Xaricdə təhsil
alan tələbələrimiz
"Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq
bizim borcumuzdur"
Paris XI Universitetinin tələbəsi
Mövlud Möhbalı
ilə söhbət
Mövlud Xaliq oğlu
Möhbalı
1991-ci il sentyabrın
11-də Naxçıvan
Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. VII sinfə
qədər Bakıdakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təhsil
alıb.
2004-2008-ci illərdə isə təhsilini
Bakı Özəl Türk Liseyinin filialı olan Dədə Qorqud Özəl Türk Liseyində davam etdirib. 2008-ci
ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis
iqtisadiyyatı və idarəetmə ixtisasına
qəbul olunub. Eyni zamanda YÖS proqramı əsasında Türkiyə Cümhuriyyətinin
Qazi Universitetinin maliyyə və kredit fakültəsinə
qəbul olub. Elə həmin ildə "Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsil almasına dair Dövlət Proqramı haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
19 oktyabr tarixli Sərəncamına əsasən
Fransa Respublikasında
təhsil almaq üçün Təhsil
Nazirliyinin keçirdiyi
müsabiqədə iştirak
edib və uğur qazanıb. 2008-2009-cu illərdə
Fransanın Bezanson şəhərindəki Dil
Mərkəzində fransız
dili üzrə hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq Paris XI Universitetinə daxil olub.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı"
çərçivəsində Paris XI Universitetinin kompüter elmləri və riyaziyyat mühəndisliyi fakültəsində
bakalavr təhsili alıb. Hazırda Fransanın
Paris XI Universitetində müəssisələrin idarəedilməsi
və kompüter elmlərinin tətbiqi ixtisası üzrə magistr pilləsində təhsil alır. ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq
Forumu) İdarə Heyətinin üzvü və Fransa üzrə təmsilçisidir.
Bir müddət Parisdə müəllim kimi çalışıb,
fransız və digər əcnəbi şagirdlərə riyaziyyatdan
dərs deyib. Mövlud Möhbalı ilə söhbətimizə onun ilk təhsil illərindən,
əldə etdiyi uğurlardan başladıq.
- Təhsil illərində
hər zaman əlaçı və nümunəvi şagird olmuşam. Azərbaycan Respublikası
Təhsil Nazirliyi tərəfindən keçirilən
kimya üzrə fənn olimpiadasında,
"Çağ" Öyrətim
İşlətmələri Şirkətinin, Heydər
Əliyev Fondunun təşkil etdikləri müxtəlif bilik yarışlarında, fərqli mədəniyyətlərlə bağlı olan sərgi və tədbirlərdə fəal
iştirak etmiş, fəxri diplom və sertifikatlarla mükafatlandırılmışam. Eyni zamanda liseyin rəqs və idman komandası heyətlərində də
müxtəlif növ
yarışlarda iştirak
etmiş və qələbə qazanmışıq.
- Dövlət Proqramı
çərçivəsində
2013-2014-cü tədris ili üçün tələbələrin seçim
prosesi yaddaşınızda
necə qalıb?
- Tələbələrimizin
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə
təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
2013-2014-cü tədris ili
üçün seçim
prosesini yüksək qiymətləndirirəm. Müsabiqədə iştirak edəcək gənclərin daha rahat müraciət etmələri üçün
Təhsil Nazirliyinin veb-saytında elektron müraciətin yerləşdirilməsi,
müsabiqədə danışıq
dilinin tələbələrin
seçdiyi universitetlərin
tədris dili olması bu istiqamətdə gələcəyə
doğru atılmış
uğurlu addım hesab etmək olar.
- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz...
- Paris XI Universiteti özündə
127 araşdırma, 5 elm və
təlim mərkəzi,
3 texnologiya institutu və 1 mühəndislik məktəbini birləşdirən
dövlət ali təhsil müəssisəsidir. Universitet Fransanın
ən böyük elm
kampusu ünvanına sahibdir. Fransaya ən çox Fields medalı (riyaziyyatçılara
verilən mükafatdır)
qazandıran, dünyada
ən çox Fields medalı alanların çalışdığı ikinci təhsil ocağı və eyni zamanda Nobel mükafatçıları olan
Paris XI -də təhsil
almaq ayrıca bir qürur hissidir. Universitet əsasən dəqiq elmlər sahəsində ixtisaslaşıb. Hazırda 27 minə yaxın
tələbənin təhsil
aldığı universitetin
əsası 1970-ci ildə
Paris Universiteti əsasında
yaradılıb. Universitetin məşhur
alimlərindən 1991-ci ildə
Nobel mükafatına layiq
görülmüş Pyer
Jil de Jeni, 2007-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Alber
Feri göstərmək
olar.
Seçdiyim
ixtisas üzrə təhsil alan gənclər həm kompüter elmləri, həm
də idarəetmə
üzrə bacarığa
sahib olurlar. Bu ixtisas üzrə təhsil alan tələbələr
gələcəkdə layihə
rəhbəri, İT-məsləhətçi
və müəssisə
rəhbəri kimi fəaliyyət göstərə
bilərlər.
- Tələbə həyatınız
necə keçir?
- Fransadakı təhsil
həyatımı iki
yerə bölmək istərdim. Həyatımda
yeni bir ölkəni, insanlarını,
dilini yaxından tanımağa Bezanson
şəhərində başladım
və hazırda təhsilimi paytaxt Parisdə davam etdirirəm. Dünya şöhrətli elm və
incəsənət adamları
yetişdirən bu ölkə məni hadisələrə
fərqli yanaşma bacarığı ilə yanaşı həm nəzəri, həm də praktiki biliklərə əsaslanan
elmlə tanış etdi. Həyatıma yeni insanlar,
dostlar daxil oldu. Düşünürəm ki, gələcəyini
qətiyyətli addımlar
üzərində qurmaq
istəyən hər bir şəxs tələbəlik illərini
səmərəli keçirməli
və mütəxəssisi
olacaq sahəni düzgün seçməlidir.
- Asudə vaxtınızı
necə keçirirsiniz?
- Fransada təhsil
aldığım müddətdə
universitet tərəfindən
tələb olunan layihələrin, fərdi
araşdırmaların çoxluğundan
həftə ərzində boş
vaxtlarım demək olar ki, yoxdur.
Bu səbəbdən də asudə vaxt anlayışı mənim üçün həftə sonları keçirdiyim qısa zamandan ibarətdir. Bu zaman ərzində yerli
və xarici dostlarımla görüşməyə,
paytaxt Parisdə maraqlı sərgi və ya tədbirlərdə
iştirak etməyə
çalışıram.
- Yaşadığınız şəhər haqqında.
- Artıq 5 ilə
yaxındır təhsilimlə
əlaqədər olaraq
Fransanın paytaxtı
Parisdə yaşayıram.
Paris ölkənin və eyni zamanda
dünyanın mühüm
iqtisadi, mədəni mərkəzlərindən hesab
olunur. Avropa İqtisadi Əməkdaşlıq
Təşkilatı (OECD), YUNESKO və Beynəlxalq Ticarət Palatası (ICC) kimi mühüm təşkilatların mənzil-qərargahlarının
bu şəhərdə
yerləşməsi buna
bariz nümunədir.
Nüfuzlu jurnal və saytlar tərəfindən hazırlanan
reytinq cədvəllərində
son 2 il ərzində (2012/2013) fasiləsiz olaraq dünyanın ən yaxşı tələbə şəhəri
seçilən bu şəhər təhsil almaq üçün seçdiyim yerin düzgün qərar olmasını bir daha təsdiq edir.
- Ölkəmiz barədə
həqiqətləri Avropada
çatdıra bilirsinizmi?
- Ermənistan - Azərbaycan,
Dağlıq
Qarabağ münaqişəsinin
reallıqlarını, işğalçı dövlət tərəfindən məruz
qaldığımız haqsızlıqları,
ölkəmizin mədəniyyətini
Fransada tanıtmaq, Azərbaycan həqiqətlərini
dünyaya çatdırmaq bizim borcumuzdur. Bunun üçün tədbir, konfrans və sərgilərin təşkilində iştirak
edirəm, bacardığım
qədər bu işə öz töhfəmi vermək istəyirəm. Fransadakı Azərbaycan
səfirliyinin, YUNESKO-nun tədbirlərində
də yaxından iştirak etməyə çalışıram. Əlbəttə, Azərbaycanı layiqincə
təmsil etməyin
ilk yolu mükəmməl
təhsil almaq, öz peşəsində
professional kimi formalaşmaqdır.
Buna nail olmaq istəyirəm.
- Fəal tələbə
kimi fəaliyyətinizi
daha hansı istiqamətdə qurursunuz?
- 2010-2011-ci illərdə "Multi-tude Tələbə
Assosiasiyası"nda mətbuat
katibi vəzifəsində
çalışmışam. 2010-cu ildən ASAIF-in (Xaricdə Təhsil Alan
və Məzun Olmuş Azərbaycanlı
Gənclərin Beynəlxalq Forumu) Fransa Respublikasından olan
məclis üzvüyəm. 2011-ci ilin fevral ayından etibarən Parisdə yenidən
qurulmuş Azərbaycan-Fransa Gənclik
Assosiasiyasının (AFGA) ictimaiyyətlə əlaqələr
şöbəsinə sədr təyin edilmişəm. 2003-cü ildə Parisdə təhsil
alan bir qrup azərbaycanlı tələbə tərəfindən təsis edilmiş bu qurum Azərbaycan dilini, tarixi həqiqətlərini, mədəniyyətini
tanıtmaq məqsədi daşıyır. Quruma sədrlik
etdiyim müddətdə Dağlıq Qarabağ probleminin Fransa ictimaiyyətinə çatdırılması üçün bir çox aksiya və tədbirlər
silsiləsi təşkil etmişik. 2011-ci
ilin fevral ayında Paris XI Universitetinin cüdo üzrə yığma komandası heyətində
yeniyetmələr arasında VII Beynəlxalq cüdo
çempionatında III yerə layiq
görülmüşəm.
- Gələcək
planlarınız ?
-
Yaxın gələcəklə bağlı planlarım, təhsilimi
bitirdikdən sonra öz
ixtisasım üzrə dünyanın nüfuzlu
şirkətlərində iş təcrübəsi
əldə etmək və Azərbaycanımızın
rifahı naminə ölkəmizdə iş
həyatımı davam etdirməkdən
ibarət olacaq.
- Biz
də sizə təhsilinizdə və Fransada
Azərbaycan adına gördüyünüz bütün
işlərdə uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV
Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.7.