"Ən böyük arzum milli

rəqslərimizi dünyaya tanıtmaqdır"

 

Zəminə Sadıqzadə 1994-cü ildə Bakıda anadan olub. Bakıdakı 114 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Bakıdakı Xoreoqrafiya Məktəbinə daxil olub. Xalq artisti Yusif Qasımovdan Azərbaycan rəqslərinin incəliklərini öyrənən Zəminə oxuduğu müddətdə Qəmər Almaszadə adına gənc xoreoqrafların müsabiqəsində uğurlu çıxışlarına görə I dərəcəli diplomla mükafatlandırılıb. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə bir çox xarici ölkələrdə, o cümlədən 2008-ci ildə UNESCO-nun xətti ilə Parisdə təşkil olunan "Azərbaycanın xoşməramlı mələkləri" adlı konsertdə, Belçikada keçirilən "Saint-Ghislan" festivalında, Belarusda keçirilən rəqs müsabiqəsində iştirak edərək 26 dövlətin təmsilçiləri arasından seçilərək "Qran-pri" mükafatına layiq görülüb. Onun adı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2008-ci ildə Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, xüsusi aylıq təqaüdə layiq görülüb.

Zəminə hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsidir. Söhbət zamanı Zəminə tələbə olduğu üçün özünü xoşbəxt saydığını bildirdi və dedi:

- Tələbə olmaq hər bir insanın ən ümdə arzularından biridir. Əfsuslar olsun ki, bu arzu hər kəs üçün reallaşmır. Tələbə adını qazandıqdan sonra insanda yeni-yeni arzular baş qaldırır. Və beləcə arzular arzulara calanaraq həyat, ömür yolu öz axarına düşür. Unudulmayan xatirələrin ən çoxu tələbəlik illərinin xoş yaşantılarıdır, - desəm, səhv etmərəm. Məhz bu illərdə ömrün ən şirin çağlarını yaşayırsan. Mən 2013-cü ildə Bakıdakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra həmin il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinin xoreoqrafiya şöbəsinə qəbul oldum. 2015-ci ildə Hindistanda keçirilən Surajkund Craft MEla festivalında uğurlu çıxışıma görə sertifikatla təltif olundum. Dəfələrlə müxtəlif ölkələrdə - ABS-ın paytaxı Vaşinqtonda, Fransada, Sloveniyada, Hollandiyada, Avstraliyada, Türkiyədə, Belarusda, Rusiyada, Belçikada, Hindistanda keçirilən beynəlxalq konsert və festivallarda milli və dünya rəqslərimizi məharətlə ifa edərək Azərbaycanı layiqincə təmsil etmişəm. Ən böyük arzum gələcəkdə milli rəqslərimizi dünyaya tanıtmaq və xoreoqraf kimi fəaliyyət göstərməkdir.

 

Azərbaycan müəllimi.- 2015.- 25 aprel.- S.10.