1971-ci il oktyabrın 29-da Azərbaycan

KP MK plenumunda Azərbaycan KP MK-nın

birinci katibi H.Ə.Əliyev yoldaşın məruzəsindən

 

Azərbaycan müəllimi" - 80

 

Ümummilli lider Heydər Əliyev

Azərbaycanda hakimiyyətə gəldiyi ilk

vaxtlardan təhsilin inkişafına böyük diqqət yetirib

Ötən nömrələrimizdə qeyd etdiyimiz kimi, qəzetimizin 80 illik yubileyi ilə əlaqədar oxuculara "Azərbaycan müəllimi"nin tarixi haqqında daha geniş məlumat vermək üçün əməkdaşlarımız araşdırmalar aparır. Müxtəlif illərdə dərc olunmuş nömrələrlə tanışlıq göstərir ki, qəzetimiz "Qommunist Məarifi" adı ilə nəşrə başladığı ilk vaxtlardan təkcə təhsil məsələlərini deyil, ölkənin ictimai-siyasi həyatını da geniş işıqlandırıb, bütün dövrlərdə ölkə rəhbərlərinin, rəhbərlikdə təmsil olunan nüfuzlu partiya, dövlət xadimlərinin, hökumət üzvlərinin məruzə və nitqləri qəzetdə müntəzəm dərc olunub.

Bu baxımdan, ümummilli liderimiz Heydər Əliyevin də Azərbaycanda hakimiyyətdə olduğu illərdə qəzetimizdə çoxlu çıxış, məruzə və nitqləri dərc olunub.

Ulu öndərin ölkəmizdə siyasi hakimiyyətə gəlişinin ilk illərində - 1971-ci ildə qəzetimizdə dərc olunmuş bir məruzəsi xüsusilə diqqəti cəlb edir. Həmin məruzəsində Heydər Əliyev ölkədə təhsilin vəziyyətinin geniş təhlilini vermiş və qarşıda duran vəzifələri göstərmişdir.

Məruzənin təhsillə bağlı hissəsindəki bir çox məsələlərin bu gün də aktuallıq kəsb etdiyini və oxucularda maraq doğuracağını nəzərə alıb qəzetimizin 1971-ci il 3 noyabr tarixli 88-ci nömrəsində dərc olunmuş həmin məruzədən bəzi məqamları təqdim edirik.

 

 

...Məktəblərin şəbəkəsi ildən-ilə genişlənir, şagirdlərin sayı artır. İndi respublikada təqribən 1 milyon 700 min adam bütün təhsil növləri ilə əhatə olunmuşdur; 80 mindən çox müəllim və istehsalat təlimi ustası, ali məktəb və texnikum müəllimlərinin 6 min nəfərlik dəstəsi böyüməkdə olan nəslin tərbiyəsi ilə məşğuldur.

...Məktəblilərin təlim və tərbiyəsinin keyfiyyətində ciddi nöqsanlar vardır. Bəzi rayonlarda, məsələn, Kəlbəcər, Laçın, Qusar, Qutqaşen, Sabirabad rayonlarında sinifdə qalanların sayı bütün məktəblilərin 5-7 faizini təşkil edir. Şagirdlərin sinifdə qalması pedaqoji kollektivlərin işində ciddi qüsurdur. Bu, şagirdlərin məktəbdən yayınmasına, onların təhsilinin yarımçıq qalmasına səbəb olur, bəzən də uşaqları bədbəxt edir.

Bir sıra məktəblərdə şagirdlərin faktik bilik səviyyəsinin hesabat məlumatlarına uyğun gəlməməsi bizi çox narahat edir. Bu il respublikanın ali məktəblərinə qəbul imtahanları vermiş abituriyentlərin xeyli hissəsinin qeyri-kafi qiymət alması faktı məgər bunu sübut etmirmi?

Medal və fərqlənmə diplomu alanların bir çoxunun ali məktəblərə qəbul imtahanlarında əla qiymət ala bilməməsi, bəzilərinin isə, hətta iki alması faktı da məktəblərin və maarif orqanlarının işində ciddi nöqsanlar olduğunu göstərir. Təşviş hissi doğuran cəhət budur ki, medal alan, ali məktəblərə qəbul imtahanlarında yarıtmaz cavab verən gənclərin bir çoxunun valideynləri xalq maarif şöbələrinin işçiləri, məktəb direktorları və müəllimləri, şəhər və rayon təşkilatlarının rəhbər işçiləridir. Yoxlama nəticəsində Zaqatalada, Şamxor, Abşeron, Balakən, Xanlar və başqa rayonlarda belə faktlar aşkara çıxarılmışdır.

Bu işi diqqətlə araşdırmaq və layiq olmadıqları halda şagirdlərə medal və diplom verilməsində müqəssir olanların hamısını ciddi cəzalandırmaq lazımdır.

Məktəblilərin bilik səviyyəsinin aşağı olması və qeyri-müvəffəq oxuması müəllimlərin bir qisminin zəif hazırlığının və yarıtmaz işləməsinin nəticəsidir. Ayrı-ayrı müəllimlərin elmi və metodiki sahələrdə geri qalması, biliyini artırmaq istəməməsi faktlarına göz yummağa pedaqoji kollektivlərin, ictimaiyyətimizin haqqı yoxdur. Keçən il ümumtəhsil məktəbləri müəllimlərinin biliyinin yoxlanması nəticəsində onların bəziləri orta məktəb proqramı həcmində yoxlama yazı işlərində qeyri-kafi qiymət almışlar. Bu cür müəllim şagirdə nə verə bilər?

...Müəllimlər hazırlanmasının planlaşdırılması işindəki səhvlər, ali məktəb məzunlarından bir qisminin öz borcunu yerinə yetirməməsi - təyinat aldığı yerdə işləməməsi nəticəsində bir çox məktəb pedaqoji kadrlarla tam təmin olunmamışdır. Halbuki Bakıda, başqa şəhərlərdə, bəzi rayon mərkəzlərində müəllimlərin əksəriyyəti öz ixtisası üzrə işləmir. Onlar çox vaxt mağazalarda, yeməkxanalarda və bufetlərdə işləyir və ya xalq maarifi orqanlarında illərlə uçotdadırlar.

Orta təhsil verən texniki peşə məktəbləri sisteminin inkişaf etdirilməsi ən perspektivli formalardan biridir. Texniki peşə məktəbləri öz şagirdlərində yüksək istehsalat - texnika mədəniyyəti tərbiyə etməklə yanaşı, onların geniş ümumtəhsil hazırlığını da təmin etməyə borcludur.

Son iki ildə respublikada 19 məktəb yaradılmışdır. Həmin məktəblərdə 9 min adam ixtisasa yiyələnir və orta təhsil alır. 1975-ci ildə bizdə 48 texniki peşə məktəbi yaradılmalı və bu məktəblərdə 40 mindən çox adam təhsil almalıdır.

...İctimai elmlərin öyrənilməsi gələcək mütəxəssisin ideyaca mətinləşməsində və təşəkkülündə ciddi rol oynayır. İctimai elmlər sahəsində çalışan bir çox müəllim mühazirələri, seminar məşğələlərini yüksək səviyyədə keçirir, öyrənilən fənni həyatla, mütəxəssislər hazırlanması profili ilə bağlayır, bu işi tələbə gənclərin tərbiyəsi ilə bacarıqla əlaqələndirir.

Eyni zamanda ali məktəblərdə, texnikumlarda və məktəblərdə ictimai fənlərin tədrisində ciddi nöqsanlar da vardır. Ötən dərs ilində gündüz şöbələrinin 2.495 tələbəsi yay imtahan sessiyasında ictimai elmlərdən qeyri-kafi qiymət almışdır. Axşam şöbələrində və qiyabi şöbələrdə təhsil alan tələbələrin ictimai elmlər, o cümlədən başqa fənlər üzrə bilik səviyyəsi aşağıdır.

Bir çox orta ixtisas məktəbində ictimai elmlər və başqa elmlər üzrə müvəffəqiyyət göstəriciləri qeyri-qənaətbəxşdir.

Tədrisin aşağı səviyyədə olması, tərbiyə işinin başlı-başına buraxılması, məsələn, S.M.Kirov adına Bədən Tərbiyəsi İnstitutunda dövlət imtahanlarında özünü aydın göstərmişdir. Onu demək kifayətdir ki, bu il dövlət imtahanlarına buraxılan 280 tələbənin 43 nəfəri və ya hər 7 tələbədən biri kəsilmişdir. Bir sıra tələbələrin cavabları onların adi məsələlərdən xəbərsiz olduqlarını göstərmişdir.

...Bir sıra digər ali və orta ixtisas məktəblərində də tərbiyə işinin daha da yaxşılaşdırılmasına ehtiyac vardır. Tələbələr arasında bəzən ideyaca yetkin olmamaq hallarına və əxlaq normalarına zidd hərəkətlərə təsadüf edilir. Bəzi tələbələr ictimai işə biganə yanaşır, əməyə hörmət bəsləmir, öz vəzifələrini başa düşmürlər.

Məsələn, tələbələrin bir qisminin təhsilini bitirib təyinat aldıqdan sonra işləməli olduğu yerə getməkdən boyun qaçırması bunu sübut edir. Ötən beşillikdə ali məktəblərin 2.534 məzunu təyinat aldığı yerə - respublikanın ümumtəhsil məktəblərində işləməyə gəlməmişdir. Son 3 ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən 195 məzunun yalnız 46 nəfəri respublikanın rayonlarına göndərilmiş, məzunların cəmi 10 nəfəri təyinat aldığı yerdə işləməyə gəlmişdir. Halbuki, yerlərdəki musiqi məktəblərinin müəllimlərə böyük ehtiyacı vardır.

Bununla yanaşı, respublikanın bir çox nazirliklərində və idarələrində pedaqoji və başqa ali məktəblərin məzunları texniki və digər ikinci dərəcəli vəzifələrdə çalışırlar. Onlar özlərinin yüksək vəzifəli himayədarlarının sayəsində Bakıda məskən salmışlar. Bu vəzifəli şəxslər gənc mütəxəssislərdən istifadə olunması haqqında dövlətin müəyyən etdiyi qaydanı pozaraq onları işə götürmüşlər.

Biz bu işdə möhkəm qayda yaratmalı, ona nail olmalıyıq ki, ali və orta ixtisas təhsili məktəblərinə rəhbərlik edən nazirliklər və idarələr ali məktəbin, texnikumun, məktəbin hər bir məzununun iş yerinə gəlməsi üçün məsuliyyət daşısınlar. Bununla yanaşı, qanunu pozan, başqa şəhərlərə və rayonlara təyinat almış ali məktəb məzunlarını işə götürən "xeyirxah" rəhbər işçiləri ciddi məsuliyyətə cəlb etmək lazımdır.

...Demək lazımdır ki, bu yaxınlaradək respublikada ali məktəblərdə qəbul imtahanlarının məktəblərdə düzgün, obyektiv keçirilməsinin ictimai-siyasi əhəmiyyəti lazımınca qiymətləndirilmirdi. Bu iş düşünülmədən və qeyri-mütəşəkkil aparılırdı, çox vaxt imtahan və qəbul komissiyalarının tərkibinə səriştəsiz, bəzən də natəmiz adamlar daxil edilirdi. Onlar tam nəzarətsizlik üzündən, bəzən də ali məktəblərin ayrı-ayrı rəhbərlərinin köməyi sayəsində özlərinin vəziyyətindən sui-istifadə edib müəyyən olunmuş qəbul qaydasını pozur, çox vaxt bunun üçün rüşvət alırdılar.

Azərbaycan KP MK belə bir vəziyyətə dözə bilməzdi. MK imtahanların hazırlanması və keçirilməsi üçün ali məktəb rektorlarının partiya təşkilatları katiblərinin, Ali və Orta İxtisas Təhsili Nazirliyi rəhbərlərinin şəxsi məsuliyyətini artırmaq üçün tədbirlər gördü, bu işi nəzarət altına aldı.

Qəbul imtahanlarının keçirilməsində qayda yaradılması, abituriyentlərin biliyinin obyektiv qiymətləndirilməsi öz nəticəsini verdi: tələbələrin ictimai tərkibi yaxşılaşdı, indi bir qayda olaraq, ali məktəblərə və texnikumlara doğrudan da tələb edilən biliklərə malik olan oğlan və qızlar daxil olurlar. Lakin bu işdə qaydanın pozulması, sui-istifadə və prinsipsizlik hallarını tamamilə ləğv etmək üçün hələ çox iş görülməlidir.

...Azərbaycan Dövlət Universitetində və bəzi başqa ali məktəblərdə dərslərin rus dilində keçildiyi şöbələrdə müəllimlər arasında rus dilini pis bilənlərə təsadüf edilir ki, bu da gələcək mütəxəssislərin hazırlanması işinin keyfiyyətinə mənfi təsir göstərir.

Politexnik İnstitutu, Lenin adına və Axundov adına pedaqoji institutları orta qiymətlərlə bitirmiş olan və hazırda bu institutlarda dərs deyən müəllimlər tələbələrə nə kimi bilik verə bilərlər?

Azərbaycan KP MK belə hesab edir ki, Ali və Orta İxtisas Təhsili Nazirliyi, ali məktəblərin rektorluqları və partiya təşkilatları bu məsələləri dərindən araşdırmalı, ali məktəbləri səriştəsiz, təsadüfi, ficdansız adamlardan xilas etməlidirlər.

Müsabiqələr və attestasiyalar müəllimlərin tərkibini möhkəmlətmək və yaxşılaşdırmaq üçün təsirli formalardan biridir. Bu işdəki formalizmə və qaydaların açıqca pozulması hallarına son qoymaq lazımdır. Sirr deyil ki, çox vaxt müsabiqələr haqqında yalnız zahiri rəsmiyyət xatirinə məlumat verilir, əslində isə namizədlərin məsələsi qabaqcadan həll edilir. Bəzi ali məktəblərdə illərlə attestasiya keçirilmir. Keçirildikdə də çox vaxt bu və ya digər müəllimin işinə obyektiv qiymət verilmir.

Kafedraları keyfiyyətcə təzələmək və möhkəmlətmək üçün müsabiqələrdən və attestasiyalardan lazımınca istifadə etmək, ali məktəblərin qapılarını yalnız həqiqətən layiq olanların üzünə açmaq lazımdır.

Ali və Orta İxtisas Təhsili Nazirliyi, bir çox ali məktəblərin və elmi tədqiqat institutlarının rəhbərləri əvəzçiliyi məhdudlaşdırmaq haqqında müvafiq qərarlardan irəli gələn vəzifələri hələ heç də tamamilə yerinə yetirməmişlər. Bir sıra hallarda əvəzçiliklə işləməyin dövlət nöqteyi-nəzərindən məqsədə uyğun olub-olmadığını nəzərə almadan ona icazə verilir. Əvəzçilik gənc elmi kadrların və müəllim kadrlarının irəli çəkilməsinə çox zaman əngəl törədir, ayrı-ayrı alimlərin bu və ya digər elm sahələrini inhisara götürməsinə doğru aparır...

 

"Azərbaycan müəllimi",

3 noyabr 1971-ci il, 88

 

Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.3.