Təhsil Nazirliyi cavab verir

           

HÜQUQİ MƏSƏLƏLƏR

 

Sual: Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

 

Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə görə ölkəmizdə təhsilin aşağıdakı formaları tətbiq olunur:

1. formal;

2. qeyri-formal;

3. informal.

Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir.

İnformal təhsil dedikdə özünütəhsil yolu ilə biliklərə yiyələnmənin forması başa düşülür. Qeyri-formal təhsil isə müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.

Həmin Qanunun 13-cü maddəsinə əsasən isə respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:

1. əyani;

2. qiyabi;

3. distant (məsafədən);

4. sərbəst (eksternat).

Sərbəst (eksternat) təhsil dedikdə müxtəlif səbəblərdən ümumi təhsildən kənarda qalan şəxslərə təhsil almaq və ya təhsilalana ümumi təhsilin hər hansı pilləsini vaxtından əvvəl bitirmək hüququ verən təhsilalma formasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na görə distant və eksternat formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamələr  əsasında  həyata keçirilir. Lakin qeyd olunan əsasnamələr bu günədək təsdiq edilməmişdir.

Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

Yuxarıda qeyd olunan təhsilalma formaları çərçivəsində evdə təhsil və fərdi təhsil təşkil oluna bilər.

Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Sual: Təhsil müəssisələrində tədris dili hansı dildir?

Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, xüsusi hallarda (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ya Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşma əsasında) ümumi təhsil müəssisəsində Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris olunmaqla tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

Eyni zamanda Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur.

 

Sual: Müəllimin peşə fəaliyyətində gözləməli olduğu etik davranış prinsipləri hansılardır?

Cavab: Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”na əsasən müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir:

1. Qanunun aliliyi - müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.

2. Vicdanlılıq - müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

3. Peşəkarlıq və fərdi məsuliyyət - müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir.

4. Loyallıq - müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

5. Mədəni davranış - müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

6. Qərəzsizlik - müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.

7. İctimai etimad - müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir.

8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir.

Sual: Hansı hallarda əmək müqaviləsi sınaq müddəti müəyyən edilmədən bağlanılır?

Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsinə görə əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir.

Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.

Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

Aşağıdakı işçilərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir:

- yaşı 18-dən az olan şəxslərlə;         

- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Sual: Etibarnamə nədir və hansı müddətə verilə bilər?

Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

Əməkhaqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər.

Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir.

Teleqrafla, habelə sənədin rabitə işçisi tərəfindən yola salındığı digər rabitə növləri ilə göndərilən etibarnamə rabitə orqanları tərəfindən təsdiqlənir.

Üçüncü şəxslər onların barəsində hərəkətlərin edilməsi üçün verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının vasitəçiliyi olmadan faksimile və digər rabitə vasitəsilə müvəkkilə göndərdiyi etibarnaməni həqiqi saya bilərlər.

Etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.

Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

 

Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsi 

 

Azərbaycan müəllimi.- 2015.- 12 dekabr.- S.6.