Yubiley təbrikləri

"Azərbaycan müəllimi" qəzeti redaksiyasına

 

Hörmətli qələm dostlarımız!

Mətbuat ailəmizin ən qocaman üzvlərindən biri "Azərbaycan müəllimi" qəzeti 80 yaşının qovuşacağındadır. Bu münasibətlə sizləri və yaradıcı kollektivinizin şəxsində bütün pedaqoji ictimaiyyəti təbrik edirik.

"Azərbaycan müəllimi" sahə qəzetidir. Belə desək, ilk növbədə çoxsaylı təhsil işçilərimizin tribunasıdır. Lakin bu tipologiyadan olan digər kütləvi informasiya vasitələrindən əsaslı fərqi cəmiyyətdə daha geniş yayılmasında və onlara nümunə olmasındadır. Başqa cür fikirləşmək də məntiqi olmazdı. Axı, "Azərbaycan müəllimi"nin istinadgahı olduğu peşə sahibləri cəmiyyətimizin həm də ən hörmətli üzvləri sayılırlar. Digər peşə sahibləri harada çalışmalarından, yaşından, mövqeyindən asılı olmayaraq, daim müəllim sözünə mənəvi ehtiyac duyurlar. 80 yaşlı yubilyar on illər ərzində bu missiyanın ləyaqətli daşıyıcısı imicini qazanıb.

Milli mətbuatımızın 138 illik tarixində yüzə doğru yol gedən qəzet və jurnallarımızı barmaqla saymaq mümkündür. "Azərbaycan müəllimi" də onların cərgəsindədir. Qəzet 80 ildə düşünən beyinlərin, zəka sahiblərinin, xalqın hörmət bəslədiyi insanların tribunası olub. Keçdiyi şərəfli yolda Azərbaycan müəlliminin fikir və duyğularının ifadəçisinə çevrilib. Yalnız uğurlardan yazmaqla, təhsilimizin inkişafından bəhs etməklə kifayətlənməyib. Problemlərdən, bunların həlli yollarından söhbət açıb. Fikrimizcə, "Azərbaycan müəllimi"nin uzun illər nəşr oluna bilməsinin bir səbəbi də oxucu məhəbbətini qazanması, ölkənin çoxminli təhsil işçilərinin stolüstü nəşrinə çevrilməsidir. Çünki xalqımız müəllimləri çox sevir, onların ehtiramını həmişə yüksək tutur.

Cəmiyyətimizin öndə gedən təbəqəsi sayılan ziyalılarımız, müəllimlərimiz də ilk nömrələrindən başlayaraq onları ölkənin təkcə təhsil həyatı ilə deyil, həm də ictimai-siyasi gündəminin ən mühüm hadisələri ilə tanış edən, təhsilimizin bütün səviyyələrində gedən proseslərin salnaməsini yaradan, həmişə öz fəaliyyətində mətbuatın təməl prinsiplərini rəhbər tutan "Azərbaycan müəllimi" qəzetini çox sevirlər.

Hər hansı nəşrin cəmiyyətdə müsbət imic, rəğbət qazanmasında, şübhəsiz, onun yaradıcı kollektivinin mühüm rolu vardır. Bu baxımdan, möhtərəm Prezidentimiz İlham Əliyevin "Azərbaycan müəllimi"nin 70 illik yubileyində redaksiya kollektivinə ünvanladığı təbrik məktubunda qeyd olunduğu kimi, qəzet təhsil sahəsi üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamış, burada bütün dövrlərdə yüksək peşəkarlığa və əxlaqi-mənəvi keyfiyyətlərə malik, ürəkləri Vətən, xalq sevgisi ilə dolu olan insanlar çalışmışlar. İndi də "Azərbaycan müəllimi"nin yaradıcı kollektivi kütləvi informasiya vasitələri bolluğunda qəzetin müsbət ənənələrini yaşatmaq, onu müasir oxucularının tələblərinə cavab verən məzmun və formada nəşr etmək, ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlara, aparılan nəhəng quruculuq işlərinə mətbu söz vasitəsi ilə dəstək vermək, eyni zamanda bu gün də aktuallığını saxlayan maarifləndirmə işi aparmaq üçün bütün səylərini ortaya qoyur.

Qəzet ilk illərdə formalaşan ənənələrinə uyğun olaraq indi də səhifələrində ölkəmizin tanınmış təhsil, elm, mədəniyyət adamlarının, ictimai-siyasi xadimlərin yazılarına geniş yer verir. Pedaqoji ictimaiyyəti daha çox maraqlandıran məsələləri peşəkarcasına işıqlandırır. 80 yaşdan həm də mətbu nəşrin salnaməsi boylanır. Onun səhifələrinə nəzər salanda göz önündə akademik Mehdi Mehdizadə, görkəmli alimlər Bəşir Əhmədov, Zahid Qaralov, Yəhya Kərimov, xalq müəllimləri Zahid Şöyübov, Zərbəli Səmədov... kimi pedaqoqlar bir daha xatırlanır.

Bu gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın bütün zəruri tələblərinə cavab verir, öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanır. Qəzet məzmun zənginliyi, mövzu rəngarəngliyi və dizayn baxımından da diqqəti cəlb edir. "Azərbaycan müəllimi"nin hazırda yüksək tirajla nəşr edilən mətbu orqanlarından biri olmasını da ona böyük ictimai marağın nəticəsi kimi dəyərləndirmək mümkündür.

Əziz dostlar, Sizləri bir daha "Azərbaycan müəllimi"nin 80 yaşı münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

Azərbaycan müəllimi.- 2014.- 31 yanvar.- S.3.