“Ən yaxşı müəllim”
müsabiqəsinin qalibi
olmaq hər bir müəllimin arzusudur
Artıq
bir neçə ildir ki, respublikanın
ümumtəhsil məktəbləri və eyni zamanda müəllimlər ölkə başçısı
cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən
keçirilən “Ən
yaxşı ümumtəhsil məktəbi” və “Ən
yaxşı müəllim”
müsabiqələrində iştirak etmək imkanı əldə ediblər. Bir ənənəyə
çevrilən və mütəmadi
olaraq hər il
keçirilən həmin
müsabiqələrdə müvəffəqiyyət qazanan 50
ümumtəhsil məktəbinin hər birinin
10000 (on min), “Ən
yaxşı müəllim” müsabiqəsində qalib gələn
100 müəllimin hər birinin isə
5000 (beş min) manat
birdəfəlik pul mükafatı ilə
mükafatlandırılması müəllim əməyinə, Azərbaycan məktəbinin
inkişafına olan dövlət
qayğısının bariz nümunəsidir.
Bu il də keçirilən müsabiqələr
təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. Azərbaycanın
bütün bölgələrindən olan müəllimlərinin iştirak
etdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin gedişini biz də izləyərək,
iştirakçı müəllimlərin təəssüratlarını
öyrəndik.
Aynurə ORUCOVA,
Gəncə şəhəri 22 nömrəli tam orta məktəbin biologiya müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsi, belə deyək də, yaxşıların yaxşısı olan müəllimlərin seçilməsində, onların ictimaiyyətə daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. İnsan əməyinin qiymətləndirildiyini görəndə öz işinə məsuliyyəti daha da artır. Müsabiqənin təşkili, qiymətləndirilməsi, obyektivliyi şəxsən məndə qalibiyyətə inamı daha da artırır.
Onu da yaxşı bilirik ki, respublikamızda təhsilin inkişafı biz müəllimlərin fəaliyyətindən, üzərimizə düşən vəzifələri necə yerinə yetirməyimizdən asılıdır. Belə bir müsabiqənin keçirilməsini müəllim əməyinə verilən ən yüksək qiymət hesab edirəm.
Sona NURİYEVA,
Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki
fənlər
təmayüllü liseyin Azərbaycan dili və ədəbiyyat
müəllimi
“Ən yaxşı müəllim” müsabiqəsi biz müəllimlərin ürəyincədir. Açığını deyim ki, bütün müəllimlər kimi mən də həmin müsabiqədə iştirak etmək arzusunda olmuşam. Ancaq daha yaxşı nailiyyətlərlə bu yarışmaya qoşulmaq istəyim yalnız bu il fikrimi reallaşdırmaq arzusunu daha da gücləndirdi və müsabiqədə iştirak etmək qərarına gəldim. 25 ildir Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Bu illərdə bir sıra nailiyyətlərim olub. 2008-ci ildə Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşam. Müsabiqənin qalibi olaramsa bu mənim müəllimlik fəaliyyətimin ən unudulmaz bir hadisəsi olacaq.
Tamella HƏMİDOVA,
Oğuz şəhər 2
nömrəli tam orta
məktəbin kimya müəllimi
35 il pedaqoji iş stajına malik müəllim kimi deyə bilərəm ki, işini dövrün tələblərinə uyğun qurmağı bacaran müəllim hər zaman cəmiyyət tərəfindən qəbul olunur, onun fəaliyyəti dövlət tərəfindən qiymətləndirilir. Mənim həyatım da belə xoş, əlamətdar hadisələrlə zəngindir. Dəfələrlə əməyimə müxtəlif səviyyələrdə qiymət verilmiş, fəaliyyətim yüksək dəyərləndirilmişdir. Ən böyük mükafatım isə 2013-cü ildə dövlət başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyimdir. “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmaqla əldə etdiyim uğurlarla kifayətlənmədiyimi, əksinə, mənə olan etimadı hər zaman doğrultmağa hazır olduğumu göstərməkdir.
Gülnar HÜSEYNOVA,
Gəncə
şəhəri 21 nömrəli tam
orta
məktəbin riyaziyyat müəllimi
Mən işlədiyim müddət ərzində bir çox təlimlərdə iştirak etmişəm. 2012-ci ildən fənn kurikulumlarının tətbiqi üzrə təlimçi işləyirəm. 2015-ci ildən respublikanın müxtəlif bölgələrində mentor kimi təlim keçirəm. Təhsildə tətbiq edilən yenilikləri hər zaman izləyir və dərslərimdə müasir təlim metodlarından istifadə edirəm. Daim axtarışda olan yaradıcı bir müəllim kimi dərslərimdə elektron tədris vəsaitlərindən istifadə edərək resurslar hazırlamışam. Özüm bloq səhifə yaratmışam. Umid edirəm ki, müsabiənin bu gün keçirilən 3-cü mərhələsində Təşkilat Komitəsinin qarşısında etdiyim təqdimatda özümün potensial imkanlarımı, bilik və bacarığımı göstərə bildim. Belə bir nüfuzlu müsabiqənin qalibi olmaq ən böyük arzumdur.
Adilə
AŞUROVA,
Qax şəhər N.Allahverdiyev adına 2 nömrəli
məktəb-liseyin informatika müəllimi
Hər bir müəllimin qüruru uğurlu nəticələri ilə təhsil aldığı məktəbə başucalığı gətirən şagirdləridir desəm, məncə yanılmaram. Mən dərs dediyim şagirdlərimlə və vaxtilə şagirdlərim olmuş oğul və qızlarımla fəxr edirəm. Məktəb mənim ikinci evimdir. Müəllim kimi hər zaman öz üzərimdə çalışmışam. Bu müsabiqə biz bölgə təhsil işçilərinə də özlərini bir peşəkar, bacarıqlı müəllim olaraq göstərmək imkanı yaradır. Müsabiqənin artıq 3-cü mərhələsində iştirak edən bir şəxs kimi onu da deyim ki, qiymətləndirmənin tam obyektiv keçdiyini görürəm. İnanıram ki, ölkənin ən layiqli müəllimləri müsabiqənin qalibi olacaq.
Söylü XƏLİLOVA,
Qazax rayon
Daş Salahlı kənd 1 nömrəli
tam orta məktəbin fransız dili müəllimi
33 ildir ki, fənnimi sevə-sevə tədris edirəm. Bu müsabiqədə
artıq ikinci dəfədir ki, iştirak edirəm. Birinci dəfə
2010-cu ildə müsabiqəyə qatıldım və qalib
oldum. Həmin sevinc hisslərini yenidən yaşamaq istəyirəm.
Məhz bu məqsədlə yenidən müsabiqədə
iştirak etmək qərarına gəldim. Onu da deyim ki, yola salmağa
hazırlaşdığımız
2015-ci il mənim üçün uğurlu bir il kimi
yadda qalacaq. Məhz bu il dövlət başçısı cənab
İlham Əliyevin sərəncamı ilə “Tərəqqi”
medalı ilə təltif olunmuşam. Ümid edirəm ki,
“Ən yaxşı müəllim” müsabiqəsində
növbəti dəfə öz müəllimlik fəaliyyətimi,
peşəkarlığımı yüksək səviyyədə
nümayiş etdirəcəyəm.
Heyrət VƏLİYEV,
Gədəbəy rayonu Habil Allahyarov adına
Soyuqbulaq
kənd tam orta məktəbinin coğrafiya müəllimi
Pedaqoji fəaliyyətim
zamanı öz üzərimdə daim işləyərək
biliyimi təkmilləşdirməyə, təhsil sahəsində
tətbiq edilən yenilikləri öyrənib tədris
prosesində tətbiq etməyə çalışıram.
Bu günün müəllimi müasir düşüncəyə,
yaradıcı təfəkkürə malik olmalı,
informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etməyi bacarmalıdır. Mən də öz fəaliyyətimdə məhz bu məsələləri
xüsusi diqqətdə saxlayıram. İlk dəfədir ki,
“Ən yaxşı müəllim” müsabiqəsində
iştirak edirəm. Belə bir nüfuzlu müsabiqədə
iştirak etməyimi müəllimlik
fəaliyyətimdə ən
uğurlu hadisə kimi qiymətləndirirəm. Buraya qatılmağımın özü belə mənim
üçün qürurvericidir. 600 müəllimin içərisindən
seçilərək 3-cü mərhələyə gəlməyim
məndə özümə qarşı bir güvən oyadıb.
Rübail ƏFƏNDİYEVA,
Qax rayonu 4 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi
Bu
müsabiqə, mən deyərdim ki, cəmiyyətdə
müəllimin statusunun və nüfuzunun yüksəlməsində,
dövlətin təhsil siyasətinin həyata keçirilməsində
müəllimin rolunun getdikcə artmasında əhəmiyyətli
rol oynayır. Bəzən bölgə müəllimlərinin
peşəkarlığına, bacarıqlarına bir qədər
tərəddüdlə yanaşan insanlar da olur. Əslində
bu müsabiqə həmin
insanların nə qədər yanlış
düşünmələrinə əyani bir sübutdur. Bütün ölkəni
əhatə edən “Ən yaxşı müəllim”
müsabiqəsi bölgələrdəki müəllimlərlə
paytaxt müəllimləri arasında təcrübə
mübadiləsinə, qabaqcıl tədris
üsullarının yayılmasına imkan yaratmaqla
yanaşı, peşəkarlıq, bilik və bacarıq
baxımından da bizim şəhər məktəblərinin
müəllimlərindən heç də geri
qalmadığımızı göstərməyə şərait
yaradır.
Könül ƏLİYEVA,
Zaqatala
şəhər akademik Zərifə Əliyeva adına texniki
fənlər təmayüllü
liseyin tarix müəllimi
Mən sənətimi
çox sevirəm. Bu sevgi məni daim öyrənməyə və öyrətməyə
yaxşı mənada sövq edir.
“Ən yaxşı müəllim” müsabiqəsinin
qalibi olmaq ən
böyük arzumdur. Bu
müsabiqə biz müəllimlərə
öz yaradıcılıq potensialımızı üzə
çıxarmağa , pedaqoji ustalığımızı
nümayiş etdirməyimizə əlverişli imkan
yaradır. Paytaxt məktəblərinin müəllimləri
ilə yanaşı, bölgələrdə
çalışan müəllimlərin də nəyə
qadir olduqlarını göstərmələri üçün əla bir
şansdır. Artıq müsabiqənin 3-cü mərhələsini
keçmişəm. Son nəticə
yaxın günlərdə
bilinəcək. Özümə və həmkarlarıma
bu müsabiqənin qalibi
olmağı arzu edirəm.
Samirə KƏRİMOVA
Azərbaycan müəllimi.-
2015.- 5 dekabr.- S.9.