Səmərəli əməkdaşlıq
əlavə
təhsilin
başlıca amili kimi
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülüb. Strategiyanın reallaşdırılması təhsilin məzmununun mənimsənilməsini təmin edən səriştəli təhsilverənlərin formalaşdırılmasına, təhsildə nəticələrə görə cavabdeh, şəffaf, səmərəli tənzimləmə və idarəetmə mexanizmlərinin, müasir tələblərə uyğun və ömürboyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasına zəmin yaradacaqdır.
Sürətlə modernləşən Azərbaycanda təhsilin strateji hədəfləri sırasında insan kapitalının inkişafına şərait yaradan səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sisteminin formalaşdırılması ön planda durur. Təhsil sahəsində çalışanların bilik, bacarıq və kompetensiyalarının daim inkişaf etdirilməsini nəzərdə tutan, müasir, innovativ təlim forma və üsullarını öz işində tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli müəllimlərin hazırlanmasına xidmət edən infrastruktur yaradılması üçün mövcud reallığın təhlili, cari və perspektiv hədəflərin müəyyənləşdirilməsi, maraqlı tərəflər arasında səmərəli əməkdaşlığı təmin edən daimi və işlək əlaqələrin qurulması bu gün hər bir təhsil müəssisəsinin başlıca vəzifələrindəndir.
Ölkəmizdə pedaqoji kadrların əlavə təhsilini həyata keçirən təhsil müəssisələri arasında Azərbaycan Müəllimlər İnstitutu (AMİ) özünəməxsus yer tutur. İnstitutda pedaqoji kadrların əlavə təhsilinin təşkilində aşağıdakılara xüsusi diqqət yetirilir:
-əlavə təhsilin məzmununun daim yeniləşdirilməsi əsasında çevik tədris-tematik planların tətbiq olunması;
-maraqlı tərəflərlə (sifarişçi təhsil müəssisələri, tədris-baza müəssisələri, elmi-tədqiqat, təhsil müəssisələri , ayrı-ayrı vətəndaşlar və s.) qarşılıqlı müqavilələrin bağlanılması;
-mövcud infrastrukturun maddi-texniki bazasının zənginləşdirilməsi və müasir texnologiyalarla işləməyi bacaran peşəkar təlimçi-mühazirəçi korpusunun yaradılması;
-təlimçi-mühazirəçilərin seçilməsində Təhsil Nazirliyi əməkdaşlarının, Təhsil Problemləri İnstitutunun, AMEA-nın, ali məktəblərin, Bakı şəhərinin qabaqcıl məktəb rəhbərlərinin və fənn müəllimlərinin iştirakının təmin olunması;
- "dinləyici dinləyici qarşısında" məşğələlərinin təşkil olunması;
- tədris-baza müəssisələri ilə əlaqələrin səmərəliliyinin artırılması;
- təhsilin aktual məsələlərinin müzakirəsinə həsr olunmuş konfrans, müzakirə, "dəyirmi masa" və treninqlərin təşkil olunması və s.
2014-2015-ci tədris ilində Azərbaycan Müəllimlər İnstitutu 150-dən artıq müəssisə ilə (rayon icra hakimiyyəti, R(Ş)TŞ, kollec, peşə liseyi və məktəbi, respublika tabeli lisey və gimnaziyalar, ali məktəblər) qarşılıqlı müqavilə bağlamışdır. Tədris ilinin birinci yarısında 23 kateqoriya üzrə 886 nəfər rəhbər və digər pedaqoji kadr üçaylıq, ikiaylıq, 24 günlük, 12 günlük, 10 günlük və 6 günlük təlimlərə cəlb olunmuşdur. Məşğələlərin səmərəliliyini və müasirliyini təmin etmək üçün İKT ilə təchiz olunmuş 8 auditoriya, 1 treninq mərkəzi, elektron lövhə ilə təchiz olunmuş 3 auditoriya təlimçilərin və dinləyicilərin istifadəsinə verilmişdir. İKT ilə təchiz olunmuş auditoriyaların əksəriyyəti internetə qoşulmuşdur.
Əlavə təhsilin təcrübi əhəmiyyətini təmin etmək üçün Təhsil Nazirliyinin təcrübə və elmi-tədqiqat bazaları kimi instituta təhkim etdiyi təhsil müəssisələrində təcrübə və stajkeçmənin təşkilinə xüsusi diqqət yetirilir. Cari tədris ilində Azərbaycan Müəllimlər İnstitutu ilə Qafqaz Universiteti arasında imzalanmış memoranduma uyğun olaraq ixtisasartırma təhsili dinləyiciləri Qafqaz Universitetində təcrübə mübadiləsində olub, maraqlı təqdimat və mühazirələrdə iştirak ediblər. Bakı şəhərinin qabaqcıl ümumtəhsil məktəblərində, ilk peşə-ixtisas təhsili müəssisələrində təşkil edilən təcrübə məşğələlərinin də səmərəliliyi artır.
Dinləyicilər qarşısında institutun professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin üzvləri professor Musa Qasımlı, professor Rasim Musabəyov, Təhsil Nazirliyinin nümayəndələri Faiq Şahbazlı, Afət Süleymanova, akademik Vaqif Abbasov, professor Əhməd Qəşəmoğlu (AMEA), akademik Vasim Məmmədəliyev, professor Hikmət Əlizadə, dosent Solmaz Sadıqova (Bakı Dövlət Universiteti), professor Fuad Məmmədov (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), polkovnik Fuad Əliyev (Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi), professor Ramiz Əliyev, dosent İlham Əhmədov (Azərbaycan Dövlət Pedaqoji Universiteti), Vidadi Bağırov, dosent Sərvər Qurbanov (Qafqaz Universiteti), dosent Akif Əliyev, Ceyhun Məmmədyarov, Elxan Cəfərov (Təhsil Problemləri İnstitutu), professor Çingiz Bədəlov (Bakı Slavyan Universiteti), dosent Vidadi Bəşirov (Azərbaycan Dillər Universiteti), Şahin Rəcəbov (Valideyn-Müəllim Assosiasiyası), Tamilla İsmixanova (Respublika Elmi Pedaqoji Kitabxanası), Şahnaz Tahirova (Milli Kitabxana) mühazirə oxumuşlar.
İxtisasartırma təhsilinə gələn dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Xalq Təhsili Muzeyində məqsədli ekskursiyaları təşkil olunmuşdur. İnstitutun mehmanxana tipli yataqxanası, kitabxana və oxu zalı, bufet və yeməkxanası da dinləyiciləri razı salır.
Tədris ilinin birinci yarısının nəticələri institutda geniş müzakirə edilmiş, qazanılmış təcrübə və yol verilmiş nöqsanlar təhlil olunmuş, perspektivlər müəyyənləşdirilmişdir.
"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı respublikanın təhsil ictimaiyyəti kimi institutumuzda da işgüzar əhvali-ruhiyyəni canlandırmışdır. İnanırıq ki, Azərbaycan Respublikasının gələcək taleyində təhsilin çəkisinin önəmli rolunun artdığı indiki dövrdə Azərbaycan Müəllimlər İnstitutu öz potensial imkanlarından daha da səmərəli istifadə edəcək, səriştəli və peşəkar təhsilverənlərin formalaşmasında əhəmiyyətli rol oynayacaqdır.
Rahim ƏZİZOV,
Azərbaycan
Müəllimlər İnstitutunun əlavə təhsil üzrə prorektoru,
pedaqogika üzrə fəlsəfə doktoru,
Nazir MƏMMƏDOV,
əlavə təhsil
fakültəsinin baş metodisti
Azərbaycan müəllimi.- 2015.-
14 fevral.- S.6.