Riyaziyyatdan nümunəvi dərs

 

V SİNİF

 

RİYAZİYYAT FƏNNİ

Sevda PAŞŞANOVA,

Bakı şəhəri 23 nömrəli tam orta

məktəbin  riyaziyyat müəllimi

 

Mövzu: Çoxluqlar

Standart: 1.1.4. İki sonlu çoxluğun birləşməsini və kəsişməsini tapır

Təlim məqsədi: Müəyyən qanunauyğunluqlar seçməklə çoxluqlar yazır.

- Çoxluğa daxil ola bilən və olmayan elementləri müəyyən edir.

- İki çoxluğun kəsişməsini və birləşməsini onları təşkil edən elementlərə görə müəyyən edir.

- İki çoxluğun kəsişməsini Venn diaqramı ilə təqdim edir.

İnteqrasiya:  Azərbaycan dili, həyat bilgisi, texnologiya.

Təlim  forması:  Kiçik qruplarla iş.

Təlim üsulları: "Beyin həmləsi", müzakirə.

Resurslar: İKT, iş vərəqi, şəkillər, dərslik.

Vaxt bölgüsü: Motivasiya - 5 dəq.

Tədqiqat sualı və problemin həlli -  10 dəq.

Təqdimat - 12 dəq.

Məlumatın müzakirəsi - 5 dəq.

Nəticə və ümumiləşmə - 5 dəq.

Yaradıcı tətbiqetmə - 3 dəq.

Ev tapşırığının verilməsi - 2 dəq.

Qiymətləndirmə və refleksiya  - 3 dəq.

Dərsin gedişi: Salamlaşma. Əvvəlki dərsin qısa sual-cavabla təkrarı.

Motivasiya: Problemin qoyulması.

Müəllim: Motivasiya şəkillər vasitəsilə qurulur. Şagirdlərə aşağıdakı şəkilləri göstərib suallar verirəm.

- Siz bu şəkilləri necə başa düşürsünüz? Bu şəkillər nəyi ifadə edir?

Cavablar:

{1,2,3,4,5,6,7,8,9,10,11,.....}  Ədədlər çoxluğu.

{a,ı,o,u,e,ə,i,ö,ü}  Sait hərflər çoxluğu.

Tədqiqat sualı: İki çoxluğun birləşməsi və kəsişməsi nədir?

Müəllimin şərhi: Dərs haqqında qısa şərh verirəm:

İki çoxluqdan heç olmazsa birinin elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların birləşməsi deyilir. Məsələn, yaşıl, qırmızı və göy rəngin birləşməsi nədir?

Şagirdlər cavab verirlər: bayraq

 İki çoxluğun ortaq elementlərindən təşkil olunmuş çoxluğa bu çoxluqların kəsişməsi deyilir.

A={2,4,6,8,10,12},  B={3,6,9,12,15}

A∩B={6.12}

 Tədqiqatın aparılması:  Bu mərhələdə şagirdlərə iş vərəqlərini paylayıram.

İş vərəqi 1.

1. 50-dən kiçik natural ədədlər çoxluğuna daxil olan, 5-ə bölünən ədədlər çoxluğunu, 3-ə bölünən ədədlər çoxluğunu, həm 3-ə, həm də 5-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə təqdim edin.

2. Sinifdəki şagirdlərin 18 nəfəri ingilis, 12 nəfəri alman dilini öyrənir. Bu şagirdlərin 6 nəfəri həm ingilis, həm də alman dilini öyrənir. Sinifdə neçə şagird var?

İş vərəqi 2.

1. İkirəqəmli natural ədədlər çoxluğuna daxil olan, 10-a bölünən ədədlər çoxluğunu, 15-ə bölünən ədədlər çoxluğunu, həm 10-a, həm 15-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə təqdim edin.

2. Sinifdəki şagirdlərin 15-i riyaziyyat, 10 nəfəri tarix fənni üzrə dərnəklərə gedir. Bu şagirdlərin 7 nəfəri həm riyaziyyat, həm tarixə gedir. Sinifdə neçə şagird var?

İş vərəqi 3.

1. 30-dan böyük, 50-dən kiçik olan, 2-yə bölünən ədədlər çoxluğunu, 3-ə bölünən ədədlər çoxluğunu, həm 2-yə, həm də 3-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə təqdim edin.

2. Sinifdə 30 şagird var. Bunlardan 18-i futbola,16-sı voleybola gedir. Neçə şagird həm futbol, həm də voleybola gedir?

İş vərəqi 4.

1. 30-dan kiçik natural ədədlər çoxluğuna daxil olan, 2-yə bölünən ədədlər çoxluğunu, 5-ə bölünən ədədlər çoxluğunu, həm 2-yə, həm də 5-ə bölünən ədədlər çoxluğunu Venn diaqramı ilə təqdim edin.

2. Sinifdə 25 şagird var. Bunlardan 15-i riyaziyyat,13-ü isə ədəbiyyat dərnəyinə gedir. Neçə şagird hər iki dərnəyə gedir?

İnformasiya mübadiləsi:  Bu mərhələdə hər qrupdan bir nümayəndə qrup işini təqdim edir.

İnformasiya müzakirəsi: Şagirdlərə bu gün öyrəndikləri haqqında suallar verirəm:

1. İki çoxluğun birləşməsi və kəsişməsi nədir?

2. Çoxluqların birləşməsi və kəsişməsini Venn diaqramı ilə necə göstərmək olar?

Nəticə və ümumiləşmə:  Tədqiqat sualına nəzər salaraq çoxluqlar haqqında öyrənilən bilikləri ümumiləşdiririk.

Ev tapşırığı:  (yaradıcı tətbiqetmə) Ev tapşırığı olaraq daha çox şagirdlərdə yaradıcılıq qabiliyyətinin üzə çıxarılmasına kömək edən tapşırıqlar verirəm. Böyütmək üçün seçin

1. Azərbaycan ərazisindən keçən çay adlarından ibarət 4 elementli çoxluq yazın.

2. Şagirdlərə çoxluqların birləşməsi və kəsişməsini gündəlik həyatımıza tətbiq edərək bir neçə nümunə göstərmək tapşırıram.

Qiymətləndirmə: Qiymətləndirməni iki cür edirəm. Həm qrup işini, həm də fərdi qiymətləndirmə aparıram.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.11.