"Sosial
pedaqogika" dərsliyi işıq üzü görüb
Professor Hikmət Əlizadə və dosent Rəhimə Mahmudovanın "Sosial pedaqogika" dərsliyi işıq üzü görüb. Sosial pedaqogika pedaqogikanın çox mühüm qollarından, sahələrindən biridir. Qeyd olunmalıdır ki, sanballı, səviyyəli və lazımlı dərslik birdən-birə meydana gəlməmişdir. Müəlliflərin əvvəlcə pedaqogika dərslikləri, sosial pedaqogikanın aktual problemlərini özündə birləşdirən dərs vəsaitləri pedaqoji ictimaiyyətin istifadəsinə verilmiş, sonra onlar diqqət mərkəzinə gətirdiyimiz bu dərslik üzərində işləmişlər. Belə ki, pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadə professor A.Abbasovla "Pedaqogika", ayrıca olaraq "Sosial pedaqogikanın aktual problemləri", Q.Abbasova və R.Mahmudova ilə birgə "Təhsilin sosial-pedaqoji məsələləri"; pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rəhimə Mahmudova da öz növbəsində professor L.N.Qasımova ilə "Pedaqogika" (mühazirə kursu), H.Əlizadə və Q.Abbasova ilə birgə "Təhsilin sosial-pedaqoji məsələləri" tədris vəsaitlərini yazmışlar.
Göründüyü kimi, "Sosial pedaqogika"nın, müasir
pedaqoji tədqiqatların əsasında dəyərli
və əhəmiyyətli bir dərslik kimi meydana gəlməsinin
obyektiv səbəbləri vardır. O, gərgin
zəhmətin bəhrəsidir.
Dərslik "Sosial pedaqogikanın elmi-nəzəri əsasları",
"Şəxsiyyətin sosial
inkişafı və tərbiyəsi", "Sosial
pedaqoji fəaliyyətin əsasları"
kimi üç
bölmədən ibarətdir. Birinci bölməyə "Sosial
pedaqogikanın obyekti, predmeti
və vəzifələri", "Sosial-pedaqoji
tədqiqatlar", "Sosial
pedaqogikanın prinsipləri",
"Sosial-pedaqoji proses:
mahiyyəti və onun təkmilləşdirilməsi
yolları"; ikinsi bölməyə
"Şəxsiyyətin sosiallaşması: mikro-,mezo-
və makro amillərin sosial
pedaqoji məsələləri"; "İnsanın
adaptasiyası, dezadaptasiyası və readaptasiyası" kimi mühüm fəsillər
daxildir.
Dərsliyin üçüncü bölməsi digər
bölmələrlə müqayisədə kifayət qədər
genişdir. "Təhsilin sosial-pedaqoji məsələləri"; "Tərbiyənin sosial-pedaqoji
məsələləri", "Sosial tərbiyə
vasitəsi kimi", "Ailə tərbiyəsinin
sosial-pedaqoji problemləri", "Sosial pedaqogikada
uşaqların tipologiyası məsələsi və diferensial yanaşma",
"Kollektivin
sosial-pedaqoji məsələləri",
"Sosial pedaqoqun
şəxsiyyəti və sosial-pedaqoji fəaliyyətinin
xüsusiyyətləri" kimi fəsilləri
əhatə edir.
Dərslikdə deyilir:
"Pedaqogikanın əsas anlayışları tərbiyə,
təlim və təhsildir. Sosial pedaqogika da elə bu məsələləri öyrənir. Ancaq bir şərtlə, onu tərifdə göstərilən məsələlər
... sosial baxımdan
maraqlandırır". Bu müddəaya əsaslanaraq, müəlliflər
belə qənaətə gəlirlər ki,
"Sosial pedaqogika bir elm sahəsi kimi öz-özlüyündə sosial və pedaqoji sahələri
öyrənmir, onun fenomenologiyasını
sosial-pedaqoji hadisələr təşkil edir. Pedaqogika elmi bu mühüm
problemi qnoseoloji aspektdə
təhlil edir. Sosial pedaqogika isə müvafiq problemə, ilk
növbədə ontoloji baxımdan
yanaşır, sosial-pedaqoji faktları xüsusi tədqiqat sahəsi kimi
ayırıb onların mahiyyətini həmin kontekstdə
araşdırır".
Dərslik müəllifləri
V.İ.Zaqvyazinski və V.D.Semyonovun
aşağıdakı fikirlərini əsas
götürürlər ki, sosial pedaqogika tərbiyəni
ictimai hadisə kimi, mənəvi
münasibətlərin növü kimi tədqiq edir; o, təkcə cəmiyyətin tərbiyə
potensialını deyil, həm də tərbiyəedici
qüvvələrin müxtəlif inteqrasiya
formaları əsasında onun
aktuallaşdırılması yollarını öyrənir.
Daha sonra
aşağıdakı suallara cavab axtarılır: ailənin peşə-təhsil
strukturu şagirdlərin təliminə
necə təsir göstərir? Sosiallaşma
prosesinin başlıca xüsusiyyətləri
hansıdır? Qaçqın və məcburi köçkün
uşaqları necə tərbiyə olunmalıdırlar? Uşaq və gənclərin
formal və qeyri-formal
qrupları sosial
pedaqoji baxımdan hansı xüsusiyyətlərlə
səciyyələnir? Miqrant
uşaqların inkişafı və tərbiyəsi üçün hansı məsələlər
seçilməlidir?
Bildiyimiz kimi, sosial
pedaqogika sosiologiya və pedaqogika elmlərinin vəhdətindən meydana gəlib, formalaşıb. Sosial
pedaqogikanın nəzəri-metodoloji problemlərinin həlli,
təbii ki,
pedaqogika
və sosiologiya ilə əlaqədardır.
Sosial pedaqogikanın da
obyekti, predmeti, tədqiqat metodları,
anlayışlar sistemi mövcuddur.
O, pedaqoji elmlər sistemində müstəqil və yeni elm sahəsi kimi özünəməxsus yer
almışdlr.
Bunun faydalılığını, ali
məktəblərdə tədris olunduğunu,
müəllim-professor heyətinin və tələbə oğlan və qızların duyulan
ehtiyacını nəzərə alaraq professor Hikmət Əlizadə və dosent Rəhimə
Mahmudovanın qələmə aldıqları "Sosial pedaqogika" dərsliyini
yalnız və yalnız təqdir etmək olar. Dərsliyə
"Bakı Universiteti" nəşriyyatı
həyat vermişdir. Elmi
redaktoru professor
Əjdər Ağayev; rəyçilər
professorlar Fərrux Rüstəmov, Ləzifə
Qasımova və Nübar Muxtarovadır.
Dərsliyə daxil olan mövzular
qənaətləndirici səviyyədə işlənmişdir.
Bu zaman müasir dövrün və
pedaqoji təfəkkürün tələbləri
nəzərə alınmışdır. Diqqəti cəlb edən mövzulardan biri "Sosial pedaqogikanın əhəmiyyəti və
vəzifələri"dir. Burada müəlliflər
bu ali məktəb fənninin meydana gəlmə
səbəblərinin üzərində dayanırlar. Məlum olduğu üçün,
insan amili xüsusi dəyər qazandığından və
sosial problemlərin Yer
üzünün çox
önəmli problemlərindən biri olduğundan həmin problemlərin həllinə
yardım etmək baxımından yeni
peşə sahiblərinə ehtiyac
yaranıb. Ali təhsil müəssisələri onların
hazırlıqları ilə məşğul olurlar.
İnstitut və universitetlərdə xüsusi sosial pedaqoq ixtisasları üzrə hazırlıq
aparılır, təhsillərini başa vurduqdan sonra məzunlar sosial işçilər kimi
fəaliyyət göstərirlər. Sosial
pedaqoqlar ümumtəhsil məktəblərində
və digər tip məktəblərdə,
məktəb mikrorayonunda, mənzil-istismar sahələrində və s. təlim-tərbiyə işinin təşkilatçısı vəzifəsini
yerinə yetirirlər.
Onların köməyilə
neqativ demoqrafik təsirlərin
neytrallaşdırılması, korreksiya
edilməsi və aradan
qaldırılması mümkün olur. Sosial pedaqoqlar məktəbdə demoqrafik
proseslərin - doğum, ölüm,
boşanma, təkrar nikah
və miqrasiyanın nəticələrini öyrənir,
müəllimlər və şagirdlər arasında iş aparırlar. Müəllimlərlə iş bu istiqamətdə
onların maarifləndirilməsini nəzərdə tutur ki, bu
da məktəblilərlə tərbiyə
işlərinin düzgün
qurulmasına, onların problemlərini öyrənməyə,
çətinliklərini həll etməyə və s. imkan verir.
Bu xüsusda dərslik
müəllifləri yazırlar: "Təhsil və
tərbiyənin sosial
pedaqoji məsələlərinin, sosiallaşma prosesinin təhlili və şəxsiyyətin
formalaşması prosesinin intensivləşdirilməsi, kollektivin sosial-pedaqoji
problemləri, xüsusilə
müxtəlif inkişaf mərhələlərində
tərbiyə işinin xüsusiyyətləri,
ünsiyyət və asudə vaxt məsələləri, uşaqların tipologiyası və diferensial yanaşma, ailə
tərbiyəsinin sosial-pedaqoji məsələləri,
sosial tərbiyənin nəzəriyyəsi
və metodikası kimi bu
gün xüsusi
aktuallıq kəsb edən problemlərin öyrənilməsi
onun vəzifələri
sırasında xüsusi
yer tutur".
Professor H.Ə.Əlizadə və dosent R.M.Mahmudova sosial elmlərin pedaqoji
problemlərini, sosial-pedaqoji tədqiqatın
nəzəri-metodoloji məsələlərini və mərhələlərini;
sosial pedaqogikada prinsip anlayışını; pedaqoji
prosesin mahiyyətini; sosial-pedaqoji
fəaliyyətin əsas elementlərini; insanın
adaptasiyasını, sosial inkişaf
və sosiallaşmada onun
yeri və rolunu;
insanın dezadaptasiyası və onun səbəbləri,
xəbərdarlıq və ona qalib gəlməni; təhsilin sosiologiyası və
sosial pedaqogikada təhsil
problemi və təlim motivləri: sosial əməkdaşlıq və qrupda iş üsulu məsələlərini və s. diqqət mərkəzində
saxlayırlar. Haqqında söz
açdığımız problemlərin hər biri müvafiq fəsillərdə yarımfəsillər
kimi verilmişdir və
tələbələrdə ayrı-ayrı mövzular
barədə aydın təsəvvür yaradır.
Digər məsələlərlə
yanaşı bu faydalı dərslikdə şagirdlərin təlimə
münasibətinin formalaşmasında sosial-pedaqoji amillərin
rolu; ümumi və peşə təhsilinin bəzi
sosial-pedaqoji məsələləri;
sinfin sosial-pedaqoji xarakteristikası
və təlim prosesində
pedaqoji korreksiya işinin xüsusiyyətləri; ali təhsilin
sosial-pedaqoji məsələləri;
tələbə müstəqil işlərinin vacibliyi;
tərbiyənin sosiologiyası və sosial pedaqogikada tərbiyə
məsələləri; sosial tərbiyənin istiqamətləri:
problemlər və vəzifələr; uşaqların
tipologiyası; sosial tərbiyə
məsələləri və
onun idarə olunması; sosial tərbiyə
prosesinin optimallaşdırılması: dolayı təsir
vasitələri və s. kimi məsələlərlə də
tanış olmaq mümkündür.
Diqqəti cəlb edən yarımfəsillər
sırasında ailənin sosioloji, demoqrafik və sosial-pedaqoji
məsələləri; ailə münasibətləri: ailənin
tərbiyə imkanları;
qaçqın, yetim, əlil, miqrant və "çətin"
uşaqların tərbiyəsinin sosial-pedaqoji məsələləri;
kollektiv tərbiyə nəzəriyyəsi və təcrübəsi;
sinif kiçik qrup (kollektiv) kimi və s. mövzular tələbələrdə dərin
maraq yaradacaqdır.
Biz əminik ki, bu dərslikdən pedaqoq və
psixoloqlar, ali və orta ixtisas məktəbləri tələbələri,
magistrlər, müəllimlər, gənc tədqiqatçılar,
dissertant və doktorantlar,
sosial pedaqoqlar, sosial işçilər və ümumiyyətlə,
pedaqoji ictimaiyyət faydalanacaqlar.
Akif ABBASOV,
pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim
Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.10.