Qafqaz Universiteti
"Mənim universitetim" layihəsinin
budəfəki hədəfi Qafqaz Universitetidir
Maddi-texniki baza
Qafqaz Universiteti üç tədris binası və iki
yataqxanadan ibarətdir. Universitetdə proyeksiya cihazı ilə təchiz
olunmuş 50-sində ağıllı lövhə olmaqla 80 məşğələ
və 3 mühazirə dərsləri üçün
auditoriya, 350 ədəd kompüterlə təchiz olunmuş
laboratoriya və xüsusi təyinatlı auditoriyalar fəaliyyət
göstərir. Bu laboratoriyaların kömpüterlərinin 280-i AIO (All In One), 70-i isə
monitor-kasa ilə təchiz olunub. Hər korpusda tələbələrin
internetdən sərbəst faydalanması üçün bir
Sərbəst İstifadə Laboratoriyası mövcuddur.
Bundan əlavə, şəhərciyin və binaların
daxilində hər yer
WiFi xidməti ilə təmin edilib.
Universitetin iki yataqxanası var. Oğlanlar
üçün olan yataqxana üç ulduzlu, qızlar
üçün olan isə dörd ulduzludur. Yataqxanalar 250
yerlikdir. Tələbələrin akademik və sosial tərəflərinin
inkişafını təmin etmək məqsədilə oxu
zalları, kitabxana, peyk antenaları ilə dünya TV
kanallarını izləmək imkanı, istirahət
otaqları, bufet, idman kompleksi, internet salonu və
camaşırxana onların xidmətinə verilib. Bunlardan
başqa, vizual fəaliyyətlərin və
xüsusilə xarici dil təhsilinin inkişaf etdirilməsinə
kömək məqsədilə sinevizyon salonları mövcuddur. Yataqxana tələbələrə
7 gün 24 saat fasiləsiz xidmət edir. Asudə
vaxtlarını daha mənalı və faydalı keçirmək
üçün tələbələrlə müxtəlif gəzintilər,
idman və mədəniyyət proqramları təşkil
olunur. Xüsusilə xarici ölkələrdən gələn
tələbələr Azərbaycan mədəniyyətini, adət
və ənənələrini yaxından tanıması
üçün onlar müxtəlif tarixi yerlərə ekskursiyalara aparılır. Yataqxana tələbələri arasında futbol,
tennis, voleybol, şahmat, dama və s. kimi müxtəlif
idman növləri üzrə yarışlar təşkil
olunur. Yataqxanadakı tələbələr yeməklə də təmin
olunur. Tələbələr
ayda 160 manat ödəməklə yataqxanalarda təklif olunan
bütün xidmətlərdən istifadə edə bilərlər.
Universitetin
əsas tədris binasında yerləşən 700 nəfərlik
yeməkxana ali təhsil ocağının
işçilərinə ödənişsiz xidmət edir.
Bundan
başqa, universitet öz laboratoriyaları ilə də digər
ali təhsil ocaqlarından fərqlənir.
Kompüter laboratoriyaları tələbələrin
istifadəsindədir. İstədikləri
zaman gəlib onlardan istifadə edə bilərlər. Təkcə
ötən il biologiya fakültəsinin nəzdində
BP-nin sponsorluğu ilə 11 laboratoriya fəaliyyətə
başlayıb.
Mexanika
Mühəndisliyi Laboratoriyaları Acer Aspire U5-610 modelli kompüterlərlə təchiz
olunub. Burada tələbələrə ofis dərsləri,
proqramlaşdırma dərslərindən olan C, C++, Java, C# və
bundan başqa şəbəkə, autocad və s. kimi dərslər keçilir. Azer.net şirkətinin
sponsorluğu ilə Acer Aspire Z5771 modelli kompüterlərlə
qurulub.
"Azercell Telekom" MMC tərəfindən
yaradılan bu laboratoriya Qafqaz Universiteti ilə müzakirələr
və məsləhətləşmələr və tələbələrin
istək və təklifləri nəticəsində
formalaşdırılıb.
"Azercell"in Qafqaz Universitetinə
xüsusi hədiyyəsi olan bu laboratoriyada mobil rabitədə
son üç nəsil texnologiya- 2G (GSM), 3G (WCDMA/UMTS) və 4G
(LTE) radio baza stansiyaları qurulub. Bu, nəinki
Azərbaycanda, ümumiyyətlə regionda bu səviyyədə
və bu tipdə texnologiya ilə təchiz olunan ilk
laboratoriyadır. Dördüncü nəsil texnologiya
sayılan LTE çox yüksək sürətli mobil internet - saniyədə
100 Mbit məlumat ötürülməsinə imkan verən
şəbəkəyə çıxışı təmin
edir. Bu avadanlıq Ericsson şirkəti tərəfindən
təchiz olunan sınaq sistemidir. Hazırda
dünyada 4G texnologiyasının məhdud dairədə tətbiq
olunduğunu nəzərə alsaq, bu sistemin hansı önəm
daşıdığını təsəvvür etmək
olar. Laboratoriyanın digər əhəmiyyəti
ondadır ki, "Azercell Telekom" MMC məhz Qafqaz
Universitetindəki bu laboratoriya ilə ilk dəfə 4G üzərindən
testləri həyata keçirəcək. Digər
tərəfdən, belə bir laboratoriya Qafqaz Universitetinin tələbələri
qarşısında böyük yaradıcılıq
imkanları açır. Çünki
texnologiyanın köməyilə bacarıqlı gənclərə
müxtəlif məzmun və yeni xidmətlər yarada biləcəklər.
Qeyd etmək yerinə düşərdi ki,
"Azercell" ilə Qafqaz Universiteti arasında neçə
illik səmərəli əməkdaşlıq mövcuddur.
Qafqaz Universitetinin tələbələri
şirkətin innovative "Barama" layihəsi çərçivəsində
araşdırma aparıblar. Universitet tələbələri
həmçinin "Azercell"in "Tələbə Təqaüdü"
proqramında da iştirak edirlər. Şirkətin
mütəxəssisləri məhz bu universitetin tələbələri
üçün yeni nəsil texnologiyaları üzrə təlim
keçir. Apple kompüterləri ilə təchiz
olunmuş laboratoriya tələbələrə Mac dərsləri
verir.
Bundan
başqa, dil məktəbində bir ədəd dil
laboratoriyası, Bank of Baku-nun sponsorluğu ilə
açılmış "Maliyyə və mühasibat
uçotu" laboratoriyası, pedaqoji fakültəyə aid
fizika laboratoriyası , kimya
laboratoriyası, biologiya laboratoriyası da fəaliyyət
göstərir.
Təməl
işləmlər laboratoriyası
Təməl işləmlər
laboratoriyası tələbələrə kimya mühəndisliyinin
təməl prinsiplərini öyrənməyə və
bunları praktikada yerinə yetirməyə imkan verir. Laboratoriya özündə sənaye əhəmiyyətli
avadanlıqları ehtiva edir. Bu
avadanlıqlara distillə kalonu (fraksiyalı və birbaşa),
əks-axın prinsipli istilik mübadilə, ion mübadilə,
qaz absorbsiya və maye-maye ekstraksiya kalonu, membran
ayırıcı, püskürtməli (sprey) qurutma
maşını aiddir. Bu mexanizm tələbələri
böyük miqyaslı istehsal prosesləri ilə tanış etmək üçün nəzərdə
tutulub. Bu laboratoriyada tələbələr
qruplar şəklində işləyir və dərsdə
öyrəndikləri bilikləri təcrübələrlə
möhkəmləndirirlər.
Texnoloji proseslər laboratoriyası
Texnoloji proseslər laboratoriyası kimyəvi, fiziki və
bioloji proseslərin kompüter texnologiyası vasitəsi ilə
layihələndirilməsi, istiqamətləndirilməsi, idarə
olunması və optimallaşdırılması
üçün nəzərdə tutulub. Texnoloji proseslər
ümumiyyətlə kimya mühəndisliyinin bir qolu kimi qəbul
olunur və neft kimyası, mineral emalı, texnoloji materiallar,
qida, farmaseptika və bioloji sənayeni özündə ehtiva
edir.
Fiziki kimya laboratoriyası
Laboratoriyada fiziki kimya
ilə bağlı tədqiqatlar aparmaq üçün kifayət
qədər müasir cihazlar mövcuddur. Tələbələrin
sərbəst işləyə biləcəyi cihazların əksəriyyəti
kompüter dəstəklidir. Bu cihazlara ion
mübadilə sistemi, adsorbsiya, karbon dioksid mühitində
korroziyanın tədqiqi cihazı və s. daxildir.
Üzvi kimya laboratoriyası
Üzvi kimya laboratoriyası mühazirələrdə
öyrədilmiş biliklərin tətbiq edilməsi
üçün idealdır. Tam təchiz olunmuş
laboratoriya tələbələrə yüksək keyfiyyətli
elmi araşdırmalar aparmaq üçün şərait
yaradır.
Analitik kimya laboratoriyası
Analitik kimya metod və ideyalardan ibarət olan, elmin və
tibbin bütün sahələrində tətbiq olunan hesablama
elmidir. Analitik kimya bütün elm sahələrinin
inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də analitiklərdən kimya və
fizika sahəsində geniş elmi biliyə və böyük
təcrübəyə malik olmaq tələb olunur. Laboratoriyada kimyanın bu sahəsində müasir tədqiqat
apara bilmək üçün hər növ avadanlıqlar
vardır.
Ümumi kimya laboratoriyası
Laboratoriya ümumi kimyanın əsas
mövzularının prinsip və anlayışlarını
öyrətmək üçün nəzərdə
tutulmuşdur. Bundan başqa, laboratoriya tələbələrə
məlumatların yığılması və analizi, təcrübə
hesabatının hazırlanması və məlumat
kitablarından istifadəni də aşılayır. Kurs ərzində tələbələrə
laboratoriyada təhlükəsizlik texnikası qaydaları və
dəqiq laboratoriya üsulları öyrədilir.
Sərbəst
istifadəyə açıq kompüter laboratoriyası
Universitetdə
40 kompüterlik sərbəst istifadə laboratoriyasında tələbələr
asudə vaxtlarında internet vasitəsilə tədqiqat
işləri apara bilir, ev
tapşırıqları, kurs işlərini yerinə yetirirlər.
Kompüter laboratoriyalarında mütəmadi
olaraq proqramlaşdırma və informatika üzrə
universitetdaxili və respublika olimpiadaları, kompüter
kursları, həmçinin informatika üzrə müəllimləri
təkmilləşdirmə layihələri üzrə təlim
həyata keçirilir.
İnformatika dərsləri
laboratoriyaları
Qafqaz Universitetində
tədris məqsədilə hər birində 30 kompüter
olmaqla 4 kompüter laboratoriyası fəaliyyət göstərir.
Laboratoriyalar multimedia proyektoru ilə təchiz
edilib. Kompüter laboratoriyalarında
informatika və proqramlaşdırma dilləri tədris
olunmaqla yanaşı, bir çox bölmələrdə
ixtisas fənlərinin kompüter mühitində tədrisi
prosesi də həyata keçirilməkdədir. Bütün kompüterlər lokal şəbəkədə
birləşdirilib və mərkəzi server vasitəsilə
internet şəbəkəsinə qoşulub.
CISCO CCNA laboratoriyası
Universitetdə 18 kompüter və CISCO
avadanlıqları ilə təchiz olunmuş bir CISCO CCNA
laboratoriyası fəaliyyət göstərir. Bu laboratoriya
da multimedia proyektoru ilə təchiz edilib. Burada
informatika və proqramlaşdırma dilləri tədris olunur.
Dövrə nəzəriyyəsi və
elektronika laboratoriyası
Bu
laboratoriya dövrə nəzəriyyəsi, elektronika və məntiq
layihələndirilməsi dərslərinin təcrübi
işlərinin yerinə yetirilməsi üçün
lazım olan 20 MHz-lik ikikanallı osilloqraflarla, funksional
generatorlarla, məntiq treynerlərlə, ikikanallı qida mənbələri
və rəqəmsal multimetrlərlə təchiz edilib. Burada eyni zamanda elektron dövrələrinin layihələndirilməsi
və sınaqdan keçirilməsi üçün uyğun
şərait və avadanlıqlar mövcuddur.
ECDL laboratoriyası
Universiteti gəzəndə
ECDL otağı diqqətimi çəkir. ECDL (European Computer Driving Lisence) Beynəlxalq Komputer Səviyyə
ölçmə sertifikatıdır. Kompüter
biliklərini ölçən beynəlxalq sertifikat
proqramıdır. ECDL İrlandiyada yerləşən
ECDL fondu tərəfindən idarə edilir. Azərbaycan universitetləri içərisində
yeganə olaraq Qafqaz Universitetinə sertifikat verilib.
Qafqazın ECDL sertifikatı alan müəllimləri
var ki, onlar kompüteri ən yüksək səviyyədə
bildiklərinə görə həmin sertifikatı alıblar.
Sertifikatı olan müəllimlər demək
olar ki, hər gün digər müəllimləri öyrədir.
Bir ay yarımdan sonra isə imtahan keçirilir.
Sinxron tərcümə metodik kabineti
Bu kabinet ilk dəfə Qafqaz Universitetində
yaradılıb. Mərkəz 9 kabinetdən ibarətdir.
Biri əsas, yəni müəllimlər, digər
8-i isə tələbələr üçün nəzərdə
tutulub. Əsas kabinetdə müəllim
olmalıdır, ya da hər hansı material səsləndirilməlidir.
Digər 8 kabinetdə olan tələbələr
də onu operativ olaraq tərcümə etməlidirlər.
Kabinetdən kənarda olan tələbələr
isə qulaqcıqlar vasitəsi ilə həmin tərcümələri
dinləyə və sonra səhvləri müzakirə edə
bilərlər.
Ərəb dili və ədəbiyyatı
metodik kabineti
Ərəb dili kabineti universitetin
"Ərəb dili və ədəbiyyatı" bölməsində
təhsil alan tələbələr
üçün nəzərdə tutulub. Kabinetdə ərəbcə
müxtəlif lüğətlər, ərəb dilinin
qrammatikası və ədəbiyyatı ilə bağlı Azərbaycan, ərəb,
türk və rus dillərində çoxlu sayda dərsliklər,
kitablar, qəzetlərlə zəngin kitabxana, kompüterlər,
multimedia və proyeksiya avadanlıqları tələbələrin
istifadəsinə verilib. Bundan başqa, kabinetdə
tələbələr televizor və peyk antenası vasitəsi
ilə bir çox ərəb kanallarını izləyə
bilirlər.
İmtahanlar
İmtahanın
proqramı sessiyadan iki həftə əvvəl planlanır və
elan edilir. İmtahanlar adətən
yazılı aparılır. Bəzi fənlərdən
isə test üsulu ilə keçirilir. İngilis dilində
hazırlıq kursunda olan tələbələr üçün bilgi
ölçmə testləri, bununla yanaşı şifahi
nitq, yazı qabiliyyətini ölçmək
üçün inşalar verilir. Bütün bunlar
toplanılır və ortaq bal
çıxarılır. Universitetin imtahan qərargahı
var ki, xüsusilə imtahan sessiyası zamanı daha aktiv
işləyir. Əgər tələbələrin
etirazı varsa,
onu yazılı şəkildə qərargaha
bildirirlər. İmtahan ərizələrinə
baxılması üçün sahələr üzrə
komissiyalar qurulur. Tələbə haqlıdırsa onun balı artırılır. Universitetdə
"Qaynar xətt" xidməti də fəaliyyət göstərir
ki, burada da əsasən valideynlərin şikayətləri
dinlənilir.
Kitabxana
Qafqaz Universitetinə daha əvvəlki gəlişlərimdə
də kitabxanası diqqətimi çəkmişdi. Bu dəfə
kitabxanaya daxil olanda girişdə qurulan elektron lövhələrdə
tələbələrin kitab sifariş verdiyini görürəm.
Kitabxana barədə daha geniş məlumatı isə
kitabxananın əməkdaşı verir:
- Qafqaz Universitetinin iki kitabxanası var. Biri əsas
korpusda yerləşən böyük, digəri isə
hazırlıq binasında olan kitabxanadır. Hazırlıq
binasındakı kitabxanada əsasən dillərə
üstünlük verilir. Ümumilikdə
kitabxanalarda 100 minə qədər yerli və xarici kitab
toplanılıb. Universitetin
tələbələrinin Tələbə məlumat sistemi və
universitetin müəllimlərinin, işçilərinin Personal məlumat sistemi var. Onların
hər birinin xüsusi şifrəsi olur. Hər
kəs daxil olub istədiyi kitabı yazır. Həmin məlumat sistemində kitaba dair bütün
məlumatlar çıxır. Hansı
kitabı istəyirsə sifariş verir və 15 dəqiqə
sonra gəlib götürür. Ola bilər
ki, həmin kitab hazırda kitabxanada yoxdur, başqa bir şəxsdədir.
Bu barədə də məlumat sistemində
yazılır. Elektron bazaya gəldikdə isə, burada 3 milyona
yaxın e-book (elektron kitab), 20 minə yaxın qəzet və
jurnal toplanıb. Bütün müəllimlərin
də dərsliklərinin elektron formada PDF formatı var.
ABŞ Konqresi kitabxanası və dünyanın bir
çox nəşriyyatları ilə birbaşa kitab
mübadiləsi həyata keçirilir.
Xarici jurnallar və qəzetlərin bəziləri
şifrəli, bəziləri isə şifrəsizdir, yəni
oxumaq üçün ödəniş edilməlidir. Onların hamısının linki universitetin rəsmi
saytında yerləşdirilib. Qafqaz
Universiteti tərəfindən maliyyə dəstəyi
ayrılıb, həmin qəzet və jurnallara pul
köçürülür. Bu universitetdən olan hər
kəs Qafqazın İP-si üzərindən şifrəni
yazıb istənilən məlumatı əldə edə bilər.
Kurslar
Universitetin nəzdində müxtəlif kurslara - ingilis dili kursu, hazırlıq kursu, TOEFL, İELTS, ALES kursları fəaliyyət göstərir. Bura qəbul olan, amma ingilis dilini bilməyən, ya da zəif bilən tələbələr bir il müddətinə hazırlıq kursu keçirlər. İngilis dilini mükəmməl öyrəndikdən sonra artıq öz ixtisaslarına keçid edirlər. Universitetdə təşkil olunan digər kurslarda isə həm tələbələrə, həm də müəllimlərə müəyyən güzəştlər olunur.
Məzunlar
işlə təmin olunur
Məzunların 87%-i işlə təmin olunur. Qalan 13%-in
işlə təmin olunmamasına səbəb qızların
ailə həyatı qurması, oğlanların isə hərbi
xidmətə getməsi olur. Universitet
öz məzunları ilə müntəzəm əlaqə
saxlayır. Universitetin Məzun Koordinasiya
Şöbəsində məzunlar barədə informasiyalar
toplanıb. Məzun bir neçə il
sonra iş axtaranda belə universitetə müraciət edə
bilər.
Texnopark
Qafqaz Universiteti öz Texnoparkı ilə də diqqət
çəkir.
Dünya universitetlərinin təcrübəsində
əsas yeri tutan Texnoparkı Azərbaycana ilk dəfə Qafqaz
Universiteti gətirib. Texnoparkın əməkdaşı
deyir ki, 2013-cü ilin yanvar ayından fəaliyyət göstərirlər.
Texnopark yaradılarkən Türkiyənin Orta
Doğu Texnik Universitetinin nümunəsi əsas
götürülüb. Hazırda
Texnoparkda 10 şirkətin ofisi yerləşir. Bunlar əsasən İnformasiya Texnologiyaları
(İT), İT və biznes sahəsində çalışan
şirkətlərdir. Şirkətlərin
bura gəlməkdə məqsədləri tələbələrlə
və müəllimlərlə birlikdə
çalışmaq, onların ideya və fikirlərindən
istifadə etmək, kadr potensialını artırmaqdır. Şirkətlərdə tələbələr
də çalışır ki, ötən il
onların sayı 30-a yaxın idi.
"Yeni fikir" Texnoparkın həyata keçirdiyi ən
böyük layihələrdən biridir. Bu il həmin
layihə üçün 252 yeni fikirlə bizə müraciət
olunub. Onlardan 196-sı layihə şəklində
qəbul olunub. Hazırda münsiflər
heyəti həmin layihələri dəyərləndirir.
10 nəfərdən ibarət münsiflər
heyəti var. Onlardan cəmi 4 nəfəri universitetin müəllimidir.
Digərləri isə böyük şirkətlərin
nümayəndələri, xaricdə təhsil alan
və bu sahə barədə məlumatı olan şəxslərdir.
Texnoparkda İnkubasiya mərkəzi də var. Hər
ilin "Yeni fikir"in qalibləri buradakı ofislərdən
birillik istifadə etmək hüququ qazanırlar. Qalib şəxslər öz görüşlərini
keçirir, investorları dəvət edir, onlara layihələrini
təqdim edirlər.
Mərkəzlər
Karyera
Planlama Mərkəzi. Tələbə və məzunları ən
çox düşündürən məsələlərdən
biri ixtisasa uyğun iş tapmaqdır. İş
dünyası isə hazır, bacarıqlı kadr
arayışındadır. Deməli, kadr
hazırlığında iş dünyasının tələbləri
nəzərə alınmalıdır. İş
dünyasının tələblərinə uyğun kadr
hazırlığı prosesi kompleks iş olmaqla
yanaşı, kadr hazırlığında mühüm rola
malikdir. Karyera Planlama Mərkəzi (KPM) müxtəlif fəaliyyətləri
ilə fərdin özünü tanımasına,
iş dünyasına hazırlanmasına və iş həyatının
hər pilləsində uğur əldə etməsinə
istiqamət verir. KPM-nin fəaliyyətləri universitetlə
iş dünyası əlaqələrinin formalaşması və
inkişafı baxımından da əhəmiyyəti
danılmazdır.
Mərkəzin
əsas məqsədi tələbə və magistrlərin
inkişafı istiqamətində seminar və kurs
proqramları təşkil etmək, Qafqaz Universiteti ilə
iş dünyası əlaqələrini inkişaf etdirməkdir.
Daimi
İnkişaf Mərkəzi 2002-2003-cü tədris ilindən
etibarən universitet - iş dünyası əlaqələrinin
inkişaf etdirilməsi məqsədi ilə fəaliyyətə
başlayıb. Mərkəzin fəaliyyətləri
sırasında universitetin iş dünyası ilə olan
münasibətlərinin tənzimlənməsi ilə
yanaşı yüksək keyfiyyətli təlim və məsləhət
xidmətləri, xarici dil və magistraturaya hazırlıq,
kompüter kurslarının təşkili, bir neçə
funksional sahə üzrə layihələrin tətbiqi, habelə
aylıq "İş dünyası" bülleteninin nəşri
yer almaqdadır. Hazırda mərkəz iş dünyası ilə
əlaqələr üzrə prorektorluğa bağlı
olaraq öz fəaliyyətini davam etdirir.
Elmi tədqiqatlar
Azərbaycanın
ali təhsil müəssisələri
içərisində xüsusi yeri olan Qafqaz Universitetinin əməkdaşları
yüksək səviyyəli tədris işləri ilə
yanaşı dünya miqyaslı elmi-tədqiqat işləri də
yerinə yetirirlər. Elmi işlər Qafqaz Araşdırmalar
İnstitutu, altı elmi tədqiqat mərkəzi, müvafiq
kafedra əməkdaşları və tələbələr tərəfindən
aparılır.
Qafqaz
Universiteti əməkdaşlarının elmi işlərinin nəticələri
Amerika, Avropa və Asiyada nəşr olunan yüksək
reytinqli elmi jurnallarda dərc olunur. Alimlərin tədqiqat
işləri eyni zamanda universitetin "Journal of Qafqaz
University" elmi jurnalında da nəşr olunur.
Jurnalın elektron versiyası
Russian Periodicals Catalog, Directory of Open Access Journals, Middle
East Virtual Library, The International Consortium for the Advancement of
Academic Publication, JournalSeek, Genamics, RefSeek, Dspace, Eprınts, EBSCO, Indexcopernicus, ASOS kimi mötəbər elmi
internet veribazalarına daxil edilib.
Google-un
elmi tədqiqat axtarış sistemi olan Google Scholarda Azərbaycanla
əlaqəli elmi tədqiqatların əhəmiyyətli bir
hissəsini "Journal of Qafqaz University" tərəfindən
daxil edilmiş məqalələr
təşkil edir. Məhz bu səbəbdən
elmi ictimaiyyət arasında yüksək nüfuza malik olan
jurnalda Rusiya, Türkiyə, Yaponiya, Hindistan, Sinqapur, ABŞ və
digər ölkə alimlərinin məqalələri dərc
olunub.
Qafqaz Araşdırmalar İnstitutu
Qafqaz
Araşdırmalar İnstitutu Qafqaz və çevrəsindəki
bölgələrin tarixi, mədəni, sosial, hüquqi,
siyasi, iqtisadi və texniki sahələri üzrə
araşdırma işlərini həyata keçirmək, bu tədqiqləri
dünyada aparılan öncül araşdırmalar istiqamətinə
yönəltmək və universitetdə bu yöndə
aparılan elmi işləri bir mərkəzdə əlaqələndirmək
məqsədilə fəaliyyət göstərir.
Qafqaz
Araşdırmalar İnstitutunun
elmi fəaliyyət istiqamətində başlıca yeri Azərbaycan
və Türkiyə əsas olmaqla Qafqaz ölkələri
xalqlarının dil, siyasət, sosial həyatı ilə
bağlı tarix, ədəbiyyat, mədəniyyət,
iqtisadiyyat və s. sahələri üzrə tədqiqat əsərləri,
monoqrafiyalar, tədris vəsaitləri, lüğətlər
və s. işlənib nəşr olunması tutur. Əldə olunan bilgiləri ictimaiyyətə,
dövlət və özəl təşkilatlara, media
qurumlarına çatdırır.
Psixoloji
xidmət
Universitetdə
həmçinin psixoloji xidmət fəaliyyət göstərir.
Tələbələrin nəsə problemi
olanda, imtahanqabağı stress yaşayanda həmin xidmətdən
istifadə edirlər. Rəhbərlik və
Psixoloji Məsləhət Şöbəsinin rəhbəri,
psixoloq Hüseyn Xəlilov tələbələrdən öz
psixoloji məsləhətlərini əsirgəmir.
Beynəlxalq proqramlar
Universiteti tanıdan amillərdən biri də onun beynəlxalq
əlaqələri, iştirak etdiyi beynəlxalq
proqramlardır. Qafqaz Universiteti ölkəmizdə tələbə
mübadiləsinə görə ilk yerlərdən birini tutan
universitetlərdəndir. Beynəlxalq əlaqələr
barədə məlumat əldə etmək üçün
İqtisad korpusunda olanda öyrənirik ki, Pakistan İslam
Respublikasının Azərbaycandakı səfiri Xalid Usman
Qayser bir semestr ərzində universitetdə könüllü
olaraq dərs deyəcək.
Son illərdə dünyanın bir çox ölkəsindən
universitetdə təhsil almağa gələnlərin sayı
artıb. Dünyanın ən azından 20 ölkəsindən
burada təhsil alanlar var. TEMPUS, Erasmus Mundus, "Mövlanə"
mübadilə proqramlarında universitet həm müəllim,
həm də tələbə heyəti ilə ən aktiv
iştirak edib. Ötən tədris ilində
10-a qədər tələbə xaricdə təhsil alıb.
Erasmus Mundus proqramı ilə avropalı tələbələr
universitetdə təhsil almağa gəlir. 2014-2015-ci tədris
ilinin birinci
semestrində 3, ikinci semestrində isə Çexiyadan 1 nəfər
universitetə təhsil almağa gəlib. "Mövlanə"
proqramı çərçivəsində kimya mühəndisliyində
bir sinif tamamilə təhsilini Türkiyədə davam etdirib.
TEMPUS layihəsi çərçivəsində
xarici müəllimlərlə əlaqə saxlanılır və
onlayn seminarlar keçirilir.
Tələbələrin fəaliyyətləri
Tələbələr universitetin yaratdığı
şəraitdən faydalanaraq özləri də
ideyalarını həyata keçirməyə
çalışır, yeni layihələrə start verirlər. Universiteti gəzəndə
pilləkənlərdə maraqlı sözlərə,
tavanlarda uğur böcəklərinə, divarlarda tələbələrin
yaratdığı tablolara rast gəldik. Nə
olduğunu soruşanda, "İZ" layihəsidir
cavabını aldım. "İZ" nədir?
- Qafqaz Universitetində "İZ" sosial layihəsi
yaxşı tanınır. Layihənin məqsədi yenilənən
və böyüməkdə olan universitet şəhərciyinin
gözəlləşdirilməsində əməkdaşlarının
və tələbələrinin iştirakını təmin
etmək, fikirlərinin
real "İZ"lərini saxlamaqdır. Layihə
şəhərcikdə tədris binalarının daxilində
və ya çöl hissəsində ola
bilər.
Layihə sosial xarakterlidir. Layihə başa
çatdıqdan sonra onu həyata keçirən qrup üzvlərinin
adı layihə həyata keçirilən yerdə
yazılı şəkildə qeyd olunur. Layihədə universitet əməkdaşları
və tələbələr iştirak edə bilər. "İZ" layihəsi
çərçivəsində daxil olan müraciətlərdən
biri də gerçəkləşib. Pedaqogika fakültəsi,
ibtidai sinif müəllimliyi bölməsinin tələbəsi
Nərmin İbrahimlinin
"Ağıllı pilləkən"lər
adlandırdığı bu layihə müraciətçinin
öz başçılığı ilə həyata
keçirilib. İlkin olaraq bir pilləkən
üçün tətbiq edilən bu layihənin məqsədi
universitetin bütün pilləkənlərini
"Ağıllı pilləkən"ə çevirməkdir.
Universitetin nəzdində fəaliyyət
göstərən dizayn kursunun tələbələri
köhnə kompüter, maus və klaviatura
parçalarından ibarət olan, məharətlə rənglənmiş
"Uğur böcəyini" xatırladan gözəl
kompozisiya hazırlayıblar.
"İngilis zona"sı
Universiteti gəzəndə əsas korpusun kiçik bir
hissəsində yaradılan "English only zone" diqqətimi
çəkir.
Bu barədə layihənin koordinatoru Əsmər Həşimli
məlumat verir:
- Bu,
universitetdə 2015-ci ilin yeniliklərindən biridir. Bu zonaya daxil olan hər kəs ingilis dilində
danışmalıdır. Orada təlimlər,
debatlar, kitab müzakirələri, ingiliscə qısa
qrammatikaların izahı, ingiliscə oyunlar keçiririk.
Əsas məqsəd ingilis dilində
danışmaqdır. Burada əsas fəaliyyət göstərənlər
tərcümə fakültəsinin tələbələridir.
Yer kiçikdir, amma debatlar, təlimlər və s. dərs
saatlarına görə planlaşdırılır, ona görə
sıxlıq yaşanmır. Debatlar müxtəlif
mövzularda aparılır və onlara ingilis dilini hər səviyyədən
bilən tələbələr qatılır. Bu da onların nitqini inkişaf etdirməyə
kömək olur. Gələcəkdə layihəni inkişaf etdirmək
və daha böyük yerə köçmək
planlaşdırılır.
Dərnəklər
Qafqaz
Universiteti Mədəniyyət və İdman İdarəsi Dərnəklər
Koordinatorluğu nəzdində 24 klub, rəsm, musiqi, xor, rəqs
dərnəkləri fəaliyyət göstərir. Dərnəkdə məşğul olan tələbələr
akt zalında tədbirlər keçirir, müsabiqələr
təşkil edirlər. Klubların fəaliyyət
dairəsi geniş və müxtəlifdir. Klubların əsas
funksiyası maraq klubları şəbəkəsində tələbə gənclərin
intellekt səviyyəsini yüksəltmək, bir çox
sosial və mədəni fəaliyyətləri həyata
keçirməkdən ibarətdir. Klub təmsilçiləri
dünyada gedən proseslər çərçivəsində
seminar, panel və konfranslar təşkil edir, kimsəsiz və
az təminatlı ailələrə maddi və
mənəvi kömək göstərirlər.
Universitetdə
"Biznes dünyası", "Dialoq Qafqaz", "EAST
WEST", "Ekologiya", "Ədəbiyyat", "Gənc
Akademiya", "İdman Dünyası", "Beynəlxalq
Tədqiqat Klubu", "OĞUZ" , "Pi", "Sənaye Mühəndisliyi",
"Düşüncə, "Media","Laləzar" və
s. kimi klublar da fəaliyyət göstərir.
Onlar ümumrespublika və universitet miqyasında nailiyyətlər
əldə edib.
Nailiyyətlər
"Yaşıl Kimyaçılar" klubu 2013-2015-ci
illərdə dəfələrlə Azərbaycan Dövlət
Neft Şirkətinin keçirdiyi breyn-rinqlərin qalibi olub. "Pi" klubu "Elm
festivalı"nda universiteti uğurla təmsil edib və bir
çox orta təhsil müəssisələrində sərgilər
keçirib. Eyni zamanda "Pi" klubu Azərbaycan
Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə
ümumrespublika orta təhsil müəssisələrinin
şagirdləri arasında məntiq və riyaziyyat
olimpiadaları keçirib. "Biznes
Dünyası" klubu "Azercell" şirkətinin
"Barama" layihəsində universiteti uğurla təmsil
edib. "İntellekt" klubu bir çox
telekanallarda təşkil olunan intellektual oyun və
yarışmalarda nailiyyətlər əldə edib.
Rüfanə GÜNƏŞ
Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.4-5.