UNEC-in yaranmasının
85 illiyi qeyd olunub
Dekabrın
24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
yaranmasının 85 illik yubileyinə həsr edilən tədbir
keçirilib.
Tədbir
iştirakçıları öncə UNEC-in tələbə
və əməkdaşlarının əl işlərindən
ibarət rəsm, karikatura və kitab sərgisi ilə
tanış olublar. Yubiley tədbiri Azərbaycanın Dövlət
himninin səsləndirilməsi ilə başlayıb.
Ümummilli
lider Heydər Əliyevin 2002-ci ildə universitetə gəlişi
zamanı “Fəxr edirəm ki, bizim ali təhsilimiz var” fikri ilə
çıxışına başlayan UNEC-in rektoru, professor
Ədalət Muradov bildirib ki, universitetin 85 illik şərəfli
yolunda iqtisad elminə mühüm töhfələr verən
və xidmətlər göstərən qocaman
professorlarımızın böyük əməyi var. Müəllim
potensialının artırılmasının universitetin
strateji hədəfi olduğunu deyən rektor, bu potensialın
təkmilləşdirilməsi istiqamətində xeyli işlər
görüldüyünü vurğulayıb. Rektor, həmçinin
son iki ildə universitetdə əməkhaqqının 3 mərhələdə
artırılması və hazırda pedaqoji heyətin orta əməkhaqqı
göstəricisinin ali təhsil müəssisələri
arasında ən yüksək olduğunu söyləyib. Qeyd
edib ki, əməkhaqqı artımı son hədd deyil, əməkdaşların
maaşlarının da artırılması istiqamətində
işlər gedir.
Universitetdə
görülən işlərdən danışan rektor
bildirib ki, UNEC müəllimlərinin ekspert qismində də fəaliyyət
göstərməsinə təkan vermək üçün
“UNEC Ekspert” jurnalı təsis edilib. Növbəti ilin birinci
rübündə jurnal işıq üzü görəcək.
“Ölkə
Prezidenti İlham Əliyevin qarşıma qoyduğu vəzifəni
– Azərbaycan Dövlət İqtisad Universitetinin dünya səviyyəli
universitetə çevrilməsini icra etmək
üçün bütün gücümüzü səfərbər
edəcəyik” deyən rektor, əlavə edib ki, UNEC-in 90
illik yubileyində “QS” reytinqində Top-1000 universitet
sırasına yüksəlməyə
çalışacağıq.
Təhsil
naziri Mikayıl Cabbarov ali təhsilin inkişafına
özünəməxsus töhfələr verən İqtisad
Universitetinin ölkənin sosial-iqtisadi problemlərinin həlli
sahəsində əhəmiyyətli rolu olduğunu bildirib.
Nazir qeyd edib ki, qarşılaşdığımız iqtisadi
çətinliklər şəraitində Azərbaycan iqtisadiyyatına
bilikli, kreativ düşüncəli və qloballaşan
dünyada biznes mühitini yaxşı bilən peşəkarlar
lazımdır. Dünya təcrübəsi göstərir ki,
istənilən dövlətin inkişaf səviyyəsini
yüksək məhsul yaradan insan resursları müəyyən
edir. İqtisad Universitetinin belə kadrlar hazırlamaq
üçün gördüyü işlər təqdirəlayiqdir.
“İnanıram
ki, 85 yaşlı İqtisad Universitetinin əsas amalı ali təhsilin
beynəlxalq standartlara uyğunlaşmasıdır”, deyən
M.Cabbarov bildirib ki, bu gün ali təhsilin beynəlmiləlləşməsi
qlobal prosesdir. Eyni zamanda, təhsildə elmi potensialın
qorunub saxlanılması və eləcə də gənc
elmi-pedaqoji kadrların hazırlanması öndə duran məsələlərdən
biridir: “Bu baxımdan UNEC-də həyata keçirilən “Gənc
müəllimlər” layihəsi bizi çox sevindirir. 121 gənc
müəllim işə qəbul edilib ki, onların da əksəriyyəti Avropanın,
ABŞ, Kanada kimi ölkələrin nüfuzlu universitetlərinin
məzunlarıdır. Bu proses davam etdirilməli və digər
ali təhsil müəssisələrini də əhatə etməlidir.
İnanıram ki, xaricdə təhsil alan gənc mütəxəssislərin
elmi-pedaqoji fəaliyyətə cəlb edilməsi təhsildəki
problemlərin həllinə əsaslı surətdə kömək
edəcək”.
Azərbaycan Dövlət İqtisad
Universitetinin əsasını qoyan və inkişafında xidməti
olanları ehtiramla yad edən M.Cabbarov müstəqil Azərbaycanın
davamlı inkişafı naminə
kollektivin gənc iqtisadçı kadrların yetişdirilməsi
istiqamətində bundan sonra da uğurla
çalışacağına ümidvar olduğunu bildirib.
M.Cabbarov
çıxışını bu sözlərlə
yekunlaşdırıb: “Bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin ad günüdür.
Mən bütün təhsil ictimaiyyəti adından cənab
Prezidenti təbrik edirəm. Hesab edirəm ki, bizim ölkə
başçısı üçün edə biləcəyimiz
ən böyük töhfə öz işimizə vicdan və
peşəkarlıqla yanaşmağımızdır”.
UNEC-in 85
illik yubileyi münasibəti ilə təhsil naziri Mikayıl
Cabbarovun əmri ilə universitetin bir qrup əməkdaşı“Qabaqcıl
təhsil işçisi” döş nişanı və fəxri
fərmanla təltif edilib.
Beynəlxalq
Türk Akademiyasının rəhbəri, professor Darhan
Kıdıralı yubiley münasibəti ilə UNEC-in
professor-müəllim heyətini təbrik edib. Bu günlərdə
UNEC-də təsis edilən Türk Dünyası
İqtisadçılar Birliyinin əhəmiyyətindən
söz açan D.Kıdıralı bildirib ki, türk
dünyası iqtisadçıları arasındakı əməkdaşlıq
əlaqələrinin qurulması və inkişaf etdirilməsi
bu ölkələrin gələcək iqtisadi inkişafına
mühüm töhfələr verəcək.
UNEC-in Azərbaycan tarixi
kafedrasının müdiri, professor Hidayət Cəfərov
universitetin kecdiyi 85 illik tarixi yola nəzər salıb.
Sonra
UNEC-də yeni yaradılan diskurs.az – virtual iqtisadi forumun təqdimatı
keçirilib. Tədbirdə universitetin tarixini əks etdirən
“UNEC-85 fakt” filmi nümayiş etdirilib. Yubiley tədbiri UNEC-in
Yaradıcılıq Mərkəzinin üzvlərinin ifası
ilə davam edib.
İctimaiyyətlə əlaqələr
şöbəsi
Azərbaycan müəllimi.- 2015.-
26 dekabr.- S.3.