Təhsil
innovasiyalarının idarə edilməsi
İnnovasiya nədir?
İnnovasiya - yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş istifadə etməyə başlamışlar. İnnovasiyaların, yeniliklərin yaradılması müxtəlif elm sahələrində spesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif sahələrdə intellektual yeniliklərin yaradılması, ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb proseslərin müəyyən ümumi tərəfləri də mövcuddur. Hətta bu proseslərin alqoritmi də mövcuddur. TRİZ (teoriya reşeniye tvorşeskix zadaç), ARİZ (alqoritm reşeniye izobretatelnıx zadaç) kimi nəzəriyyə və metodikalar bu gün dünyada çox geniş yayılmışdır. Yaponiya, Cənubi Koreya və s. innovasion inkişaf yolu tutan ölkələr xeyli müddətdir ki, bu fənləri orta məktəblərdə tədris edirlər. Universitetlərə qəbul zamanı abituriyentlər bu fəndən imtahan verirlər.
Fərəhli haldır ki, bu nəzəriyyələr vaxtı ilə Bakıda
yaradılmışdır.
TRİZ-ə aid ilk məqalələr və kitablar
da məhz Bakıda dərc edilmişdir. Belə ki,
onların müəllifi
tanınmış mühəndis
- ixtiraşı Genrix S.
Altşuller uzun illər ərzində (SSRİ dağılana qədər) Bakıda
yaşamışdır.
Bu səbəbdən də
mühəndis-texniki sahədə
çalışanlar üçün TRİZ
üzrə ilk təlim kursları vaxtı
ilə Bakıda təşkil edilmişdir. Kreativ təfəkkürün
formalaşmasında TRİZ əvəzedilməz
texnologiyadır. Təəssüf
ki, bir çox inkişaf etmiş ölkələrin məktəb və universitet proqramlarına daxil edilmiş TRİZ
nəzəriyyəsi barədə
bizim elm, təhsil və
texnologiya mütəxəssisləri
məlumatsızdır. Bu gün
- biliklərə əsaslanan iqtisadiyyatın qurulması mərhələsində
milli təhsilimizin əsas məqsədlərindən
biri kreativ düşüncəli, yaradıcı, tənqidi təfəkkürə
malik yeni nəsil formalaşdırmaqdır. Milli təhsilimizin
bütün pillələrində
testlərdən ifrat dərəcədə istifadə təbii
ki, yaradıcılığın inkişafına mane olur (beynəlxalq
təcrübədə testlərin
təhsildə tətbiqi getdikcə məhdudlaşır, məsələn, ABŞ -da testlərin təhsildən çıxarılması məqsədi ilə son illər bir neçə
milyard dollarlıq təhsil
meqalayihəsi həyata
keçirilir). Bu baxımdan
TRİZ nəzəriyyəsinin
bizim ölkədə də təhsil
proqramlarına daxil edilməsi rəqabətədavamlı,
kreativ düşüncəli gənclərin
yetişməsinə dəstək ola bilər.
İnnovasiyaların
yaradılması
özlüyündə hələ iqtisadi inkişaf
demək deyil. Yaradılmış innovasiyalar iqtisadiyyatda tətbiq
edilməlidir ki, real
iqtisadi səmərə, inkişaf olsun. Əgər elmi fəaliyyətin məqsədi pul sərf etməklə yeni informasiya
əldə etməkdirsə,
innovasiya fəaliyyətinin məqsədi yeni informasiya vasitəsi ilə pul qazanmaqdır.
SSRİ dönəmində sovet alimləri müəyyən innovasiyalar yaradırdılar, lakin onların çox az qismi
iqtisadiyyatda tətbiq edilirdi (əsasən hərbi-sənaye
komplekslərində).
İnnovasiyaların
böyük qismi rəflərdə
"yatır", az hissəsi isə hansısa yollarla xarici şirkətlərin əlinə
düşürdü
(çox hallarda müəllif hüquqları məsələləri
həll edilmədən). Bu səmərəsiz fəaliyyət
innovasiyaların idarə edilməməsi ilə əlaqədar
idi. Deməli, yeniliyin
yaradılması hələ kifayət deyil, onu operativ tətbiq etməyi,
faydalanmağı (kommersiyalaşdırmağı) bacarmaq
lazımdır. Hələ 2500 il əvvəl dahi Çin
filosofu Konfutsi demişdir ki, elm
və təhsildən faydalanmağı bacaran xalq firavan
yaşayar.
İnnovasiyaların
idarə edilməsini
menecment elmi öyrənir.
İnnovasiyaların menecmenti
(innovasiyaların idarə edilməsi)
kimi adlanan bu sahə hazırda sürətlə inkişaf
edir. Bu gün insan fəaliyyətinin
bütün sahələrində innovasiyalardan geniş istifadə
edilir. Əslində bəşər tarixində innovasiyalar həmişə
olmuş, bəşəriyyətin inkişafı məhz
innovasiyalar hesabına
mümkün olmuşdur.
Son 20 ildə isə
innovasiyalar haqqında daha
çox söhbətlər gedir.
Bu
İKT-nin sürətli
inkişafı və onun
müxtəlif sahələrdə tətbiqləri hesabına
çoxsaylı yeni innovasiyaların yaradılması, onların qlobal bazara çıxış
imkanlarının artması, tətbiqlərinin operativliyi,
rəqabətədavamlılığın və iqtisadi
səmərənin yüksəlməsi ilə əlaqədardır.
"İnnovasiya"
və "yenilik" anlayışları sinonimlərdir,
çox hallarda eyni mənada istifadə olunurlar. İnnovasiya
(yenilik) - yeninin yaradılması və tətbiqi prosesidir, yəni
elm, texnika, iqtisadiyyat və idarəetməni birləşdirən
mürəkkəb intellektual
prosesdir. O, istehsal və istehlak münasibətləri
kompleksini əhatə edir. Geniş mənada innovasiya dedikdə
yeniliklərin (yeni texnologiya, məhsul, xidmət, istehsal, maliyyə,
kommersiya) inzibati, təşkilati-texniki və
sosial-iqtisadi qərarlar şəklində mənfəətli
istifadəsi başa düşülür. Bu səbəbdən
də həm "innovasiya",
həm də "yenilik" terminləri eyni mənada işlənilir. İnnovasiyanı yaradan və tətbiq
edən insanlara innovator deyirlər. İnnovator olmadan innovasiya və
innovativ inkişaf mümkün
deyil. İnnovator
yaradıcı, qeyri-standart təfəkkürə, yüksək
erudisiya və savada, sahibkarlıq
qabiliyyətinə
malik olmalıdır.
Bu xüsusiyyətlər isə keyfiyyətli təhsil hesabına yarana bilər. Deməli, innovatorların
yaranmasında, dolayısı ilə innovasion inkişafda təhsilin
rolu mühümdür.
İnnovasiya
prosesləri ilə innovatika elmi məşğul
olur. İnnovatika
- innovasiya fəaliyyətinin elmi bünövrəsi, nəzəri
əsasıdır. İnnovatika - innovasiyanın
proqnozlaşdırılması və
yaradılmasının elmi
metodologiya və üsullarının hazırlanması,
inkişafı ilə məşğul olan elmi istiqamətidir. İnnovatika dedikdə
həmçinin innovasiya fəaliyyətinin, innovasiyaların tətbiqinin
planlaşdırılması və təşkili
üsulları da başa
düşülür.
İnnovatikanın müasir inkişafının təhlili,
bu inkişafın proqnozu bir çox fundamental elmlərin problemlərini ifadə etməyə imkan
verir. Bu problemlərin həlli innovatikanın tədqiqat
obyekti kimi nəzəri bazasının və metodoloji əsaslarının
inkişafına təkan vermişdir. Beləliklə,
innovatika elmi istiqamət kimi yeni biliklərin,
texnologiyaların, metodologiya və metodların daxili
nizamlanmış tam sistemidir. Bu sistem
innovasiya proseslərinin vahid, qarşılıqlı əlaqəli
və tam sisteminin məntiqi birləşdirilmiş konseptual
sxemini əhatə edir.
İnsan fəaliyyətinin bütün sahələrində
olduğu kimi təhsildə də innovasiyaların mühüm rolu
vardır. Əslində təhsil
tarixindəki bütün
islahatlar ictimai inkişafdan doğan
innovasiyaların təhsildə sistemli tətbiqinə
xidmət etmişdir. Təəssüf
ki, təhsil
tarixində elə islahatlar da olmuşdur ki, onların müəllifləri və icraçıları innovasiya haqqında təsəvvürlərə
malik olmamışlar. İnnovasiyalara əsaslanmayan
islahatlar, bu proseslərin düzgün layihələnməməsi nəticəsində təhsil
sistemi iflic edilmiş,
onun islahatdan əvvəlki
işlək mexanizmi
dağıdılmış,
yeni təhsil modeli isə
yaranmamışdır. Necə
deyərlər, islahatlar "qaş düzəltmək əvəzinə göz
çıxartmışdır".
Təhsildə innovasiya dedikdə müxtəlif yeniliklərin təlim-tərbiyənin məqsəd,
məzmun, metod və formalarına
tətbiqi, təhsilin
iqtisadiyyati, təşkili və idarə edilməsində
pedaqoq və təhsilalanın müştərək fəaliyyətlərinin yeni biliklər əsasında təşkili nəzərdə tutulur. Təhsildə innovasiyalar ölkə
və ya regional səviyyədə, təhsil islahatları və
ya müəyyən məqsədli inkişaf proqramları
çərçivəsində, mərkəzləşdirilmiş formada və
ya təhsil müəssisəsinin
(TM) təşəbbüsü
ilə lokal formada həyata
keçirilə bilər. Bu
zaman pilot layihə
çərçivəsində eksperimental fəaliyyət
təşkil edilə bilər. Təbii ki, bütün bu
proseslər hüquqi-normativ baza əsasında reallaşmalıdır.
Məqalədə təhsil innovasiyalarının idarə
edilməsindən danışılarkən, təhsil pilləsini xüsusi
olaraq qeyd etmirik. Çünki müxtəlif səviyyəli
təhsil müəssisələrində innovasion proseslərin metodoloji baxımdan ümumi cəhətləri
çoxdur. Bu səbəbdən məqalədəki ideyalar
faktiki olaraq təhsilin istənilən səviyyəsi
üçün əhəmiyyətli
ola bilər.
Təhsil
sektorunda innovasiya fəaliyyəti
Müasir təhsildə gedən qlobal
proseslərin səciyyəvi
xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə
modernləşmənin
əsas məqsədi
bu gün reallaşan kütləvi
təhsil şəraitində
yüksək keyfiyyətə nail olmaqdır. İnkişaf
etmiş ölkələrin təhsil sistemləri qlobal
tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar isə
dünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən edilir. Bu məqsədlə bir çox
ölkələrdə müvafiq təhsil strategiyaları və
inkişaf proqramları hazırlanmış, hazırda
icra edilməkdədirlər. Bu
gün təhsildə strateji yanaşma digər fəaliyyət sahələrinə
nisbətən vacibdir. Bu
yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin
imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təsdiq olunmuşdur. Hesab edirik ki, bu strategiyanın icrası innovativ ideyalar əsasında milli təhsilin
inkişafına dəstək verəcək.
Müasir zamanda
innovasiyaların yaranmasına səbəb olan
müəyyən tendensiyalar var:
* tədris prosesinin humanistləşməsi;
* uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə
verilən yüksək tələblər;
* mədəni-mənəvi dəyərlərə
yönəlmə;
* təhsil müəssisələri arasında rəqabətlilik
münasibətləri.
İnnovasiyaların
idarə edilməsi
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində
3 mərhələdən
keçir:
* təşəkkül (yeni təhsil
müəssisəsinin, yeni
kollektivin yaranması və ya kollektivin böyük hissəsinin təzələnməsi mərhələsi);
* fəaliyyət (təlim-tərbiyə prosesinin
ənənəvi, stabil
proqram və pedaqoji texnologiyalar əsasında işinin təşkili mərhələsi);
* inkişaf (təlim-tərbiyənin
köhnə məzmunu və
mövcud pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə
cavab vermədiyindən yeni məzmun,
forma və texnologiyaların yaradılması və
tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi,
stabil formatda
işləyən təhsil müəssisələrindən fərqlənir.
Bu fərqlər
özünü idarəetmədə də göstərir.
Ənənəvi iş rejimində müsbət nəticə
verən pedaqoji texnologiyalar bəzi hallarda yeni-innovasion iş rejimində arzu olunan nəticələr
verməyə bilər. Təhsil müəssisələrində
innovasion fəaliyyətin
əsas subyekti müəllim,
idarəetmə obyekti isə
təlim-tərbiyə prosesidir.
İnkişaf etmiş təhsil müəssisələrində
idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu,
metod və formalarıdır. Praktik olaraq, hər bir innovasion təhsil
prosesinin obyekti təhsilalanlardır.
Tədqiqatçıların və təhsil müəssisəsi
rəhbərlərinin
əsas vəzifəsi təhsilin
proqnozlaşdırılan nəticələrinə maksimum
yaxınlaşmaqdır. Ona
görə təhsil müəssisəsində tətbiq edilən hər
bir innovasiya prosesi idarə edilməlidir.
Hər bir innovasiya, yenilik, yeniliyin tətbiqi öz inkişafı
prosesində müəyyən mərhələlər
keçir: ideyanın yaranması, məqsədin
formalaşması, yeni ideyanın konkretləşməsi
(formalaşması), yeniliyin reallaşdırılması, yayılması, yeniliyin "adiləşməsi",
"köhnəlməsi".
İnnovasion rejimdə təlim-tərbiyə prosesinin
bütün iştirakçılarının - müəllim
və şagirdlərin fəal şəxsi özünütəyin
prosesi gedir. Bu, insanların
qarşılıqlı münasibətlərinin xarakterində
öz əksini tapır.
İnnovasiyaların həyat mərhələləri
yeniliyi qəbul edən kollektivin inkişaf mərhələləri
ilə sıx bağlıdır.
Təhsil müəssisələrində innovasiyaların
yaranmasının 5 yolu mövcuddur:
1. Müəssisəyə məxsus yeni təcrübənin
yaranması;
2. Kənar təcrübədən istifadə;
3. Elmi araşdırmaların nəticəsi;
4. Eksperiment;
5. "Sınaq və səhv" yolu.
İnnovasion prosesə daxil olan kollektiv, bir qayda olaraq,
öz inkişafında bir neçə mərhələ keçir. Cəsarətsizlik-"əməkdaşlığın"
stabilliyi-yetkin kollektiv. Son iki mərhələ-innovasiya
prosesinin kollektiv tərəfindən
yüksək dərki mərhələsidir.
Bu, kollektivin hər
bir üzvünün bütün mərhələlərdə
iştirakı ilə təyin edilir.
Kollektivin cəsarətsizlik mərhələsindən
yetkinlik mərhələsinə inkişafı innovasiya tsikillərin
dəyişmə sürətindən asılıdır.
İnnovasiya proseslərini idarə edən menecerin
ilkin vəzifəsi
innovasiyalara olan münasibəti
öyrənmək, bu barədə fərqli münasibət və
rəyləri toplamaqdır.
Yeniliyin yaranması və tətbiqi bu yeniliyə olan mürəkkəb
münasibətlər sistemi ilə
xarakterizə edilir. Statistik məlumatlara görə, yeni
ideyaların yaranma mərhələsində təhsil müəssisəsi
kollektivi üzvləri yeniliyə motiv dərəcəsindən
asılı olaraq bu qruplara bölünürlər:
1. Liderlər
qrupu (1-2%).
2. Müsbət yanaşanlar qrupu (50%).
3. Neytral olanlar qrupu (30%).
4. Mənfi yanaşanlar qrupu (20%).
Yeniliyin mənimsənilməsi və tətbiqinə zəif motivləşən
insanlar bu yeniliyə müxtəlif formalarda müqavimət
göstərirlər. Təcrübə göstərir
ki, pozitiv nəticələr insanların yeniliyə
qarşı münasibətlərini dəyişir. Yeniliyə "köklənmə" şəxsiyyətin fərdi xüsusiyyətlərindən
-sinir sistemi tipindən, refleksiya dərəcəsindən, həyacanlanma
səviyyəsindən,
kreativliyindən, səriştəliliyindən, özünüqiymətləndirməsindən və s. amillərdən
asılıdır.
İnnovasiya prosesini idarə edənin əsas vəzifəsi
3-cü və 4-cü qrupda olan insanları yüksək motivləşmə
zonasına
keçirməkdir. Məhz bu səbəbdən,
yeniliyin tətbiqi zamanı məlumatlandırma, təlimatlandırma
mühüm rol oynayır. Bu zaman hər bir iştirakçı öz vəzifəsini,
missiyasını düzgün dərk edir. Əgər insan öz
missiyasını, vəzifəsini düzgün dərk edirsə, onda
özünütəyin, özünüifadə,
özünürealizə prosesləri başlayır, onun stereotipi dəyişir, özünüinkişaf baş verir.
Təhsil müəssisəsi üçün müasir
innovasiya prosesləri, innovasiyaların idarə edilməsi kifayət
qədər mürəkkəbdir,
bu səbəbdən
innovasiyalar sahəsində səriştəli məsləhət
xidmətlərinə ehtiyac var (təəssüf ki, ölkəmizdə təhsil
innovasiyaları, ümumən təhsil xidmətləri sahəsində
konsaltinq şirkətləri yoxdur, yəqin ki, səriştəli məsləhətə
ehtiyac olmayıb). Bu prosesdə məqsədi təyinetmə,
təhlil, planauyğun addımlar, pedaqoji texnologiyalar, yeniliyin
təşkili, ekspert nəzarəti, bir sözlə, innovasion
idarəetmənin bütün elementləri iştirak edir. Çalışmaq lazımdır
ki, daha çox özünənəzarət və özünütənzimləmə elementləri olsun, nəinki kənardan tənzimləmə.
İnnovasiya proseslərini idarə edərək son nəticədə kollektivin inkişafını idarə
etmək mümkündür.
Hər bir innovasion proses ehtimallı xarakter
daşıyır. İnnovasiyaların nəticəsini proqnozlaşdırmaq asan deyil, risk dərəcəsi
yüksəkdir. Layihələndirmə və modelləşdirmə mərhələsində bir çox səhvlərdən xilas olmaq üçün yeniliyin analitik əsaslandırılması və innovasion sınaq proqramının tərtib edilməsi məqsədəuyğundur. İnnovasion sınaq proqramını eksperimenti həyata keçirən
fərd (layihə qrupu) hazırlayır. Bu proqram daha sonra ekspertlər tərəfindən təhlil
edilməlidir.
İnnovasion sınaq proqramına verilən rəyə,
əslində yeniliyin tətbiqinə
dair rəy kimi də baxmaq
olar. Rəydə bu məsələlər
öz konkret əksini tapmalıdır: proqramın məzmununun
tamlığı, onun hissələrinin və
bloklarının struktur əlaqələri və
ardıcıllığı, məntiqliyi, konstruktivliyi, səhvlər,
nöqsanlar, çatışmazlıqlar, əsaslandırılmış
təkliflər və proqrama əlavələr, yekun ekspert rəyi
( rəydə birmənalı olaraq bildirilir ki, yenilik təklif edilən
variantda tətbiq edilə bilər,
yoxsa bütün nöqsanlar və səhvlər bir daha yenidən
işlənilməlidir). Təhsil
müəssisəsinin innovasiya fəaliyyəti proqramı müəyyənləşdikdən
və əsas gözlənilən nəticələr
proqnozlaşdırıldıqdan
sonra müəssisənin rəhbərləri təşəbbüs
qrupu ilə birgə məqsədli kompleks proqram hazırlaya
bilər. Bu proqram təşkilati tədbirlərdən
və innovasiyaların
reallaşdırılması mərhələlərindən
ibarət olacaqdır.
Yeniliyin tətbiqi
mərhələsinin təşkili
Məqsəd: Təhsil müəssisəsində innovasiya proseslərinin müəyyən edilməsi, formalaşması və inkişafı
üçün şəraitin yaradılması. Yeniliyin tətbiqi
şəraitində
TM-nin iş sistemi
modeli və texnologiyasının qurulması.
İşin təşkilinin məqsədyönlü forma və tədbirləri
1. Kadrlarla işin təşkili
1.1. Rəhbərlik səviyyəsində müşavirə.
Məqsəd: innovasiyanın tətbiqi strategiya və
taktikasının hazırlanması
1.2. Elmi (pedaqoji) şura.
Məqsəd: eksperimentin təşkili barədə qərar
qəbulu, kollektiv
üzvlərinin innovasiyaların tətbiqinə şərait yaradılmasına həvəsləndirilməsi
1.3. İstehsalat müşavirəsi.
1.4. Yaradıcı qrupun iclası.
1.5.
Özünütəhsil üzrə iş.
2. Valideynlərlə iş.
Məqsəd: valideynlərin eksperimentin məqsəd və
vəzifələri
ilə tanış edilməsi, eksperimentin təşkili
və icrasında onlarla
müştərək fəaliyyət.
3. Rektoratın (Təhsil müəssisəsi şurasının) iclası.
Məqsəd: eksperimentin başlanması barədə qərarın
qəbul edilməsi
4. Baza müəssisəsi və təşkilatları ilə
əlaqə.
5. Nəzarət, təhlil, tənzimləmə.
Məqsəd: informasiya
toplanması və eksperiment proqramının reallaşma
gedişatının ilkin təhlili
6. İnformasiya təminatı.
Məqsəd: innovasiyanın tətbiqi prosesinin idarə
edilməsi üçün məlumatın toplanması.
Kollektivin proqram fəaliyyətinin məqsəd və vəzifələri TM-dəki mövcud vəziyyətin müfəssəl
təhlili və inkişafı
proqnozlarına əsasən hazırlanmalıdır.
Proqramın məqsəd və vəzifələri TM-nin bütün struktur
bölmələri ilə
razılaşdırılmalı,
kollektivin əksəriyyəti tərəfindən dəstəklənməli,
yeni şəraitə uyğunlaşmalı, real olmalı,
motiv və stimul səviyyəsini yüksəltməli, nəzarətə
imkan verməlidir.
TM-də innovasiya prosesləri son nəticələrin
proqnozları nəzərə alınmaqla idarə edilməli,
prosesin aralıq
nəticələri kollegial
formada müzakirə edilməlidir.
Təhsil
İnnovasiyaları bankının formalaşması
Yeniliklərin tətbiqini idarə etmək
üçün innovasiyalar bankı yaradılmalıdır. Bu məqsədlə
innovator hər
bir yeniliyə dair xüsusi
formada blank hazırlamalıdır. Tərtib edilən blank bu bölmələri əhatə
etməlidir.
1. Problem. Ənənəvi təlim-tərbiyə
praktikasının hansı
ziddiyyətlər səbəbindən yenisi
ilə əvəzlənməsinə ehtiyac olduğu müəyyən edilməlidir (yəni,
innovasiya hansı zərurətdən yaranır?).
2. İnnovasiyanın, yeniliyin məqsədi. Məqsədi konkret ,
dəqiq ifadə etmək üçün problemin ikinci hissəsinə diqqət yetirmək
lazımdır. Bilinməlidir
ki, işin sonunda nə əldə edilməlidir.
3. İnnovasiyanın, yeniliyin mahiyyəti. Məqsədə
çatmaq üçün həlli zəruri olan,
qarşılıqlı
əlaqəli vəzifələr kompleksi
müfəssəl təsvir
edilməlidir.
4. Yeniliyin tətbiqinin proqnozlaşdırılan nəticələri. Proqnozlaşdırılan nəticə
əldə edilməli olan nailiyyətin konkret göstəricilərini əks
etdirməlidir: mümkün müsbət nəticələr,
mümkün itkilər, risklər, neqativ nəticələr, onların aradan qaldırılması yolları.
5. Biliklərin tətbiq sahələrinə görə
innovasiyaların təsnifatı.
Yeniliyin hansı bilik sahələrinə
aid problemləri həll etdiyi xüsusi göstərilməlidir.
6. İnnovator. Məlumat-blankda innovasiyanı kimin tətbiq
etdiyi barədə xüsusi qeyd olmalıdır. Bu innovasiyaya nəzərən
innovatorun kim olduğu - müəllif,
istifadəçi, təşviq edən və s. kimi məlumat
qeyd edilməlidir.
7. Yeniliyin hansı mərhələləri keçməsi
göstərilməlidir:
1. ideyanın formalaşması;
2. məqsədin müəyyənləşməsi;
3. innovasiyanın hazırlanması;
4. təcrübi
sınaq və eksperiment;
5. innovasiyanın yayılması;
6. mövcud struktur çərçivəsində innovasiyanın reallaşması.
8. Yenilik
eksperimental sınaqdan keçmişdir. Tədris ili ərzində və sonrakı müddətdə
neçə dəfə sınaqdan keçməsi göstərilir.
9. İnnovasion eksperiment. İnnovasion təhsil
eksperimenti əsasən 3 mərhələdə olur:
Müəyyənləşdirici eksperiment-nəticələrin
qeydiyyatı prosesinin izlənməsi;
Dəqiqləşdirici eksperiment-nəticələrə müvafiq olaraq hipotezanın dəqiqləşdirilməsi;
Formalaşdırıcı eksperiment- pedaqoji texnologiya və
gözlənilən nəticələrin
formalaşdırılması və
təsviri.
İnnovasion eksperimentin iki tipi var: fəal, passiv. Fəal eksperiment laborator və istehsalat xarakterli ola bilər. Passiv eksperiment isə pedaqoji
müşahidədir.
10. Tətbiq
və işlənmə mərhələsindəki
problemlər. Bu,
innovasiyanın tətbiqinə mane olan problemlərdir.
11. Eksperimental nəzarətin icraçıları.
Eksperimentator qismində mütəxəssislər- müəllimlər, digər TM-nin rəhbərləri,
metodistlər, alimlər və s. ola bilər.
12. İnnovasiyanın
qiymətləndirilməsi.
13. Əlavə daha hansı problemlər həll edilməlidir.
14. İnnovasiyanın əhəmiyyəti barədə
qeydlər.
Qeyd edilən blank innovasiya proqramı və yeniliyin tətbiqi ekspertizasının nəticələri
əsasında doldurulur. İnnovasiyalar
bankı yarandıqdan sonra
nəticələr ciddi təhlil edilməlidir. Yalnız bu halda
TM rəhbərliyi innovasiyaların korreksiyası və tənzimlənməsi
proqramını həyata keçirə bilər.
Təhsil
innovasiyaları bankı
yaradıldıqdan sonra innovasion fəaliyyətin
ekspertizası, innovasiya proseslərinə nəzarət, təhlil
və tənzimləmə məsələləri həll
edilməli, pedaqoji kollektivin
innovasion potensialının inkişafı şərtləri müəyyənləşməlidir.
İlham ƏHMƏDOV,
ADPU-nun Kompüter mərkəzinin direktoru, dosent
Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.9.