Azərbaycan xalqı qarşısında

böyük xidmətləri olan insan

 

XIX əsrin ikinci yarısında Rusiya öz inkişafının yeni mərhələsinə-kapitalizmin inkişafı mərhələsinə qədəm qoydu. Təhkimçilik hüququnun ləğvi feodal istehsal üsulunun kapitalist üsulu ilə əvəz edilməsində yeni bir mərhələ idi. Belə bir şəraitdə çarizm mövcud sosial-siyasi quruluşu saxlamağa cəhd göstərməklə bərabər, kapitalist təsərrüfatının tələblərinə uyğun olaraq bir sıra burjua islahatları da keçirməyə məcbur idi.

Bu baxımdan Çar hökuməti şəhərlərin idarəsi sahəsində də islahat keçirmişdi. Bütün Rusiya şəhərləri üzrə islahat keçirilməsi haqqında qanun yalnız 8 ildən sonra -1878-ci ildə Azərbaycana gəlib çatmış və təkcə Bakıya aid edilmişdi. Şəhər dumalarının hüququ da məhdud idi: onların yalnız kiçik təsərrüfat işlərilə məşğul olmaq hüququ vardı. Bu hüquqlar şəhərin abadlaşdırılması və yanğına qarşı tədbirlərdən, bazarları, ticarət, sənaye, səhiyyə və maarifi himayə etməkdən ibarət idi. Görülən bütün işlərə qubernator nəzarət edirdi.

Şəhər islahatı əsas iki orqanın-seçkili orqan olan şəhər dumasının və onun icra orqanı olan şəhər idarəsinin yaradılmasını nəzərdə tuturdu. Bakı şəhərində Duma və şəhər idarəsi 1877-ci il 24 may tarixli Rusiya senatının fərmanına əsasən 1877-ci ilin dekabrında təsis edildi.

XIX əsrin 80-ci illərində Bakıya dəmiryol çəkilməsi və neft sənayesinin inkişafı ilə yanaşı, su kəmərinin çəkilməsi də ən zəruri məsələyə çevrilmişdi. Bu da səbəbsiz deyildi, çünki həmin dövrdə Bakı sənaye rayonunun iqtisadi həyatının coşqun inkişafının əksinə olaraq su təsərrüfatı hələ də orta əsrlər səviyyəsində qalmaqda idi. Belə bir şəraitdə H.Z.Tağıyev başda olmaqla Dumanın azərbaycanlı deputatları əhalini daimi içməli su ilə təchiz etmək üçün su kəmərinin çəkilməsi problemi ilə ciddi məşğul olmuşdular. Qeyd olunan dövrdə Bakı əhalisi su sarıdan çox korluq çəkirdi. Əvvəl Bakı ətrafında su mənbəyi axtarılır, sonra Şamaxı qəzasında kəşfiyyat işləri aparılır, ancaq bütün səylər boşa çıxır. 1892-1898-ci illərdə Kür çayından Bakıya su kəməri çəkmək layihəsi hazırlanır. Hətta Duma deputatı H.Z.Tağıyevin təklifi əsasında şəhərə su kəməri çəkmək üçün layihə tərtib etmək haqqında müsabiqə də elan edilmişdi. Lakin Duma təklif olunan 40-dan artıq layihəni rədd etmişdi. Buna səbəb həmin layihələrin böyük xərc tələb etməsi idi. Əlacsız qalib 1893-cü ildə sahildə dəniz suyunu təmizləyən qurğu düzəldirlər. Gündə 30000 vedrə su təmizlənsə də bu, əhalinin ehtiyacını ödəyə bilmirdi. Beş ildən sonra ikinci su təmizləyən qurğu işə düşür. Bununla yanaşı, Kür çayından barjlarda su daşıyıb vedrəsini yarım qəpiyə satırdılar. Sonralar Volqa çayından barjlarla su daşımağa başladılar, bu su daha baha idi, belə ki, vedrəsini iki qəpiyə satırdılar. Kasıblar suya olan əsas ehtiyaclarını yalnız həyətlərdəki quyulardan ödəməyə məcbur idilər. Bu da tez-tez cürbəcür xəstəliyə səbəb olurdu. 1899-cu ildə şəhərdə suya olan tələbatın daha da artdığını görən H.Z.Tağıyev xarici şirkətlə 25000 manatlıq müqavilə bağladı. O, Avropanın bir neçə şəhərində su kəməri çəkmiş mühəndis Vilyam Lindleyi Frankfurt-Mayndan Bakıya gətirdir və ona çeşmə axtarmağı tapşırdı. V.Lindley KürSamur mənbələrini nəzərdən keçirdi. Daha sonra Bakıdan 190 km. uzaqda, Qubanın yaxınlığında quyu qazdırıb Şollar suyunun mənbəyini kəşf  edirDumaya oradan su çəkdirməyi təklif etdi. Şəhər Duması V.Lindleyin təklifini rədd edib, ona KürSamur variantları üzrə su kəməri layihəsinin hazırlanmasını təklif etdi. Ancaq H.Z.Tağıyevin başçılığı ilə Dumanın azərbaycanlı deputatları Şollar layihəsi üzərində dayandılar. Deputatlardan H.Zərdabi, Ə.Topçubaşov su təchizatı komissiyasının 1901-ci il iyunun 9-da keçirilən iclasında çıxış edərək Şollar su mənbəyindən  şəhərin su ilə təchiz edilməsinin vacib olduğunu  bir daha qeyd etdilər.

Ə.Topçubaşov  Dumanın 1902-ci il 3 oktyabr tarixli iclasında  Zuğulba suyunun da əleyhinə çıxaraq bildirdi ki, Zuğulba suyunda şirinləşdirici su çatışmır və bu su yüksək keyfiyyətə malik deyil. O, çıxışının sonunda genetik nöqteyi-nəzərdən də bu suyun qiymətli hesab olunmadığını qeyd etdi.

1904-cü ilin mayında şəhər idarəsi su kəməri çəkmək üçün fransız şirkəti ilə müqavilə bağladı. Fransız şirkəti işi ləng gördüyündən onunla müqavilə pozuldu, bütün işlər 1907-ci ilə qədər dayandırıldı.

Şəhər idarəsinin rəisi Rayevskisu məsələsində H.Z.Tağıyevin tərəfini saxlayır və məsələnin həlli üçün var qüvvəsi ilə çalışırdı. Layihə və hazırlıq işləri isə ləng gedirdi. Qubernator və şəhər idarəsi Peterburqdan, hökumətdən kömək istəyir. H.Z.Tağıyev işi sürətləndirmək üçün  yaxın dostu Məmməd Həsəni  Rayevski ilə bərabər Peterburqa, dövlət palatasına yollayır ki, Bakı şəhəri üçün 5 faizli istiqraz  buraxılışını sürətləndirsin.

Çox keçmir ki,  1909-cu ilin axırlarında qərar çıxır ki, su kəmərinin inşası üçün Bakı şəhər idarəsinə 27 milyon manat 5 faizli istiqraz buraxmağa icazə verilsin.

Nəhayət, 1910-cu ildə Şollar bulağı ərazisində ilkin hidroloji işlər başa çatdırıldı.

Şəhər dumasında qızğın müzakirələrdən sonra su kəmərini konsessiya üsulu ilə çəkmək haqqında qərar qəbul edildi. Su kəmərini  PeterburqdanBinqe-BraykeviçPlaçkovski”, İtaliyadanLuici Fakkanoni  firmaları çəkmək istəyirdilər.  Sonradan ingilisQriffits və K” firması da onlara qoşuldu.  İtaliya firması   Luici Fakkanoni  əvvəllər Vyanada uzunluğu 170 km olan su kəmərinin tikintisini başa çatdırmışdı. Lakin bu firmaların irəli sürdüyü şərtləri şəhər idarəsi qəbul etmədi. Nəhayət, 1911-ci ilin yanvarından  ingilis firmasının təqdim etdiyi yeni şərtlər şəhər üçün daha əlverişlı olduğundan şəhər idarəsi 1911-ci ilin yanvarında su kəmərinin çəkilməsi haqqında “Qriffits və K” firması ilə müqavilə bağladı. Hesablamalara görə, kəmər şəhərə gündə üç milyon vedrə su verəcəkdi.

Şollar su kəmərinin çəkilməsinin ingilis firmasına tapşırılması ilə əlaqədar olaraq Dumada çıxış edən H.Z.Tağıyev ingilis firmasının etimada layiq olduğunu  qeyd edərək işin icrasının həmin firmaya tapşırılmasına razı olduğunu bildirdi.

Kəmərin çəkilişinə  H.Z.Tağıyevdən başqa digər azərbaycanlı milyonçular da çoxlu pul vermişdilər.

1916-cı ilin axırlarında  Şollar-Bakı su kəməri hazır oldu və 1917-ci il yanvarın sonunda bu tamamilə başa çatdı. Həmin il fevralın 18-də su kranını açmaq  şərəfi  H.Z.Tağıyevə nəsib oldu.

Həmin gün çoxlu qoyun, dəvə, öküz qurban kəsildi, məhəllələrdə ehsan məclisləri açıldı.  Su fontanları işə düşdü, əhaliyə gündə üç dəfə - səhər, günortaaxşamüstü su verildi.

Beləliklə, XX əsrin əvvəllərində H.Z.Tağıyevin hərtərəfli fəaliyyətinin nəticəsi  olaraq  Bakı əhalisinin içməli su ilə təchiz edilməsi problemi həll edildi.

 

Yusif  FƏRZƏLİYEV,

Azərbaycan Dövlət İqtisad Universiteti

Azərbaycan tarixi kafedrasının dosenti

 

Azərbaycan müəllimi.- 2015.- 12 dekabr.- S.11.