur.
- Yeni ili necə keçirdiniz?
- Yeni ili Azərbaycandan olan tələbələrlə
birlikdə Nyukasl şəhərində keçirdik. Azərbaycanın milli yeməklərini
hazırladıq. Sonra şəhərə
gəzintiyə çıxdıq. Səhəri
isə artıq dərslərə qatıldıq. Tələbələrin
Yeni il bayramı cəmi bir gün çəkir, səhər artıq dərsdir. Səni
mühazirələr, araşdırmalar gözləyir. Yerli əhali isə əsasən
dekabrın 25-də Milad bayramını qeyd edir. Onlar da öz milli yeməklərini, xüsusən də
hinduşka bişirirlər.
Ailə üzvləri ilə gəzintilərə
çıxırlar. Şəhərdə
möhtəşəm atəşfəşanlıq təşkil
olunur.
- Sizcə, təhsildə uğur əldə
etmənin sirri nədədir?
- Çox
çalışmaq lazımdır. Mənə elə gəlir
ki, hamının az-çox dərəcədə bilik səviyyəsi
var. Ancaq daha çox qabağa gedən, yüksək bilik əldə
edənlər öz üzərlərində
daha çox çalışan, zəhmət çəkən
insanlardır.
- Gələcək
planlarınız barədə...
- Azərbaycanda neft
sektoru inkişaf edir, kimya kompleksləri yaradılır.
Texnologiyalar yenilənir. Bu prosesdə güclü investisiya
proqramlarının tətbiqi zəruridir. Mən bu
proqramların hazırlanmasında iştirak etməklə
öz töhfələrimi verməyə hazıram. Britaniyada
aldığım təhsil, qazandığım təcrübə,
araşdırmalarımla
bütün səylərimi ölkəmizin
inkişafı naminə səbərbər etməyə
çalışacağam.
Əlbəttə ki, arzularımdan biri Azərbaycana
qayıdıb neft sektorunda çalışmaqdır.
Oruc
MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2014.- 17 yanvar.- S.8.