Beynəlxalq uşaq kino

məktəbinin açılışı olub

Bakı Avropa Liseyi Yaponiyanın "TokyoCinema" studiyası ilə birlikdə "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbi layihəsinə başlayıb.

Nizami Kino Mərkəzində layihə çərçivəsində "Tokyo-Baku-Cinema" beynəlxalq uşaq kino məktəbinin açılışı münasibətilə tədbir keçirilib.

Tədbirdə Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova çıxış edərək bildirib ki, kino məktəbin yaradılmasının əsas məqsədi uşaq və yeniyetmələrdə kinematoqrafiya sənətinə marağı artırmaq, istedadlı uşaqları üzə çıxarmaqdır. Gələcəkdə liseyin şagirdləri ilə yanaşı, digər məktəblərin də şagirdləri layihədə iştirak edəcəklər. Qeyd edilib ki, kino məktəbə uşaqlar birinci sinifdən qəbul olunacaqlar. Burada Azərbaycanın tanınmış kino xadimləri, kinematoqrafçıları ilə yanaşı, yaponiyalı mütəxəssislər də balacalara kinonun sirlərini öyrədəcək, yeni ideyalar verəcək, kino haqqında məlumatlarını genişləndirəcəklər.

Sonra tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva rəhbərlik etdiyi ali məktəbin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən söz açıb. Rektor bildirib ki, layihə çərçivəsində açılan beynəlxalq uşaq kino məktəbi səmərəli fəaliyyəti ilə məktəblilərin zövqünün, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətli rol oynayacaq. Bu kino məktəbə ADMİU-nun kino sahəsi üzrə böyük təcrübəsi olan müəllimləri cəlb olunacaq və şagirdlərə ustad dərsləri keçəcəklər. Layihəyə azərbaycanlı mütəxəssislərlə bərabər xarici mütəxəssislər də cəlb olunacaqlar.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycanda belə bir məktəbin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib. Qeyd edib ki, kinematoqrafiya plastik sənətdir, gəncləri erkən yaşdan bu sənətə yönəltmək, onlarda bu sahəyə məhəbbət aşılamaq olduqca təqdirəlayiq haldır.

Çıxış edənlər kino məktəbin fəaliyyətinə uğurlar arzulayıblar və Azərbaycan kinosunu beynəlxalq miqyasda tanıdacaq kinematoqrafçıların yetişəcəyinə əminliklərini ifadə ediblər.

Sonda məktəblilərin kino haqqında fikir və düşüncələri, mahnılar dinlənilib, liseyin şagirdləri barədə videoçarx nümayiş olunub.

Sifai SƏFƏROVA

Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.3.