İlk-peşə və orta ixtisas təhsili müəssisələrinin

şagird və tələbələri arasında Respublika

ifa müsabiqəsinin keçirilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

   

Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnıları və təsniflərin, milli rəqslərimizin şagird və tələbələr arasında təbliğ olunması, eyni zamanda bu istiqamətdə aparılan işlərin səmərəliliyinin artırılması, şagird və tələbələrin asudə vaxtlarının mənalı təşkili, xüsusi istedada malik gənclərin üzə çıxarılması, onlarda ifa mədəniyyətinin yüksəldilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq

 

 ƏMR EDİRƏM:  

 

1. Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında Respublika ifa müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, ilk-peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

4. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

3 fevral 2015-ci il

 

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.2.