Azərbaycanın Milli Qəhrəmanları

 

Hər bir ölkənin gələcəyi onun gənclərinin yüksək  bilik və bacarıqlara sahib olması ilə yanaşı, milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik  ruhunda böyüməsindən  daha çox asılıdır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 15-də - “Bilik günü”ndə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqində də uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı olduqca dəyərli fikirlər söyləyib. Dövlət başçısının həmin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq əmrlər və fəaliyyət planları təsdiq olunub.

“Azərbaycan müəllimi” qəzeti olaraq biz  səhifələrimizdə yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə hər zaman  xüsusi önəm verir  bu sahəni  fəaliyyətimizin əsas  prioritet istiqamətlərindən biri hesab edirik.

Ölkəmizin  tarixində saysız-hesabsız qəhrəmanlar olub ki, onların da döyüş yolu, şəhidlik zirvəsi yeniyetmə və gənclər  üçün həyat məktəbidir. Məhz Vətən yolunda canlarını qurban vermiş, şəhid olmuş Milli Qəhrəmanlarımızın ömür yolunun, qəhrəmanlığının geniş təbliğ edilməsi,  xüsusilə böyüməkdə olan nəslin bir vətənpərvər kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Qəzetimizin bu nömrəsindən başlayaraq  Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzi ilə birgə layihə əsasında   Azərbaycanın  Milli Qəhrəmanları haqqında məlumatları çoxsaylı oxucularımıza təqdim edirik.

 

Abbasov Mehdi Yusif oğlu

 

1960-cı il yanvarın 1-də Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdu. 1976-cı ildə Yeniyol kənd orta məktəbini bitirmişdi. 1977-ci ildə Mehdinin ailəsi erməni təzyiqinə məruz qalaraq, Qazaxıstan Respublikasının Tülkübas rayonunun  Kulan kəndinə köçmüşdü. Mehdi 1980-ci ildə Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə, daha sonra Karaqanda Pedaqoji İnstitutuna daxil olur. O, 1989-cu ildə Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. Bir müddət burada müxtəlif vəzifələrdə işlədikdən sonra Mehdi Abbasov 1991-ci il iyunun 28-də Azərbaycan Respublikasının DİN-in sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-in XTMD-də xidmətə başlayır. O, dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. Mehdinin son döyüşü 1992-ci il yanvarın 13-də oldu. Məlikcan postu ətrafında gedən döyüşdə Mehdi snayper gülləsi ilə başından ağır yaralandı. Həmin gün o, qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

 

Abdullayev Şövqiyar Cəmil oğlu

 

1969-cu il aprelin 5-də Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdu. 1986-cı ildə Nərimanlı kənd orta məktəbini “əla” qiymətlərlə bitirmiş, Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuşdu. O, birinci kursu bitirdikdən sonra ordu sıralarına çağırılır. 1989-cu ildə Monqolustanda hərbi xidmətini başa vurub Bakıya qayıdır. O zaman artıq Ermənistan-Azərbaycan münaqişəsi başlamışdı. Yüz minlərlə soydaşımız öz doğma ata-baba yurdlarından - Qarabağdan, Qərbi Azərbaycandan didərgin salınmışdı. Ş.Abdullayev Vətənimizin belə bir dar günündə 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılır. Ağdamda təşkil edilmiş tank briqadasında ekipaj komandiri təyin edilir. 1992-ci il avqustun 27-də çox ağır bir döyüşdə yoldaşlarını əsir düşməkdən xilas edir, özü isə Vətən uğrunda qəhrəmanlıq göstərərək həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə  Abdullayev Şövqiyar Cəmil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

 

Abdullayev Rövşən Əbdülhüseyn oğlu

 

1969-cu il yanvarın 16-da Lerik rayonunda doğulmuşdu. Orta məktəbi burada bitirdikdən sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdü. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbiəlaqiymətlərlə leytenant rütbəsi ilə bitirir onu təyinatla Rostov şəhər DİŞ-ə göndərirlər. Lakin Rövşən təyinatını çox çətinliklə Azərbaycana dəyişdirir. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. R.Abdullayev 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Rövşənin son döyüşü 1993-cü il sentyabrın 13-də oldu. Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşdə igidlik göstərərək əbədiyyətə qovuşdu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı Fərmanı ilə  leytenant Abdullayev Rövşən  Əbdülhüseyn oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Lənkəran şəhər qəbiristanlığında dəfn olunub. Lənkəran şəhərində abidəsi ucaldılıb.  Lerikdə adına mədəniyyət evi küçə var.

 

Abdullayev Maşallah Babakişi oğlu

 

1950-ci il mayın 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdu. Səkkizillik təhsilini doğma kəndlərində almış, sonra təhsilini fəhlə-gənclər məktəbində davam etdirmişdi. Maşallah 1969-cu ildə hərbi xidmətə çağırılır. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunaraq Bakıya gəlir və Neft Daşlarında işləməyə başlayır. 1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olur, 1975-ci ildə oranı bitirdikdən sonra təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilir. Məlum hadisələr zamanı erməni quldurlarına qarşı mübarizəyə qoşulan M.Abdullayev ilk könüllülərdən olur. Ağcakənd kəndinin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərir. 1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilərək Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edir. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülüb.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin  23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

 Abdullayev Namiq Vahid oğlu

 

1974-cü il mayın 10-da Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdu. 1991-ci ildə Avşar kənd orta məktəbini bitirmişdir. Namiq 1992-ci ilin dekabrında cəbhəyə yola düşür. 1993-cü il fevralın 9-da erməni silahlı dəstələri Xocavənd rayonunda mövqe tutmuş döyüşçülərimizin üzərinə böyük qüvvə ilə hücuma keçirlər, düşmənin güclü hərbi texnikası qarşısında bu kiçik dəstəmiz tab gətirə bilməzdi. Amma aslan ürəkli, Vətən qeyrətli övladlarımız ölümün gözünə dik baxdılar və hücumu dəf etməyə çalışaraq onlarla erməni quldurunu məhv etdilər. Namiq isə son anda əlindəki qumbaranı sinəsinə sıxaraq özünü tankın altına atdı, düşmənin zirehli texnika heyətini məhv etdi. Beləliklə də Vətənimizin bu cəsur oğlu şəhidlik zirvəsinə yüksəldı.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə  Abdullayev Namiq Vahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Avşar kənd qəbiristanlığında dəfn edilib. Avşar kənd orta məktəbi onun adını daşıyır.

 

Ağayev Bəylər Tapdıq oğlu

 

1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı kəndində doğulmuş, 1985-ci ildə Qaracallı kənd orta məktəbini bitirmişdi. 1987-ci ildə hərbi xidmətə çağırılmışdı. O, hərbi xidmətini 1989-cu ildə Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdı. B.Ağayev 1990-cı ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinə daxil olmuş, 1992-ci ildə təhsilini yarımçıq qoyub könüllü olaraq ordu sıralarına yazılmışdı. Onun yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edibo, bölmə komandiri təyin edilib. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 1992-ci il avqustun 6-da Xanlıq kəndi uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edərək qəhrəmancasına həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə  Ağayev Bəylər  Tapdıq  oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qarağaclı  kəndindəki  Şəhidlər xiyabanında dəfn olunub. Qaracallı kənd orta məktəbi onun  adını  daşıyır.  Bu  kənd hazırda erməni işğalı altındadır.    

 

Ağayev Eldar Əsgər oğlu

 

1955-ci il sentyabrın 29-da Tbilisi şəhərində hərbiçi ailəsində anadan olmuşdur. Ailəsi ilə birlikdə Bakıya köçmüşdür. İlk təhsilini Bakı şəhər 20 nömrəli orta məktəbdə almış, sonra 134 nömrəli orta məktəbdə oxumuşdur. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olmuşdur. 1976-cı ildə təhsilini başa vuraraq,  motoatıcı ixtisasına yiyələnən E.Ağayev Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə Əfqanıstanda alay komandiri və kəşfiyyat bölüyünün komandiri olmuşdur. E.Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə gəlmiş, 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində çalışmışdır. 1992-ci ildə komandanlığa raport yazaraq Vətənə qayıtmışdır. Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlamışdır.  Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Ağayev Faiq Alış oğlu

 

1969-cu il iyunun 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuş, 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmişdi. 1989-cu ildə keçmiş Sovet ordusu sıralarında hərbi xidmətini başa vuraraq Vətənə qayıdıb Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdı. O zamanlar erməni hərbi qüvvələri Azərbaycanın sərhəd bölgələrində və Qarabağda ağır cinayətlər törədirdilər. Bu hadisələrə biganə qalmayan Faiq 1990-cı ilin sentyabrında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılıb. 1991-ci il dekabrın 23-də erməni silahlı qüvvələri Meşəli kəndinə güclü hücuma keçmiş, düşmənin zirehli texnikası və çoxsaylı piyada qüvvələri kənd əhalisini təşvişə salmışdı. Vəziyyətin son dərəcə ağır olduğunu görən Faiq sərrast atəşlə erməni yaraqlılarını məhv edərək, dinc əhalinin təhlükəsiz yerdə daldalanmasına kömək etmişdi. Düşmənin diqqətini özünə cəlb edən Faiq son nəfəsinədək vuruşaraq qəhrəmancasına həlak olmuşdur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə  Ağayev Faiq Alış oğlu ölümündən sonra Azərbaycanın  Milli Qəhrəmanı adına layiq görülüb. Ağdam rayonunun  Papravənd kəndində  dəfn olunub.

 

Ağayev Fərhad İslam oğlu

 

1975-ci il avqustun 4-də Sabirabad rayonunun Ələmbəyli kəndində anadan olmuşdu.  1992-ci ildə həmin kənd orta məktəbini bitirmişdi. 1993-cü ildə Sabirabad Rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılan Fərhad Prezident Qvardiyasında xidmətə başlamış, 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşmüşdü. Onun ilk döyüşü Füzuli rayonunun Seyidəhmədli kəndindən başlamışdı. Murovdağ, Güzgü, Ömərdağ kimi əhəmiyyətli ərazilərin müdafiəsində  şücaət  göstərmiş, 1995-ci ilin əvvəlində Goranboydakı döyüş bölgələrinə  göndərilmişdi.  Elə  həmin ilin martında Fərhad məlum dövlət çevrilişinin qarşısını almaq üçün Ağstafaya göndərilir. O, 1995-ci il martın 13-də dövlətimizin müdafiə olunması uğrunda gedən döyüşlərdə ağır güllə yarası almış və martın 15-də aldığı yaradan dünyasını dəyişmişdir.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel  1995-ci il tarixli  307 nömrəli Fərmanı ilə  Ağayev Fərhad İslam oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sabirabad rayonundakı  Şəhidlər xiyabanında dəfn olunub. Təhsil aldığı orta məktəb onun adını daşıyır.

 

Azərbaycan müəllimi.- 2015.- 12 dekabr.- S.13.