Rusiyada müəllim
hazırlığına yeni baxış
Rusiyada gələcəyin müəllimləri ölkənin 167 universitetində hazırlanır. Orta hesabla hər il universitetləri 100 minə yaxın müəllim bitirir. Lakin aparılan rəy sorğularına əsasən ali məktəb məzunlarının yalnız 10 faizi məktəbdə işləməyə hazırdır. Ən təəccüblü məqam odur ki, abituriyentlərin 80 faizi etiraf edir ki, ali məktəbə oxumağa heç də gələcəkdə öz həyatlarını zəkalar yetişdirməyə, gənc nəslə elm-bilik verməyə deyil, sadəcə diplom xatirinə, ümumi humanitar təhsil almaq və bu diplomla istənilən vaxt hardasa işə düzələ biləcəklərinə ümid etdiklərinə görə gedir. Rusiyanın Təhsil və Elm Nazirliyi yaranmış vəziyyəti dəyişmək üçün ölkədə pedaqoji ali təhsilin dəstəklənməsi üzrə Konsepsiya layihəsini hazırlayıb. Bu sənəd müəllim hazırlığı sistemini tamamilə kökündən dəyişməlidir.
Mövcud müəllim
hazırlığı sisteminə iradlar isə kifayət qədərdir.
İlk dəfə əmək fəaliyyətinə
başlayan müəllimlər kollektivlə işləyə,
hazırda qüvvədə olan icbari təhsil standartlarından
yararlana bilmirlər. Ən təəccüblü məqam isə
ondan ibarətdir ki, onlar
uşaqları sevmirlər. Təhsil müəssisələrinin
rəhbərləri də qeyd
edirlər ki, məktəblərdə fizika, riyaziyyat, rus dili
müəllimləri çatışmır. Müəllim
hazırlığı ilə məşğul
olan pedaqoji müəssisələrə də iradlar var: onlar
tələbələrə köhnə qayda ilə dərs
keçir, pedaqoji praktika da
köhnə qaydalarla təşkil olunur. Nəticədə məzunlar dərslərin
aparılması metodlarına dair anlayışdan belə bixəbərdirlər.
Bəzən elə olur ki, əvvəllər məhkum olmuş və pedaqoji peşəyə
yararsız hesab olunmuş insanlar da məktəbə gəlir.
Məlum olub ki, Kaluqa vilayətində
pedaqoji peşəyə yararsız elan olunmuş şəxs
Moskvada rus dili və ədəbiyyatı fənnini tədris edib. İşə qəbul olunarkən o, bu faktı
gizlədib. Bu qadının uşaqlara nə öyrətdiyi
böyük sualdır. Məktəbi
bu cür pis pedaqoqlardan necə xilas etməli? Pedaqoji ali məktəblərin
ən yaxşı məzunlarını
məktəb sisteminə necə cəlb etməli? Gələcək
müəllimlərin seçimi necə
aparılmalıdır? Müəllim
hazırlığı sahəsində hansı problemləri həll etmək
lazım gələcək?
Konsepsiyada
aşağıdakılar nəzərdə tutulub: ən
azı magistr təhsili almış
müəllimlərin əməkhaqları
artırılacaq, tələbələr və təcrübəçilərin bütün pedaqoji və məktəb
praktikası dövründəki xərcləri dövlət
öz üzərinə götürəcək. Pedaqoji ali məktəblərə
daxil olmaq isə indi daha çətin olacaq. Pedaqoji ixtisaslar
üzrə artıq əlavə qəbul imtahanları vermək
lazım gələcək.
İxtisaslar üzrə
müəllim hazırlığı
rus dili və ədəbiyyatı (17 faiz), riyaziyyat (17 faiz), xarici dillər
(14 faiz), tarix (7 faiz), bədən tərbiyəsi (7 faiz), incəsənət
(5 faiz), fizika (5 faiz), biologiya (5 faiz), coğrafiya (5 faiz), kimya
(5 faiz), digər fənlər üzrə (15) faiz təşkil
edir. Məqsədli qəbul
planı əvvəlki kimi qalacaq, lakin abituriyentlərə - gələcək
müəllimlərə qarşı tələblər olduqca
sərt olacaq. Beləliklə,
pedaqoji ali məktəbə daxil olan hər bir tələbə
istəsə də, istəməsə
də təcrübə keçməli olacaq. Əks halda, gələcəyin
müəllimi Rusiya Federasiyasının "Təhsil haqqında" Qanununda olduğu kimi, cərimə
ödəməli olacaq. Yeri gəlmişkən,
cəriməni həm də məzunu işə götürməyən,
lakin ona göndəriş ünvanlamış tərəf də
ödəməlidir.
Pedaqoji ali məktəblərdə
universal və pedaqoji bakalavriat proqramlarının tətbiqinə
başlanılacaq. Artıq ali təhsilə
malik olan və məktəbdə işləmək arzusunda
olanlar üçün magistr proqramları inkişaf etdiriləcək.
Xatırladaq ki,
böyük pedaqoq Konstantin Uşinski, ümumiyyətə, pedaqoji təhsil
almamışdı. O, Moskva Dövlət Universitetinin hüquq
fakültəsini əla qiymətlərlə
bitirib. A.Makarenko isə orta məktəbdən sonra əvvəlcə
dəmiryolu məktəbinə, yalnız bundan sonra pedaqoji
kurslara daxil olmuşdur. Təhsili edarəetmə
qurumlarının əməkdaşları
və metodist müəllimlər üçün
magistraturalar yaradılacaq. Təhsil sahəsində işləyənlərə
üstünlük veriləcək. Eksperiment gedişində 25
ən yaxşı pedaqoji universitet orta məktəblərdə öz
filiallarını açacaq. Pedaqoji universitetlərin müəllimləri
isə öz ixtisaslarını hətta Elmlər
Akademiyasında artıra biləcəklər.
Bütövlükdə proqramın birinci mərhələsinə
17-dən 25-ə qədər ali məktəb cəlb olunacaq.
2016-2017-ci illərdə bu təcrübə ölkənin
bütün ali məktəblərində yayılacaq.
Müəllim, o kimdir?
Rusiya Pedaqoji
Akademiyası Pedaqoji Təhsil İnstitutunun son
araşdırmalarına görə, orta statistik məktəb
müəlliminin portreti aşağıdakı kimidir:
-47 yaşlı
qadın,
-ali pedaqoji təhsilli (onlar tam 82 faiz təşkil edir),
- 20 min rubldan az maaş alır,
- nadir hallarda teatra gedir,
- çox əminliklə kompüter biliklərindən
yararlanır.
Kompetensiyalar
Hansı pedaqoji ali məktəbləri
bağlamaq lazımdır? Tələbələrin pedaqoji təcrübə
keçməsinə görə xərcləri kim ödəməlidir?
Gələcək müəllimlər üçün əlavə
imtahanlar nə zaman başlayacaq? Bu sualları şərh edən
Rusiya Dövlət Dumasının təhsil komitəsinin sədr
müavini Nadejda Şaydenko bildirib ki,
əlavə imtahanlar hər bir müəllimin onun bu
peşəyə yararlı olub-olmamasını müəyyən
edəcək. "Bəzi
müəllimlər ibtidai siniflərdə əlifbadakı hərflərin yarısını
deyə bilmir. Uşaqları sevməyən müəllimləri
məktəbə buraxmaq olmaz. Məktəb kinli, hirsli
insanların yeri deyil. Mən
uzun müddət pedaqoji universitetin rektoru işləmişəm. Valideynlərin birinci siniflər
üçün yaxşı müəllimi necə seçmək
lazımdır sualına cavab
olaraq mən onlara məsləhət
görürdüm: "Dərs zamanı məktəbə
gedin, qapı arxasından müəllimin siniflə necə
ünsiyyət qurmasına qulaq asın. Əgər müəllim
qışqırır, ayaqlarını yerə döyür,
kimisə sinifdən qovursa, onda bu pedaqoqdan qaçmaq
lazımdır". Məktəb zəif əsəbli
insanların yeri deyil. Bütün bunları psixoloji testlərin
köməyi ilə yoxlamaq olar.
Təhsil konsepsiyasında müəllim
hazırlığının pedaqoji bakalavriat və universal
bakalavriat kimi iki istiqamətindən bəhs olunur. Tətbiqi
pedaqoji bakalavriat kolleclərdə, pedaqoji institutlarda
yaradılacaq və onlar ilk növbədə ibtidai məktəblər
üçün müəllim hazırlayacaq. Universal
bakalavriat isə nümunəvi müəllimlər
üçün açılacaq və pedaqoq
üçün ixtisasartırmada daha yüksək səviyyə
hesab olunacaq. Bakalavriat hər
zaman 4 il üçün nəzərdə tutulmayıb.
İkili ixtisaslar, məsələn,
fizika-riyaziyyat və biologiya-kimya kimi ixtisaslar
üçün beşillik
bakalavriat proqramı nəzərdə tutulub. Növbəti səviyyə pedaqoji
magistraturadır ki, bu haqda konsepsiyada ayrıca bəhs
olunur. Magistraturanın məzunları
daha yüksək əməkhaqları alacaqlar. Əgər pedaqoq
inklüziv məktəbdə işləmək istəyirsə,
məhz bu cür təhsil növü tələb olunur. Əgər müəllim magistratura
təhsili almaq istəyirsə, onun dərs yükü
azaldılacaq, maaş dərəcəsi
isə əvvəlki kimi qalacaq.
Konsepsiya sənədində göstərilir ki, ali
pedaqoji institutlar məktəblərdə öz
kafedralarını aça bilərlər. Tələbələrin
məktəbdə keçdikləri pedaqoji təcrübənin
xərcləri isə ali məktəb tərəfindən həyata
keçiriləcək. Konsepsiyada müxtəlif stajkeçmə
növlərindən bəhs olunur. Onların arasında gənc
müəllimlərin daha təcrübəli pedaqoqlara 3 illik təhkim
olunmaları təcrübəsi də əksini tapıb. Konsepsiyada qeyd olunub ki, tələbələr
fərdi təhsil trayektoriyaları seçə bilərlər.
Bu isə təhsildə əsl novator yenilikdir. Hər kəsin
öz təhsil proqramını və tədrisin müəyyən
mərhələsində gələcək peşəsini dəyişmək
imkanı olacaq. Təhsilin müəyyən mərhələsində
ola bilər, kimsə mühəndis
və ya həkim yox, müəllim olmaq istəsə, onun
üçün pedaqoji təhsil
almaq imkanı yaranacaq.
Beynəlxalq təcrübə
Almaniyada gələcək
müəllimlər universitetdə əsasən iki fənn
seçirlər ki, bu da onların təhsilinin əsasını
təşkil edir. Hər bir tələbə psixologiya,
sosiologiya, didaktika və təcrübəni özündə cəmləşdirən
"Tərbiyə haqqında" kursunu keçməyə
borcludur. Yalnız xüsusi olaraq yaradılmış imtahan
götürən təşkilatlarda
keçirilən iki dövlət imtahanını verdikdən
sonra müəllim olmaq olar. Gələcək müəllimlər,
həkimlər və hüquqşünaslar bu qurumlarda imtahan
verirlər. Birinci imtahana buraxılmaq
üçün təxminən beşillik magistratura səviyyəsini
bitirmək lazımdır. İlk imtahanda tələbənin
"Tərbiyə haqqında" kursda və iki əsas fənn
üzrə nəzəri bilikləri
yoxlanılır. Daha sonra gələcəyin
müəllimi ibtidai və ya orta məktəbdə iki il ilk
praktik hazırlıq kursu keçməlidir. Tələbələr məktəblərdə
həqiqətən əsl müəllim kimi işləyir və
"hazırlıq xidmətində olan müəllim" statusunda rəsmən
dövlət tərəfindən əməkhaqqı
alırlar. 2 illik praktikadan sonra
onlar, adətən, kollokvium
şəklində ikinci dövlət imtahanı verməlidirlər.
İkinci dövlət imtahanı
daha mühümdür. Bu
mərhələ tələbəyə müəllim olmaq
imkanı verir, ancaq alman müəllimlərinin böyük əksəriyyəti
dövlət məmuru statusu alırlar. Bu isə onlar
üçün ömürlük yüksək maaş və
iş yeri, pensiya, işdən çıxarılmanın
qeyri-mümkünsüzlüyü, tibbi sığortanın
ödənilməsi, məzuniyyət deməkdir.
Müəllimlərin
ciddi hazırlıq işləri öz bəhrəsini verir:
uşaqların 90 faizindən çoxu dövlət məktəblərində
oxuyur. Orada yaxşı pulsuz təhsil verilir ki, həm valideynlər, həm də uşaqlar bundan məmnundur.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Rusiyanın Təhsil və Elm Nazirliyinin materialları əsasında
Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.7.