XV Beynəlxalq ekoloji uşaq

         rəsm müsabiqəsinin qalibi

            Kubra Binnətova Bakıdakı Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin ən fəal üzvlərindən biridir. Uşaqlıqdan onda şəkil çəkməyə böyük həvəs oyanıb.  Bunu hiss edən valideynləri 6 yaşında onu  mərkəzin rəsm dərnəyinə yazdırıb. Hazırda  Nərmin Abdullayevanın rəhbərlik etdiyi dərnəkdə o, rəsm sənətinin sirlərini öyrənir.

            15 yaşlı yeniyetmə rəssam rayon, şəhər, respublika müsabiqə və sərgilərində fəal iştirak edərək bir neçə uğur əldə edib. 2011-ci ildə  Beynəlxalq Ailə Gününə həsr olunmuş "Mənim ailəm" mövzusunda keçirilən rəsm müsabiqəsində I, 2013-cü ildə Dövlət Müstəqilliyi Günü  münasibətilə təşkil olunmuş "Müstəqil Azərbaycanın övladıyıq biz" mövzusunda məktəblilər arasında  rəsm müsabiqəsində II,  2014-cü ildə ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsində  I yerlərə layiq görülüb. 2014-cü ildə təşkil olunmuş  "Gül bayramı"nda "Asfalt üzərində ən yaxşı gül rəsmi" nominasiyası üzrə "Ana Vətənim" adlı kompozisiyasına görə fərqlənmə diplomu ilə təltif olunub. 2014-cü ilin mayında Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş Bakı şəhər uşaq yaradıcılıq mərkəzlərinin üzvləri arasında keçirilmiş "Dünyanın mədəniyyət rəngləri" adlı müsabiqədə fəal iştirak edərək qalib olub.

            Qeyri-adi istedad sahibi olan  Kubra bir çox beynəlxalq rəsm müsabiqələrində də iştirak edib. O,  2014-cü ildə Yaponiyanın Tokio şəhərində UNİCEF-in dəstəyi ilə "Yer: Möcüzə planeti" mövzusunda keçirilən XV Beynəlxalq Ekoloji Uşaq Rəsm Müsabiqəsində I yeri qazanıb  onun işi müsabiqənin kataloquna daxil edilib.

             Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.