Qafqaz Universiteti tələbələrinin hazırladığı

"Qarabağnamə" tamaşasının nümayişi olub

Fevralın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq yazıçısı, görkəmli dramaturq, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi münasibətilə Qafqaz Universiteti Mədəniyyət şöbəsi dram dərnəyinin hazırladığı "Qarabağnamə" tamaşasının nümayişi olub.

İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin motivləri əsasında quruluş verilən tamaşanı Təhsil Nazirliyinin rəsmiləri, ali məktəb rektorları, Qafqaz Universitetinin müəllim-tələbə heyətinin üzvləri, təhsil ictimaiyyətinin nümayəndələri və dəvət olunmuş digər qonaqlar izləyiblər.

Qeyd edək ki, İlyas Əfəndiyevin nəsr və dram əsərlərinin bir çoxunun süjeti Qarabağın həyatından, onun tarixi keçmişindən götürülüb. Yazıçının "Hökmdar və qızı" pyesində də Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi və Ermənistan-Azərbaycan münaqişəsinin yaranması mövzusuna toxunulur.

XVIII əsrin sonu -XIX əsrin əvvəllərində Qarabağ hökmdarı olmuş İbrahim xan müharibələr feodal pərakəndəlik nəticəsində iqtisadi cəhətdən zəifləmiş xanlığı birləşdirmək və onu İranın ekspansiyasından müdafiə etmək üçün müdrik, fədakar və faciəli bir qərar qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut edir: təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır və hər bir hökmdarın taleyi onun sahibi olduğu ölkənin ixtiyarındadır. Qarabağın müstəqilliyini gələcək nəsillərə saxlamaq üçün İbrahim xan İran hökmdarı Fətəli şahın məsələni sülalə nikahı ilə tənzimləmək təklifi ilə razılaşır və öz qızı Ağabəyim ağanı ona ərə verir. İbrahim xanın ailəsini bir sıra təhlükələrdən qorumuş qəhrəman sərkərdə Saday bəyi sevən Ağabəyim ağa öz sevgisindən imtina etməli olur. Başa düşür ki, öz seçimində sərbəst deyil və xoşbəxtliyini Vətəninə, onun gələcəyinə qurban verməlidir. O, atasının hökmünə və Vətən eşqinə böyun əyməli olur.

Əsərdə habelə Azərbaycan xanlıqlarını vahid bir dövlət halında birləşdirmək üçün çalışan, lakin buna nail ila bilməyən İbrahim xanın yaranmış vəziyyətdən çıxmaq üçün Rusiyanın köməyinə bel bağlaması, böyük bir qoşunla Azərbaycana gəlmiş və Gəncə xanı Cavad xanla müharibədə onu öldürmüş general Sisianovla müqavilə imzalaması, bununla da onun sevimli qızı, çıxış yolunu Fətəli xanın köməyində görən Ağabəyim ağa arasında olan fikir ayrılığı öz əksini tapıb. Tamaşa boyu bütün bu hadisələrdən öz məkrli məqsədləri üçün istifadə etməyə çalışan ermənilərin üzü, qızışdırıcı rolu ifşa olunur.

Böyük uğurla keçən tamaşada tələbələrin nümayiş etdirdikləri yüksək aktyorluq məharəti tamaşaçılar tərəfindən dəfələrlə alqışlanıb. Tamaşa bitdikdən sonra Qafqaz Universitetinin rektoru, professor Ahmet Saniç səhnəyə çıxaraq uğurlu çıxışlarına görə tələbə-aktyorları təbrik edib, onlara, habelə tamaşanın hazırlanması və nümayişində əməyi keçənlərə minnətdarlığını bildirib.

Tamaşanın onu çox duyğulandırdığını söyləyən rektor, onun əsas qayəsi olan bütöv, azad, müstəqil Azərbaycan ideyasının artıq reallığa çevrildiyini, tarixi kökləri bir neçə əsr əvvələ gedib çıxan və hazırda da xalqımız üçün həyati əhəmiyyətli məsələ olan Qarabağ probeminin həlli üçün ölkə Prezidenti İlham Əliyevin qətiyyətli siyasət yeritdiyini diqqətə çatdırıb. Rektor çıxışının sonunda dəvətlərini qəbul edib tamaşaya təşrif buyurmuş qonaqlara təşəkkürünü bildirib.

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.14.