Azərbaycan gəncləri dünyanın 379

ən nüfuzlu universitetində təhsil alır

 

Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafında öz sözlərini deyəcəklər. 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Elm Çində də olsa, onun dalınca gedin”. Peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın öz ümmətinə təlqin etdiyi bu prinsip bir tərəfdən zəngin Şərq mədəniyyətinin elmə, təhsilə münasibətini sərgiləyirsə, başqa tərəfdən elmin də, təhsilin də hansısa konkret coğrafiyada məhdudlaşıb qalmayan, insanlar və mədəniyyətlər arasında qarşılıqlı mübadilə tələb edən bir dəyər olduğunu ortaya qoyur.  Çağdaş dünyanın insanları olaraq bu gün biz son dərəcə ziddiyyətli bir dünyada yaşayırıq. Belə bir dünyada ölkələri və cəmiyyətləri bir-birindən ayıran təkcə sərhədlər deyil. İndi dünyanın ən qiymətli sərvəti olan elm, bilik, təhsil toplumları daha çox fərqləndirir. Cəmiyyətlərin bu sahəyə indiki münasibətindən asılı olaraq onların gələcək həyatının mənzərəsini cızır. Bəs bu mənzərədə gələcəyin Azərbaycanı necə görünür?! Fikrimizcə, bu suala ən obyektiv cavab Azərbaycan dövlətinin təhsil sahəsinə diqqət və qayğısıdır. Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması üçün yaradılan şəraitdir. 

 

Faktlara ani nəzər salaq: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində son 8 il ərzində 3558 nəfər xaricdə təhsil almaq hüququ qazanıb. Bu il isə Proqram üzrə 373 nəfər xaricdə təhsil almaq hüququ əldə edib. Tələbələr 32 ölkənin 379 ən nüfuzlu universitetində təhsil alırlar. Onlardan 1032 nəfəri Birləşmiş Krallığın, 767 nəfəri Türkiyənin, 441 nəfəri Almaniyanın, 242 nəfəri Kanadanın, 181 nəfəri Niderland Krallığının universitetlərində ixtisaslara yiyələnirlər. Proqram çərçivəsində ali təhsilin prioritet istiqamətləri üzrə 923 nəfər tibb, 847 nəfər iqtisadiyyat, 348 nəfər informasiya texnologiyaları, 337 nəfər mühəndislik, 221 nəfər sosialhumanitar elmlər üzrə oxuyurlar. Tələbələrin 1526 nəfəri magistratura, 1044 nəfəri bakalavr, 547 nəfəri rezidentura, 168 nəfəri doktorantura, 213 nəfəri baza ali tibb təhsili səviyyələri üzrə təhsil alırlar. Bu günədək 1000-ə yaxın tələbə artıq məzun olub. Sonuncu Dövlət Proqramı təqaüdçülərinin 2021-ci ildə məzun olması gözlənilir, onlar da tibb təhsili alan gənclərdir. Hazırda məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.

Düşünürük ki, gələcəyin Azərbaycanının aydın mənzərəsini yaradan son dərəcə önəmli amillərdən biri də Azərbaycan gəncliyinin onların üzünə açılmış qapıların, yaradılmış imkanların fərqində olmasıdır, bu imkanları düzgün dəyərləndirməsidir. Azərbaycanın gəncliyinin təhsilə getdikcə artan həvəsidir. Təhsil həyatında öz uğur hekayələrini yaradan gənclərimizin düşüncələridir. Bu müsahibədə də onlardan biri - ABŞ-ın Kaliforniya Berkli Universitetinin tələbəsi Hüseyn Abdulla ilə söhbətləşəcəyik. Hüseyn Abdulla 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 72 nömrəli məktəb-liseyi qızıl medalla başa vurub. Ali məktəblərə qəbul imtahanlarında 690 bal toplayaraq Qafqaz Universitetinin sənayenin təşkili və idarəolunması (ingilis dilində) ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə Qafqaz Universitetini bakalavr təhsili üzrə “Universitet birincisikimi fərqlənmə diplomu ilə bitirib. Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kaliforniya Berkli Universitetində sənaye mühəndisliyi və əməliyyatlar tədqiqi ixtisası üzrə magistratura təhsili alır. Hüseynlə söhbətimizə orta məktəb illərindən körpü salırıq.

 

Özümü şanslı hesab edirəm”

 

Orta məktəb illərini hər zaman şəxsi inkişafımın önəmli bir dövrü olaraq görmüşəm. Müəllimlərim nöqteyi-nəzərdən özümü şanslı hesab edirəm. Öz sahələrində ən yaxşılardan olan, müəllim peşəsinin haqqını verən, həmçinin bir fərd kimi nümunə götürülməli insanlardan dərs almışam, bunu hər zaman fəxrlə dilə gətirirəm. Müxtəlif sahələrdə bilikfikir sahibi olmağı xoşladığımdan fənlər arasında fərq qoymamışam. Təbii ki, riyaziyyat, texniki və təbiət elmlərinə marağım hər zaman çox böyük olub, lakin bu məni humanitar sahələri öyrənməkdən heç vaxt yayındırmayıb. Müəllimlərim məni müxtəlif peşə sahələrində təsəvvür edirdilər. Bu, bəzən mənim özümdə də qərarsızlıq yaradırdı. Seçəcəyim ixtisasın maraq dairəmə uyğun olmasını arzu edirdim. Qəbul imtahanına daha çox iqtisadiyyat və idarəetmə yönümlü ikinci ixtisas qrupu çərçivəsində hazırlaşırdım, lakin mühəndislik və texniki sahələr də məni cəlb edirdi. Nəticədə, Qafqaz Universitetinin sənayenin təşkili və idarəolunması ixtisasını seçdim. Seçimi edərkən belə bir sahənin yaxın gələcəkdə ölkəmizin iqtisadi inkişafının yeni mərhələsində ciddi önəm qazanacağını yəqin edirdim; bu gün baş verən hadisələr fonunda təxminlərimdə yanılmadığımı deyə bilərəm. Hələ birinci kursda oxuyarkən qarşıma xaricdə magistr təhsili almaq məqsədini qoymuşdum. Ən önəmlisi odur ki, bu gün sahib olduğum hədəflərim, gələcəklə bağlı planlarım məhz Azərbaycanda aldığım ali təhsillə formalaşıb. “Təhsildə, elmdə və ölkə sənayesində nələri daha yaxşı edə bilərik? Mövcud problemlərimiz nələrdir, gələcək inkişafda mənim nə kimi töhfəm ola bilər” kimi suallar bu mənada mənim üçün həlledici olub. Xaricdə təhsil planlarımla bağlı ailəmlə yanaşı, universitetimizin akademik kollektivindən, yaxın dostlarımdan hərtərəfli dəstək almışam. Məni dünyanın ən yaxşı universitetlərindən birində təhsil almağa layiq görürdülər və mən də indi onların etimadını doğrultmağa çalışıram.

 

“Müəllimlərim belə bir proqramın

mövcudluğunu eşidəndə təəccüblənirlər”

 

Dövlət Proqramında iştirakımı gələcək karyeram üçün vacib dönüş nöqtəsi kimi görürdüm. Uğurlu keçən müsahibə mərhələsindən sonra proqrama qəbul olunacağıma inanırdım. ABŞ-da təhsilin çətinlikləri ilə bağlı kifayət qədər məlumatlarım var idi. Lakin düşünəndə bilirdim ki, ölkə üçün prioritet bir sahə və həm də bu ixtisas üzrə dünyanın ən yaxşı universitetlərindən birində təhsil alacağam, bu səbəbdən proqrama seçilməyimi böyük sevinclə qarşıladım. Bu proqram son illərdə ölkəmizdə icra edilmiş ən böyük layihələrdən biridir və gənclərə olan dövlət qayğısının vacib bir nümunəsidir. Berkli Universitetində əcnəbi tələbələr və müəllimlərim ölkəmizdə belə bir proqramın mövcudluğunu eşidəndə təəccüblənir və bunun təqdirəlayiq hal olduğunu qeyd edirlər.

Mən ölkəmizin təhsil sistemində gedən prosesləri yaxından izləyir və son illərdə baş verən dəyişiklikləri çox proqressiv hesab edirəm. Buradakı təhsil həyatımı eyni zamanda ölkə təhsilində nələri dəyişmək olar, universitetlərimizin rəqabətliliyini necə artırmaq olar, yaxın gələcək üçün ali təhsildə əsas strateji prioritetlər nələr olmalıdır kimi suallara qismən də olsa cavab tapmaq üçün şans olaraq görürəm. Məncə, Dövlət Proqramı çərçivəsində təhsil alan hər bir tələbə belə suallar üzərində düşünməli, yeni layihələr təklif edərək təhsilimizin inkişafına öz töhfəsini verməlidir. 

 

“Müəllimlər tələbələri davamlı şəkildə sınağa çəkirlər”

 

Kaliforniya Berkli Universiteti elmi tədqiqat işlərinin həcminə və proqramlarının keyfiyyətinə görə dünyada ən yaxşı 3 ali məktəbdən biridir. Bu universiteti seçməyimin digər bir səbəbi isə təhsil ocağının təkcə mühəndislik yox, ixtisasımla çox əlaqəli tətbiqi riyaziyyat, biznesin idarə edilməsi, iqtisadiyyat kimi sahələrdə də ən yaxşılardan olmasıdır. İxtisasımın ölkəmiz üçün istər akademik, istərsə də iş dünyası kontekstində prioritetlərdən olduğunu düşünürəm və gələcəkdə ölkə sənayesinin, həmçinin bu sahədə ali təhsilin inkişafı naminə ciddi layihələrdə iştirak etməyi arzu edirəm. Bu baxımdan, seçdiyim universitetin məni istər şəxsi, istərsə peşəkar çərçivədə böyük məsuliyyətli işlərə hazırlaya biləcəyinə inanıram. Təbii ki, universitetimizin akademik heyəti öz sahələrində ən uğurlulardan hesab edilir, bəzilərinin yazdığı dərsliklərdən Azərbaycanda təhsil alarkən istifadə edirdimonlarla tanış ola bilmək belə, insana həyəcan verir.

Universitetdə tələbələrin fikirlərini dinləyən və dəyərli məsləhətlər verən peşəkar müəllim heyəti var. Müəllimlər tələbələri həqiqətən çətinliyə alışdırır və davamlı şəkildə sınağa çəkir, tələbələr arasında sağlam rəqabət mühiti yaradırlar. Universitetdə dərslərin gedişatı tamamilə fənlərdən asılıdır, məsələn, nəzəri fənlərdə əsasən professorun mühazirələri üstünlük təşkil edir. Daha çox idarəetmə, biznes mahiyyətli dərslərdə isə tələbələrin aktiv iştirakı tələb olunur. İstifadə olunan metodlar tamamilə dərsin təbiətinə uyğunlaşdırılıb, hansı metod daha sürətli və effektivdirsə, ondan da istifadə olunur. Professorlar bir çox hallarda keçilən mövzulara uyğun şəkildə mürəkkəblik qatırlar, yaxud bir neçə mövzunu inteqrasiya edirlər.

 

“Ölkəmizin təbliğinə ciddi önəm verirəm” 

 

Kaliforniya Berkli Universitetində təhsil alan azərbaycanlı tələbə kimi ölkəmizin təbliğinə ciddi önəm verirəm. Burada dünyanın 70-ə yaxın ölkəsindən olan tələbələr müxtəlif təhsil pillələrində oxuyurlar. Hər dəfə onlarla söhbətləşəndə ölkəmizin mədəniyyəti, incəsənəti, habelə tarixi ilə bağlı faktları paylaşma fürsətini qaçırmıram. Bir çox hallarda mənim onların ölkələri barədə daha məlumatlı olmağımdan utanıb internetdə ölkəmiz haqqında araşdırma aparan insanlarla da rastlaşıram, belə hallar məni sevindirir. Artıq bir çox yerlixarici tələbə milli kimliyimiz, tariximiz, incəsənətimiz, adət-ənənələrimiz barədə kifayət qədər məlumata sahibdirlər. Hətta amerikalı bir yoldaşım skripkada dahi Üzeyir Hacıbəylinin “Arazbarı” simfonik parçasını, alman bir yoldaşım isə pianoda “Sənsiz” romansını məharətlə çalmağı öyrənib. Bu nümunələri qeyd etməkdə məqsədim odur ki, ölkəmizin müxtəlif sahələrdəki zəngin irsini fərdi təbliğatda uğurla istifadə edə bilməliyik. Mən hər bir tələbənin fərdi diaspora fəaliyyətinin də uğurlu nəticələr verə biləcəyini düşünürəm. Təbii ki, əksər hallarda bu, daha çox vaxt aparır. Lakin burada olduğum müddət ərzində bunu etməkdən əsla yorulmuram.

Əsas hədəfim cari tədris ilinin sonunadək bütün proqram tələblərini bitirib magistr dərəcəsi almaqdır. Daha sonra isə doktorantura təhsili almaq barəsində düşünürəm. Qazandığım akademik təcrübə və bilikləri gələcəkdə ölkəmizin universitetlərində və korporativ mühitdə təlim-tədris sahəsində tətbiq etməyi vacib hesab edirəm. 

 

Oruc MUSTAFAYEV

 

Qeyd: “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Azərbaycan müəllimi.- 2015.- 12 dekabr.- S.9.