Gənc musiqiçilərin I

Respublika Festivalı keçirilib

 

Aprelin 6-da Bakı Musiqi Akademiyasında (BMA) "Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında" mövzusunda I Respublika Festivalının açılış mərasimi olub.

Festival dahi bəstəkarın anadan olmasının 130, BMA-nın 95 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 35 illiyinə həsr edilib.

Əvvəlcə BMA nəzdindəki məktəb-studiyanın şagirdlərinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

BMA-nın rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək xatırladıb ki, ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi Azərbaycan bəstəkarı, milli professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabr Azərbaycan Musiqisi Günü elan edilib. F.Bədəlbəyli milli musiqimizin və onun əsasını təşkil edən muğamın qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb, milli lad sisteminin öyrənilməsinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Milli Məclis sədrinin müavini Bahar Muradova açılış mərasimində çıxış edərək dedi ki, biz bu gün Azərbaycanın ən gözəl musiqi məbədindəyik. Bu məbəddə dahilərimizin, milli musiqimizi dünyaya tanıdan müdriklərimizin ruhları, Üzeyir Hacıbəylinin ruhu var.

Festivalın əlamətdar hadisələrə həsr edildiyini söyləyən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb. Nazir müavini bildirib ki, festival musiqimizə, mədəni irsimizə olduqca böyük töhfədir. Azərbaycan xalqı özünü xoşbəxt hiss etməlidir ki, onun belə bir dərin və mənalı mədəni irsi var. Bu irsin nümunəsi bizim musiqimizdir.

Ölkəmizdə mədəni irsin qorunması istiqamətində görülən işlərdən söz açan nazir müavini deyib ki, bu gün Azərbaycanda milli musiqimizin inkişafı və təbliği istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə, eləcə də Heydər Əliyev Fondu tərəfindən mühüm layihələr reallaşdırılır. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizin musiqi inciləri UNESCO-nun dünya irs siyahısına daxil edilib.

Firudin Qurbanov qeyd edib ki, belə festivallar istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Məhz buna görə də Təhsil Nazirliyi hər zaman belə tədbirləri dəstəkləyir və biz bu işi davam etdirəcəyik. İnanıram ki, bu festival yeni istedadlı musiqiçilərin gələcək inkişafına böyük dəstək olacaq.

Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, xalq artisti Ramiz Quliyev musiqi sənətinin inkişafında elmi-tədqiqat işlərinin və musiqi nəzəriyyəsinin böyük rolundan danışıblar.

Festival münasibətilə "Üzeyir Hacıbəylinin elmi sistemi əsasında milli lad təfəkkürünün inkişaf proqramı" nəşr edilib. Bu nəşrin müəllifləri Fərhad Bədəlbəyli və Tərlan Seyidovdur.

Sonra "Xor" nominasiyasında kollektivlərin çıxışları olub.

Festivalın münsiflər heyətinə xalq artistləri Arif Məlikov, Fidan və Xuraman Qasımovalar, Ramiz Quliyev, digər tanınmış musiqiçi və ifaçılar daxildir. Onlar festival iştirakçılarının bəstəkarlıq, xor, fortepiano, vokal, xalq instrumental musiqi ifaçılığı və başqa nominasiyalar üzrə çıxışlarını qiymətləndirəcəklər.

Festivalda iştirak etmək üçün Gəncə, Ağdaş, Ağsu, Ağdam, Bərdə, Neftçala və digər regionlardan 200-dən çox gənc musiqiçi və ifaçı paytaxta gəlib.

Bu festivalın keçirilməsindən məqsəd ənənəvi major-minor sistemi ilə yanaşı, Azərbaycan milli lad sisteminin daha dərindən mənimsənilməsinə kömək etməkdir.

Aprelin 10-da festivala yekun vurulub.

 

Azərbaycan müəllim.- 2015.- 11 aprel.- S.2.