Yeni uşaq ədəbiyyatının

yaradılması tarixi zərurətdir

 

Qloballaşan müasir dünyada, elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi indiki zamanda uşaq və gənclərin, o cümlədən kiçikyaşlı məktəblilərin yaş xüsusiyyətlərinə, onların milli-mənəvi və ümumbəşəri ruhda tərbiyələnmələrinə, mənən zəngin və vətənpərvər böyümələrinə müsbət təsir göstərəcək yeni bədii əsərlərin yazılmasına böyük ehtiyac vardır. Nəzərdə tutulmuş məsələnin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 16 dekabr 2014-cü il tarixli əmr imzalanmış,  "Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri" mövzusunda müsabiqənin keçirilməsi gündəmə gətirilmişdir. Başlıca məqsəd ümumtəhsil məktəblərində təhsil alan kiçikyaşlı şagirdlər üçün yeni bədii əsərlərin yazılmasına ziyalıların, yazıçı və şairlərin marağını artırmaq,  uşaqlarda mütaliəyə sevgimaraq yaratmaq, milli-mənəvi dəyərlərə hörmət hissləri aşılamaqdır.

Danılmaz həqiqətdir ki, XXI əsrin təhsil sistemi keçmiş təhsil sistemlərindən fərqli olaraq bizim hər birimizdən yeni təfəkkürlə işləməyi, öyrənməyi və öyrətməyi tələb edir. Bu gün savadlı, elmli, hərtərəfli biliyə, elmi-texniki tərəqqinin nailiyyətlərinə sahib olmadan heç bir uğur qazanmaq olmaz.

Sevindirici haldır ki, son bir neçə ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təhsil sisteminin yeniləşməsi ilə bağlı xeyli uğurlu layihələr həyata keçirilmişdir. Bütün bunlar, o cümlədən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qarşıya qoyduğu vəzifələr bizim hər birimizi daha məsuliyyətli olmağa istiqamətləndirir.

Hamımıza məlumdur ki, XIX əsrin sonunda və XX əsrin əvvəllərində Azərbaycanın qabaqcıl ziyalılarının apardıqları ardıcıl mübarizə nəticəsində ictimai həyatın bütün sahələrində bir mədəni canlanmaintibah  yaranmış, mühüm dəyişikliklər baş vermiş, incəsənət, mədəni- maarif ocaqları, millidemokratik mətbuat genişlənmiş, tərəqqipərvər ziyalıların sayı artmışdır.

Həmin dövrdə müəllimlər, yazıçılar, ictimai xadimlər və mətbuat ətrafına toplaşan ziyalılar əllərindən gələni əsirgəmirdilər. Bu işdə N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyli, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların misilsiz xidmətləri olmuşdur. Ziyalıları düşündürən vacib məsələlərdən biriyeni tələblər səviyyəsində uşaq əsərlərinin yaradılması idi. Onların bu ciddi mübarizəsi və səyləri nəticəsində bir-birinin ardınca "Dəbistan" (1906-1908),  "Rəhbər" (1906-1907), "Məktəb" (1911-1920), 1927-ci ildən nəşrə başlamış "Pioner", sonralar "Günəş" "Göyərçin" və digər adlarla nəşr olunan jurnallar, həmçinin "Savalan"qəzeti uşaqlar üçün yazılmış əsərlərin təbliğində əsas rol oynamışdır.

Bu gün kiçikyaşlı məktəblilər üçün yeni bədii əsərlərin yazılması çox vacibdir. Biz uşaqlara gözəl mənəvi dəyərləri internet şəbəkələrindəki proqramlarla yox, milli keyfiyyətləri özündə əks etdirən kitablarla  öyrədə bilərik. Kiçikyaşlı uşaqlar üçün əsərlər yazmaq nə qədər çətindirsə, bir o qədər də şərəflidir.

Ümidvarıq ki, yazıçılar, şairlər, dramaturqlar, bir sözlə, ziyalılar Təhsil Nazirliyinin bu gözəl təşəbbüsünə qoşulacaqlar. Az bir zamanda yeniləşməkdə olan Azərbaycanımızın uşaqlarının ruhuna, zövqünə, yaş xüsusiyyətlərinə, xüsusən soykökümüzə, milli dəyərlərimizə və ümumbəşəri dəyərlərə hörmət ruhunda yeni əsərlər yazacaqlar. Bu əsərlər hesabına məktəb kitabxanaları zənginləşəcək, uşaqlarımızın milli kökə qayıdışı güclənəcək.

Əziz yaradıcı ziyalılar, gəlin biz də balalarımıza qiymətli xəzinə - sərvət sayılan kitablar bəxş edək!

 

Əyyub ƏBDÜLƏZİMOV,

Şuşa Rayon Təhsil Şöbəsinin aparıcı

məsləhətçisi, əməkdar müəllim

 

Azərbaycan müəllimi.- 2015.- 18 aprel.- S.11.