Qran-pri mükafatının sahibi

Sədəf Budaqova ilk təhsilini Laçın rayonundakı 11 nömrəli tam orta məktəbdə, musiqi təhsilini isə Xırdalan şəhər uşaq musiqi məktəbinin xanəndəlik sinfində alıb. Muğam və təsniflərimizin sirlərini xalq artisti Gülyaz Məmmədovadan öyrənib. 2011-ci ildə Azərbaycan Dövlət filarmoniyasında dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsertdə onun ifa etdiyi "Heyratı" ritmik muğamı alqışlarla qarşılanıb. Həmin il "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi III Beynəlxalq Uşaq Muğam festivalı finalçılarının yekun konsertində muğamsevərlərə xoş ovqat bəxş edərək qran-pri mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən müsabiqədə I, dahi vokalçı Bülbülün anadan olmasının 115 illiyinə həsr olunmuş müsabiqədə III yerləri qazanıb.

İstedadlı tələbə Sədəf Budaqova Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi Kollecinin xanəndəlik ixtisası üzrə IV kurs tələbəsidir. Arzusu gələcəkdə milli musiqimizin sirlərinə yiyələnmək və onu dünya miqyasında təbliğ etməkdir.

Qeyd edək ki, S. Budaqova IV Respublika V Muğam müsabiqəsinin iştirakçısıdır.

Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.