Gənc istedad yeni bəstələr üzərində çalışır

 

Kamil Cəfərov Fizuli rayonunda anadan olub. 1993-cü ildə o, məcburi köçkün kimi Bakının Nərimanov rayonunda məskunlaşıb. 1999-cu ildə isə Bakıdakı 39 nömrəli tam orta məktəbin I sinfinə qəbul olub. Uşaqlıqdan musiqiyə marağı olduğu üçün 2003-cü ildə Kamil Səttərxan adına zavodun Mədəniyyət və Texnika Sarayının nəzdində muğam ixtisası üzrə tam kursu bitirib.

2005-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin xanəndəlik sinfinə daxil olan gənc istedad oxuduğu müddətdə məktəbdə keçirilən tədbirlərdə, festivallarda həvəslə iştirak edərək müəllimlərinin rəğbətini qazanıb. 2005-ci ildə Moskvada Kremlin Qurultaylar Sarayında keçirilən "Azərbaycan günləri" çərçivəsində konsertdə uğurlu çıxışı ilə seçilib. O, Gürcüstanda I İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən festivalda laureat, dahi vokalçı Bülbülün anadan olmasının 100 illik yubileyinə həsr olunmuş festivalda isə qalib adını qazanıb. 2009-cu ildə Kamil "Xalq ulduzu" müsabiqəsində iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən musiqi ifaçılarının müsabiqəsində I yerə layiq görülüb. 2010-cu il gənc musiqiçi üçün daha əlamətdar olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olaraq tələbə adını qazanıb. Hazırda o, muğam ixtisası üzrə xalq artisti Canəli Əkbərovdan dərs alır. 2012-ci ildə Slovakiyada keçirilən XXXIII beynəlxalq folklor festivalında Azərbaycanı uğurla təmsil edib.

Kamil Cəfərov qocalar və uşaq evlərində xeyriyyə konsertlərində öz ifası ilə tamaşaçılarda xoş ovqat yaradıb. Onun "Ayrılmaq istəyirəm", "Sevəcəyəm", "Qayıt gəl", "Mənalı günlər" mahnıları könül oxşayır və tamaşaçılar tərəfindən sevilir. İstedadlı tələbə yeni bəstələr üzərində səylə çalışdığını da söyləyir.

Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Kamil Cəfərov 2014-cü ildə beynəlxalq səviyyəli tədbirlərdə əldə etdiyi uğurlara görə fəxri fərmanla təltif edilib.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.10.