İnsan kapitalının
inkişafında dünya
təcrübəsi
Ölkəmizin iqtisadi və siyasi
sferasındakı uğurları onun dünya dövlətləri arasında xüsusi çəkisini və mühüm strateji əhəmiyyətini
artırmaqdadır. Dünyada olan 206 ölkədən inkişaf
etmiş 20 ölkənin builki
toplantısına Azərbaycanın da dəvət
edilməsi, bir daha
ölkəmizin strateji əhəmiyyətini
göstərməkdədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
aparılan səmərəli sosial-iqtisadi
siyasət nəticəsində ölkədə yüksək iqtisadi inkişaf təmin edilmiş, əhalinin maddi
rifah halı yaxşılaşmış,
yoxsulluq səviyyəsi minimuma
enmişdir. Ölkəmizdə həyata
keçirilən institusional islahatlar, irimiqyaslı infrastruktur
layihələri Azərbaycanın dünyada
nüfuzunu artırmış, onu regionda lider
ölkəyə çevirmiş və
davamlı inkişaf üçün
əlverişli şərait yaratmışdır.
Təbii ki, ölkənin inkişafı onun geostrateji yerləşimi və təbii resursları ilə birbaşa bağlıdır. Bu gün inkişaf etmiş ölkələrin gücü onların istər iqtisadi-siyasi, istərsə də sosial-mədəni inkişafına təkan verən insan resursu ilə bağlıdır. Ona görə də cənab Prezidentin: “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarı insan resurslarının inkişafının bir daha vacibliyini və əhəmiyyətini göstərməkdədir. İntellektual və bacarıqlı insan resursunun inkişafı isə birbaşa təhsillə bağlıdır. Təhsil prosesinin düzgün təşkili zamanı insan yeni bilik və bacarıq əldə edir və iqtisadiyyatın məhsuldar qüvvəsinə çevrilir. Təhsil sisteminin əsas vəzifəsi ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltməkdən ibarətdir.
Tədqiqatlar göstərir ki, təhsilə əsaslanan insan kapitalı ölkə üçün ən qiymətli resurs olub təbii sərvətlər və maliyyə resurslarından daha əhəmiyyətlidir. İqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətini təmin edən insan kapitalının formalaşdırılması, təhsil sisteminin, o cümlədən bu sistemin lokomotivi rolunu oynayan ali təhsilin əsaslı şəkildə modernləşməsini tələb edir. Hazırda ali təhsilin təkmilləşdirilməsi işi struktur bölmələrinin müasir əmək bazarı şərtlərinə uyğunlaşdırılması və iş dünyasının tələblərinə cavab verə biləcək kadr hazırlığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Ali təhsilli məzunların əmək bazarının istək və ehtiyaclarına uyğun hazırlanması, yüksək ixtisaslı kadr hazırlığını həyata keçirmək və gələcəkdə işsizlik problemi ilə qaşılaşmamaq üçün ali təhsil müəssisələrinin dünya praktikasından nümunələr götürməsini zəruri etmişdir. Bir çox nüfuzlu dünya universitetləri və ali təhsil orqanları məzunlarının əmək bazarı şəraitinə uyğunlaşdırılması istiqamətində xüsusi struktur bölmələr açmışdır.
Məsələn, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun nəzdində 2005-ci ildən etibarən Karyera Mərkəzi yaradılmışdır. Bu mərkəz beynəlxalq profil üzrə hazırlanan mütəxəssislərə və məzunlara həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında işə düzəlmələrinə kompleks şəkildə kömək edilməsinə yönəldilmişdir. Mərkəzdə əmək bazarının monitorinqi həyata keçirilir, tələbə və məzunların işə düzəlmələri məqsədilə əmək bazarının vəziyyəti qiymətləndirilir və burada olan tendensiyalar haqqında məlumatlandırmalar edilir. Eyni zamanda əmək və məşğulluq orqanları ilə vakansiyalar haqqında məlumat və xülasələrin mübadiləsi aparılır, maliyyə, sənaye, xidmət və sosial sahələrdə işləyən təşkilatlarla kadrların hazırlanması və təcrübənin keçirilməsinə dair müqavilələrin bağlanması və s. işlər həyata keçirilir. Karyera Mərkəzinin müraciət etdiyi və birlikdə çalışdığı işəgötürənlər və kompaniyalar arasında Rusiyanın nazirlik və idarələri, o cümlədən məşhur ölkə və beynəlxalq kompaniyalar vardır.
Avropanın ən tanınmış ali məktəblərindən biri olan Liverpul Universiteti də öz tələbə və məzunlarının işlə təmin olunmasında, əmək bazarında bilik və bacarıqlarına uyğun iş tapmalarında maraqlıdır. Liverpul Universiteti Böyük Britaniyanın ən qədim təhsil ocaqlarından biridir. Bu universitetin Karyera və məşğulluq xidməti tələbələrinin əmək bazarında üstünlük qazana bilmələri üçün ekspert məsləhətləri və məlumatlar verirlər. Onun məzunlarına işəgötürənlər tərəfindən daima tələb vardır. Böyük Britaniyanın aparıcı kompaniyaları tələbələr sırasından seçim etmək üçün məhz bu ali məktəbə üz tuturlar. Bu mərkəzin fəaliyyətinə nəzər saldıqda görürük ki, ümumi karyera saytı və Böyük Britaniyada karyera qurmaq məqsədilə ən böyük yaşayış rayonunda iş yerlərini göstərən xəritə hazırlanaraq tələbə və məzunların ixtiyarına verilib. Bununla yanaşı, universitetdə əcnəbi tələbələrin karyera qurması üzrə məsləhətlər verilir, yerli, regional və dövlət tərəfindən işəgötürənlərlə münasibətlər qurmağa imkan verən unikal təcrübə proqramı həyata keçirilir. Buranın məzunu ölkə daxilində, hətta xaricdə həm tam iş günü, həm də yarım iş günü müddəti üçün nəzərdə tutulan vakansiyaların geniş seçimi imkanı əldə edir.
Karyera mərkəzləri təcrübəsi qonşu Türkiyədə də geniş yayılmışdır. Burada yerləşən bir çox özəl və dövlət ali təhsil müəssisələrində məzunların əmək bazarına hazırlanması istiqamətində Karyera Mərkəzi qurulmuşdur. Məsələn, Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Sabançı Universitetində məzun ofisi adlı struktur bölmə vardır. Bu bölmənin əsas fəaliyyəti buradan məzun olan gəncləri əmək bazarı ilə yaxından tanış etmək və iş dünyası ilə universitet arasında sıx əlaqələr quraraq məzunların işlə təminatına köməklik göstərməkdir. Bir başqa nümunəni isə Boğaziçi Universitetindən göstərmək olar. Burada fəaliyyət göstərən Karyera Mərkəzi mütəmadi olaraq əmək bazarında baş verən dəyişiklikləri izləyərək məzunların karyera planlanmasını bu istiqamətdə formalaşdırır. Əgər bu gün əmək bazarının tələbi dəyişirsə, bu universitetin məzunları Karyera Mərkəzi tərəfindən lazımi istiqamətdə inkişaf etdirilir.
Türkiyənin ən böyük və məzunlarının əksəriyyətinin yerli və xarici şirkətlərdə işləyən Fatih Universitetində Karyera Mərkəzi 1996-cı ildən etibarən fəaliyyət göstərir. Burada məzun olacaq tələbələrin fərdi karyera planları qurulur. Daha sonra bu plan əsasında məzunun gələcək karyera strategiyası müəyyən olunur. Buna görə də universitetin məzunları birinci ildən etibarən ixtisası üzrə işlə təmin olunurlar.
Təbii ki, yuxarıda qeyd olunan nümunələr araşdırılıb ölkəmizin ali təhsil sisteminə tətbiq oluna bilər. Bu struktur bölmələrinin fəaliyyəti insan resurslarının inkişafına təkan verməklə yanaşı, ümumən sosial həyatın yaxşılaşmasında da mühüm rol oynayacaqdır. Artıq bir neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə nüfuzlu universitetdə bu struktur bölmələri qurulmuşdur və onların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Lakin ümumilikdə bütün universitetlərdə Karyera Planlama mərkəzlərinin fəaliyyəti təhsil alan və məzun olmuş gənclərin məşğulluq probleminin həlli istiqamətində mühüm rol oynaya bilər. Bu da əmək bazarının istəklərinin nəzərə alınması və ali təhsil zamanı ixtisaslaşmanın optimal planlaşdırılması ilə yanaşı bir sıra ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə təkan verər.
Vüsal RZAYEV,
Qafqaz Universiteti Abituriyent
Mərkəzinin müdiri
Azərbaycan müəllimi.-
2015.- 5 dekabr.- S.7.