Nazir ali məktəblərin
rəhbərləri
ilə görüşüb
Təhsil
Nazirliyində nazirliyin tabeliyində olan ali təhsil müəssisələrinin
rəhbərləri ilə görüş keçirilib.
Görüşdə
iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I
Avropa Oyunlarının təşkili işinə tələbə
könüllülərin cəlb olunması və digər
aidiyyəti məsələlər müzakirə edilib.
Təhsil
naziri Mikayıl Cabbarov Azərbaycanda keçiriləcək ilk
Avropa Oyunlarının tarixi əhəmiyyətini
vurğulayaraq, oyunların uğurla keçirilməsinin vacib
hissəsinin könüllülərin işi olduğunu qeyd
edib. Bu sırada tələbələrin xüsusi yeri
vardır. Dünyanın müxtəlif ölkələrində
böyük miqyaslı tədbirlərin keçirilməsinə
tələbə könüllülərin cəlb olunması
və bu işin koordinasiyası xüsusi əhəmiyyət kəsb
edir. Bu fəaliyyət ictimai maraqlara xidmət etməklə bərabər,
tələbələrin öz bacarıqlarını
inkişaf etdirmək, iş təcrübəsi qazanmaq, yeni
insanlarla tanış olmaq baxımından da faydalıdır.
Nazir
bildirib ki, Azərbaycanda da mütəmadi olaraq təşkil
edilən beynəlxalq əhəmiyyətli tədbirlərə
könüllülərin cəlb olunması ənənəsi
vardır. Bu təcrübədən I Avropa Oyunları
zamanı yararlanmaq, eləcə də könüllülük
fəaliyyətinin koordinasiyası vacib məsələlərdəndir.
Görüşdə
çıxış edən ali təhsil müəssisələrinin
rəhbərləri qeyd ediblər ki, I Avropa Oyunlarında tələbələrin
könüllü kimi iştirakına maraq genişdir.
Könüllü olacaq tələbələr müvafiq təlimlər keçəcək və tədbirlərdə iştirak tarixinə, vəzifə funksiyalarına və xidmət yerlərinə görə şərti olaraq 3 qrupa bölünəcəklər. Birinci qrup iyunun 12-də açılış və 28-də bağlanış mərasimlərində iştirak edəcək. İkinci qrupun köməyindən iyunun 1-dən 30-dək bütövlükdə Avropa Oyunları müddətində istifadə edilməsi nəzərdə tutulub. Üçüncü qrup isə hazırlıq işlərinə qatılacaq.
Bu fəaliyyətin koordinasiyası və Bakı Avropa Oyunları üzrə Əməliyyat Komitəsi (BAOƏK) ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün ali təhsil müəssisələrində əlaqələndirici nümayəndə təyin olunacaq.
Qeyd edək ki, Avropa Oyunları bu qitəni əhatə edən 49 ölkədən olan atletlər üçün çoxnövlü idman tədbiridir və dörd ildə bir dəfə keçiriləcək. İlk Avropa Oyunlarının keçirilməsi hüququ Azərbaycana verilib.
Azərbaycan müəllimi.- 2015.-
14 fevral.- S.2.