Səkkiz yaşlı ifaçı beynəlxalq

         müsabiqənin qalibi olub

            Bülbül adına Orta İxtisas Musiqi  Məktəbinin III sinif şagirdi, 8 yaşlı pianoçu  Röya Hüseynova Rusiyada keçirilən musiqi alətləri üzrə beynəlxalq festivalın qalibi olub.  O, "Fortepiano" dərəcəsi üzrə 180 iştirakçı arasında M.Klementinin 4-cü Sonatası (1-ci hissə) və S.Prokofyevanın "Tale" əsərinin ifasına görə 3-cü yerə layiq görülüb.

             Müsabiqə-festival 2007-ci ildə "Ümumrusiya Musiqi Cəmiyyəti" və "Rusiya Bəstəkarlar İttifaqı" tərəfindən təşkil olunub və hər il keçirilir. Müsabiqənin əsas məqsədi uşaqların və gənclərin musiqi ifasına cəlb olunması, yeni istedadların aşkarlanması, onların ustalıqlarının təkmilləşdirilməsidir.

             Qeyd edək ki, bu Röya Hüseynovanın musiqi sahəsində ilk uğuru deyil. Ötən il də o,  V Beynəlxalq İnternet Musiqi Müsabiqəsində ("İnternet Music Competition 2014") fəxri diploma layiq görülüb. Həmin ilin  aprelində isə Bolqarıstanda keçirilən VIVAPIANO pianoçular müsabiqəsində iştirak edərək iki medala layiq görülüb laureat diplomu ilə təltif edilib.

              Sənət  yolunda ilk addımlarını atan yeniyetmə qızın  gələcəkdə daha böyük uğurlar qazanacağına ümid bəsləyirik.

              Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.