İstedadlı yeniyetmə iyirmidən

çox musiqi əsərinin müəllifidir

Arzu Abbasova 1999-cu ildə Bakıda anadan olub. Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis qrupu üzrə X sinifdə təhsil alır. 5 yaşında Heydər Əliyev adına MTK-nın nəzdində olan 39 nömrəli musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 2010-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakıdakı G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin bəstəkarlıq şöbəsində musiqi təhsilini davam etdirir. 12 yaşında olarkən "Bahar gəldi", "Yeni gün", "Zarafat" "Rəqs fantaziyası" kimi fortepiano üçün kiçikhəcmli pyeslər yazıb. Bəstəkarlıq üzrə rəhbəri Pikə Axundova ilə tanışlıqdan sonra musiqiyə marağı daha da artıb və yeni-yeni əsərlər yazmağa başlayıb. Müəllif 2012-ci ildə iki - "Xoş arzular", "Bayram sevinci" fortepiano üçün və "Nağıllar aləmində" (fleyta fortepiano üçün) instrumental, "Dalğaların rəqsi" (skripka və fortepiano üçün) kimi bir-birindən maraqlı əsərləri nota alıb.

2012-ci ildə Bəstəkarlar İttifaqının "Azərbaycan uşaq musiqisi problemlər və perspektivlər" adlı elmi-praktik konfransında Arzunun bəstələdiyi "Nağıllar aləmində" fleyta və fortepiano üçün əsəri səsləndirilib. Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə müəllifin əsərini bəyənərək yüksək qiymətləndirib. Yeniyetmə ruhlanaraq daha mürəkkəb xarakterli, tarixi və fəlsəfi əsərlər yazmağa başlayıb. Belə ki, müəllifin yaradıcılığında xüsusi yer tutan fortepiano üçün "Mövzu və variasiyalar", "Anamın laylası", "Vida valsı", "Xatirələr" əsərlərini yazıb və görkəmli xalq şairi Bəxtiyar Vahabzadənin "Bayraq" şeirinə uşaq xor kollektivi üçün musiqi bəstələyib.

2013-cü ildə Azərbaycanın görkəmli bəstəkarları müəllifin bəstələdiyi əsərlərlə hərtərəfli tanış olduqdan sonra onlara yüksək qiymət verərək həmin əsərlərin məcmuə şəklində çap olunaraq uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi istifadə olunması məqsədəuyğun hesab edilib.

2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi müəllif tərəfindən bəstələnmiş "Xoş arzular" musiqi əsərlərinin uşaq musiqi və incəsənət məktəblərində tədris vəsaiti kimi çap olunmasına icazə verib. Gənc müəllifə göstərilən diqqət və qayğı onun məsuliyyətini daha da artırıb. Xeyli vaxt tarixi məlumatlar topladıqdan sonra o, 2013-cü ildə "Pamukkale" proqramlı suitasını (fortepiano, skripka və violençel) qələmə alıb.

Artıq müəllif bütün insanları düşündürən fəlsəfi və maraqlı mövzulara müraciət etməyə başlayıb və ilk olaraq uşaq xor kollektivi üçün "Sülh nəğməsi" (sözləri Gülzar İbrahimovanındır) əsərini yazıb.

"Cənnət lövhələri" haqqında qələmə aldığı proqramlı suita kvintet formasında 5 musiqi aləti (fortepiano, arfa, 2 fleyta və skripka) üçün nəzərdə tutulub.

2014-cü ildə müəllif tərəfindən "Pamukkale" proqramlı suitasının simfonik orkestr üçün partiturası hazırlanıb.

İstedadlı yeniyetmənin ən böyük xobbisi Azərbaycan, dünya klassiklərinin əsərlərini daim mütaliə etməkdir. 2013-cü ilin sonunda o, ingilis şairi Kristen Rollanderin "To my dearest Mother" (mənim əziz anama) əsərinə müəllifin razılığı ilə uşaq xor kollektivi üçün musiqi bəstələyib.

Uşaq və gənclər arasında istedadlı bəstəkar və pianoçu olduğu nəzərə alınaraq Arzu Abbasova 2013-cü ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində yaradılan "İstedadlar mərkəzinə" üzv qəbul edilib. Dəfələrlə "İstedadlar mərkəzi"nin təşkil etdiyi tədbirlərdə Arzunun bəstələdiyi musiqi əsərləri ifa olunub və maraqla dinlənilib. 2014-cü ildə Arzunun bəstələdiyi musiqi əsərlərinin bir qismi ayrı-ayrı ölkələrdə keçirilən bəstəkarların beynəlxalq müsabiqələrinə göndərilib. Bu əsərlərdən biri olan "Nağıllar aləmində" fleyta və fortepiano üçün əsəri Rusiyanın "İstedadlı Gənclər və Uşaqlar" Dövlət Fondu tərəfindən keçirilən gənc bəstəkarların XVII beynəlxalq müsabiqəsinə təqdim olunub. Əsər münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və I yerə layiq görülüb.

A. Abbasova dərs əlaçısıdır. Bir neçə xarici dildə sərbəst danışır. Təhsildə göstərdiyi uğurlara görə o, ayrı-ayrı vaxtlarda onlarla fəxri fərmana və diploma layiq görülüb. Arzusu gələcəkdə diplomat, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə peşəkar səviyyədə məşğul olaraq, müstəqil Azərbaycanın ən layiqli vətəndaşı olmaqdır.

Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.