Türkdilli ölkələrin gözdən

əlil uşaqları arasında birinci

Xatirə Hacıyeva 2005-ci ildə Gözdən Əlil Uşaqlar üçün 38 nömrəli onbirillik musiqi məktəbinin xanəndəlik və fortepiano ixtisası üzrə I sinfinə qəbul olub. İlk uğuruna 2007-ci ildə imza atıb. O, dəfələrlə Əlillərin bədii yaradıcılıq və baxış müsabiqəsində uğurla iştirak edərək diplomla təltif olunub. 2012-ci ildə Gözdən əlil uşaqlar üçün türkdilli ölkələrin uşaqları arasında keçirilmiş Beynəlxalq müsabiqədə ölkəmizi layiqincə təmsil edərək I yerə layiq görülüb. 2013-cü ildə isə UNİCEF-in təşkil etdiyi konsertlərdə, Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə Odlar Yurdu universitetində keçirilən tədbirdə iştirak edərək sertifikat alıb. X.Hacıyeva İstedadlar mərkəzinin üzvüdür. Moskvada keçirilən "Belaya Trost" beynəlxalq festivalında Xatirənin çıxışı hamını heyrətə gətirib və o qalib olub. Ötən il Heydər Əliyev Sarayında keçirilən Əlillər gününə həsr olunan qala konsertində ifası alqışlarla qarşılanıb.

Bakıdakı 3 nömrəli onbirillik musiqi məktəbində təşkil olunmuş xor musiqisi bayramında Xatirə Hacıyevanın ifa etdiyi "Mənim Azərbaycanım", "Ana", "Aylı gecə" mahnıları tamaşaçıların böyük marağına səbəb olub və hər kəsə xoş anlar yaşadıb.

Qeyd edək ki, 38 nömrəli Gözdən əlillər üçün musiqi məktəbi ilə birgə keçirilən tədbirlər təkcə musiqi məktəbləri arasında təcrübə mübadiləsi baxımından deyil, həm də fiziki cəhətdən qüsurlu gənclərin istedadının üzə çıxarılması, onların cəmiyyətə, fəal həyata inteqrasiyası baxımından da böyük əhəmiyyətə malikdir.

Azərbaycan müəllimi.- 2015.- 14 fevral.- S.13.