Fəaliyyət
planı bizdən nələri tələb edir?
Ölkəmizdə təhsil
islahatlarının başlanmasından on beş ildən çox bir vaxt keçir.
Bu müddətdə həyatımızın
müxtəlif sahələrində olduğu
kimi, təhsildə də irəliləyişlər
əldə etmişik. Bu
irəliləyişlərin başlıca leytmotivini
cəmiyyətin ehtiyac və tələbatlarına
uyğun olan təhsil
sistemini inkişaf
etdirməkdən, onu demokratik
və humanist prinsiplər əsasında
formalaşdırmaqdan ibarət olmuşdur.
Bu, müstəqillik yolunda uğurlu
addımlar atan Azərbaycan
Respublikasının təhsil quruculuğu
sahəsində daha qabarıq görünə
bilən təhsil atributlarından biri hesab edilir.
Təhsildə belə
bir yanaşmadan istifadə
olunması onun məzmun və texnologiyalar sistemində nəticəyönümlülüyün nəzərə alınması,
şəxsiyyətyönümlü bir
mahiyyət kəsb etməsi ilə müşayiət edilmişdir. Azərbaycanda
müxtəlif növlü təhsil
standartları formalaşmış, interaktiv
pedaqoji texnologiyalar
yaradılmışdır. Ən başlıcası kreativ
bacarıqlara malik müəllim
hazırlığı sahəsində təşəbbüslərə
başlanılmış, təhsil alanların interaktivlik
müstəvisində fəallığı genişlənmişdir.
Lakin bütün bunlar özünün başlanğıc mərhələsində
olduğundan onların daha
sistemli və ardıcıl proses kimi
formalaşması, özünün
mükəmməl bir formasını tapmaqla cəmiyyətdə keyfiyyət hadisəsinə
çevrilməsi həlli vacib olan məsələlər kimi
meydana çıxmışdır. Bundan əlavə,
təhsil ictimaiyyətinin stimullaşdırıcı bir strukturunu yaratmaq, onu yeni
iqtisadi bağlar və
infrastruktur elementləri ilə zənginləşdirmək
zərurəti yaranmışdır. Heç şübhəsiz,
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nın qəbul
olunması məhz belə bir zərurətdən
irəli gəlmişdir ki, bu gün
hamımızın qarşısında onun yerinə
yetirilməsi üçün konkret vəzifələr qoyulmuşdur.
Yaxın günlərdə qəbul
olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dovlət
Strategiyası"nın həyata keçirilməsi ilə
bağlı "Fəaliyyət Planı"nda həmin vəzifələr
konkretliyi ilə öz
əksini tapmışdır.
İlkin yanaşmada bizdən
onu ciddi şəkildə
öyrənməklə mənimsəmək tələb olunur. Oradakı təhsilşünaslıq
məsələlərini araşdırmaq, müzakirələr
aparmaq, istər yeni məzmun,
texnologiya, idarəetmə və maliyyə
mexanizmləri, eləcə də keyfiyyətli kadr
məsələləri ilə bağlı innovasiyaları
özününküləşdirmək mühüm
vəzifələr hesab edilir.
Müasir pedaqoji tələblərin
yeni cəhətlərini, müstəqil Azərbaycanda həyata
keçirilən təhsil siyasətinin mahiyyət və məzmununu
aydın dərk etmək bu yolda başlıca istiqamətlər ola bilər.
Dünyanın təhsil
meridianında baş verən mühüm hadisələr onun koqnitiv (idraki) xarakteri ilə müəyyən olunur. Məktəb özünün sosial
funksiyasını dəyişməklə vəzifəsini
ağılın, təfəkkürün inkişafına
yönəldir. İstər-istəməz bu,
bizim hazırlayacağımız təhsil
məzmununa yenidən baxmağı, onun səriştə
əsaslı olmasını tələb edir.
Eyni zamanda yeni təhsilin məzmununda standartlarla
yanaşı, kurikulumları da ehtiva etmək zərurətə çevrilir.
Dövlət
Strategiyasında standart və
kurikulumların hazırlanması dedikdə, təbii olaraq standartların kurikulumun
tərkibində deyil, ayrıca
hazırlanması nəzərdə tutulur.
Bu zaman onların yeni təhsil məzmununun komponentləri kimi
əlaqəli olması vacib hesab edilir.
Humanist və humanitar
prinsiplərə istinad etməklə təhsilin
yeni məzmununun yaradılması, ilk növbədə, inteqrativliyin
nəzərə alınmasından başlayır. Xüsusən
ümumi təhsilin məzmununun yeniləşməsində
bu, çox vacib olan bir
məsələ kimi diqqət mərkəzində
dayanır. Ona görə də ümumi təhsilin
12 illik sistemi üçün yeni məzmun yaradılarkən icbari
təhsil mərhələsində bir
sıra fənlərin (Azərbaycan dili və
ədəbiyyatın, Azərbaycan tarixi və
ümumi tarixin, eləcə
də kimya, fizika və
biologiyanın) inteqrasiyası müzakirə obyektinə
çevrilə bilər.
Yeni məzmunun öyrənilməsi və tətbiqində
ilkin olaraq ona şərait yarada bilən
resurs bazasının
formalaşdırılması daha önəmli
məsələlərdən biridir. Burada iki başlıca
istiqamətin nəzərə
alınması vacibdir. Onlardan
birincisi, təhsil bazasının əsasını
təşkil edən tədris və təlim
resurslarının yaradılması, onun bolluğunun təmin olunmasından ibarətdir. Belə bir şəraitin yaradılması müəllim
və şagirdlərin yaradıcı fəaliyyətini təmin
etməklə onları inkişafa istiqamətləndirə
bilər. İkincisi isə müəllim
kadrlarının ilkin hazırlanması və
peşəkarlığının yüksəldilməsində
fəaliyyətlərin yenidən qurulmasından və bu prosesin müntəzəm
olaraq sistemli təşkil
olunmasından ibarətdir.
Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, ilkin
müəllim hazırlığı və müəllimlərin
peşəkarlığının yüksəldilməsi
gecikdirilmədən ən azı
ümumi təhsilin yeni
məzmununun yaradılması prosesi ilə
ardıcıl aparılmalı, onların bir-
birinə töhfə verə bilməsi zəruri şərtlərdən biri
kimi nəzərə
alınmalıdır.
Bütün bu proseslərdə
təhsil müəssisələrinin dövlət-ictimai
xarakterdə müstəqilliyi gücləndirilməli, onun bir təhsil qurumu kimi
yaradıcılıq imkanlarının genişləndirilməsi
diqqət mərkəzində olmalıdır. Buna
məktəbin yeni infrastrukturunu
yaratmaqla nail olmaq mümkündür.
Fəaliyyət
planında təhsilin bütün pillələri
üzrə infrastruktur dəyişikliklərinin
aparılması nəzərdə tutulur. Xüsusi olaraq 12 illik təhsildə yeni infrastruktur dəyişikliklərinin
aparılması təxirəsalınmaz tədbirlərdən hesab edilir. Təbii olaraq bu, ümumi
təhsili idarə edən təhsil şöbələrinin,
eləcə də onların nəzdindəki metodik
kabinetlərin fəaliyyətinə yenidən
baxılmasını tələb edir.
Ümumiyyətlə,
Dövlət Strategiyasının həyata keçirilməsi üçün nəzərdə tutulmuş fəaliyyət planı
islahatçılıq fəaliyyətimizdə işlərimizin, demək olar ki, bütün parametrlərdə
yeniləşməsini bir vəzifə kimi qarşıya qoyur. Odur ki, biz
bu istiqamətdə bütün
qüvvələrimizi səfərbər etməli, təhsil
sahəsindəki islahatçılıq fəaliyyətimizi uğurla davam etdirməliyik.
Ənvər ABBASOV,
Təhsil
Problemləri İnstitutunun
direktor müavini,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim
Azərbaycan
müəllimi.- 2015.- 7 fevral.- S.4.