Beynəlxalq musiqi müsabiqəsinin

qalibi olan gənc istedad

Son illər musiqi və incəsənət məktəblərində təhsil alan bir çox istedadlı yeniyetmələr beynəlxalq müsabiqə və festivallarda iştirak edərək uğurlar qazanırlar. Onlardan biri də T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Ayan Aslanovadır. O, 2003-cü ildə Bakı şəhərində anadan olub. 2015-ci ilin iyununda Türkiyənin İzmir şəhərində keçirilən fortepiano üzrə "Motsart akademiyası" (Mozartacademy) I Beynəlxalq musiqi müsabiqəsində kiçik yaş qrupunda iştirak edib və birinci yerə layiq görülüb.

Qeyd edək ki, paytaxt məktəblisi ilk uğuruna ötən ilin fevralında imza atıb. Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Davorin Yenko adına gənc pianoçuların Beynəlxalq müsabiqəsində iştirak edərək I dərəcəli diploma layiq görülüb laureat adını qazanıb. Həmçinin Maltada keçirilən Beynəlxalq fortepiano festivalında diplomla mükafatlandırılıb.

Ayan Aslanova qazandığı uğurlarla kifayətlənmir və özünə qarşı çox tələbkardır, -deyə müəllimi Səbinə Aslanova Ayanın Belqraddakı uğurlarından söz açdı. Bildirdi ki, müsabiqə beş yaş qrupu üzrə keçirilirdi. Ayan 10-12 yaş qrupunda çıxış etdi. O, Y.Haydının sonatasını və E.Qriqin iki pyesini fortepianoda məharətlə ifa etdi və tamaşaçılarda xoş ovqat yaratdı.

Söhbət zamanı Ayan Aslanova dedi ki, ailələrində hamı musiqiçidir. Onların mənə dəstəyi çox böyükdür . Ona görə də çalışıram ki, valideynlərimin etimadını doğruldum. Musiqi müəllimim də çox tələbkardır, dərslərdə bizə görkəmli Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığı barədə geniş məlumat verir.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2015.- 26 iyun.- S.14.