Qəzetimizin tarixi ilə bağlı

aparılan araşdırmalar bir sıra

məsələlərə aydınlıq gətirdi

"Azərbaycan müəllimi" - 80

Ötən nömrəmizdə xəbər verdiyimiz kimi, qəzetimizin 80 illik yubileyinə hazırlıqla əlaqədar ölkəmizin təhsil həyatında mühüm rol oynamış, mübaliğəsiz demək olar ki, son 80 ildə təhsilimizin tam salnaməsini yaratmış "Azərbaycan müəllimi" haqqında oxuculara daha dəqiq və geniş məlumat vermək üçün redaksiyamızın bir qrup əməkdaşı neçə müddətdir araşdırma aparır. Qəzetimizin nəşrə başladığı ilk illərdəki nömrələrini, xüsusən də birinci nömrəsini əldə etmək üçün ölkənin ən böyük arxiv və kitabxanalarına müraciətlər olunsa da bir nəticə hasil olmurdu. Nəhayət, bu günlərdə axtarışlarımız öz bəhrəsini verdi. Azərbaycan Dövlət Arxivi İdarəsindən "Azərbaycan müəllimi" qəzetinin ilk nömrəsini əldə etdik.

Öncə bu işdə əməkdaşlarımıza yaxından yardım göstərmiş Dövlət Arxivi İdarəsinin rəhbərliyinə və işçilərinə minnətdarlığımızı bildiririk.

İlk nömrəmizin əldə olunması qəzetimizin tarixi, məramı, ilk redaktorunun kimliyis. kimi bir çox məsələyə aydınlıq gətirdi. Məlum oldu ki, "Qommunist Məarifi" adı ilə nəşrə başlayan qəzetimizin ilk nömrəsi 1934-cü il sentyabrın 2-də işıq üzü görüb. Qəzet Azərbaycan SSR Xalq Maarif Komissarlığının və Mİİ Mərkəzi İdarəsinin orqanı kimi fəaliyyətə başlayıb. İndikindən bir qədər kiçik formatda, 4 səhifə həcmində çıxan qəzetin ilk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı vəzifəsində çalışan Mahmud Ağayev olub. Bu faktın özü əvvəlki araşdırmalarda yol verilmiş bir yanlışlığı düzəltməyə imkan verir. Belə ki, indiyədək mənbələrdə, o cümlədən də M.Ağayevin tərcümeyi-halında onun "Kommunist" qəzetinin redaktoru işlədiyi qeyd olunur. Bizim araşdırmamız isə göstərir ki, o, "Kommunist" qəzetinin deyil, məhz "Qommunist Məarifi" qəzetinin ilk redaktoru olub. Fikrimizcə, yanlışlığın səbəbi qəzetimizin adındakı "kommunist" sözü ilə bağlıdır. Yəqin ki, bu sözlə rastlaşan araşdırıcılar səhvən M. Ağayevin "Kommunist" qəzetində işlədiyini güman edib və belə də qeyd ediblər.

Araşdırmalar göstərir ki, qəzetimiz ilk nömrəsindən başlayaraq kifayət qədər yüksək tirajla nəşr olunub. Belə ki, qəzetin ilk nömrəsində tiraj göstərilməsə də nəşrə başladığı ilk ilin son - 10-cu nömrəsində onun 5000 tirajla çıxdığı qeyd olunub.

Redaksiya "Bakı, doktor döngəsi, 5" ünvanında yerləşib. Qəzet "Yefim Saratov küçəsi, 29" ünvanında yerləşən III internasional mətbəəsində nəşr olunub.

Onu da qeyd edək ki, qəzetin ilk nömrəsində onun "5 gündə bir çıxan" (həftəlik) qəzet olduğu qeyd edilsə də ilk dövrlərdə buna əməl olunmayıb və o, təxminən ayda 2 dəfə nəşr olunub. Belə ki, həftədə 1 nömrə hesabı ilə 1934-cü ilin 4 ayı (sentyabr-dekabr) ərzində qəzetin ən azı 16 nömrəsi çıxmalı olduğu halda cəmi 10 nömrəsi nəşr olunub. Sonrakı illərdə dövrilik qaydasına düşüb.

İlk nömrədə verilmiş baş məqalədə qəzetin bir növ məramı öz əksini tapıb. "Yeni qələbələrə doğru" adlı baş məqalədə öncə Şuralar ölkəsində maddi istehsalın möhtəşəm inkişafının mədəni cəbhə işçiləri qarşısında olduqca böyük vəzifələr qoyduğu bildirilirqeyd olunur ki, məktəblər, texnikumali məktəblər sosializm istehsalatının hər cəhətdən inkişaf etmiş adamlarını, kommunizm cəmiyyətinin savadlı yaradıcılarını hazırlamaq üçün meydana gəlmişlər. Məqalədə sovet məktəblərinin yarandığı vaxtdan bəri, xüsusilə də son üç ildə əldə etdiyi uğurlardan, çatdığı inkişaf səviyyəsindən söz açılır, o dövrün bir nömrəli problemi olan yaşlı əhali arasında savadsızlığın aradan qaldırılmasında böyük uğur qazanıldığı, Azərbaycanda yaşayan azlıqda qalan millətlər arasında 15 dildə dərs keçilməsinin genişləndiyi qeyd olunur.

Baş məqalədə eyni zamanda nöqsanlara da geniş toxunulur, məktəblərin Ümummittifaq Kommunist (bolşeviklər) Firqəsi Mərkəzi Komitəsinin göstərişləri ruhunda yenidən qurulmadığı, müəllimlərin çox vaxt savadsız olduğu göstərilir. Bildirilir ki, "Qommunist Məarifi" qəzeti nöqsanlara qarşı mübarizədə kəskin silah olacaq, kütlələri sinfi düşmənə qarşı mübarizə üçün təşkil edəcək, bu kütlələri firqə siyasəti biliyilə silahlandırmağa və onların sinfi düşüncəsinin yüksəlməsinə yardım edəcəkdir. "Bu qəzetə XVII Firqə qurultayının göstərdiyi hərəkət proqramının məktəb, dərs haqqında UQ(b)P MQ qərarının həyata keçirilməsi uğrunda qəti mübarizə aparacaqdır".

Baş məqalədə "Qommunist Məarifi"nin - yeni kollektiv təşkilatçı və kollektiv təbliğatçının meydana gəlməsi "bizim daha da yüksəldiyimizin əlaməti" kimi dəyərləndirilir.

Qeyd edək ki, qəzet bu məramına - dövlətin təhsil siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq, müəllimlərə, digər təhsil işçilərinə, təhsil müəssisələrinə öz fəaliyyətlərində dəstək vermək, yenilikləri yaymaq, çoxminli müəllim ordusunu pedaqoji, psixoloji, metodik biliklərlə silahlandırmaq, qabaqcıl təcrübəni aşkara çıxarmaq və təbliğ etmək, təhsil sahəsindəki mövcud nöqsanlara qarşı mübarizə aparmaqs. kimi fəaliyyət prinsiplərinə həmişə sadiq qalıb, buna görə də hər zaman pedaqoji ictimaiyyətin sevimli mətbu orqanı olub.

Qəzetimizin nəşrə başlaması münasibəti ilə o vaxt ölkənin ən nüfuzlu və aparıcı dövlət qəzetləri olan "Kommunist" və "Bakinski raboçi" qəzetləri ona təbrik ünvanlayıblar. "Qommunist Məarifi"nin ilk nömrəsinin birinci səhifəsində dərc olunmuş həmin təbriklərdə yeni fəaliyyətə başlayan qəzetin ilk nömrəsindən etibarən partiyanın XVII qurultayının qərarlarının yerinə yetirilməsini, xalq maarifi dəyərinin yüksək pilləyə qaldırılması, dərslərin kəmiyyət və keyfiyyətinin yaxşılaşması, yeni dərs ilinin bolşevik hazırlığı ilə qarşılanması, Azərbaycanın başdan-başa savadlılar cümhuriyyətinə çevrilməsi və müəllimlərin Marks-Engels-Lenin-Stalin inqilabi nəzəriyyələri ilə silahlanması uğrunda maarif kütlələrinin həqiqi və kütləvi təbliğatçısı, təşviqatçısı və təşkilatçısı olacağına, partiya qərarlarının həyata tətbiqində kütlələri səfərbərliyə alacağına əminlik ifadə olunur.

İlk nömrələrindən başlayaraq qəzetin mövzu dairəsi kifayət qədər geniş olub. Təhsilə dair partiya və hökumətin qərarlarından, digər direktiv sənədlərdən tutmuş məktəb kitabxanaları, məktəb ictimai təşkilatlarının həyatına, yeni dərs ilinə hazırlığın vəziyyətinə kimi ən müxtəlif məsələlər qəzetin səhifələrində öz əksini tapıb.

Bununla yanaşı, araşdırmalar göstərir ki, "Qommunist Məarifi" və onun xələfi "Azərbaycan müəllimi" təkcə təhsil qəzeti olaraq qalmayıb, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib, bu mövzuda müntəzəm yazılar dərc ediblər. Sovet dövlətinin və Azərbaycan Respublikasının dövlət və hökumət rəhbərlərinin, ideoloqlarının, o cümlədən İ.V.Stalinin, Molotovun, Jdanovun, N.S.Xruşşovun, L.İ.Brejnevin, M.C.Bağırovun və başqalarının partiya qurultaylarında, Mərkəzi Komitənin plenumlarında, partiya-təsərrüfat fəalları yığıncaqlarındakı məruzə və çıxışları, dünya ölkələri liderləri ilə görüşlərini, müxtəlif məsələlərə münasibətlərini əks etdirən yazılar qəzetdə geniş əksini tapıb. Hətta SSRİ Müdafiə Nazirliyinin bəzi əmrləri də qəzetin səhifələrində dərc olunub.

Nəşrə başladığı ilk illərdən qəzetimiz öz səhifələrində ədəbiyyat, mədəniyyət məsələlərinə də geniş yer ayırıb. Ölkənin ədəbi həyatından, ayrı-ayrı sovet, Azərbaycan və xarici ölkə ədiblərinin yaradıcılığından müntəzəm yazılar dərc edib. Məsələn, qəzet nəşrə başladığı ilk dövrdə anadan olmasının 1000 illiyi ilə əlaqədar böyük İran şairi Firdovsi haqqında böyük material (3 qəzet səhifəsi həcmində) verib. Yaxud başqa bir misal. Tanınmış Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlının vəfatı xəbəri ilk dəfə məhz "Qommunist Məarifi" qəzetinin 1934-cü ildəki son nömrəsində dərc olunub. Bu təcrübə sonralar da ardıcıl olaraq davam etdirilib.

Xarici ölkələrdə təhsil və məktəb də qəzetin daimi mövzularından olub. Müxtəlif illərin nömrələrini vərəqlədikcə bu mövzuda yazılara tez-tez rast gəlmək mümkündür. Bu baxımdan ABŞ-da, Almaniyada, Polşada, Bolqarıstanda və onlarca digər ölkədə təhsilin mövcud vəziyyəti, sosializm yoluna qədəm qoymuş ölkələrin, o cümlədən də SSR ittifaqını təşkil edən müttəfiq respublikalarda təhsil quruculuğu ilə bağlı verilmiş yazılar diqqəti cəlb edir.

Nəşrə başladığı ilk dövrlərdən etibarən qəzetin ictimaiyyət arasında böyük nüfuz qazandığını göstərən cəhətlərdən biri də ölkənin ən tanınmış simalarının onun səhifələrində müntəzəm çıxışlar etməsidir. Belə ki, partiya və dövlət rəhbərlərindən başqa tanınmış yazıçılar Abdulla Şaiq, Qılman Musayev, SSRİ xalq artisti Şövkət Məmmədova, görkəmli maarif təşkilatçıları Cəmo Cəbrayılbəyli, Mehdi Mehdizadə, Azərbaycan jurnalistikasının korifeylərindən Şirməmməd Hüseynov, dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli elm xadimləri Mirzağa Quluzadə, Əbdüləzəl Dəmirçizadə, Əhməd Seyidov, Mərdan Muradxanov, Heydər Hüseynov, Ağamməd Abdullayevonlarca başqaları qəzetlə müntəzəm əlaqə saxlayaraq onun səhifələrində dövrün ən aktual pedaqoji, ədəbi və mədəni məsələlərilə bağlı sanballı yazılarla çıxış ediblər.

Azərbaycan dilinin saflığı, əlifbamızın təkmilləşdirilməsi uğrunda mübarizə də qəzetin daimi diqqət yetirdiyiöz səhifələrində yer ayırdığı məsələlərdən olub. Görkəmli dilçi alim Əbdüləzəl Dəmirçizadənin hələ 40-cı illərin ortalarında qəzetdə dərc olunmuş və latın qrafikalı Azərbaycan əlifbasının təkmilləşdirilməsi məsələlərindən bəhs edən "Əlifbamız haqqında" adlı geniş təhlili yazısı ("Azərbaycan müəllimi", 19 iyun 1947-ci il, 23) və onlarca digər məqalə fikrimizi sübut edir.

Məlumat üçün onu da bildirək ki, təhsilə, pedaqoji məsələlərə geniş yer ayırdığı üçün qəzetin adı 1938-ci ildə dəyişdirilərək "Müəllim qəzeti" adlandırılıb və 1941-ci ilin iyununadək qəzet bu adla nəşr olunub.

1941-ci ilin 22 iyununda Almaniyanın SSRİ-yə hücumuBöyük Vətən müharibəsinin başlaması ilə əlaqədar qəzetin nəşri dayandırılıb, əməkdaşları isə döyüşən orduya yollanıblar.

Qəzet öz nəşrini 1946-cı ilin aprelində bərpa edərək "Azərbaycan müəllimi" adı ilə çıxmağa başlayıb və bu günədək də bu adla çıxmaqda davam edir.

Qəzetimizin 80 illik tarixinin ən şərəfli dövrünü, şübhəsiz, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ilin iyulundan bəri Azərbaycanda hakimiyyətdə olduğu dövr təşkil edir. Cəmiyyət həyatında mətbuatın roluna böyük önəm verən ulu öndər hakimiyyətdə olduğu bütün illər ərzində digər mətbuat orqanları kimi "Azərbaycan müəllimi" qəzetinə də böyük diqqət və qayğı göstərmişdir.

Qəzetimizin 60 illik yubileyində ulu öndərin ona ünvanladığı təbrik məktubu məhz bu diqqət və qayğının, qəzetimizin fəaliyyətinə verdiyi yüksək dəyərin təzahürüdür. Qəzet bu gün də dövlətimizin diqqət və qayğısı altındadır. Ulu öndər Heydər Əliyevin bütün sahələrdə olduğu kimi mətbuatla bağlı yeritdiyi siyasəti də uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev qəzetimizin 70 illiyi yubileyində "Azərbaycan müəllimi"nə ünvanladığı təbrik məktubunda onun ölkəmizdə təhsilin inkişafına verdiyi töhfəsini yüksək qiymətləndirib, təhsil məsələləri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynadığını bildirib.

Əlbəttə, bu yazı qəzetimizin şanlı 80 illik tarixinə, xüsusən də onun nəşrə başladığı ilk dövrlərdə ölkənin təhsil və ictimai-siyasi həyatında oynadığı rola qısa bir baxışdır. Redaksiyamız bundan sonra bu şərəfli tarixin müxtəlif dövrləri ilə bağlı yazılar dərc olunmasını nəzərdə tutur.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.3.