Səni axtarmağı sevirəm

 

Necə sevirmişəm axtarım səni,

Gözlərim dörd gəzsin səni hər yerdə.

Başqası özünə dərd eləyərdi,

Mənsə, vurulmuşam bu acı dərdə.

 

Sevirəm arxanca düşdüyüm zaman,

Keçdiyin yollarda qalan qoxunu.

Sevirəm gecələr yatdığım zaman,

Dəvətsiz gəldiyin şirin yuxunu.

 

Səni axtarmağı sevirəm ancaq,

Bəlkə də rast gəlsəm, ucuzlaşarsan.

Bəlkə də tapdığım, gördüyüm zaman,

Gözümdən düşərsən, cılızlaşarsan...

 

Dəymə, qoy axtarım bir ömür boyu,

Gözlərim öyrəşib yolda qalmağa.

Heç yerdə, heç harda rastıma çıxma,

Mənsə, davam edim kölgən olmağa.

 

Özümdən xəbərsiz

 

Sənə necə vurulmuşam,

Özüm özümdən xəbərsiz.

İnan ki, çox yorulmuşam,

Dözüm, özümdən xəbərsiz.

 

Qanım qaralıb, gedirəm,

Ruhum saralıb, gedirəm,

Cimimsə qalıb, gedirəm,

İzim özümdən xəbərsiz.

 

Ümidim, arzum dardadır,

Ürəyim nankor yardadır,

Bilmirəm başım hardadır,

Dizim özümdən xəbərsiz.

 

Xəyallar qurur elə hey,

Zaman uçurur elə hey,

Dilim pəl vurur elə hey,

Sözüm özümdən xəbərsiz.

 

Xəyal RZA,

Azərbaycan Yazıçılar Birliyinin

Mətbuat Xidmətinin rəhbəri

 

Azərbaycan müəllimi.- 2015.- 13 iyun.- S.12.