"Ana dilimizi sevək
və inkişaf etdirək"
Hər bir xalqın
ən qiymətli sərvəti onun doğma dilidir. Azərbaycan dili də babalarımızın
əzəli və əbədi əmanətidir.
Bu fikirlər yanvarın
24-də Xırdalan şəhər
2 nömrəli tam orta
məktəbdə "Ana dilimizi sevək və inkişaf etdirək" mövzusunda keçirilmiş
tədbirdə səslənib.
Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi,
uşaqların sevimlisi,
şair Zahid Xəlil və qələm dostları Füzuli Əsgərli, Qəşəm İsabəyli,
Xırdalan Şəhər
İcra Hakimiyyətinin,
rayon təhsil şöbəsinin
nümayəndələri, KİV təmsilçiləri və
b. iştirak ediblər.
Əvvəlcə qonaqlar foyedə məktəbin şagirdlərindən
Yusif Aslanov və Aysel Kərimlinin
ibtidai siniflərdə
ana dilinə həsr olunmuş fənn aylığı çərçivəsində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar. Məktəbin direktoru Ədalət
Camalova fənn aylığı ilə bağlı görülən
işlər haqqında
məlumat verib. Bildirib ki, aylıq müxtəlif tədbirlərlə
zəngin olub. Şagirdlər arasında inşa və şeir müsabiqəsi, müəllimlərin "açıq
dərs"ləri keçirilib.
Məktəbin
akt zalında davam edən tədbir Dövlət himninin ifa olunması ilə başlayıb. Sonra məktəbin
direktoru Ədalət Camalova dilimizin inkişafı, qorunması,
dövlət dili səviyyəsinə
yüksəlməsindən danışıb,
tarixi kökləri
haqqında ətraflı məlumat verib. Bildirilib ki, dil hər bir millətin
maddi, mənəvi irsini qoruyan, insanın mənəvi aləmini zənginləşdirən,
dünyagörüşünü genişləndirən əsas
amildir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti ulu öndərin dövlət
quruculuğu siyasətinin
əsas tərkib hissəsi olmuşdur.
Ulu öndər Heydər Əliyevin 2001-ci
il avqustun
9-da imzaladığı fərmanla
avqustun 1-i Azərbaycan
Respublikasında Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.
Sonra
Zahid Xəlilin həyat və yaradıcılığına həsr
olunmuş film göstərilib.
Tədbirin
aparıcısı ibtidai
sinif müəllimi Gözəl Abbasova ulu öndər Heydər Əliyevin "Mən çox istərdim ki, hər bir azərbaycanlı
şagird Səməd
Vurğunu azərbaycanca,
Puşkini rusca, Şekspiri isə ingiliscə oxusun" sözlərini xatırladıb. O, Zahid Xəlilin yaradıcılığından söz açaraq qeyd edib ki,
şair yaradıcılığa
başladığı ilk günlərdən
müxtəlif mövzulara
müraciət etmişdir.
Onun doğma dilimizdə yazıb yaratdığı
şeirlər balaca oxucular tərəfindən
daim rəğbətlə
qarşılanıb. Məktəbə sevgi, Vətənə məhəbbət, valideynə
hörmət, ana təbiətin qorunması,
dilimizə sonsuz ehtiram Zahid Xəlil
poeziyasının ana xəttini təşkil edir. Onun məktəbə həsr etdiyi şeirlərdə məktəb şagirdlərinin
hiss və həyəcanları
öz əksini tapıb.
Şair Zahid
Xəlil çıxış
edərək fənn aylığı ilə
əlaqədar məktəbdə
keçirilən tədbirlərin
əhəmiyyətindən danışıb, onların
şagirdlərin təlim-tərbiyəsində
önəmli rol oynadığını vurğulayıb.
Qeyd edib ki, bizim
dilimiz ahəngdar, axarlı və çox şirin dildir. Dilimiz dünya xalqları
dilləri içərisində
ən qədim dillərdən biridir.
Ananın südü insanın
pərvərişinin əsası
olduğu kimi, anamızın dili də ruhumuzun, mənəviyyatımızın, kamilliyimizin qidasıdır.
Hər bir azərbaycanlı ana dilimizi mükəmməl
bilməli, onu göz bəbəyi kimi qorumalıdır.
İnsanın öz ana dilinə münasibəti onun mənəvi səviyyəsini, vətəndaşlıq
qayəsini müəyyən
edir. Azərbaycan
dilini sevmədən gözəl
torpağımızı sevmək
mümkün deyil.
Tədbirdə şagirdlərdən
Yusif Hüseynli, Murad Haqnəzərov, Emin Yusifli, Sara Zamanzadə, Fərid Məmmədli, Bayram Əliyev, Aytac Abbasova, Sahib Qasımov, Rəsul Quluzadə, Səbuhi Məmmədov, Məryəm Hüseynova və başqaları Zahid Xəlilin şeirlərini söyləyiblər.
"Ana dilim" kompozisiyası nümayiş
etdirilib. Şagirdlər ifa etdikləri müxtəlif rəqs nömrələri, xalq mahnıları və göstərdikləri səhnəciklərlə
həmin günü daha da maraqlı,
yaddaqalan ediblər.
Sonra Füzuli Əsgərli və Qəşəm İsabəyli
Zahid Xəlilin yaradıcılığından
danışaraq
"Ana dilimizi
sevək və inkişaf etdirək" adlı gecənin yüksək səviyyədə
təşkil olunmasına
görə təhsil ocağının kollektivinə
minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda məktəbin
riyaziyyat müəllimi Validə
Tağıyevaya 60 yaşı
münasibəti ilə təbriklər
ünvanlanıb və o, Abşeron
Rayon Təhsil Şöbəsinin fəxri
fərmanı ilə təltif edilib.
Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.10.