Azərbaycan Texniki Universiteti
"Mənim
universitetim" layihəsinin budəfəki
hədəfi Azərbaycan Texniki Universitetidir
Ölkəmizin texniki təhsil sahəsində
aparıcı universitetlərindən biri olan Azərbaycan
Texniki Universiteti (AzTU) 1950-ci ildə tərkibində 4
fakültə olmaqla Azərbaycan Politexnik İnstitutu adı
altında yaradılıb. 1950-1955-ci illərdə
universitetin fakültələri müxtəlif ünvanlarda
yerləşən binalarda fəaliyyət göstərib.
1955-ci ildən bütün fakültələri
əhatə etməklə universitet binasına
köçüb. 1978-ci ildən etibarən AzTU-da
SSRİ-nin müxtəlif respublikaları və
bir sıra Asiya, Afrika və Latın Amerikası ölkələri
üçün kütləvi mütəxəssis
hazırlığına başlanılıb. 1991-ci
ildən universitet indiki Azərbaycan Texniki Universiteti
adını daşıyır. Hazırda universitet
maşınqayırma, metallurgiya, informatika və kompüter
texnologiyaları, elektrotexnika, telekommunikasiya, nəqliyyat,
mühəndis biznesi və digər sahələrdə mütəxəssis
və elmi kadrlar hazırlayır. Universitetin 7 tədris
binası var. Əyani şöbədə 10 fakültədə
33 ixtisas, qiyabi şöbədə
isə 5 fakültədə 6 ixtisas üzrə ümumilikdə
8693 nəfər tələbə təhsil alır. Universitetdə 136 nəfər əcnəbi tələbə
var. 492 nəfər magistrin 417-si əyani, 75 nəfəri isə
qiyabi təhsil alır. 2014-cü ildə
Azərbaycan Texniki Universitetinin bakalavr səviyyəsini 1492 tələbə
bitirib. 2013-2014-cü il məzunlarından 108 nəfəri magistr
adını qazanıb. 2014-2015-ci tədris ilində
universitetin bakalavr səviyyəsinə 2003 tələbə qəbul
olunub. Universitetdə 634 nəfərlik
professor-müəllim heyəti çalışır. 2014-cü ildə xarici jurnallarda professor-müəllim
heyətinin 180 məqaləsi dərc olunub. 2000-ci ildən
etibarən universitetin
rektoru, texnika elmlər doktoru, professor Havar Məmmədovdur.
Maddi-texniki baza
Universitet 7 tədris binasından ibarətdir. 2011, 2012 və 2013-cü
illərdə AzTU-da əsaslı təmir-tikinti və
abadlıq işləri həyata keçirilib. Təmir-bərpa işləri hazırda da davam
etdirilir. Əvvəllər cəmi bir
neçə kompüteri olan universitetə son illər 1000-dən
artıq müasir kompüterlər alınıb, bütün
dekanlıqlar, kafedralar, laboratoriyalar, şöbə və
bölmələr zəruri cihaz və avadanlıqlarla təmin
edilib.
Universitetin böyük idman sarayı var. SSRİ dövründə,
ümummilli lider Heydər Əliyevin ölkəmizdə
hakimiyyətdə olduğu ilk illərdə (1969-1972-ci illərdə)
inşa edilib və istifadəyə verilən İdman
sarayının tərkibində bədən tərbiyəsi
kafedrası və idman klubu fəaliyyət göstərir. İdman sarayı
kompleks olaraq 8 (səkkiz) zaldan ibarətdir.
AzTU-da professor-müəllim heyətinin və digər əməkdaşların
istirahətlərinin səmərəli təşkili üçün universitetin
Altıağac qəsəbəsində yerləşən tədris-təcrübə
bazasında hər cür şərait yaradılıb. Burada ildə 300 nəfər əməkdaşın
istirahət etməsi mümkündür.
Metallurgiya və metalşünaslıq
kafedrasında müasir "Metalloqrafiya və struktur
analizi" laboratoriyası yaradılıb. Laboratoriya üçün Almanyanın
"Buehler" firmasından kobud və incə kəsici
qurğular, müasir optik mikroskop, müasir mikrobərklik
ölçən, metalloqrafik şlifin hazırlanması
üçün avtomat press, avtomatik pardaxlayıcı və
cilalayıcı qurğular alınıb. Laboratoriyada
yeni istifadəyə verilən metalloqrafik mikroskop və mikrobərklik
ölçən qurğuların hər birinə
ayrılıqda xüsusi kameralar qoşulub. Proqram təminatı eyni zamanda onlayn rejimində
strukturların və ölçmələrin nəticələrinin
analiz olunmasına imkan verir və nəticələrin 3D
formatında baxılmasına da imkan yaradır.
Universitetin əksər kafedralarında
interaktiv lövhə ilə təchiz olunmuş auditoriyalar
vardır. Tədris prosesində elektron vasitələrindən
geniş istifadə edilir.
Elektrik təchizatı və
izolyasiyası kafedrasında TEMPUS layihəsi çərçivəsində
9 kompüterdən ibarət şəbəkə
yaradılıb.
Telekommunikasiya şəbəkələri
və texnologiyaları kafedrasında ADSL texnologiyası ilə
yüksək sürətli internetə qoşulmuş lokal
kompüter şəbəkəsi bazasında hazırlanan
ixtisaslar üzrə elektron tədris-metodik kompleksi
yaradılıb. Bu kompleksə hər bir ixtisasa tədris
olunan fənlər üzrə genişlənmiş proqram, əsas
və əlavə ədəbiyyatların adları və
URL-ünvanları, tədris-metodik kartaları, mühazirələrin
mətnləri və prezentasiyaları, imtahan sualları və
özünüyoxlama testləri, virtual laboratoriya işləri
və onlara metodik göstərişlər daxil edilib.
Kafedrada müasir İKT
avadanlıqları və proqramları ilə təchiz
olunmuş 3 tədris laboratoriyası mövcuddur. AzTU-nun
Texnoloji komplekslər və xüsusi texnika kafedrasında tədris
prosesində yeni texnologiyaların tətbiqi və transferi,
texnoloji proseslərin avtomatlaşdırılmış layihələndirilməsi
və idarə olunması, tələbələrdə unikal vərdişlərin
və qabiliyyətlərin formalaşdırılması,
ixtisasartırma və yeni ixtisas alma, elmi nəricələrin
kommersiyalaşdırılması və s. ilə əlaqədar
fəaliyyətlərin həyata keçirilməsi məqsədilə
Virtual Layihə-Texnoloji Tədris Mərkəzi (VLTTM)
yaradılıb.
VLTTM-in bazasında AzTU Amerikanın HAAS Automation,
İsveçrənin Abplanalp ingineering AG (HAAS) və
Almaniyanın "R.&S. KELLERGmbH" şirkətləri
arasında çoxtərəfli əməkdaşlıq əlaqələrinin,
o cümlədən də irihəcmli layihələr üzərində,
real vaxt rejimində və vahid informasiya mübadiləsi
standartları sistemində fəaliyyət göstərən
virtual müəssisənin təşkili
planlaşdırılır.
Universitetin professor-müəllim heyəti və tələbələri
mərkəzdə istifadə edilən informasiya-kommunikasiya
texnologiyaları vasitəsilə hüquqi baxımdan bir-birindən
asılı olmayan müəssisələrin, o cümlədən
də "HAAS Automation", "R.&S.Keller Gmbh",
"Abplanalp Engineering AG" və digərləri mühəndis-texniki
işçiləri və tələbələri ilə
birlikdə virtual bir müəssisə təşkil edərək,
real vaxt rejimində və informasiya mübadiləsinin vahid
standartları daxilində birgə layihələr həyata
keçirmək imkanlarına malikdirlər.
Maşınqayırma texnologiyası kafedrasında
"Sprut", "Kompas", MASTER CAM, Pro/İngeneer kimi
CAD/CAM proqramlarından tədris prosesində əyani vasitə
kimi istifadə edilir.
Çoxəməliyyatlı dəzgahlarda
texnoloji proseslərin kompüter layihələndirilməsi
üzrə təcrübə almaq üçün
kafedranın dosenti və 2 magistrantı Müdafiə Sənayesi
Nazirliyinin Optika Mexanika İstehsal Birliyində 2 aylıq staj
keçiblər.
Bundan başqa, Avtomatika və idarəetmə kafedrasında
informasiya texnologiyalarına və kibernetikanın
son nailiyyətlərinə əsaslanan zəngin laboratoriyalar
yaradılıb və bu laboratoriyalar təyinatına görə
bölünüb.
"Elektron
universitet"
Elmin, texnologiyanın və texnikanın prioritet
istiqamətləri üzrə kadr hazırlığında
informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən
biri də universitetlərin idarə olunmasının
avtomatlaşdırılmış sistemi - "Elektron
universitet"dir (EU).
"İT və proqramlaşdırma"
kafedrası son illər universitetin lokal şəbəkəsinin
və portalının yaradılmasını və idarə
edilməsini həyata keçirir.
AzTU-da "Elektron universitet" layihəsi
üzərində aktiv tədqiqatlar aparılır, universitetin
hər bir funksional bölməsi
üzrə həmin bölməyə aid məsələləri
avtomatlaşdırılmış rejimdə həll
etmək imkanlarına
malik alt-sistemlər işlənir. Funksional alt-sistemlərin əlaqələndirilməsi AzTU.edu.azindex portalı vasitəsilə həyata
keçirilir.
AzTU-da www.aztu.edu.az portalı
yaradılıb, portalda bütün kafedra və struktur
bölmələrin elektron ünvanları yerləşdirilib.
Gəncləri xarici ölkələrin ali təhsil
sistemləri və yüksək reytinqli ali məktəbləri
haqda məlumatlandırmaq üçün xüsusi internet
portal yaradılıb və "Elektron AzTU"nun "Beynəlxalq
əlaqələr" alt-sisteminin ayrıca modulu kimi fəaliyyət
göstərir. Bu portalda
dünyanın inkişaf etmiş 26 ölkəsinin ali təhsil sistemləri və aparıcı
ali məktəblərinin internet ünvanları ilə
yanaşı, xaricdə təhsillə bağlı
respublikamızda qəbul olunmuş qərar və
hüquqi-normativ sənədlərin elektron kitabxanası
hazırlanaraq yerləşdirilib.
Sonuncu layihə ölkənin ən vacib
problemi olan Dağlıq Qarabağ münaqişəsinə,
onun informasiya təminatına həsr olunub. Bu məqsədlə "Qarabağ - Torpaq və
insanlar" internet portalı hazırlanıb və portal Azərbaycan,
ingilis və rus dillərində fəaliyyət göstərir.
Universitetdə son illərdə İKT sahəsində
4 beynəlxalq, 4 respublika konfransı keçirilib.
Tələbənin
məzun olmaq
üçün verdiyi imtahanlar
AzTU-da imtahanlar yazılı və kompüterdə test
üsulu ilə həyata keçirilir. İmtahanlar
universitetin İnformasiya-Tədris Mərkəzinin 120 yerlik və
əsas binanın birinci mərtəbəsində yerləşən
44 yerlik kompüter zallarında aparılır.
Yazılı imtahanların aparıldığı
fakültələrdən biri 2012-ci ildə Nazirlər
Kabinetinin xüsusi qərarı ilə yaradılan
"Xüsusi texnika və texnologiya" fakültəsidir ki,
buraya qəbul dövlət sifarişi əsasında
aparılır. Müdafiə Sənayesi
Nazirliyinin sifarişi əsasında yaradılan fakültə
nazirlik üçün kadrlar hazırlayır. Bundan əlavə,
Avropa İttifaqının "Tempus" layihəsi üzrə və Təhsil
Nazirliyi tərəfindən yaradılan SABAH qruplarında
imtahanlar universitetin Elmi Şurasının qərarına əsasən
mərkəzləşdirilmiş şəkildə
yazılı formada aparılır. Tələbələrdən
333 nəfəri imtahanı yazılı, digərləri isə
kompüter vasitəsi ilə test üsulu ilə verir.
Obyektivliyin və şəffaflığın
təmin olunması məqsədi ilə koordinator-nəzarətçilər
qeyri-ixtisasdan seçilir. Yazılı
imtahan verən tələbələr qiymətləndirmədən
narazıdırlarsa, dərhal münaqişə
komissiyasına müraciət edərək apelyasiyaya vermək
hüququna malikdir. Tələbələrin şikayətlərinin
dərhal araşdırılması, müraciətlərinə
baxılması məqsədi
ilə 15 nəfərdən ibarət
qərargah qrupu yaradılıb.
Sabaha
açılan SABAH
Hazırda AzTU-nun SABAH qruplarında "Kompüter
mühəndisliyi", "İnformasiya texnologiyaları
sistemləri" və "Elektronika telekommunikasiya və
radiotexnika mühəndisliyi" ixtisasları üzrə 41 nəfər
tələbə təhsil alır. Bu qruplardakı tələbələrin
hamısı akademik balı 61-dən
yuxarı olanlardır. Müəllimlər də
Təhsil Nazirliyində müsabiqədən keçərək
seçilib. SABAH qrupları lazımi
resurslarla tam təmin olunub. Onlar
üçün resurs mərkəzi yaradılıb, daim
internetdən istifadə edir. Bu qruplar
müxtəlif bilik yarışmalarında iştirak edir,
tanınmış insanlarla görüşlər keçirirlər.
Bu ildən etibarən universitetin SABAH
qruplarına 9 ixtisas üzrə qəbul aparmaq
planlaşdırılır.
Layihələrin
İdarə Olunması
və
İnnovasiyalar Mərkəzi
2014-cü il noyabrın 1-dən Azərbaycan Texniki Universitetində
(AzTU) "Layihələrin İdarə Olunması və
İnnovasiyalar Mərkəzi" fəaliyyət göstərir.
Mərkəzin rəhbəri Layihələrin
İdarə Edilməsi Azərbaycan Assosiasiyasının
(AzMPA) prezidenti İqbal Babayevdir. Mərkəzin
yaradılmasının əsas məqsədi ölkədə
layihə menecmenti üzrə beynəlxalq standartların və
onun metodologiyasının tətbiq edilməsi, tələbələr
ilə peşəkar layihə menecerləri arasında təcrübə
mübadiləsi məqsədilə "məntiqi
körpünün" yaradılması, gənc alim və mütəxəssislərlə
layihə menecmenti üzrə elmi tədqiqat işlərinin həyata
keçirilməsidir. 2015-ci il yanvarın 23-də
mərkəzdə "İnformasiya-kommunikasiya
texnologiyaları üzrə layihələrin idarə edilməsində
beynəlxalq ISO standartlarının tətbiqi"
mövzusunda seminar keçirilib.
Tədbirdə İKT üzrə layihələr
sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr,
aspirantlar, təcrübə keçən menecerlər
iştirak ediblər.
Elmi
nailiyyətin əsasında elmi-tədqiqat durur
Elmi-tədqiqat bölməsi AzTU-nun elmi-tədqiqat
hissəsinin elmi-pedaqoji kadrların attestasiyasını, elmi-tədqiqat
işlərinin planlaşdırılmasını, yerinə
yetirilməsini və nəticələrinin istehsalatda və tədris
prosesində tətbiq olunması haqqında hesabatların tərtibini,
müzakirədən keçirilməsini, əməkdaşların
elmi yaradıcılığını təşkil edən
struktur bölməsidir. Bölmə öz fəaliyyətini Azərbaycan
Respublikasının qüvvədə olan müvafiq
qanunvericilik aktlarına, AzTU-nun Nizamnaməsinə, Nazirlər
Kabinetinin qərarları ilə təsdiq edilmiş əsasnamələrə,
Təhsil Nazirliyinin müvafiq əmrlərinə, Elmi
Şuranın qərarlarına, rektorun əmrlərinə və
öz əsasnaməsinə uyğun həyata keçirir.
Şöbə tərəfindən 2011-2015-ci illərdə
universitetin 44 kafedra, 18 elmi-tədqiqat laboratoriyasında 86
problem, 129 mövzu, 170 iş, 653 mərhələ üzrə
ETİ planı hazırlanaraq müvafiq kafedra iclaslarında,
Koordinasiya və fakültə şuralarında, həmçinin
universitetin Elmi Şurasında təsdiq edilib. Universitetin
elmi nailiyyətləri "Elmi əsərlər" adlı
elmi-texniki jurnalda çap olunur.
Universitetin 2011-2015-ci illər üçün elmi-tədqiqat
işlərinin planına uyğun olaraq, Avtomatika və KT və
Radiotexnika və rabitə fakültələrinin
kafedralarında, həmçinin, "Nəqliyyatın və
texnoloji proseslərin idarə olunmasının müasir
problemləri", "Kompüter şəbəkələrinin
və informasiya texnologiyalarının problemləri", "Mexaniki sistemlərdə
avtomatlaşdırma və idarəetmə" elmi-tədqiqat
laboratoriyalarında bilavasitə İKT sahəsində
-"Texniki sistemlərdə idarəetmə və informatika,
avtomatlaşdırılmış idarəetmə sistemləri",
"Radiotexniki qurğuların analizi və optimal sintezinin yeni
üsullarının işlənməsi", "Azərbaycanda
yeni texnologiyalar bazasında telekommunikasiya infrastrukturunun təşkilinin
elmi-texniki əsasları" istiqamətləri üzrə 22
mövzuda elmi-tədqiqat işləri yerinə yetirilir.
Elektrodinamika və REV kafedrasında aparılan elmi-tədqiqat
işlərindən alınan mühüm elmi nəticələr,
yəni müasir ədədi üsulların analizi, ifrat
yüksək tezlikli element və qurğuların
hesablanması üçün yeni alqoritmlər, blok-sxemlər,
qurğuların spesifik xüsusiyyətləri, riyazi modellərin
qurulması, elektromaqnit sahələrinin əsas parametrlərinin
təyin edilməsi və s. məsələlər informasiya
texnologiyalarının bilavasitə tətbiqi ilə həyata
keçirilir. Bu cür məsələlərin
proqram təminatını yaratmaq üçün isə Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu və
İnformasiya Texnologiyaları İnstitutu ilə sıx əməkdaşlıq
edilir.
AzTU-da informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində də elmi kadr
hazırlığına xüsusi diqqət yetirilir.
AzTU-da fəaliyyət göstərən
Dissertasiya Şurasında İKT sahəsində "Hesablama
texnikasının və idarəetmə sistemlərinin element və
qurğuları" və "Telekommunikasiya sistemləri,
şəbəkələri və qurğuları"
ixtisasları üzrə fəlsəfə və elmlər
doktoru dissertasiyaları müdafiə edilir. Son illərdə
bu ixtisaslar üzrə
8 fəlsəfə doktorluğu dissertasiya müdafiə olunub
və bir sıra iş müdafiə ərəfəsindədir.
AzTU əməkdaşları həmçinin,
AMEA-nın Kibernetika İnstitutunda da dissertasiya müdafiə
ediblər.
Azərbaycan Texniki Universitetinin rektorunun
xüsusi tapşırığı ilə universitetin əməkdaşları
tərəfindən "Azərbaycan Texniki Universitetinin
Elektron Təhsil Sistemi" layihəsi hazırlanıb. Layihə Koreya Beynəlxalq Əməkdaşlıq
Agentliyi (KOİKA) tərəfindən bəyənilib və
onun reallaşdırılması üçün texniki və
maliyyə (2 milyon dollar) dəstəyin göstərməsi
üzrə Azərbaycan hökuməti ilə müqavilə
bağlanıb. Layihənin əsas məqsədi
informasiya-kommunikasiya texnologiyalarından səmərəli
istifadə etməklə universitetin idarəetmə sisteminin təkmilləşdirilməsidir.
Kitabxanaları
AzTU-nun Əsaslı kitabxanası 1950-ci
ildə yaradılıb. Hazırda kitabxananın 6
şöbəsi və bir neçə bölməsi var.
Kitabxanada olan 3 oxu zalından hazırda
ikisi fəaliyyət göstərir. Biri
müvəqqəti (təmirlə bağlı)
bağlanıb. 2014-cü ildə kitabxananın fondu 525143
nüsxə təşkil edib. 2014-cü ildə
2661 nüsxə yeni kitab alınıb.
Kitabxananın 55400 nüsxə jurnal fondu,
5 adda 20 komplekt qəzet fondu var. 2014-cü ildə
Əsaslı kitabxananın oxucu kontingenti 8153 nəfər olub. Oxucu
kartoçkası ilə 6415 tələbəyə xidmət
edilib. 2014-cü il ərzində kitabxanaya 145500 nəfər oxucu gəlib. Kitabxanada kitabxanalararası (KAA) abonement də fəaliyyət
göstərir. 2014-cü ildə KAA
başqa kitabxanalardan oxucular üçün 11 nüsxə
kitab gətirib və gələn sifarişlər
üçün 5 kitab göndərib. AzTU
elektron kitabxana və yeni informasiya texnologiyalarının
istifadəçiləri və texnologiyalarının Beynəlxalq
Assosiasiyasına üzv seçilib.
Universitetdə
"İRBİS-64" kitabxana və informasiya
proqramı tətbiq edilməyə başlanılıb.
Kitablar internetə yerləşdirilib, əsasən latın qrafikası ilə yazılmış
kitabların yerləşdirilməsinə üstünlük
verilib. İRBİS-lə həmin saytda 500
nüsxə avtoreferat və 1000 adda kitab daxil edilib. Elektron kitabxana yaratmaq üçün rektorun daxili əmri
ilə universitetdə müdafiə olunan və çap olunan
dərsliklərin, monoqrafiyaların elektron variantı (diskləri)
kitabxananın fondunda toplanır.
Kitabxananın elektron katoluqundan istifadə
etmək üçün AzTU-nun "aztu.edu.az"
saytından istifadə etmək olar.
MDB ölkələrinə humanitar
yardım fondunun təşəbbüsü ilə elektron
kitabxanadan ödənişsiz istifadəyə dair AzTU və
"Nauçnoye elektronnoye biblioteka" (elibrary.ru) arasında
kitabxanadan pulsuz istifadə haqqında 6182 saylı lisenziya
anlaşması imzalanıb.
Dünya elektron kitabxanası
http://community.ebooklibrary.org/?AffiliateKey%20=Azerbaijan1> kodundan
pulsuz istifadə etmək imkanı yaradılıb.
Ümumdünya sorğu xidmətinin polpred.com Obzor
SMİ kütləvi informasiya vasitələrinin portalı
Rusiya və yaxın xaricin kitabxanalarının verilənlər
bazasından rus dilində 1 il müddətinə
ödənişsiz istifadə imkanı verir.
Universitetin tələbə təşkilatları
Azərbaycan Texniki Universitetində tərbiyə işləri
"Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanunu və "Azərbaycan Gəncliyi Dövlət
Proqramları"na uyğun olaraq tərtib
edilmiş plan əsasında aparılır. Bundan
əlavə, əlamətdar günlərlə bağlı
müvafiq tədbirlər planı hazırlanaraq yerinə
yetirilir. Milli bayramlar, anım günləri,
müxtəlif maarifləndirici və tərbiyələndirici
mövzularda tədbirlər keçirilir.
Məzunların işə düzəlməsinə
yardım məqsədi ilə Azərbaycan Respublikası
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyasının "Dövlət qulluğuna
kadrların seçilməsi" şöbəsinin əməkdaşlarının
universitetdə yuxarı kurs bakalavr tələbələri və
magistrlərlə görüşü təşkil edilir. Burada tələbələrin dövlət
qulluğuna işə götürülməsi ilə əlaqədar
məsələlərə aydınlıq gətirilir. Azərbaycan Prezident yanında Gənclər Fondunun məsul
işçiləri ilə tələbələrin
görüşü təşkil edilir. Bunun
nəticəsi olaraq TGT (Tələbə Gənclər Təşkilatı)
və universitetin bir sıra tələbələri fərdi
olaraq qrantlar qazanıblar.
Ölkədə keçirilən beynəlxalq
əhəmiyyətli sərgilərdə tələbələrin
və əməkdaşların iştirakı təmin edilir. Heydər Əliyev Mərkəzində
"Kosmosa səyahət", "Səməni",
"Müasir Azərbaycan incəsənəti" sərgilərində,
eləcə də "Bakı Ekspo" sərgi və
toplantı mərkəzində "Azərbaycan 10 ildə,
sosial-iqtisadi inkişaf: dövlət proqramlarının
icrası", "Təhsil və karyera",
"BakuTel-2014" Beynəlxalq Telekommunikasiya və
İnformasiya Texnologiyaları,
"Ətraf mühit üçün texnologiyalar",
"Xəzər Beynəlxalq su texnologiyaları" sərgilərində
yüzlərlə tələbə və əməkdaş
iştirak edib. Gənc nəsildə ətraf mühitə
qayğı hissini daha da gücləndirmək
üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məsul əməkdaşları ilə tələbələrin
görüşü keçirilib, universitetdə Tələbə
Gənclər Təşkilatının nəzdində "Eko
Klub" yaradılıb.
Tələbələrin intellektual səviyyəsini
yüksəltmək məqsədi ilə mütəmadi olaraq
fakültələrin komandaları arasında bilik
yarışmaları keçirilir. Gənclər
və İdman Nazirliyinin layihəsi olan "Mən Azərbaycanlıyam"
ilk milli intellektual oyununda universitetin tələbələri
aktiv iştirak edirlər. "Oturaq həyat
tərzi - sivilizasiyanın xəstəliyi" mövzusunda tədbir
keçirilib, gənc nəslin sağlamlığının
qorunması və onların təhsil nailiyyətlərinin
yüksəldilməsi üçün təkliflər paketi
hazırlanaraq Təhsil Nazirliyinə təqdim edilib. Bu təkliflərdən bəziləri artıq
reallaşdırılıb.
Tələbə
təşkilatlarının fəaliyyətinin
daha da səmərəli qurulması istiqamətində bir
sıra işlər görülüb. Azad Tələbə
Həmkarlar İttifaqı nəzdində universitetin
"Texniki oğlanlar" Şən və Hazırcavablar
Klubu, "Bədii özfəaliyyət" dərnəyinin və
rəqs ansamblının fəaliyyəti gücləndirilib.
Bu kollektivlər universitetdə keçirilən
tədbirlərdə aktiv iştirak edir, bayram tədbirlərində
tələbələr üçün konsertlər verirlər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci
ildönümünə həsr olunmuş ali
məktəb tələbələri arasında bədii
özfəaliyyət festivalında universitetin tələbələri
10 nominasiyada iştirak edib, uğurlu çıxışlar
edərək 4 nominasiyada yekun konsertində təmsil olunub və
diplomlara layiq görülüblər. Bunlardan
ikisi I yer, biri isə II yerdir.
Hər il
fakültələrarası debat yarışmaları təşkil
olunur. Lerik və Oğuz rayonlarında, Nabranda təşkil
edilən "Heydər Əliyev və müasir Azərbaycan",
eləcə də İKT-yə
həsr edilmiş yay və qış məktəblərində
15 nəfər fəal tələbə iştirak edib. "Rəhbərin yuxusu" adlı
qısametrajlı film hazırlanıb. Şuşanın
işğalı günü ilə əlaqədar tədbir
keçirilib, film nümayiş etdirilib.
Tələbə Gənclər Təşkilatı
10 ilə yaxındır fəaliyyət göstərir. Uğurlu fəaliyyətinə görə
universitetin Tələbə Gənclər Təşkilatı
Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı tərəfindən "İlin Tələbə
Gənclər Təşkilatı" adlandırılıb. Prezident seçkiləri ilə əlaqədar olaraq
Azərbaycan Gənclər və İdman Nazirliyi, ATGTİ-nin
birgə layihəsi olan cənab Prezidentə dəstək məqsədi
ilə "Mənim Prezidentim" layihəsində AzTU TGT-nin
fəal üzvləri layihənin klip çəkilişində
və digər təbliğat işlərində təşkilatçı
olub və layihədə fəal iştiraklarına
görə sertifikatlarla təltif olunublar. Tələbə Gənclər
Təşkilatının nəzdində "Turan" vətənpərvərlər,
"Texnokrat-intellektual", "Naviqator-debat",
"Conversation", "İnformasiya texnologiyaları",
"Tələbə Gənclər Teatrı" və
"Sinema" klubları aktiv fəaliyyət göstərir.
Yeni ədəbi-bədii yaradıcılıq və şahmat,
dama klubları yaradılıb. Ekologiya ilə bağlı
"Mən necə ətraf mühitdə yaşamaq istərdim"
adlı inşa müsabiqəsində metallurgiya fakültəsinin
1-ci kurs tələbəsi Gülmirə Məmmədova 2-ci
yerə layiq görülüb. Həftənin altıncı
günləri sosial günlər layihəsi çərçivəsində
"Sinema Klub" pulsuz film nümayişləri təşkil
edir.
"Nə? Harada? Nə
zaman" klubu təsis olunub, "Breyn-rinq" intellektual
oyunları təşkil edilib. I Bakı mədəni
intellektual oyununda AzTU-nun komandası iştirak edərək III
yeri tutub.
Universitetin idman həyatı
Tərbiyə
işindəki əsas istiqamətlərindən biri də tələbələrin
və əməkdaşların sağlamlığının
qorunması, zərərli vərdişlərdən uzaq
olmaları üçün müəyyən tədbirlərin
görülməsidir. Bununla əlaqədar müxtəlif
idman yarışları təşkil edilir. Hər il
ümummilli lider Heydər Əliyevin anadan olmasının
ildönümlərinə həsr olunmuş ümumuniversitet
spartakiadaları keçirilir. Çox maraqlı və gərgin
idman mübarizəsi şəraitində keçirilən
yarışlar kollektivin böyük marağına səbəb
olur. Qaliblər medallarla, kubok və diplomlarla təltif
olunurlar. Bu yarışların nəticələrinə
görə universitetin yığma komandaları
formalaşdırılaraq ali məktəblər arasında
keçirilən ümumrespublika spartakiadasında iştirak
edir.
Ali məktəblər
arasında keçirilən spartakiadada tələbələrdən
ibarət badminton və yunan-Roma güləşi üzrə
komandalar çempion olublar. Voleybol komandası ikinci yeri, həndbol
və cüdo komandaları III yeri tutublar.
Hər il universitetin 6
idman növü üzrə yığma komandası Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi
"Sağlamlıq" adlı respublika spartakiadasında
iştirak edir. Nazirliyin müxtəlif idarələri
arasında keçirilən bu yarışlarda ali məktəblər
içərisində yalnız AzTU iştirak edir. Bir
sıra professional idmançıların da iştirak etdiyi bu
spartakiadada ümumkomanda hesabında universitet III yeri tutub.
Bir sıra tələbələr güləş,
qaydasız döyüş, otüstü xokkey, həndbol,
voleybol və s. idman növləri üzrə respublika
yığma komandalarının üzvləridirlər.
Hava və Ekstremal İdman Növləri
Federasiyası ilə əməkdaşlıq çərçivəsində
universitetdə müvafiq klub yaradılıb ki, bu da gənclərdə
sağlam düşüncə və dözümlü xarakter
formalaşdırılmasında mühüm əhəmiyyətə
malikdir.
Beynəlxalq
əlaqələri
Universitet BMT, UNESCO, TRASEKA və digər beynəlxalq təşkilatların
müvafiq strukturları, bir çox xarici ölkələrin
tanınmış universitetləri ilə sıx əməkdaşlıq
edir. Müxtəlif dövrlərdə
universitetdə 40-dan artıq xarici ölkənin vətəndaşları
təhsil alıb və hazırda təhsil almaqda davam edirlər.
Azərbaycan Texniki Universitetində həyata keçirilən
"Erasmus Mundus EMİNENCE-Ali Təhsildə Əməkdaşlıq
vasitəsilə Qonşu Şərq Ölkələrinə
İnteqrasiyası" adlı layihədə universitetin
mühəndis biznesi və menecment fakültəsinin II kurs tələbəsi
Nigar Mustafayeva və avtomatika və kompüter texnikası
fakültəsinin II kurs tələbəsi Elmar Abbasov
iştirak edərək xaricdə təhsil hüququnu əldə
ediblər. Hazırda sözügedən iki tələbə
öz təhsillərini İsveçrənin Malmo və
İtaliyanın Torino Texniki universitetlərində təqaüdlə
təhsillərini davam etdirməkdədir.
Tələbə mübadiləsi çərçivəsində
Almaniyanın Zigen Universitetinin tələbəsi Cəlal
Əmiraslanov 2012/13-cü tədris ilinin payız semestrində
maşınqayırma fakültəsinin tələbələri
ilə birlikdə 551 "a" qrupunun tərkibində
"Materialşünaslıq" və "Nəzəri
mexanika" fənlərindən, 550 "a" qrupunun tərkibində
Elektrotexnika fənnindən dərslərdə iştirak edib və
tədris semestrinin sonunda həmin fənlərdən
müvafiq kreditləri toplayaraq təhsilini davam etdirmək
üçün Zigen Universitetinə geri dönüb.
Fakültənin təşəbbüsü
ilə AzTU ilə Almaniyanın Lauzitç Ali Məktəbi -
Hochschule Lausitz arasında Alman Akademik Mübadilə Xidmətinin
(AAMX - DAAD) Şərq əməkdaşlığı
proqramı çərçivəsində əməkdaşlıq
əlaqələri davam etdirilir.
Azərbaycan Texniki Universiteti və Fransa Xarici
İşlər Nazirliyinin Paris Tech Universitetinin birgə layihəsi
çərçivəsində universitetin doktorantı
Vüsal Hüseynov Parisin 6 saylı universitetinin
"Chimie-ParisTech" İnstitutunda ("Groupe de Metallurgie
Structurale" bölməsində) professor Frederik Primanın rəhbərliyi
altında elmi tədqiqat işləri yerinə yetirməkdədir.
Layihənin yekununda doktorant Parisdə və
Bakıda elmi tədqiqat işlərinin yekunlarına dair
(fransız, ingilis və Azərbaycan dillərində)
dissertasiya işini müdafiə edərək hər iki
ölkənin yerli qanunvericiliyində nəzərdə
tutulmuş elmi dərəcələri təsdiq edən diplomla
təmin ediləcək.
Beynəlxalq
layihələr
Azərbaycan Texniki Universiteti müxtəlif fondlarla
yaratdığı sıx əməkdaşlıq çərçivəsində
müxtəlif müsabiqələrdə iştirak edir və bunun nəticəsi
olaraq Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA)
tərəfindən elan edilən müsabiqədə "Azərbaycan
Texniki Universitetinin Elektron Təhsil Sistemin
Yaradılması" adlı
layihəsi ilə qalib gələrək qrant qazanıb və hazırda onu
uğurla həyata keçirir.
TEMPUS proqramı çərçivəsində 2001-ci
ildən başlayaraq Azərbaycan Texniki Universiteti Avropanın bir
sıra universitetləri ilə birgə artıq 3 layihə
yerinə yetirib.
TEMPUS IV proqramı çərçivəsində
yeni layihə hazırlanıb və baş qərargaha təqdim
edilib. Layihənin əsas məqsədi
Azərbaycan, Gürcüstan və Moldovada turizm sənayesinin
inkişafı üçün mehmanxana işinin menecmenti
üzrə bakalavr-magistr hazırlığını Avropada qəbul
olunan metodikalarla həyata keçirməkdir. Bu məqsədlə əvvəlcə hər
üç ölkənin milli xüsusiyyətləri,
mehmanxana işinin menecmentinə qoyulan tələblər
araşdırılacaq və bunun əsasında konsepsiya
hazırlanacaqdır. Daha
sonra təhsil kreditləri, modullar, fənn proqramları, dərsliklər
və s. yenidən işlənəcəkdir. Bütün
bunlarla yanaşı, tədris kontentləri, distant təhsil
üçün baza, ikili diplomların verilməsi
üçün lazımi şərait
araşdırılacaq.
Azərbaycan Texniki Universiteti ERASMUS MUNDUS
proqramı üzrə EMİNENCE-I layihəsinin qalibi olub. Avropa Şərq Tərəfdaşlıq Universitetləri üçün nəzərdə tutulan təqaüd proqramında
İtaliya, İsveç, Fransa, Polşa, Portuqaliya, Ukrayna, Moldova,
Belarus, Gürcüstan və Azərbaycandan 20 universitet
iştirak edir, bu layihənin yerinə yetirilməsi
2012-2016-cı illəri əhatə
edir. Təqdim olunan layihədə müəyyən olunan
müddətdə Belarus,
Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan ölkələrinin
ali məktəblərinin tələbələri bakalavr, magistr, doktorantura və elmlər
doktoru pillələri üzrə Avropa Tərəfdaşlıq
Universitetlərində təhsil alması və Avropa Şərq
Tərəfdaşlıq Universitetlərinə Avropa Birliyi ilə
əməkdaşlıq edən universitetlərdən müəllim
- tələbə heyətinin
mübadiləsi nəzərdə
tutulur.
"Mövlanə" Mübadilə
Proqramına qoşulmaq üçün Türkiyənin
müvafiq universitetləri ilə müəyyən protokol
çərçivəsində müqavilələr
bağlanmalıdır. Azərbaycan Texniki Universitetinin artıq
Türkiyənin 5 universiteti ilə 5 il
müddətinə bu proqram çərçivəsində əməkdaşlıq
müqavilələri var.
"Mövlanə" Mübadilə Proqramına
qatılmaq istəyən tələbələr ən azı
bir, ən çoxu iki semestr, müəllimlər isə bir tədris
ilində ən azı 1 həftə, ən çoxu 3 ay
Türkiyənin universitetlərində oxumaq və dərs demək
imkanına malik olacaqlar. Həmçinin Türkiyə
universitetlərinin tələbə və müəllimləri
də bu proqram çərçivəsində Azərbaycan universitetlərində
həmin müddətdə fəaliyyət göstərə
bilərlər.
Azərbaycan Texniki Universitetinin Almaniyada
yaşayan və çalışan məzunu bu ölkədə
Nanotexnologiya sahəsində ən güclü mütəxəssis
olduğunu sübut edib.
Həmyerlimiz Yaşar Musayev 2006-cı ildən
Almaniyanın məşhur Şefler firmasında
çalışır. O, 7 il bundan əvvəl
həmin şirkətdə baş elmi işçi kimi fəaliyyətə
başlayıb. Hazırda o, nanotexnologiyanın
istehsalata tətbiqi məsələləri ilə məşğul
olan bölməyə rəhbərlik edir. Onun
fəal iştirakı və təşəbbüsü ilə
şirkətdə Sənaye Texnikumu adlanan bir qurum
yaradılıb. İyirmidən çox
alim və mütəxəssis burada Yaşar Musayevin rəhbərliyi
ilə elmi araşdırmalar aparır, laboratoriya
sınaqları keçirirlər. Y.Musayev hazırda maşın və
mexanizmlərdə çox yüklənmiş hissələrin
yeyilməyə davamlılığının
artırılması, sürtünmənin azaldılması
imkanlarını araşdırır.
Bu sahədə yeni
texnologiyalar Almaniya kimi sənayesi inkişaf etmiş
bir ölkənin büdcəsində 8 faizə
qədər itkinin qarşısını almağa imkan verəcəkdir. Almaniya dövləti həmyerlimizin rəhbərlik
etdiyi araşdırmaları dəyərləndirərək
müvafiq dövlət proqramı qəbul edib. Yaşar Musayev eyni
zamanda
Erlangen-Nürnberq
Universitetində elmi işlərə rəhbərlik
edir. O, həmçinin Nürnberq ətrafında yaşayan azərbaycanlıları
birləşdirən
Xəzər Təhsil və Mədəniyyət Mərkəzinin
İdarə Heyətinin sədridir.
Rüfanə
GÜNƏŞ
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.6-7.