BSU yeni "VikiUniversitet"

layihəsini gerçəkləşdirir

 

Qloballaşan dünyada  informasiyanın yayılması və qəbul edilməsi demək olar ki, sərhəd tanımır. Özündə müxtəlif dillərdə saysız-hesabsız məqalələr toplusunu birləşdirən "vikipedia.org" saytı dünyanın ən populyar informasiya daşıyıcılarındandır.  Saytda Azərbaycan dilli məqalələr də mövcuddur, amma təəssüf ki,  onlar həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətbəxş deyildir. Nəzərə alaq ki, Vikipedia həm də güclü bir təbliğat vasitəsidir  orada yerləşdirilən məlumatlarla bütün  dünya tanış olmaq imkanı əldə edir. Dövlətimiz son zamanlar bu sahəyə diqqəti daha da artırıb. Buna bariz nümunədir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ili "İnformasiyakommunikasiya texnologiyaları ili" elan etmişdibu çərçivədə həyata keçirilən tədbirlər planına Vikipedia kimi qlobal informasiya resurslarında Azərbaycanla bağlı  məlumatların sayının artırılması, ölkəmizdə Vikipedia könüllülük hərəkatının genişləndirilməsi daxil edilmişdir.

Bu gün ölkəmizin  ali təhsil müəssisələri arasında ilk olaraq Bakı Slavyan Universiteti öz yeni layihəsi olan "VikiUniversitet"lə vikipedia hərəkatına qoşulur. Yanvarın 21-də universitet  rektorluğunun geniş iclasında  "VikiUniversitet" adlı qurumun struktur baxımdan formalaşması, onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin müxtəlif sahələr üzrə məqalələrin hazırlanması məsələləri müzakirə edilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu qurumun formalaşmasını və ciddi fəaliyyətə başlamasını günün tələbi kimi vurğulayaraq Azərbaycanla bağlı gerçəklərin dünya ictimaiyyətinə dolğun, eyni zamanda düzgün şəkildə  çatdırılmasında Vikipedianın əvəzsiz üstünlüyündən danışıb. Qərara alınıb ki,  "VikiUniversitet"in çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin üzvləri, tədqiqatçı və mütəxəssislərlə yanaşı müasir informasiya texnologiyalarından istifadəyə xüsusi maraq göstərən fəal tələbələr də cəlb edilsin.

"VikiUniversitet" fəaliyyətinin ilkin mərhələsində BSU-da keçirilən beynəlxalq konfransları və simpoziumları, müxtəlif elm sahələri üzrə gerçəkləşən layihələri, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin işini, elmipedaqoji fəaliyyətini, zəngin və mənalı tələbə həyatını, universitetin daim genişlənən beynəlxalq əlaqələrini əks etdirən məlumatları müxtəlif dillərdə Vikipedia oxucularına təqdim edəcəkdir. Yaxın gələcəkdə isə müasir Azərbaycan gerçəklikləri, qədim tariximiz və zəngin mədəniyyətimizlə bağlı məqalələrin, ümumilikdə isə azərbaycançılıq məfkurəsinin inkişafına, ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət göstərə biləcək hər bir addımla bağlı məlumatların tükənməz oxucu auditoriyasına çatdırılmasında israrlıdır.

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2014.- 24 yanvar.- S.6.