Azərbaycan məktəblilərinin tarixi qələbəsi
Şagirdlərimiz növbəti dəfə təhsil ictimaiyyətini sevindiriblər. Dövlətimizin istedadlı şagirdlərin aşkara çıxarılması və onlara hərtərəfli diqqət və
qayğısının nəticəsidir ki, Azərbaycan təhsilinin yetirmələrinin
budəfəki qələbə
sorağı dünyanın nüfuzlu elm, bilik yarışması hesab
olunan XII Elm
Olimpiadasının (İJSO) keçirildiyi
Cənubi Koreyadan gəldi. Son on bir ildə Azərbaycan
məktəbliləri ilk dəfə olaraq beynəlxalq
olimpiadalarda ən yüksək uğura imza
atıblar. Dekabrın
2-10 tarixlərində Cənubi
Koreyanın Dequ şəhərində
keçirilən bilik yarışmasında şagirdlərimiz 2 gümüş,
3 bürünc medal qazanmaqla 43 ölkənin iştirak
etdiyi olimpiadada ölkəmizi
uğurla təmsil edərək qaliblər arasında ön sırada olublar. Ölkəmizi təmsil edən Şirvan
şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin
X sinif şagirdi Hüseyn Babayev və Lənkəran
şəhəri 4 nömrəli Humanitar təmayüllü
məktəb-liseyin X sinif şagirdi
Cəfər İsbarov gümüş,
Bakı şəhərindəki akademik Zərifə
Əliyeva adına liseyin eksperimental
pilot siniflərinin X sinif
şagirdləri Turan Bədəlli və Emin Qayıbov,
Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin
IX sinif şagirdi Turan Məmmədli bürünc
medal qazanıb.
Fizika, kimya və
biologiya fənləri üzrə
keçirilən XII Beynəlxalq Elm
Olimpiadasında şagirdlər həm nəzəri, həm də
praktiki biliklərini nümayiş
etdiriblər.
Qeyd edək ki, bu olimpiadada ölkəmizi təmsil edən məktəblilər
2004-cü ildə 1 bürünc, 2005-ci
ildə 2 bürünc, 2007-ci ildə 3 bürünc, 2008-ci ildə 3 bürünc,
2009-cu ildə 1 gümüş, 2 bürünc, 2010-cu ildə 2 bürünc,
2011-ci ildə 1 gümüş, 2 bürünc,
2012-ci ildə 4 bürünc, 2013-cü
ildə 1 bürünc, 2014-cü ildə
1 bürünc medal qazanıblar. Bu il Beynəlxalq Riyaziyyat
Olimpiadasının nəticələrinə görə, Azərbaycan
top 50 ölkənin sırasına düşüb.
Yetirmələrimiz uzun illlik fasilədən sonra
Beynəlxalq Biologiya Olimpiadasında və
Asiya Fizika
Olimpiadasında da bürünc
medallar
qazanıblar. Bu ilin yayında M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı
ilə Bakıda keçirilmiş Beynəlxalq
Kimya Olimpiadasında isə şagirdlərimiz 2 bürünc
medal əldə ediblər. Bütün bunlar dünya təhsil aləmində ölkəmizin artan
təhsil nüfuzundan
xəbər verir.
Qalibləri
oxucularımıza təqdim edirik.
“Artıq
qızıl medal qazanmaq
üçün
çalışacağam”
Turan Məmmədli 2000-ci il yanvarın 14-də Xızıda ziyalı ailəsində anadan olub. Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin IX sinif şagirdidir.
- VIII sinifdən kimya olimpiadalarına hazırlaşıram. 2015-ci ildə keçirilmiş respublika fənn olimpiadasında qızıl medal almışam. Bu ilin noyabr ayında olimpiadaya iştirakçıların seçim imtahanı oldu. Komandaya seçildiyimi biləndə çox sevindim və ciddi surətdə olimpiadaya hazırlaşmağa başladım. Olimpiada kimya, fizika və biologiya fənlərindən idi. Kimya olimpiadaçısı olduğumdan daha çox fizika və biologiya üzrə hazırlıq keçdim. Mən ilk dəfə idi ki, beynəlxalq olimpiadada iştirak edirdim. Amma olimpiada çox yüksək səviyyədə keçirildi. İmtahanlar 3 hissədən - test, açıq tipli və praktiki hissədən ibarət idi. Doğrusu, medal qazanacağıma inamım çox az idi. Ona görə də medal qazandığımı biləndə çox sevindim. Həm də Vətənimi ilk qatıldığım olimpiadada yüksək səviyyədə təmsil etdiyim üçün sevincimin hədd-hüdudu yox idi.
Qazandığımız uğurda müəllimlərimizin rolu əvəzsiz idi. Olimpiadaya seçimdən əvvəl və sonra müəllimlərimiz bizə dərslər keçir, istiqamət verirdilər. Olimpiada zamanı da gec saatlara qədər sualları ingilis dilindən Azərbaycan dilinə müəllimlərimiz çevirmişdi. İmtahan yoxlanıldıqdan sonra bizim yazdığımız cavabları müdafiə edən müəllimlərimiz idi.
Qarşıdan gələn olimpiadalarda artıq qızıl medal qazanmaq üçün çalışacağam. Bundan başqa, mən beynəlxalq kimya və Mendeleyev olimpiadalarına hazırlaşıram. Ümid edirəm ki, bu olimpiadalarda Vətənimi layiqincə təmsil edəcəyəm.
“Ölkəmizi
layiqincə təmsil etdiyim üçün çox
sevinirəm”
Hüseyn Babayev 2000-ci il martın 11-də Şirvan şəhərində anadan olub. 2005-ci ildə Şirvan şəhər E.İmanov adına 10 nömrəli tam orta məktəbin I sinfinə gedib. Hazırda Şirvan şəhəri 18 nömrəli Təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyin X sinfində oxuyur. Liseydə oxuduğu illərdən kimya elminə böyük marağı olduğuna görə olimpiadalara hazırlaşmağa başlayıb. 2014-cü ildə Nigeriyada keçirilən Beynəlxalq Elm Olimpiadasında qızıl medala layiq görülüb. Elə həmin ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında uğurla iştirak edib. 2015-ci ildə Respublika Fənn Olimpiadasında kimya fənni üzrə qızıl medala layiq görülüb. Bu ilin yayında Bakıda keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc medal qazanıb.
- Olimpiadaya seçim 2 mərhələdən ibarət idi. İmtahanları keçmək üçün hər gün 7-8 saat çalışdım və sonda milli komandaya 1-ci olaraq seçildim. Hazırlıq çox qısa və ağır idi. Təcrübi imtahan qruplarla olduğu üçün birlikdə işləməyi bacarmalı idik. Bunun üçün bir çox təcrübələr etdik. Yüksək səviyyədə təşkil olunmuş olimpiadada 45-a yaxın inkişaf etmiş ölkə iştirak edirdi. İmtahanlar çoxseçimli test, nəzəri və praktik turlardan ibarət idi. Hər tur 3-4 saat davam edirdi.
Ölkəmizi layiqincə təmsil etdiyim üçün çox sevinirəm. Komanda rəhbərimiz və fənn müəllimlərimiz Elxan Tahirov, Rəşadət Qədiməliyev və Balaqardaş Bəşirov olimpiada ərzində bizə çox böyük dəstək göstərdilər. Növbəti olimpiadalarda qızıl medal alaraq ölkəmizin adını və bayrağının ən yüksək zirvədə olması üçün əlimdən gələni edəcəyəm.
“Müəllimlərimiz
öz əziyyətlərinin bəhrəsini
gördülər”
Turan Bədəlli 2000-ci il fevralın 29-da Sumqayıt şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alır. 2014-cü ildə Argentinada keçirilən gənclərin XI Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak edib.
- Olimpiada seçimləri 2 mərhələdən ibarət oldu. İlk mərhələdə 20 şagird seçildi və onlara 15 gün ərzində dərs keçildi. Son mərhələdə 20 şagird arasından 6 nəfərlik komanda seçildi. Kimya, biologiya və fizika fənlərindən bir ay ərzində dərslər keçildi. Hazırlıq hər gün ən az 8-9 saat çəkirdi. Bu olimpiada mənim 2-ci beynəlxalq olimpiadam idi və mən bundan əvvəl Argentinada keçirilən gənclərin XI Beynəlxalq Elm Olimpiadasında da çıxış etmişdim. Ancaq onu deyə bilərəm ki, Cənubi Koreyada keçirilən elm olimpiadası keçən ilkindən daha yüksək səviyyədə təşkil olunmuşdu. Burada hər ölkə özünün ən güclü 6 şagirdi ilə təmsil olunurdu. Olimpiada vasitəsilə digər ölkələrdən gələn şagirdlərlə yaxından ünsiyyət qura bilir və bir-birimizin mədəniyyətləri, təhsilləri barədə məlumat toplaya bilirdik.
Müəllimlərimiz Elxan Tahirov biologiya, Rəşadət Qədiməliyev fizika və Balaqardaş Bəşirov isə kimya fənnindən bir ay ərzində bizimlə məşğul oldular. Sonda isə müəllimlərimiz öz əziyyətlərinin bəhrəsini gördülər. Mən özüm biologiya olimpiadaçısıyam və gələcək hədəfim Beynəlxalq Biologiya Olimpiadasından (İBO) vətənə medal gətirməkdir.
“Bu
olimpiadanı səbirsizliklə gözləyirdim”
Cəfər İsbarov 2000-ci il yanvarın 1-də Cəlilabad rayonunda anadan olub. 2006-cı ildə Cəlilabad şəhəri 8 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb. 2012-ci ildə Lənkəran Özəl Türk liseyinə qəbul olunub. 2013-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. Hazırda Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin X sinfində oxuyur.
- Cənubi Koreya həmişə maraqlandığım və getmək istədiyim ölkələrdən biri idi və buna görə də bu olimpiadanı səbirsizliklə gözləyirdim. Ölkənin zəngin tarixi, təbiəti və insanların istiqanlığı mən də daxil olmaqla bütün iştirakçıları darıxmağa qoymadı. Olimpiadanın bizim üçün uğurlu keçməsi ümumilikdə komandanın əhvali-ruhiyyəsinə müsbət təsir göstərdi. Olimpiadanın təşkilində və keçirilməsində müəllimlərimizin xüsusu rolu olduğunu deyə bilərəm. Müəllimlərimiz təkcə bizim hazırlığımızda yox, eyni zamanda olimpiadada sualların müzakirəsində də fəal rol oynadılar. Hazırda əsas məqsədim Sinqapur və ya Kanada universitetlərinin birində təhsilimi davam etdirməkdir. Eyni zamanda yayda Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşıram.
“Uğuruma
görə müəllimlərimə təşəkkürümü
bildirirəm”
Emin Qayıbov 2000-ci il fevralın 23-də Bakı şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alır.
- Olimpiadaya xüsusi ciddi hazırlıq mərhələsindən keçdim. Bütün yay ayları ərzində üç fəndən - kimya, fizika və biologiyadan (ingiliscə) müxtəlif kitablar oxudum. Oktyabr ayında 3 mərhələli seçim turu keçirildi və Beynəlxalq Olimpiadada iştirak etmək hüququ qazandım.
Hər bir olimpiada kimi, yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadası həm əyləncəli, həm də xoş təəssüratlarla zəngin idi.
Yüksək nəticə əldə etməyimizdə müəllimlərimizin əməyini qeyd etməliyəm. Əlbəttə ki, uğurlu nəticə üçün yalnız şagirdin zəhməti kifayət etmir. Qazandığım nəticələrə, uğuruma görə müəllimlərimə, xüsusilə fizika müəllimim Rəşadət Qədiməliyevə, Elxan Tahirova (biologiya), Balaqardaş Bəşirova (kimya) təşəkkürümü bildirirəm.
Hər bir Azərbaycan gənci kimi mən də gələcəkdə Vətənimə və millətimə layiqli vətəndaş olmaq istəyirəm. Gələcək təhsilimi tibb üzrə davam etdirməyi arzulayıram.
Medalçılar
barədə müəllimləri danışır
Rəşadət Qədiməliyev - Hər bir insan öz çalışdığı sahədə nailiyyət, uğur qazanmaq istəyir. Mən də təhsil sahəsində çalışan bir müəllim kimi bu sahədə dövlətimə layiqli vətəndaş olub, ölkəmi beynəlxalq arenada təmsil etməyi və nailiyyət əldə etməyi çox arzulamışam. “İstək” liseyi olaraq bu sahədə durmadan çalışırıq. İndiyə qədər şagirdlərimiz üzümüzü ağ edib. Ancaq Cənubi Koreyada keçirilən bu olimpiada heç də asan deyildi. Çünki rəqiblərimiz Çin, Hindistan, Sinqapur, Koreya, Rusiya, Almaniya kimi təhsildə öz sözünü demiş ölkələr idi. Ümumilikdə 43 ölkənin iştirak etdiyi olimpiadada 5 medal ilə vətənə dönmək, bayrağımızı dalğalandırmaq qədər sevindirici başqa hal ola bilməz.
Hüseyn Babayev - sakitdir, ancaq çox çalışqandır. Əvvəllər bir neçə olimpiadada iştirak edib. Yəni, bu sahədə təcrübəsi var. Əslində, asanlıqla qızıl medal da qazana bilərdi. Keçən il Beynəlxalq Kimya Olimpiadasında ( Bakı) bürünc medal qazanmışdı. Hazırda builki kimya olimpiadasına hazırlaşır.
Turan Bədəlli - Biologiya olimpiadaçısıdır. Sakit, ədəbli, təvazökar bir şagirdimizdir. Keçən il Argentinada bu olimpiadada iştirak etmişdi. Bu il isə sevindirici haldır ki, əzmkarlığı nəticəsində vətənə medal ilə döndü. Hazırda Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.
Emin Qayıbov - Biologiya olimpiadaçımızdır. Hər zaman doğrunu deməyi sevən, qarşısına qoyduğu məqsəd üçün son dərəcə səylə çalışan şagirdimizdir. Koreyadan dönər-dönməz ölkəmizi təmsil etmək üçün Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.
Turan Məmmədli - Kimya olimpiadaçımızdır. Çox zəkalı və çalışqanlığı ilə müəllimlərin sevimlisinə çevrilib. Yaşının az olmasına baxmayaraq çox çalışmaqla ilk dəfə qatıldığı beynəlxalq olimpiadadan medal qazanmaq nəsib oldu. Beynəlxalq Kimya Olimpiadasına hazırlaşır. Uğurlar arzu edirəm.
Cəfər İsbarov - əzmkar, çalışqan, öyrənməyə son dərəcə həvəslidir. Müsbət davranışları ilə yoldaşları arasında hörmət qazanıb. Cəfərə ümidimiz böyük idi. Bu sahədə bizi yanıltmadı və gümüş medal qazandı. Hazırda Beynəlxalq Biologiya Olimpiadasına hazırlaşır.
Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2015.- 19 dekabr.- S.10.