Azərbaycanın Milli Qəhrəmanları

 

Aznaurov İsgəndər Söhrab oğlu

 

1956-cı il avqustun 16-da Özbəkistan Respublikasının Buxara vilayətində dünyaya gəlmişdi. 1973-cü ildə orta məktəbi bitirib, 1978-ci ildə Daşkənd İrriqasiya İnstitutuna daxil olmuşdu. 1983-cü ildə ali təhsilini başa vuran İsgəndər 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana - Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdü. O, burada cihazqayırma zavodunda çalışıb. Erməni faşistlərinin torpaqlarımıza basqınları İsgəndəri narahat edirdio, 1992-ci il aprelin 21-də  Milli Ordu sıralarına yazılır. İsgəndəri "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin edirlər. Döyüşlərin birində düşmənin dörd topunuxeyli canlı qüvvəsini məhv etmişdi. İsgəndər Qarabağ müharibəsində ən sərrast topçulardan biri sayılırdı. 1993-cü il aprelin 18-də Vətən uğrunda döyüşərək mərdliklə həlak olub.

Evli idi. Üç qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar  1995-ci il tarixli 262 nömrəli Fərmanı ilə  baş leytenant  Aznaurov İsgəndər Söhrab oğlu ölümündən  sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub.

Onun adına Gədəbəyin Şınıx bölgəsində “İsgəndər qalası” var. Kür qəsəbəsindəki 1 nömrəli məktəb qəhrəmanın adını daşıyır, məktəbdə büstü qoyulub.

 

Allahverdiyev Bəxtiyar Əzizulla oğlu

 

1974-cü il iyunun 10-da Bakıda anadan olmuşdur. 1991-ci ildə Bakıdakı 199 nömrəli orta məktəbi bitirmiş, 1992-ci ilin avqustunda Milli Orduya çağırılmış, 776 nömrəli hərbi hissədə xidmətə başlamışdır. Həmin ilin oktyabrında cəbhəyə yollanmışdır. Bir müddət Qubadlı bölgəsində, sonra Füzuli, Murovdağ əməliyyatlarında qəhrəmanlıq nümayiş etdirmişdir. 1994-cü ildə Tərtər, Ağdərə bölgələrinə göndərilmiş və o, cəbhədəki məlum vəziyyətlə əlaqədar ordu sıralarında müddətdən artıq xidmət etmişdır.

Həmişə öz əsgəri andına sadiq qalan B.Allahverdiyev olduğu bütün bölgələrdə vətənə layiqincə xidmət etmişdir.

Vətənə layiqli xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

1997-ci ildə gizir rütbəsi alaraq 196 nömrəli hərbi hissənin kəşfiyyat tağımına komandir təyın olunmuşdur. 1998-1999-cu illərdə Zabitləri Təkmilləşdirmə və Gizirlər kursunda təminat tağımının komandiri, 1999-2000-ci illərdə Bakı Ali Komandirlər məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində çalışmışdır. Həmin ilin oktyabrında ordudan tərxis olunmuşdur. 2001-ci ildə Polis Akademiyasında təhsilini davam etdirmişdir. O, hazırda polis orqanlarında çalışır.

 

Allahverdiyev Elbrus Hacı oğlu

 

1958-ci il oktyabrın 27-də Gəncə şəhərində dünyaya göz açmışdı. O, burada 18 nömrəli orta məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdu. 1990-cı ildə isə Orconikidze Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi. Bir müddət Vladiqafqazda yaşamışdı. Vətənimizə erməni faşistlərinin təcavüz etdiyini eşidən Elbrus Azərbaycana dönmüşkönüllü olaraq 1992-ci il mayın 17-də cəbhəyə yollanmışdı. E.Allahverdiyev Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olmuşdu. 1992-ci ilin iyununda batareyanın ilk diviziyonu yaradılmış və Elbrus ona komandir təyin edilmişdi. Onun rəhbərliyi ilə briqadanın keçirdiyi mühüm əməliyyatlarda artilleriya diviziyonu sərrast atəşlə düşmənin bir çox strateji əhəmiyyətli obyektlərini məhv etmişdi. Ağdərə bölgəsində isə briqada üzvlərı düşmənin bir reaktiv artilleriya qurğusunu sıradan çıxarmışdı. Eyni zamanda 1993-cü il iyunun 12-də Ağdam üzərinə güclü hücuma keçmiş düşmən, artilleriya diviziyonunun sarsıdıcı zərbələrindən geri çəkilmişdi. İyunun 14-16-da Ağdamın Şelli kəndi istiqamətində gedən ağır döyüşlərdə Elbrus igidlik göstərərək həlak olub.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 nömrəli Fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub.

Gəncə şəhərində küçələrdən biri onun adını daşıyır.

 

Allahverdiyev Namiq Müslüm oğlu

 

1967-ci il oktyabrın 5-də Beyləqan rayonunda anadan olmuş, 1984-cü ildə 1 nömrəli orta məktəbi bitirmişdi. 1985-ci ildə ordu sıralarına çağırılmış, 1987-ci ildə hərbi xidmətini Moskva ətrafında başa vuraraq vətənə dönmüşdü. 1988-ci ildə ermənilərin vətənimizə etdikləri təcavüzə dözməyən Namiq könüllü olaraq vətənin müdafiəsinə qalxmışdı. Onun ilk döyüş yolu 1990-cı ildə Qubadlı rayonundan başlamışdı. Namiq 1991-ci il avqustun 31-də DİN-in XTP dəstələrinə daxil olmuş və yenidən döyüş meydanına atılmışdı. O, Laçın, Əsgəran, Füzuli, Goranboy rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Sonuncu döyüşü Tərtər rayonunda olmuşdu. Marquşevan, Həsənqaya, Malalan, Birinciİkinci Çaylı kəndlərinin düşməndən azad edilməsində xüsusi fəallıq göstərmişdi. 1992-ci il iyulun 9-da erməni yaraqlıları Cəmilli yüksəkliyinə hücum edərkən, Namiq düşməni qabaqlamaq üçün döyüş yoldaşları ilə yüksəkliyə qalxmış və orada əlverişli mövqe tutmuşdu. Düşmən tankından atılan mərmi Namiqin həyatına son qoydu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Allahverdiyev Namiq Müslüm oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Beyləqan şəhər 1 nömrəli orta məktəb onun adını daşıyır. Rayon mərkəzində büstü qoyulub.

 

Aslanov Niyazi Şərəfxan oğlu

 

1960-cı il dekabrın 25-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində anadan olmuş, burada orta məktəbi bitirmişdi. 1979-1981-ci illərdə Rusiyanın Altay vilayətində əsgəri xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndlərinə qayıdan Niyazi təhsilini Ağdam Kənd Təsərrüfatı Texnikumunda davam etdirmişdi. Oxuduğu müddətdə əmək fəaliyyəti ilə də məşğul olmuşdu. O, 1989-cu ildə erməni qəsbkarlarının torpaqlarımızı işğal etməkdə fəallaşdıqları bir zamanda Goranboy rayonunda yaradılan özünümüdafiə dəstəsinə qoşulmuşdu. Həmin dövrdə Niyazi yoldaşlarının köməyi ilə sıradan çıxmış iki tank tapıb onu təmir etmişdi. O, bu tanklarla nəinki Tap-Qaraqoyunlu kəndini, hətta qonşu kəndləri də layiqincə müdafiə etməyə nail olmuşdu. Niyazi Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tərtər və Ağdamın müdafiəsində fəal iştirak etmişdi. 1992-ci il mayın 4-də Tap-Qaraqoyunlu kəndi yaxınlığında gedən döyüş zamanı N.Aslanov komandiri İsfəndiyar Əsədovu xilas edərkən qəhrəmancasına həlak olub.

Ailəli idi. İki oğlu yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə Aslanov Niyazi Şərəfxan oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Tap-Qaraqoyunlu kəndində dəfn olunub.

Tap-Qaraqoyunlu kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində büstü qoyulub.

 

Aslanov Şikar Davud oğlu

 

1970-ci il iyunun 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmiş, 1977-ci ildə kəndlərindəki orta məktəbin birinci sinfinə getmiş və 1987-ci ildə həmin məktəbi bitirmişdi. 1988-ci ildə sovet ordusu sıralarına hərbi xidmətə çağırılmış, 1990-cı ildə ordudan tərxis olunaraq doğma kəndlərinə dönmüşdü. Həmin ərəfədə erməni silahlı qüvvələrinin Azərbaycana təcavüzü davam edirdi.

Qarabağın şəhər və kəndlərində erməni quldurları tərəfindən evlər dağıdılır, yandırılır, dinc əhali təcavüzə məruz qalırdı. Belə bir şəraitdə Şikar cəbhəyə yollanmış, DİN-in Cəbrayıl rayon post-patrul xidmətinə üzv qəbul olunmuşdu.

1992-ci ildə Xocavənd rayonunda gedən döyüşlərdə düşmənin atəş nöqtələrini peşəkarlıqla susdurmuşdu. 1992-ci il iyulun 2-də növbəti əməliyyat zamanı düşmənin snayper gülləsinə tuş gələn Şikar hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmamış və o, vətən uğrunda həlak olub.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Doğulduğu Süleymanlı kəndində dəfn olunub. Təhsil aldığı Süleymanlı kənd orta məktəbi onun adını daşıyır. Hazırda bu kənd işğal altındadır.

 

Arazov Ənvər Talış oğlu 

 

1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olmuşdu. Həmin şəhərdəki     15 nömrəli orta məktəbin səkkizinci sinfini bitirmişdi. Sonra texniki peşə məktəbində oxumuşdu. Bir müddət əmək fəaliyyəti ilə məşğul olduqdan sonra Gəncə Politexnik Texnikumuna daxil olmuşdu. 1974-cü ildə hərbi xidmətə çağırılan Ənvər Murmansk vilayətində Şimal Hərbi Dəniz Donanmasında xidmət etmişdi. Hərbi xidmətini başa çatdırdıqdan sonra Gəncəyə dönmüş, Büllur Zavodunda işləməyə başlamışdı. Ə.Arazov, eyni zamanda yarımçıq qalmış təhsilini davam etdirərək, 1980-ci ildə texnikumu müvəffəqiyyətlə bitirmiş, zavodda əvvəlcə nizamlayıcı, sonra növbə ustası kimi çalışmağa başlamışdı.

Ənvər 1988-ci ildə ermənilər Dağlıq Qarabağ ərazisində müharıbəyə başlayarkən Daxili İşlər Nazirliyində işə qəbul olunaraq cəbhəyə yollanmışdı. Ağdərə rayonunda bir çox uğurlu əməliyyatlarda iştirak etmişdi.1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Ağdamın Sırxavənd kəndində erməni quldurları ilə qeyri-bərabər döyüşə girərək, mərdliklə həlak olub.

Ailəli idi. Bir oğul, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 nömrəli Fərmanı ilə Arazov Ənvər Talış oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn olunub.

 

Atakişiyev Aslan Qabil oğlu

 

1953-cü il avqustun 16-da Qubadlı rayonunun Muradxanlı kəndində dünyaya göz açmışdı. 1960-cı ildə burada birinci sinfə getmiş, 1970-ci ildə orta məktəbi bitirmişdi. 1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdu. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdu. 1981-ci ildə təhsilini uğurla başa çatdıraraq Qubadlı rayonuna qayıtmış, doğma Muradxanlı kənd orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlamışdı. Amma erməni quldurlarının doğma torpaqlarımızda törətdikləri vəhşilikləri görən Aslan yağı düşməndən intiqam almaq üçun cəbhəyə yollanmaq qərarına gəlir. O, 1992-ci ildə Milli Ordu sıralarına yazılaraq leytenant rütbəsi ilə komandir müavini təyin olunmuşdu. A.Atakişiyev Laçın rayonunun Mazutlu, Səfiyan, Türklər, Suarası kəndləri uğrunda gedən döyüşlərdə əsl fədakarlıq və qəhrəmanlıq göstərmişdi. Azərbaycanın bu mərd, mübariz, dəyanətli oğlu 1992-ci il avqustun 7-də Laçın dəhlizi və Susuzdağ yüksəkliyində gedən ağır döyüşdə amansız düşmənə əsir düşməmək üçün son gülləsini öz ürəyinə sıxaraq Vətən uğrunda həlak olub.

Evli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 nömrəli Fərmanı ilə Atakişiyev Aslan Qabil oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Səhidlər xiyabanında dəfn olunub.

 

Atakişiyev İntiqam Vahid oğlu

 

1974-cü il aprelin 7-də Qəbələ rayonunun Tüntül kəndində anadan olmuşdur. 1991-ci ildə həmin kənddəki orta məktəbi bitirmiş və 1992-ci ildə Milli Ordu sıralarına çağırılmışdır. O, orduda xidmət etdiyi zaman yüksək əsgəri keyfiyyətləri ilə diqqət çəkdiyindən Türkiyəyə hərbi zabitlər kursuna göndərilmişdir. İntiqam  sonralar  Murovdağ döyüşlərində yaralanmışdır. Mingəçevirdə müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə qayıtmışdır.

Xidməti borcunu şərəflə yerinə  yetirən  İ. Atakişiyev 1995-ci ilin martında dövlətçiliyimizə qarşı yönəlmiş qəsdin qarşısının alınmasında fəal iştirak etmiş, mübarizlik nümayiş etdirmişdir.

O, 776 nömrəli hərbi hissənin qrup komandiri, bölük komandirinin müavini, bölük komandiri və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində çalışmışdır. Kapitan rütbəsinə qədər yüksəlmişdir.

İntiqam öz vətəndaşlıq mövqeyi ilə seçilən bir hərbiçidir. Onun təşəbbüsü ilə təhsil aldığı orta məktəbin önündə vətən uğrunda şəhid olmuş  soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün abidə ucaldılmışdır.

Ailəlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Atakişiyev İntiqam Vahid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

 

Axundov Səfa Fətulla oğlu

 

1958-ci il iyunun 19-da Masallı rayonunda anadan olmuşdu. 1965-ci ildə Saatlı rayonunda orta məktəbə getmiş atasının xidməti işi ilə əlaqədar ailələri Cəlilabad rayonuna köçdüyündən  təhsilini burada davam etdirmişdi. Orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda başa vurmuşdu. Təyyarəçi olmaq arzusu Səfanı Bakı Aeroportuna gətirmişdi. Bir müddətdən sonra isə Orenburq Mülki Aviasiya Məktəbinə daxil olmuşdu. O, 1979-cu ildə həmin məktəbi bitirərək  vətənə dönmüş Yevlax rayonundakı aeroportda AN-2 təyyarəsinə pilot təyin edilmişdi. S. Axundov 1987-ci ildə Riqaya köçərək gəmi tərsanəsində mühəndis işləməklə yanaşı, texnikumda müəllim kimi çalışmışdı. Qarabağ hadisələri başlayanda vətəni darda görən Səfa Azərbaycana dönmüşdü. 1989-cu ildə ZabratAzal-aero” Aviaşirkətinə məxsus Mi-8 vertolyotuna 2-ci pilot təyin edilmişdi. 1992-ci il yanvarın 28-də Şuşaya iki uğurlu uçuş etmişdi. Səfa yenidən Şuşa istiqamətində uçuş etdiyi zaman düşmən tərəfindən vurulan vertolyotun partlaması nəticəsində faciəli surətdə həlak olub.

Evli idi. İki oğul övladı var.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 nömrəli Fərmanı ilə Axundov Səfa Fətulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Cəlilabad şəhərinin mərkəzində büstü qoyulub. Cəlilabad şəhərinin küçələrindən biri onun adını daşıyır.

 

Azərbaycan müəllimi.- 2015.- 19 dekabr.- S.13.