Prezident təqaüdçüsü "Qran-pri"

mükafatına layiq görülüb

 

 Deyirlər,  xoş xəbər quş qanadlı olur. Tez bir zamanda insanların könlünə yol açır. Leylanın da "Qran-pri" mükafatına layiq görülməsi xəbərindən  Bülbül adına Orta İxtisas Musiqi  Məktəbində tez xəbər tutdular. Məktəbin fortepiano ixtisası üzrə müəllimi, əməkdar müəllim Dilarə Mirzəquliyevanın, skripka üzrə müəllim Fatimə İdyatulinanın sevincinə səbəb olub. Çünki Leyla onların  yetirməsi  idi. Onlar   istedadlı yeniyetmənin  hər uğurunu eşidəndə bax beləcə fəxarət hissi keçirirdilər.

Qeyd edək ki, 13 aprel 2015-ci il tarixində Estoniyanın Tallin şəhərində gənc pianoçu, violin, violonçel ifaçılarının "Young musician Tallin  2015" adlı Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqənin fortepiano nominasiyasında  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin VIII sinif şagirdi,  beynəlxalq  müsabiqələr laureatı  Leyla Zeynalova Azərbaycanı layiqincə təmsil edib. Belə ki, o, həmin tədbirdə  beynəlxalq   müsabiqənin "Qran-pri" mükafatına layiq görülüb. Bundan başqa, münsiflər heyətinin qərarına əsasən o, dahi alman bəstəkarı İ.S.Baxın əsərini yüksək  səviyyədə ifasına görə  2 xüsusi prizlə mükafatlandırılıb. Tallində keçirilən bu müsabiqə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısına daxildir.

Leyla Zeynalovanın builki uğurları bununla bitmir. O, fevral ayında Estoniyanın Narva şəhərində keçirilən  X Beynəlxalq Şopen müsabiqəsində  10 Avropa ölkəsindən olan 65 iştirakçı arasında öz yaş qrupu üzrə  II yeri tutub. Aprel ayında isə Gürcüstanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən  "Gələcəyin ulduzları" adlı layihə çərçivəsində Tbilisi Dövlət Konservatoriyasının "Grand Hall" zalında solo proqramla çıxış  edib.

2014-cü ildə festival konsertlərdə, müxtəlif nominasiyalı müsabiqələrdə  qazandığı uğurlara görə ölkə Prezidenti İlham Əliyevin  müvafiq  sərəncamı ilə adı gənc istedadların  "Qızıl kitabı"na daxil edilib o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Musiqi sənətində pillə-pillə yüksələn bu yeniyetməni hələ  qarşıda çoxlu qələbələr, mükafatlar, diplomlar, fəxri adlar gözləyir.

...Bu sözləri  onun qazandığı uğurlarında payı olan sənət adamları - müəllimləri söylədi.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.10.