Yetirmələri ilə fəxr
edən müəllim
Hər birimizin taleyində xüsusi rol oynayan insanlar olur. Biz həm də ictimai varlıq olduğumuzdan bəşəriyyətin min illər boyu topladığı və hər kəsin yaşaması üçün zəruri olan ictimai təcrübəni onların vasitəsi ilə əxz edirik. Belə insanların arasında müəllimlərimiz xüsusilə seçilir. Çünki bizim bir insan, şəxsiyyət kimi formalaşmağımız valideynlərimizlə bərabər, bəlkə də daha çox onların sayəsində mümkün olur. Məhz buna görə də hər kəs, hətta nəsillərə örnək olası dahi insanlar da hər zaman öz müəllimlərini böyük hörmət və izzətlə yad edirlər. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin müəllim haqqında dediyi "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram... Mən müəllimlərimi həmişə böyük hörmətlə xatırlayıram" sözlərini misal gətirmək, bizcə, müəllimin həyatımızdakı böyük rolunu göstərmək üçün kifayət edər. Lakin çox sevdiyimiz və həmişə məhəbbətlərini qəlbimizdə gəzdirdiyimiz müəllimlərimiz içərisində bizə daha yaxın olanları da var. Bu, ibtidai sinif müəllimləri, ilk müəllimlərimizdir.
Bu yazıda da məhz onlardan biri - Bakı şəhəri 49 nömrəli "İntellekt" məktəb-liseyində işləyən Rəna Həsənova haqqında danışmaq istəyirəm. Biz fəaliyyətini bəyəndiyimiz, təqdir etdiyimiz müəllim haqqında adətən, "yaxşı müəllimdir" sözlərini işlədirik. Bu "yaxşı" sözünün altında isə onun biliyi, öyrətmək məharəti, bizə, ümumən uşaqlara olan münasibəti, sevgisi durur. Rəna müəllim də şəhərimizin yaxşı müəllimlərindəndir.
Rəna Həsənova 1973-cü ildə Daşkəsəndə S.Vurğun adına 4 nömrəli şəhər tam orta məktəbi bitirdikdən sonra H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinin qiyabi şöbəsinə qəbul olub. Elə həmin ildə də Daşkəsən rayonundakı Pionerlər evində ilk əmək fəaliyyətinə başlayıb. 1975-1977-ci illərdə rayon komsomol komitəsində, 1978-1980-ci illərdə vaxtilə təhsil aldığı S.Vurğun adına 4 nömrəli şəhər tam orta məktəbində çalışıb. 1981- ci ildən bu günə kimi isə Bakıdakı 49 nömrəli "İntellekt" məktəb-liseyində ibtidai sinif müəllimi işləyir. Hazırda pedaqoji fəaliyyəti elmi- metodik yaradıcılıqla ustalıqla əlaqələndirən, öz işinə məsuliyyətlə yanaşan yaradıcı müəllimlərdəndir. Həm də məktəbdə ibtidai siniflər üzrə metodbirləşmənin sədri və Səbail rayonu üzrə isə ştatdankənar metodistdir.
Rəna Həsənova tədris etdiyi fənləri dərs dediyi şagirdlərə dərindən öyrətmək üçün tədris prosesində ən müasir təlim metodlarından, tədris resurslarından bacarıqla istifadə edir. Dərs zamanı interaktiv təlim metodlarını tətbiq etməklə tədris prosesini maraqlı qurur.
O, şagirdlərini həyata düzgün hazırlanması işinin öhdəsindən bacarıqla gəlir. Onların təlim-tərbiyəsi ilə əlaqədar olan problemli məsələlərin həllndə valideynlərin köməyindən düzgün istifadə edə bilir.
Həmçinin şagirdlərin hər birinə fərdi yanaşmağa xüsusi diqqət yetirir və çalışır ki, onların hamısı dərsdə fəal iştirak etsin.
Söhbət zamanı Rəna Həsənova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diaqnostik qiymətləndirmədən keçən müəllimlərin dərs yükünün və əməkhaqlarının artırılması barədə verdiyi Sərəncamı yüksək qiymətləndirdiyini, dövlətimizin bu qayğısının onu daha da ruhlandırdığını söylədi.
Bildirdi ki, dərs prosesində şagirdlərin biliyinin qiymətləndirilməsinə xüsusi tələbkarlıqla yanaşıram. Çalışıram ki, bu baxımdan şagirdin hüququ və mənəviyyatı əsas tutulsun, pozulmasın.
Müəllimliyi həyatının mənası hesab edən Rəna Həsənova şagirdlərlə işləməkdən qətiyyən yorulmur və ən əsası çətin tərbiyə olan uşaqlarla daha tez dil tapmağı bacarır. Deyir ki, hər bir müəllim şagirdin öyrənməsi üçün bütün imkanlarından istifadə etməli və bütün varlığı ilə həyatını dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə həsr etməlidir. Nəticədə şagirdlər də öz müəllimlərinin diqqət və qayğısını daim hiss etməlidirlər.
Elə buna görə də Rəna Həsənovanı vaxtı ilə dərs dediyi şagirdləri heç vaxt unutmur və onlar tutduğu vəzifədən asılı olmayaraq, öz müəllimlərini böyük məhəbbətlə, minnətdarlıq hissi ilə xatırlayırlar.
Rəna Həsənova da öz yetirmələri ilə həmişə fəxr edir. Şərəfli müəllimlik işini uğurla davam etdirən R.Həsənova bilir ki, gənc nəsli həyata hazırlamaq həm məsuliyyətli, həm də müəllim adına şərəf gətirən bir işdir.
Biz də Rəna Həsənovaya pedaqoji fəaliyyətində daha yeni uğurlar arzulayırıq .
Şakir CƏFƏROV
Azərbaycan
müəllimi.- 2015.- 14 fevral.- S.8.