Uğurlarına sevinən gənc istedad

 

Pərviz Fərhadov 1989-cu ildə Füzuli rayonunun Bala-Bəhmənli kəndində anadan olub. 1996-cı ildə Bakıdakı 45 nömrəli tam orta məktəbin I sinfinə gedib. 1998-ci ildə musiqiyə olan həvəsi onu Q.Qarayev adına 8 nömrəli uşaq musiqi məktəbinə gətirib. 2004-cü ildə həmin məktəbin "Xalq çalğı alətləri" şöbəsini kamança ixtisası üzrə əla qiymətlərlə bitirib. 2007-ci ildə o, Azərbaycan Milli Konservatoriyasına daxil olub. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, AMK-nın dəstəyi ilə 2009-cu ilin dekabrında keçirilən "Gəncləşən muğam" layihəsində iştirak edib. 2011-ci ildə Azərbaycan Milli Konservatoriyasi, Təhsil Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu, Heydər Əliyev Fondunun və Bəstəkarlar İttifaqının birgə keçirdiyi II Respublika muğam müsabiqəsinin qalibi olub. II Beynəlxalq muğam müsabiqəsinə vəsiqə qazanaraq Azərbaycanı təmsil edib. 2011-ci ilin mayında Pərviz ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş "Xilaskar" adlı konsert proqramı ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin Gənclər Günü münasibətilə 2012-ci il fevral ayının 1-dən 11-nə kimi təşkil etdiyi "Gəncliyin səsi" festivalında çıxış edib. 2012-ci ildə Dünya Gəncləri Dostluq və Dayanışma Derneyi "Lider Türk Dünyası -Lider genclerinin buluşma noktası" təşkilatının təşkil etdiyi konsertdə çıxış edərək diplomlarla təltif olunub. Onun 2011-ci ildə xanəndə Aytən Məhərrəmova ilə birgə "Xətrinə dəymərəm" və 2012-ci ildə isə xanəndə Vüsal Zamanovla "Qarabag, canım mənim" adlı musiqi albomları işıq üzü görüb.

Hazırda Pərviz ADMİU-da magistr təhsili alır.

 

Azərbaycan müəllimi.- 2015.- 20 iyun.- S.10.