"Çin kinematoqrafı: keçmişdən bu

günümüzə" adlı tədbir keçirilib

Fevralın 3-də Azərbaycan Dillər Universitetində universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Çin kinematoqrafı: keçmişdən bu günümüzə" adlı tədbir keçirilib.

Tədbiri Çin dili və mədəniyyəti mərkəzinin direktoru, dosent Rafiq Abbasov açaraq Azərbaycanla Çin arasındakı mədəni əlaqələrin uğurlu inkişafı, Çində təşkil edilən beynəlxalq film festivallarında müxtəlif mükafatlara layiq görülmüş Azərbaycan rejissorları haqqında danışıb. O, iki ölkə arasında film istehsalında əməkdaşlığın inkişafı üçün 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı "Kino, radioteleviziya sahəsində əməkdaşlıq haqqında protokol" imzalandığını xüsusi vurğulayıb.

ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələri və müəllimlər milli tarixi, o cümlədən mental xüsusiyyətləri özündə əks etdirən Çin kino sənətinin mədəni fenomeni, Çin kinematoqrafiyasının müxtəlif mərhələlərdə inkişafı, məşhur Çin rejissorlarının işləri, müasir Çin kinolarında qəhrəmanların bədii təsviri haqqında danışıblar.

Sonda yeni Çin bədii filmlərindən fraqmentlər nümayiş etdirilib.

ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun rəhbərliyi ilə Çin dili və mədəniyyəti mərkəzi tərəfindən hazırlanmış Çin və Azərbaycan dillərində çap olunmuş Prezident İlham Əliyevin 2003-2013-cü illərdə Azərbaycan-Çin münasibətlərinin inkişafında verdiyi töhfələrdən bəhs edən "İlham Əliyev - iki qədim xalqların dostluğunun müasir davamçısı" adlı kitab qonaqlara hədiyyə edilib.

Qeyd edək ki, Pekin operasının süjet xətti əsasında çəkilmiş ilk Çin filminin buraxılışının 110 illiyinə həsr olunan tədbirdə Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşı cənab Qu Min, ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak ediblər.

 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

Azərbaycan müəllimi.- 2015.- 7 fevral.- S.15.