Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət

Universitetində  "Şur" dəstgahına

həsr olunmuş tədbir keçirilib

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində    "Muğam aləmi" IV Beynəlxalq Muğam Festivalı ərəfəsində  növbəti tədbir baş tutub.  Musiqi sənəti fakültəsi  "Muğam sənəti" kafedrası müəllimlərinin yaradıcılıq-ifa işi  "Şur" dəstgahına həsr olunan tədbiri  ADMİU-nun rektoru, professor Fərəh Əliyeva açaraq Heydər Əliyev Fondunun ən möhtəşəm layihələrindən olan "Muğam aləmi" Beynəlxalq  festivalının əhəmiyyətindən, muğamlarımızın bütün dünyaya tanıdılmasında böyük rolundan, onların musiqi mədəniyyətimizdəki yerindən,  istedadlı xanəndələrin, ifaçıların  üzə çıxarılaraq tanıdılmasından danışıb, belə tədbirlərin  gələcək üçün böyük təcrübə olduğunu vurğulayıb.

Daha sonra "Muğam sənəti" kafedrasının müəllimi, xalq artisti Gülyanaq Məmmədova ifa olunacaq  "Şur" dəstgahı haqqında  tarixi və nəzəri baxımından  məlumat verib.  Dəstgah  Gülyanaq Məmmədova, Xalq çalğı alətləri ifaçılığı kafedrasının  dosentləri, əməkdar artistlər Vamiq Məmmədəliyev, Mirnazim Əsədullayev və tələbələrin ifasında dinləyicilərə kompozisiya şəklində təqdim edilib.

ADMİU-nun müəllim-tələbə heyətinin, muğam bilicilərinin iştirak etdikləri tədbir maraqla qarşılanıb.

 

Azərbaycan müəllimi.- 2015.- 21 fevral.- S.3.